Edebiyyat.az » Poeziya » Xan Rəsuloğlu - Şeirlər

Xan Rəsuloğlu - Şeirlər

Xan Rəsuloğlu - Şeirlər
Poeziya
Nicat Heşimzade
Müəllif:
23:26, 11 may 2019
2 571
0
Xan RƏSULOĞLU ŞEİRLƏR (ULDUZ.-2014.-№ 3.-S.24-28) ATILIRAM HƏYATA Gülər mənə savadlı qanmazlar, Adamlıq anlamazlar, Pullu zırramalar da, Qeyrəti yox papaqlılar, "Dur"- qışqıran yatanlar, "Haqq "- deyən şarlatanlar, Oğrunu dolandırıb, Doğruya şər atanlar, "Vicdan"- sözünə irişənlər, Üzdə möminəm deyib, Daldada gor eşənlər, Vətəni yeməli şey bilənlər, Namusunu it yeməz, Dəyəri bitə dəyməzlər. Yetər artıq! Boş ürək ağrısından, Xəyali yanğılardan, İlğımlı duyğulardan, Sevgi uyğularından, Sadəlövh qayğılardan, Bezirəm, usanıram, Atılıram həyatın, Dalğalanan qoynuna. İnanıram, qol qoyuram Güclülərin qanununa - Həyat güclülərindir! AZADLIQ ARZULARIM Ömrüm axan çaydısa, Duyğularım bulaqdır. Xəyallarım gül bağı, Əməllərim alaqdır. Canımı, varlığımı Sözlərə sıxdım, amma, Yenə də alınmadı O musiqi, o qamma. Sevgi sevinci belə Qəlbimə bəs



Xan RƏSULOĞLU

ŞEİRLƏR

(ULDUZ.-2014.-№ 3.-S.24-28)

ATILIRAM HƏYATA

Gülər mənə savadlı qanmazlar,
Adamlıq anlamazlar,
Pullu zırramalar da,
Qeyrəti yox papaqlılar,
"Dur"- qışqıran yatanlar,
"Haqq "- deyən şarlatanlar,
Oğrunu dolandırıb,
Doğruya şər atanlar,
"Vicdan"- sözünə irişənlər,
Üzdə möminəm deyib, 
Daldada gor eşənlər,
Vətəni yeməli şey bilənlər,
Namusunu it yeməz,
Dəyəri bitə dəyməzlər.
Yetər artıq!
Boş ürək ağrısından, 
Xəyali yanğılardan,
İlğımlı duyğulardan,
Sevgi uyğularından,
Sadəlövh qayğılardan,
Bezirəm, usanıram, 
Atılıram həyatın,
Dalğalanan qoynuna.
İnanıram, qol qoyuram 
Güclülərin qanununa - 
Həyat güclülərindir!

AZADLIQ ARZULARIM

Ömrüm axan çaydısa, 
Duyğularım bulaqdır.
Xəyallarım gül bağı,
Əməllərim alaqdır.
Canımı, varlığımı 
Sözlərə sıxdım, amma,
Yenə də alınmadı 
O musiqi, o qamma.
Sevgi sevinci belə 
Qəlbimə bəs etmədi.
Ha çağırdım, ha yandım, 
Tanrıya səs yetmədi.
Ömrümü gilə-gilə 
Hər gələnə payladım.
Amma, yenə Tanrıdan,
Kömək umdum, hayladım.
Ağıl Tanrı nuruymuş,
Mənsə, onu danırdım, 
Ehtiraslar, həvəslər 
Zülmətinə cumurdum.
Mənə günəş özü yox, 
Onun nuru gərəkmiş.
Ağacın da, bağın da 
Təkcə barı gərəkmiş.
Azadlığı sevənlər 
Damlada dəniz duyur.
Gözəllik istəyənlər, 
Bircə baxışdan uyur.
Azadlıq arzularım,
Azdırıcı nağılmış.
Cənnət, cəhənnəm özü
Xəyalımdan yığılmış

ASİYƏM

Səsimə də asiyəm, 
Sözümə də asiyəm. 
Gördüyüm üzür məni,
Gözümə də asiyəm.
Sizin olsun mal, davar,
Sizin olsun hər nə var,
Sizdə şeytan səbri var,
Dözümə də asiyəm.
Hər nə sevdim, heç oldu,
Tələsdiyim gec oldu.
Yollardaca gic oldum,
İzimə də asiyəm....
Allahdan ah dilərəm,
Min bir günah dilərəm,
Bircə onu bilirəm,
Özümə də asiyəm.
Vəkil oldum bəyəm ki,
Nəçiyəm, nə deyəm ki,
Qırx dördümdə nəyəm ki,
Yüzümə də asiyəm....

