Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - GÖYƏRÇİNLƏR VƏ QARĞALAR (Hekayə)

AZAD QARADƏRƏLİ - GÖYƏRÇİNLƏR VƏ QARĞALAR (Hekayə)

AZAD QARADƏRƏLİ - GÖYƏRÇİNLƏR VƏ QARĞALAR (Hekayə)
Proza
nemət
Müəllif:
19:03, 27 mart 2020
1 541
0
AZAD QARADƏRƏLİ - GÖYƏRÇİNLƏR VƏ QARĞALAR (Hekayə)






KORONA VİRUS GÜNLƏRİNDƏ OXU!

 


 

                KİŞİ

 

            Bu quşlardan, göyərçinləri deyirəm, həmişə qorxmuşam. Sehrli bilmişəm onları uşaqlıqdan. Div, Keçəl, Cırtdan, Küpəgirən qarı, Göyçək Fatma və başqa nağıl qəhrəmanları kimi Göyərçin də mənə nağıldan qalan sirli quş kimi gəlib. Küçə ilə maşını sürəndə maşının sağı-solu ilə uçuşub elə bil mənə nəsə qandırmaq istəyirdilər. Ürəyimə gəlirdi ki, bunlar hər şeydən xəbərdardılar... Bilməm məktub aparırmışlar, bilməm birinin yanan evinə dimdiyində su çiləyirmişlər, bilməm sülh quşuymuşlar... (Uşaq vaxtı bir göyərçin yuvası düşürmüşdüm. Yuva nə yuva! Beş-altı çör-çöp qoyub, içinə də bir az öz tükündən yığıb, adın da qoyub yuva. Heç yuva tikə bilmirmişlər... Babamın bir biədəb nağılı vardı bu barədə. Deyir, göyərçin – biz bu quşların vəhşisinə alabaxta deyərdik – yuva tikmək istəyir, tikə bilmir. Qarğa deyir, gəl mənimlə evlən, sənə də yuva tikmək öyrədim. Göyərçin onun arvadı olur, qarğa quşu aldadıb qaçır. Bundan sonra göyərçinlər (vəhşi alabaxtalar) yanıqlı-yanıqlı oxuyurlar: 

            -Dit-diiii... dit-diii... dit-diii... dit-ditdi...

            Babamdan soruşardım ki, nə deyir o quşlar? Babam da özü qocalsa da, hələ cavan qalan lotu gözlərini dolandırıb nağılı danışar və deyərdi:”...o vaxtdan alabaxta belə oxuyur: s...., tikmədi, s....., tikmədi...” 

            Nənəm söhbətimizi eşidirmiş. “Üzüun suyu tökülsün, uşağa gör nə danışır e...” deyəndə kişi həttəndi arvada: uşaq niyə olur? Böyün, səhər yekə kişi olacax, qoy hər şeyi bilsin...  Hə, a bala, elə o vaxtdan yuva da tikə bilmirlər. Çöldə-bayırda qalanları qalıb, qalmayanları gəlib insanların yanına ki, onlara yardımçı olsunlar... Ona görə əfəlliklərinnən qarınlarını da doyura bilmir, az qala ayağımızın altında qalırlar ki, bizə yem atın... 

           Babamın sözü olmasın, zay quşdular. Özlərini müdafiə edə bilmirlər, üstəlik yuva da tikə bilmirlər deyə, dünyaya car çəkirlər ki, sülh olsun... Hə göyərçin yuvası düşürməyimnən danışırdım axı... İki zılğa balası vardı. Gözləri açılmamışdı heç. Elə zılğalar əlimdə ağacdan düşürdüm ki, ana göyərçin özünü toxudu sifətimə. Qorxub ağacdan özümü atdım yerə. Zılğalar əlimdə öldü, özüm də burnu üstdə yerə gəldim. Qan götürdü məni. Evə çatanda nənəm yüyürdü üstümə. Əhvalatı biləndə azaylandı:”Ay uşax, saa demişəm axı, o quşdardan uzax ol... Onnarın nəfəsi ağırdı... Bəduğurdular. Ayrı gücləri yoxdu deyən, nəfəsləri ağırdı. Birini qarğasalar, qarğışları tez tutar...” Elə o vaxtdan bu quşlardan aralı gəzmişəm... Nə bilim, bəlkə o ana Göyərçin qarğamışdı məni. Yuvamı dağıtdın, yuvan dağılsın, demişdi... Nə bilim...)

