Edebiyyat.az » Proza » Volter - Bir türkün hind dərvişləri ilə bağlı yazdıqları

Volter - Bir türkün hind dərvişləri ilə bağlı yazdıqları

Volter - Bir türkün hind dərvişləri ilə bağlı yazdıqları
Proza
nemət
Müəllif:
22:53, 03 mart 2020
1 214
0
Volter - Bir türkün hind dərvişləri ilə bağlı yazdıqları





 Mən Qanq çayının üstündəki Benares1 şəhərində olanda, öncədən buranın brahmanların2 yurdu olduğunu bildiyim üçün, onlarla bağlı olan bilgilər toplamağa başladım. Hindi dilini yetərincə bildiyimdən, nə eşidirdimsə, hamısını özüm üçün araşdırıb, yadda saxlamağa çalışırdım. Burada, öncələr məktublaşaraq tanış olduğum, Omri adında birisinin evində yerləşdim; bu kimsə mənim indiyəcən tanıdığım adamların içində, ola bilsin, ən yaxşısı idi. O, Brahman inancına bağlı idi, mən isə müsəlman idim; ancaq bir yol da olsun, Məhəmmədlə Brahmanı tutuşduranda, biri-birimizə qızıb səsimizi qaldırmamışdıq. Biz böyür-böyürə dayanıb dəstəmaz  alır, sərinlədici içkilərimizi bir qabdan götürüb içir, bir qazanda bişmiş düyüdən yeyir, bir sözlə lap qardaşyana dolanırdıq.
 
Günlərin birində, biz birlikdə Havan məbədinə yollandıq. Orada bir neçə bölük dərvişlərin olduğunu gördük, onların bir bölüyü yoqaçılar idi—onlar özlərini bu yaşamdan ayırdıqlarını, ancaq özlərinin duya bildiyi gercəkləri izlədiklərini deyirdilər, bir başqa bölük himnosofistlər3  adlanırdılar, onlar da bir başqa sayaq yaşayır, ancaq özlərini yaşamdan büsbütün ayırmırdılar. Bu dərvişlərin, ancaq özlərinin bildiyi hansısa bir dilləri vardır, bu dil əski çağlarda yaşamış brahmanların dilidir, onların bu dildə yazılmış Vedalar4  adında bir kitabları da vardır. Bu kitab isə, Zend-Avestadan sonra, bütün Asiyada ən əski kitabdır. 
 
Mən bütün varlığı ilə bu kitabı oxumağa qapılmış kimi görünən bir dərvişin yanından keçəndə, o,  gözlənilmədən dönüb mənim üstümə qışqırdı:
 
– Ah, alçaq kafir! Sənə görə huşum dağıldı, bayaqdan saydığım sait səslərin sayını itirdim; mən onları düzgün saya bilsəydim ruhum tutuquşuna keçəcəkdi, indi isə sənin ucbatından, mənim ruhum dovşana keçəcəkdir.
 
Acığı soyusun deyə, çıxarıb ona bir rupi pul verdim.
 
Elə ondan bir-iki addım aralanmışdım, yenidən işə düşdüm, məni asqıraq tutdu, səsə, bayaqdan cöşquya(ekstaza) qapılmış bir dərviş diksinib ayıldı. O, yan-yörəsinə baxıb çığırmağa başladı:
 
– Mən haradayam? Bu nə gündür mən düşdüm! Göydə gördüyüm o tanrı işığı hara yoxa çıxdı? Mən indi burnumun ucundan5 o yanı görə bilmirəm!
 
Mən qayıdıb ona da bir rupi verib dedim:
– Mən sizin burnunuzdan uzağı görməyinizi əngəllədiyim üçün, alın bu rupini, qoy mənim suçum yuyulsun; nə olar, yenə də göydən süzülən o tanrı işığını izləyin, işinizdə olun.
 
Bu dərvişdən də beləcə yaxşılıqla ayrılandan sonra, başqa himnosofistlərin yanına gəldik; onlar mənim başıma toplaşıb, Brahmanı sayqılamaq üçün əllərində tutduqları gözəl qərənfilləri mənim əllərimə, qarnıma sancmaq istədilər, mən pul verib onlardan bu qərənfilləri aldım, sonra onlara: bu qərənfilləri, mənim çiynimə salıb apardığım kiçik xalıya sancmalarını buyurdum. Bu dərvişlərin biriləri əlləri üstə dayanıb rəqs eləyir, bir başqaları tarım çəkilmədən asılmış iplərin üstündə gəzişirdilər; onların bir neçəsi başlarını isti təndirə sallayıb durmuşdular; bir sözlə çox ilginc insanlar idilər. Arxadaşım Omri məni, onlardan ən adlı-sanlısı sayılan Bababəyin yanına apardı: o meymun təki büsbütün çılpaq idi, boynundan otuz kiloluq bir yoğun zəncir asılmışdı. Bababəy çoxlu qərənfillərlə gözəl bəzədilmiş bir taxta stolun üstündə oturmuşdu, bu qərənfillər onun yanbızlarına, dalına sancılmışdı, ancaq o elə bil atlas döşək üstündə oturubmuş kimi çox toxdaq görünürdü. Onun yan-yörəsinə, alın yazılarını öyrənmək istəyən çoxlu qadınlar yığışmıdılar, Bababəy ailələrin gələcəyinin necə olacağını deyən baxıcı idi, buradaca deyim, gördüklərimdən belə çıxırdı, o, buralarda çox böyük ad-san yiyəsidir. Mən onunla Omri arasında çox uzun çəkən bir danışığa da qulaq asmalı oldum. Omri ondan soruşdu:
 