TƏHKİMÇİLİKDİ

Ya gora gedərəm, ya cəhənnəmə –
Ayrı nə verdi ki, bu cahan mənə?
Vaxtın yerişidir, ruhun ritmidir,
Hər an baş vurduğum həyacan mənə.
Hər günü, hər anı qoca dünyanın,
tarıma çəkilər əsəblərimdə.
İrəli getmirəm, geri gedirəm
Bu çək-çevrimdə, hesablarimda.
Yaşamaq deyil ki, təhkimçilikdi!
Qələm silah deyil - əldə çəlikdi.
Bu qarı dünya da anamiz deyil...
Yaşayıb ölürük yetimçilikdə.

ORALARDA BİZ

Nika Turbinanın faciəli ölümünə.
Ölüm xəbərini oxudum bu gün.
İllər boyu özlədim ki,
Nə zamansa göz-gözə, söz-sözə dayanaraq 
buluşa biləcəyiz...
Zaman-məkan duymadan, əqlə məhəl qoymadan,
İki yalquzaq kimi ağız-ağıza durub,
Ulaşa biləcəyiz...
Mən Sənə can atırdım – səndə ərimək üçün.
Vulkan duyğularımla səndə kirimək üçün.
Yüzə-yüz inanırdım – yollaşa biləcəyiz.
Dağınıq ruhunu Mən sözümlə darayardım.
Bakirə qəlbinlə sən, sinəmə sığınardın...
Mən Səni qoruyardım...
Varlıq – ilə yoxluğun arasında çox incə
Zərif tel var – mən onun, ümid – inam – etibar
Olduğunu bilirdim.
Bilirdim və gülürdüm ruhların vəbasına,
Boşuna çabasına.
Meyvə kimi özümü Sənə yetişdirirdim.
Sənə də yetişmişəm.
Burda görüşəmmədik – orda, oralarda biz,
Eşqin alovlarında alışa biləcəyiz,
Buluşa biləcəyiz, qarışa biləcəyiz...
Orda, oralarda biz...

BEZİB YATIRAM

Oleq Çuxontsevə

Ümidimi üzən nədir, mənim bu payız günü?
Müdrüklük yaşındayam, ruhum illər üzgünü.
Çevirə bilməliydim şadlığa, toy-düyünə
Tanrıdan bəxtə düşən qara günü, pis günü.
İlahi duyğuların bağı baxımsız qalıb,
Çayır bürüyüb artıq könlümün bostanını.
Məni öz mənliyimdən çörək dərdidir alıb,
Mən də kiməsə dostam, dar gündə dost tanınır.
Yekə-yekə sözlərin xırım-xırdasıyla biz,
Bədən bəsləyirik, baş otarırıq.
Gedirik dünyanın ortasıyla biz,
Ortada bir ömrü boş otarırıq.
Boşdu düşüncəmiz, çaşdı fikrimiz,
Çaşıb bir ömrü də tərs yaşayırıq.
Günahdan-günaha qanadlanırıq,
Guya oğlumuza dərs yaşayırıq.
Ağlasaq ağlımız yerinə gəlməz,
Arzular, qayğılar qarışıq düşər.
Ha gözlə, elə bir qərinə gəlməz
Qəlbimə beynimdən bir işıq düşə.
Ağlın tələsinə canım düşəndən,
Rahatlıq nə olan şeydi, bilmirəm.
İnadım - iddiam başımdan böyük,
Yaşamaq boşuna səydi, bilmirəm?
Kimi gözləyirdim, nə istəyirdim,
Kimləri günahkar tutmalıyam ki?
Əppək yağacaqmı uca göylərdən,
Hər il orucumu tutmalıyam ki?
Hər sözün başına ip keçiriblər,
Biz də bax, beləcə azıb qalmışıq.
Yoxluqda min illər yol gözləmişik,
Var olub, yenə də dözüb qalmışıq.
Yaman dolaşıqdır işlərimiz də,
Ağrılar ürəkdə döyənək oldu.
Bəlkə saflaşarıq düşlərimizdə,
Təkcə uyğularım sevincdən boldu.
Bu yolu gedirəm, yol məni gedir,
Əvvəli duymamış sona çatıram.
Suallar, sorğular məni dəng edir,
Heç nə tutammıram, bezib, yatıram.