             Hələ...

            Bəlkə bizim arvada da bunlar hər şeyi çıtızmışdılar? Gün axşamacan balkonnan bunlara çörək qırıntısı, tum səpmirmi? Hətta bir dəfə birlikdə Dubaya gedəndə özüynən bir qlazurlu farfordan göyərçin heykəli də gətirmişdi... Qışqırdım, bağırdım ki, ay qız, nəyinə lazım bu farfor quş heykəli?! Özünə paltar al, qızıl al, brilliyant al... Beş kiloyacan ağırlığı var... Qiyməti də nə az, nə çox, üç min dollar! Kimə deyirsən... Tutdurdu ki, yox ki, yox, bunu alacam!..

            Gətirdi, qoydu salonun lap baş tərəfində.

            Vallah, bunu hələ indiyəcən heç kimə danışmamışam. Axı heç sizin hamınızı bir yerdə görmürdüm ki, danışım da. Gah mən işdə olurdum, gah sizlərdən biriniz hara isə gedirdiniz, gah ananız işdə olurdu... Boynuma alım ki, heç sizinlə belə yaxın olmamışdım... Qabaqlar günüm itin günüydü, o mirət maşınla ora-bura çovuyurdum ki, axşam evə gələndə beş manat yiyəsi olum, siz ac qalmayasınız... Sonra da... Elə nə oldusa, o “sonra” oldu... İndi bu allahın bəlası... bu korona virus... yox bir taclı virus... heç bilmirəm onu lənətləyimmi, ya sağ olsun deyimmi?.. Məni ailəmlə, əslində o yaxınlaşdırdı...

 

 

             MÜƏLLİF

 

            Kişinin ürəyindən keçirdiklərini yalnız Qadın anlaya bilirdi. Onların bağ evində hərənin öz otağı olsa da, adətən bura gələnlərin əksəriyyəti günün çox hissəsini böyük salonda keçirərdi. İndi Böyük qız salonda uşaqlarına nağıl oxuyurdu. Kiçik qız balaca oğlu ilə qulaqcıqla ayfonla hansısa filmi izləyirdi. Arvad da dolma bükə-bükə bir gözü Kişidəydi. Onun bayaqdan ürəyindən keçirdiklərini “eşidib” içində “hı” eləmək istədi, amma necə oldusa səsi ürəyindən süsüb ağzından çölə çıxdı. Kişi diksindi. Bilirdi ki, Qadınının bir “hı”sı bir romana bərabərdir. Bu “hı”nın çox mənası vardı... Uzun zaman maddi çətinliklə boğuşan ailə bir gün allahın göndərdiyi sehrli əlin qüdrətilə nəinki ağır vəziyyətdən çıxdı, hətta tez zamanda özünü düzəltdi. Qadının uzaq qohumu bir gün onlara gəldi, özü ilə gətirdiyi bir böyük bağlamanı yerə qoyub dedi: “Dayıqızı, dünən Urumçidən gəlmişəm samalyotla, yükümü aereportdan mağazama daşıyanda bu bağlama yadımdan çıxıb qalıb maşınımda. İndi maşını park eləyib banka gedəcəm. Tərs kimi açarım da qalıb evdə - səfər sumkamın içində. Evdə də kimsə yoxdur ki, gedəm alam. Maşında qoya bilmərəm bu bağlamanı, içində beş min dollarlıq mal var... Hamısı qadın geyimidi... Bax, istəsəniz, açıb baxa bilərsiniz. Bəyəndiyiniz paltarı götürün, pulunu sonra ödəyərsiniz, lap üç aydan sonra da olar... Qonşulara da verə bilərsiniz... Hamısının qiymətini üstündə əlimlə yazmışam...” 