– Necə bilirsiniz, mənim atam, görəsən mən yeddi doğuluşun sınaqlarından keçib, Brahmanın yaşadığı göy qatına çata biləcəyəmmi?
– Bu sizin ruhunuzun durumundan asılıdır. Baxır, siz ömrünüzü necə yaşayırsınız!? 
– Mən, yaxşı vətəndaş, yaxşı ər, yaxşı ata, yaxşı arxadaş olmaq üçün var gücümlə çaalışıram; mənə işi düşən kimsələrə faizsiz borc pul verirəm; yoxsullara əl tuturam, qonşularımla yaxşı keçinirəm.
– Özünüzə daldan qərənfil soxursunuzmu?—brahman ondan soruşdu.
– Yox, belə bir iş tutmamışam.
 
Dərviş, Omriyə acıdığı duyulan bir səslə, dilləndi:
– Çox pis, necə acı olsa da deməliyəm, siz olsa-olsa on doqquzuncu göyə çatacaqsınız.
 
Onun bu sözləri Omrinin ürəyindən olmadı:
– Bunu nəyi pisdir? Elə ora qalxa bilməyin özü də bir başıucalıq deyilmi, mənə qalsa, bu lap ürəyimcədir: göyün iyirminci qatı olmasın, on doqquzuncu qatı olsun, mən burada bir yamanlıq görmürəm, ən başlıcası odur, mən burada, yer üzündə keçən ömrümü insanca yaşayım, boynuma düşən işləri yetərincə yerinə yetirim, elə bilirəm, onda məni, o qalxacağım sonuncu dayanacaqda da yaxşı qarşılayarlar! Yer üzündə yaxşı insan olmağa çalışmaq, Brahmanın yaşadığı yerlərə alnıaçıq gedə bilmək üçün yetərli olmaya bilərmi? Siz, bu dalınıza soxduğunuz qərənfillə, boynunuza saldığınız zəncirlə, göyün hansı qatına qalxacağınızı sanırsınız, Bababəy ağa?
 
– Mən göyün otuz beşinci qatına qalxacağam.
– Ancaq, düzünü desəm, sizin göyün məndən yuxarı qatına çatacağınızı deməyiniz, mənə çox gülməli görünür. Mənə elə gəlir, bu sizin özünüzü öyməyinizdən irəli gəlir. Siz, toplumda yüksək yerlər tutmaq istəyənləri qınayırsınız, onda necə olur,  göydə başqalarından yüksək qata qalxmağı istəyirsiniz? Siz bir mənə deyin görüm, nəyə arxalanaraq, orada sizə məndən çox sayqı göstərəcəklərini düşünürsünüz. Bunu bilirsinizmi, mənim on gündə yoxsullara payladığım pulun dəyəri, sizin on ildə, bu dalınıza soxmaq üçün aldığınız qərənfillərin dəyərindən də artıqdır? Bütün günü burada boynuna zəncir salıb çılpaq oturmağınızı Brahmanın bəyənəcəyinimi düşünürsünüz? Sizin burada gördüyünüz işlərdən bizim yurdumuz nəsə qazanırmı? Sizin kimi burnunun ucundan o yanda tanrı işığı axtaran, nə bilim özünün yaxşılığını göstərmək üçün belində eşşək palanı gəzdirənlərdənsə, mən, sözün düzü, hardasa bir göy-göyərti əkib-becərəni, ağac əkib, bağ salanı, qat-qat  üstün sayıram.
 
Bunları deyəndən sonra, Omri bir az yumşaldı, dərvişin qılığına girib, onu bu boş-boş işlərdən əl çəkməyə inandıra bildi, dərviş də üst başındakı qərənfilləri tullayıb, onun evinə köçdü, burada insan kimi yaşamağa başladı. Dərvişin üst-başının kirini-palçığını yudular, bədəninə ətirli yağlar sürtdülər, yaxşı paltar geyindirdilər; o burada iki həftə yaşadı, özünü keçmişə baxanda indi qat-qat artıq ağgünlü saydığını da boynuna aldı. Ancaq onun xalqın içində qazandığı ad-san unudulmağa başlamışdı; qadınlar alın yazılarını öyrənmək üçün onun yanına gəlmirdilər; günlərin birində o, Omrinin evindən çıxıb getdi, yenə o qərənfillərin üstündə oturub, özünün ad-san düşkünlüyünə qapılaraq  yaşamağa başladı.
 
Benares  — Qanq çayının üstündə bir şəhərdir. deyilənə görə brahmanizm orada yaranıb sonradan Hindistana yayılmışdır.
Brahmanlar  — Hidistanda dünyanın yaradıcısı sayılan Brahmanın kahinlərinə deyilirdi.
Himnosofistlər  — Hindistandakı asketik sektaları avropalılar belə adlandırırdılar.
Vedalar  — İnduizmin müqəddəs kitabıdır.
Dərvişlər
  — göydən enəcək tanrı işığını görmək üçün, uzun bir sürədə, baxışlarını burunlarının ucuna dikib gözləyirdilər.

Rus dilindən tərcümə: Araz Gündüz
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)