ÖLMƏMİŞDƏN ÖNCƏ ÖL

Fərhad Meteyə

Sənincün də olacaq
Belə bir gün – yatmısan?
Sona nə qalıb ki, bax,
Əlliyə də çatmısan.
Ən adicə bir işdən,
Yox olub əriyərsən.
İstəyirsən şimşək ol,
Çaxarsan, kiriyərsən.
“Mənəm” – deyən çoxunu, 
Vurub, yıxıb bircə yel.
Bacara bilsən əgər,
Ölməmişdən öncə öl.

YORULDUM

Bu dünyanın qarasına
deyinməkdən yoruldum.
Eh, nə bilim nerəsini
Neynəməkdən, yoruldum.
Sevmədiyim hər nəyi var,
dözüb-dözüb, uyğunlaşıb
“bəyənməkdən” yoruldum.
Nə gördüm ki, nə duydum ki,
Hər gün eyni yeməkləri
yeməkdən də yoruldum.
Hər gün eyni pal-paltarı
Geyinməkdən yoruldum.
Ötənləri, itənləri
Xatırlayıb öyünməkdən,
Zavodların tüstüsünü,
Zibilxana qoxusunu
İyləməkdən yoruldum.
Keçmişlərdə qalan ömrün
Şahlığından danışıb da
Hər yetənin-
baş-beynini aparmaqdan,
Zəvzəməkdən yoruldum.
Milyon üzlü – ehtimallı,
Əyləncəli, qalmaqallı
Bu dünyada
Yol azdıran, can üzdürən
söhbətləri söz eyləyib,
söyləməkdən, saqqız kimi
çeynəməkdən yoruldum.
Ala başına,
kül başına, boş boşuna
Söz deməkdən yoruldum.
Bu dünyanın gərdişindən
Baş açmayan ağlıma da,
“Çöz” - deməkdən yoruldum.
Əlli ili yola salmış inadima
“Döz”, - deməkdən, yoruldum. 
Dərdlərimi gözəməkdən.
Göz yaşımı gizləməkdən,
Həsrətimi üzləməkdən,
Həvəsimi dizləməkdən,
Qeyrətimi bizləməkdən,
Hal əhlini gözləməkdən,
Başa çıxıb başlar əzən,
başçısını izləməkdən yoruldum.
Yoruldum ta o anacan,
Ümidimin odu keçdi,
Quruca bir adım qaldı...
Uzaqlara-yaxınlara, özümə də 
Xan adında yadım qaldı...

YAŞAYIRIQ QARDAŞ

Yusif Səmədoğluna.