            Adam getdi və Qadın qızları ilə bağlamanı səliqə ilə açdı, gözləri alışıb yandı! O, ömründə hələ belə bahalı paltar geyməmişdi. Yəqin ki, heç geyməyəcək də... Bax, bu alışıb-yanan şifon parça iyirmi beş şirvandır! O qanaovuz  dəst qırx şirvan! Hələ bu, bu vilvet  kostyum iyirmi səkkiz şirvan... Bu boyda pulu onlar bir yerdə nə zaman gördülər ki?! Ər köhnə QAZ – 66 yük maşını sürür, ora-bura zir-zibil daşıyır... Ayın başında cəmi qazancı otuz şirvan ola, ya olmaya... Amma bir şey var axı – qohum demişdi ki, nisyə verir, lap üç ay da gözləyər!..

            “Şifon paltarı götürəcəm vallah” deyib qızlara baxdı. Onlar da “ana, nə olar götür, nə olar, götür” deyib arvadı həvəsləndirdilər. Və kişi gecə yorğun-arğın  işdən gələndə Qadın o şifon donu geyinib çıxdı qabağına. Kişinin mazutlu əlləri düşdü yanına. Eyni açıldı, “nə gözəl olmusan, aaz?!” deyib ah çəkdi və qışqırdı:

            -Götür bunu, yatmaram, gecə-gündüz çalışaram, verərik birtəhər!..

            Götürdü götürməyinə, amma ərinin gecə-gündüz çalışmağına ehtiyac qalmadı.

            Dayıoğlu zəng edib dedi ki, mamaqızı*, o malın hamısın verirəm sənə, üstlərində qiyməti var, binanızı blok-blok, kvartira-kvartira gəz, inandığın adamlara bir aylığına nisyə ver, verəndə də üstünə beş-altı manat qoy ki, sənə də bir şey qalsın. Bir ayın tamamında pulunu yığ, gəlib aparacam...

            Bax, möcüzə onda baş verdi. Bir aya Qadın iki binanın qadınlarına dağıtdığı paltarın bir ayın tamamında pulunu yığdı və inanılmaz möcüzə baş verdi: özünə düz iki yüz əlli şirvan pul qaldı!

            Mamaoğlu səhəri gəlib pulu aparanda dayıqızını da maşına qoyub dükanına apardı, yenə keçən dəfəki qədər mal verdi satmaq üçün.

             Bu dəfə də xeyli qabağa düşdülər. Həvəslənən  Qadın ayda iki dəfə ərinin maşını ilə paltarları götürüb mikrorayonları bina-bina gəzdi, inandığı yerdə nisyə, inanmadığında nəqd verdi və düz bir ilin içində ailə özünü tutdu. Hətta xeyli pul toplayıb Sədərəkdə ayrıca dükan yeri tutdular. Kişi dayıoğlunun onlara gətirdiyi malları satdı, altdakı il daha bir dükan açdı və dayıoğlunu vurub keçdi. İndi malı özü gedib gah İstanbuldan, gah da Dubaydan gətirirdi...

 

 

              KİŞİ

 

            Mən nə vaxt qızdım, özüm də bilmədim. Mağazamda işləyən üzübağlı qızı bir axşamüstü iş bitər-bitməz mağazanın içərisinə - malları yığdığımız anbara tərəf dartdım. Qız əvvəl naz elədi, qışqıran kimi oldu. Dartılıb əlimdən çıxmaq istədi. Mən də qorxdum ki, qonşu mağazaların sahibləri, satıcıları eşidərlər, biabır olaram. Buraxmaq istədim, amma Qız üstümə yıxıldı. Vallah, hə! Yıxıldı üstümə. Mən də onu yarıkönül qucaqladım. Basdım onu malların arasına, elə paltar-palazda yıxdım altıma. Bu vaxt bizim arvad gəlib durdu gözümün qabağında, o gecə qorxa-qorxa geyindiyi o şifon paltarda moda göstərən kimi eləyib dedi:”Kişi, necəyəm?!” Qolum boşaldı. Qızı buraxdım. Amma hardan? İndi qız məni buraxmadı. Elə altımdaca çəkib əynimdəki köynəyi soyundurdu, sonra remenimi açdı və... Day nə və?! Vəmi qaldı?! Bir də gördüm ki, qız yavaşdan bağırır altımda... O gecə evə getmədim. Onun kirayədə qaldığı kvartirada keçirdik gecəni. Qız ağlayır, qızlığını pozduğum üçün məni günahlandırır, özünü öldürəcəyini deyirdi... Mən qıza inandırdım ki, qorxmasın, onu yalnız qoymayacam. Qoymadım da. Əlimin altında fəhlə kimi işləyən qohumum olan Oğlana ərə verdim. Ev aldım onlara, hələ bir maqazin də açdım... Düz beş il o qız yanımda işlədi. Axşam əriyən yatdı, gündüz mənimlə...

 

            MÜƏLLİF

 

            Ailə Hövsandakı iki otaqlı evi satıb şəhərin mərkəzində beş otaqlı ev aldı. Qadın gündə bir dəst paltar geydi. Qızlar kitab açmasalar da, Beynəlxalq universitetə pulla girdilər, oxumasalar da diplom aldılar... Oğlu da İdman akademiyasını ölüm-zülümlə bitirdi, indi polisdə işləyir...

           Kişi ayda bir maşın sürürdü. İndi daha pal-paltarı tərgidib, maşın al-verinə keçnişdi. Pula pul demirdi... Bir pis iş olmuşdu ki, indi evdə həftədə bir dəfə görünürdü, ya görünmürdü. Qadının qulağına çatmışdı ki, saxladığı var. Özü də kiçik qızı yaşdadır. Əvvəl-əvvəl dedi ki, cəhənnəmə ki, xoruzum olsun, bacalarda banlasın! (Rəhmətlik nənəsinin sözüydü.) Amma sonra  qızı yaşda o qadını görəndə dalağı sancdı. “Qadınlığımnan mən də görsəm tamah salaram buna. Ağ mərmər kimidi qəhbə! Mən ərimi qaytarmalıyam!” – deyib özünü çırpdı yerə. Uşaqlar bir təhər sakitləşdirdilər. Yeganə oğlu əlini atdı cibinə, tapançasını göyə tutub bağırdı:”Onu qanına bulamasam, maa da mən deməsinlər!”

            Qadın işin çillədən çıxdığını görüb oğlunu qucaqladı:”Anan ölsün, əlini qancığın qanına bulayıb məni bədbəxt eləmə! Allah vurub onu! Qozuna da alma!..”

 

            QADIN

 

            Utanmaz-utanmaz gəlib qısılıb bizə. İndi neyniyim? Mən də salım çölə? Aləm nə deyər? Nə qədər olmaya uşaqlarımın atasıdır. Amma çox hayasız adamdır. Çox kişilər var ki, qıraxda arvad saxlayır. Amma bunu elə eliyir ki, bilən olmur. Bu, bax bu alçaq, qəhbəsini salıb yanına Dubaya aparıb, Dubaya! Orda da kimnən qarşılaşsa yaxşıdır? Bizim gədəylə!.. Yaxşı ki, uşağın beyni çönməyib, ikisini də güllələyərdi vallah!..

            Oğlu var, var də. Ev almısan, almısan. Maşını var, var. Dolanışıq vermisən, vermisən. Day nə düşmüsən götünə?! Çıx gəl xarabana dayna. Sənin evlənməli oğlun var axı... 

            Amma acı da olsa, deyim ki, lotu çox gözəldi...

 

            

          MÜƏLLİF

 

            Beləcə, neçə il idi ki, Kişi evə qonaq kimi gəlib-gedirdi. Hələ danışırdılar ki, o təzə arvadından bir oğlu da olub, hər gün kişi qoyur Cipə, aparır bağçaya...