“Qətl günü”romanını oxuyandan sonra
Həyatın sərt soyuğu 
sümüyümə işləyir,
İliyimə işləyir.
Xəyalıma, diləyimə işləyir.
Hisslərimin çılğını,
Əməlimin durğunu,
Arzuların ilğımı,
Ümidimin yorğunu 
Yığılıb, yumrulanıb 
yumruq olur,
Çırpılır həqiqətin 
buğ bağlamış aynasına.
Eh, əzizim, 
nə zaman ki ayna sınır,
İnsan oğlu nəsə qanır, 
Bax, o zaman əsil odla ürək yanır.
İndi, de bir, anladınmı, ürək nədir? 
Əfsanədir, aman, qardaş, əfsanədir.
Hər şey əfsanədir, qanandan sonra.
Çünki, hədər odda 
yanıb, kül olandan sonra,
Heç nə gərəyim deyil.
Sərt soyuq işləyir sümüklərimə,
İliklərimə, diləklərimə.
Damcı-damcı 
sırsıra bağlayır əməllərim.
Fırfıra kimi fırlanıram, 
Gecəmin, gündüzümün başına.
Doluram uşaqlıq, 
gənclik, qocalıq yaşına 
Qayğılar sel olub, bulanıb gəlir.
Qəmim qəm üstünə qalanıb gəlir.
Xəyal bu dünyanı dolanıb, gəlir.
Bahar nəfəsi duymuş torpaq 
Tərləyə-tərləyə
məni də girləyir.
Ömür kotanım 
Altını üstünə çevirir şübhələrimin.
Dən-dən səpirəm
məhəbbətimi, həqiqətimi.
Axı, göyərir deyəsən, 
aman qardaş, göyərir. 
Yenə də cızdağı çıxır qəlbimin.
Yenə də, görürsən, 
göynən gedirik.
Astarı yas olan 
toynan gedirik.
Yaxanı qırağa çəkmə, a qardaş.
Ədavət toxumu əkmə, a qardaş.
Bu tərs inadından 
əl çək, a qardaş.
Nağıllı, noğullu dünyamızda, 
Müdrik, ağıllı dünyamızda,
Bu qorxulu dünyamızda,
Nə gördük, eşitdik, 
Duyduqsa, onu, 
Eyzən deyirik.
Elə hamımız şairik.
Yazanımız da, yazmayanımız da.
Sözün alovunda qızanımız da, 
Qızmayanımız da.
Bax, bu qara qızdırma canımızda,
Necəliyini bilmədən yaşayırıq.
Yaşayırıq, qardaş, 
Hələ ki, yaşayırıq.

QORXMURAM

Mən Allahdan qorxmuram.
Niyə də qorxum axı?
Əvvəli xoş yaradıb,
Xoşdu ölümü belə,
xoşdu mənimçün axır...
Varlığımı düşünüb
Hər zaman şükr etmişəm.
İlahidən yaranan 
öz ilahi ruhumla,
həyatımı,dünyanı,
tanrını zikr etmişəm...
Çöl-çəməni, çiçəyi, 
həqiqətin gerçəyi...
Göz açıb nə görmüşəm, 
küsdürməyib bircəyi...
Allahdan qorxmamağım, 
demə ki, mərəzimdir,
İnsaf, vicdan, ədalət
- dinimdir, tərəzimdir.
Özümü tanıyandan
tərəzini əymədim.
Ruhuma namərdliyi, 
əskikliyi geymədim.
Bilərəkdən mən haqsız 
olsam, haqqım halaldır...
Düşünmədən, bilmədən
günah etsəm, bax onda,
xahişim var, şeytana, 
söyləsin ki: “Kənar dur!”
Mən pis yaşayıramsa, 
burda onluq nə var ki....
Öz günüm-güzəranım, 
ağlım-qanımdan axıb...
Sultanı, kralları 
bax o zaman qanar ki,
Ömür çaydır, o çaydan, 
keçər, yanımdan axıb.
Hər kəs eşit yarandı, 
öz ömrüylə kraldı.
Kimsə dəyişə bilməz, 
bu əbədi kuraldı.
Xoş ovqatda, dünya da, 
gördüm gülür gözümdə,
Aradığım hər şeyi, 
sonda buldum özümdə.
Şöhrət, sərvət, gözəllik
- boyalı bərbəzəkmiş.
Hər şey öz axarında, 
hər şey öz vamındadı.
Hər şeyin öz vaxtı var, 
hər şey öz anındadır.
Anlamayıb, qanmayıb 
kim dünyayla əyişdi,
Görəndə ki səy işdi, 
sonra özü dəyişdi. 
Dünyanın hikməti var, 
milyon ildi dovr edər.
Mənim kimi hamı da, 
dövran sürər, yol gedər.
Bəlkə elə mənim tək 
hirs-hikkəli adamlar,
Haqq adına yaradıb 
müharibə, edamlar?!
Olunca amanında 
Allahın-səbr evində,
Rahatca uyuyarsan 
öləndə, qəbr evində.
Kiminsə haqqın yeyib, 
evini ki, yıxmıram?!
Çünki öz Allahımdan 
qorxuram ki, qorxmuram!

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)