            Və belə bir vaxtda dünya qarışdı. Əvvəl Çindən baş qaldıran korona virus, az keçmədi İrana, ordan İtaliyaya sıçradı... Zarafat-zarafat bir gün kəsdi Azərbaycanın qapısını... Onda da ciddiyə almadılar. Ta ki, hökümət qərar çıxardı ki, yaşı 65 olanlara küçəyə çıxmaq qadağandır. Bax onda Kişini təzə arvadı itələyib salmışdı çölə və demişdi: ”Get evinə! Sənin 66 yaşın var. Mənə, oğluma verərsən xəstəliyi...”

            Kişi əvvəl-əvvəl inanmamış, sonra bayırda qalınca köhnə arvadın yanına dönmüşdü. Düz bir həftə idi ki, arvadla qapını bağlayıb oturmuşdular evdə. Qızlar öz evlərində, oğlu da Dubaydaydı... Üç gün sonra qızları ailələri ilə gəldilər və hamı maşınlarına minib Nardarandakı bağlarına qaçdıla ki, bəlkə bu virusdan canlarını qurtaralar... İndi bağdakı üçmətrəbə villanın salonunda yığışmışdı ailə... 

            Və Kişi də ürəyində guya uşaqları ilə, ailəsi ilə dərdləşirdi. Amma bu dərdləşməni təkcə Qadın anlayırdı.

 

            KİŞİ

 

            Bilirsiz, mənə çətindi... O siftəki qızı ərə verib təzəcə başımnan eləmişdim ki, bir gün bir gənc xanım gəldi yanıma. O qədər gəzəl idi ki, adam onun gözəlliyinnən utanırdı. Danışır, danışdıqca hərdən gözünnən gülür, gülüşü bir almaza dönüb sifətimi, dil-dodağımı biçirdi. Öz-özümə deyirdim ki, ilahi, adamın belə bir gözəl qadını ola, qoya evinin yuxarı başına, elə o gülə, sənin də əhvalın təzələnə. Qadının yanağı aşağı yellənib üsünə toxunan saçının teli məni lap öldürürdü – yazıq anam buna birçək deyərdi. Allah məni kəssin! Az qaldım ki, əlimi uzadıb o berçəyi yığam, üzünə düşməyə qoymayam...

            ...-mən sizdən radio üçün müsahibə almaq istəyirəm... ölkəmizdəki müstəqillik hərəkatı ilə ilgili nə deyə bilərsiniz bir iş adamı, sahibkar kimi?...

            Mən onun gözəlliyiniə heyran-heyran baxarkən qadın nələrsə danışırdı. Atana lənət yalan deyən, gör bir kəlmə qandımmı? Eləcənə:

            -Hıy? – deyib baxdım üzünə. Qadını dəli gülmək tutdu. Ayaqlarını yerə döyüb daha bərkdən gülməyə başladı. Xüləs, mən baxıram mal kimi, o gülür, mən baxıram, baxa-baxa ağzımın şorbası tökülür, o gülür. Axırı dedi, gəl belə eləyək, gedək şəhərə, bir rahat yerdə oturaq, mən sənin çıxışını hazırlayım, bir-iki dəfə oxu üzünnən, əzbər kimi öyrən, sonra səni aparım studuyaya, orada çıxış elə...

            Nə oldusa, elə o çıxışı hazırlayanda oldu. Getdik bir restorana. Balıqdan tutmuş antrikotacan yığdırdı stola. Viski, şampan, italyanski arometta... Hər zaddan bir az daddıq, axşamacan beş-altı cümləlik çıxışımı elə orada diktafona yazdı... Sonra elə o restoranın dərinliyindəki otaqlardan birində onunla yatdım... O gecə cibinə min dollar basdım getdi, səhər durammadım, zəng elədim ki, gəl. Belə-belə, o gözəllər gözəli qadın oldu mənim ikinci arvadım... Ərinnən ayrıldı. Buna da üç otaqlı ev aldım. Ayrıca maqazin açdım, altına maşın aldım... Və bir gün dedi ki, hamiləyəm. İndi beş yaşlı oğlumuz var...

 

            QADIN

 

            Nə deyim ki? Ərimdi. Dilini farağat qoysa, özünə yığışsa, dinib eliyən deyiləm... Mən də arvadıyam dayna... Ömrümüzün son çağlarını bir yerdə keçirərik... Amma  bir az arxayın deyiləm... Qızmağı var bunun. Dana kimi mözələklədimi, irtməyi ələ gələn deyil... Bude, genı hıqqıldıyır... “Hıııı, nədi, nə hıqqıldıyırsan?” Mən bunu həmişə baxışınnan başa düşmüşəm axı. Biz neçə  il bir yastığa baş qoymuşuq, az danışmışıq. Eləcə sözsüz anlamışıq bir-birimizi... O qəhbələrin yanında qalanda nigaran olurdum ki, axı bu dərdini  deyən deyil. Az danlşandı. Bəs onlar bunu nə təhər başa düşəcəklər?! İndi bude, ürəyi mürəbbəli çay istəyir. Özü də zəncəfillə dəmləməliyəm... Eh... Gedim çay dəmləyim...

 

              KİŞİ

 

            Bizi biz eləyən o Dayıoğlu vardı ha, bax bizə əl tutannan sonra, dedim axı, iş elə gətirdi ki, iki ilin içində bizim biznes onunkunu vurub keçdi. Mən gedib İstanbuldan türk malı vurub gətirdim, onun Çin mallarının bazarını öldürdüm. Dayıoğlu yalvardı ki, ay qağa, belə niyə eləyirsən, mənim bazarımı məhv edirsən axı?!. 

            Vecimə də almadım. Beş ilin tamamında Dayıoğlu müflis oldu, məcbur qalıb maşınını, bağını satdı. Maşını da, bağı da mən aldım, özü də qat-qat aşağı qiymətə. Biznesini qurtarmaq üçün bankdan küllü miqdarda kredit götürdü, amma bir ildə dollar qalxdı, adamın krediti qaldı əlində. Mənə əl açdı, yüz min pul istədi, dedim, verərəm, ancaq faizə... Bir həftə keçmədi, asdı özünü... 

            Gecələr gəlib girir yuxuma, yalvarır ki, heç olmasa balalarıma əl tut. Tutdum tutmağına, amma istəmədilər. Oğlunu bir dükanıma satıcı qoydum, iki gün işlədi, qaçdı ki, mən ali təhsilli mühəndisəm, satıcı işləmək şəxsiyyətimi alçaldır... Qızı da gəlmişdi, onu da göndərdim bir dostumun yanına ki, kömək eləsin, o da nə eləmişdisə, o gedən olub... Neynəyim mən? Bu, biznesin qanunudur: güclü gücsüzü udmalıdır... 

            Amma o Dayıoğluya biz ailəlikcə borcluyuq. Qoy bu virus məsələsi bitsin, gedəcəm qəbiristanlığa, ona quran oxutduracam... 

 

           QADIN

 

            Bizim kişinin nəfsi daşı da dələr. Bir istəmirəm deyənnən qorx, bir yemirəm deyənnən. Bu da mazutlu QAZ – 66-dan düşdü, CİP-ə mindi, qızdı. Buğa kimi dişi görən kimi aldı getdi, bu cəhənnəmə,  xeyirxah insan olan Dayım oğlunu da buynuzladı. Yazıq zəng vurmuşdu ki, ay mamaqızı, mən sizə pislikmi elədim? Bə ərin mənnən nə istəyir?.. Dedim qağa, o daha mənim ərim deyil, Sədərək talkuçkalarındakı qadınların əridir... Evə qonaq kimi gəlir. Gələndə də gah mənimlə, gah uşaqlarla dalaşıb çıxıb gedir...

            Hələ o salonun yuxarısındakı Göyərçin heykəlinə baxın?.. Adam o gözəllikdəki heykələ görə mənə itin sözün dedi... Mən uşaqlıqdan bu quşların vurğunuyam. Bizim kişinin isə o quşları görməyə gözü yoxdur... Hətta heykəlini də... 

            Heykəli satan çinli dedi ki, bu farfordan hazırlanıb... Uzun illər çinlilər Çin ipəyi kimi farforun da sirrini gizli saxlamışdılar. Çinli satıcı deyirdi ki, vaxt olub ki, farfor Avropada qızıla bərabər olub e... Bu nə qanır axı? Bununkı ancaq pul qazanmaq, yemək, bir də kələ kimi qəhbə dalına düşməkdi... Ehhhh... Hərdən deyirəm ki, kaş elə o QAZ – 66 maşında işlədiyi dövrlər olaydı... Kasıb olaydıq... Eh, indi ağlayacam... Qoy durum gedim mətbəxə, dolmanı qoymuşam üstə, yanar...

 

            KİŞİ

 

            O gün şəhərdə sürürəm maşını, bir dəstə göyərçin boş küçədə bir adamı görən kimi özlərini nə təhər atdılar onun üstünə... Ürəyim xarab oldu. Baxma də, həmişə adam əlinnən çatdayan Bakı küçələri indi bomboşdur... Adamın ürəyi xarab olur e vallah... Məm kitab-zad oxuyan deyiləm, bizim o beş yaşlı Topuşun anası jurnalistdi axı, o danışırdı ki, Amerikada bir xalq olub qədimlərdə... Qoy görüm adı nəymiş... Mmm... Eeee... Zaddı...Hə, Maya xalqı. Bu Maya hardan qalıb yadımda, o kino var e, “Dəli Kür”dü, nədi... Yoox, “Böyük dayaq”... Hə, odu. Orda deyir e, Maya, Mayacan... bax, mənim Jurnalistim də Maya kimi gəzəldir, ağ mayadır... Mən onu heç vaxt öz adıynan çağırmadım, eləcə Maya dedim... Hə Maya xalqınnan danışırdım axı... Bizim Topuşun anası Maya danışır ki, Maya camaatı qurulu evlərini, həyət-bacalarını, hətta yarımçıq qoyduqları dulusçuluq məmulatlarını, həyətdə ocaq üstdə qazanlarını belə qoyub, yoxa çıxıblar... Hara gediblər? Ölüblərsə, bəs sümükləri hanı? Müharibə olubsa, yenə toplu insan skletləri çıxardı ortaya... Qeyb olublar... Bax, mən 28 May metrosu tərəfdən köhnə Basin küçəsi ilə qalxıram maşınla, küçədə bircə adam yoxdur... Eyzən Mayalılar kimi adamlar qeybə çəkiliblər elə bil... Və birdən bircə adam görünür, onu da göyərçinlər bürüyür ağ rəngə... Adama da, zəhləm gedən göyərçinlərə də, özümə də yazığım gəldi... Elə Bakıya da...

            Biz nə günah işlətdik?.. Mən öz payıma deyim də... O qara, kir-pas içindəki QAZ – 66-nı mən tez unutdum. Eşşəkdən düşüb ata minmək buna deyirlər... İyirmi beş ildir biznesdəyəm, bəlkə yüzəcən qadınla yatmışam... Hamısı özü yıxılmayıb ki, altıma... Biri xoşnan olubsa, beşi zornan olub... Sonra... Bir qadın gəlmişdi ki, oğlum müharibə əlilidir, əməliyyat olunmalıdır, çıxardıb beş manat verdim, ağladı ki, bunnan əməliyyatmı olar? Söyüb qovdum qadını... Bir qız uşağı gəlib mağazada bahalı paltarı taxıb əyninə, pulu da çatmır... İndi pulu yoxdu yoxdu, bəs nəyisə var axı? Nəyi olacaq qız uşağının? Qayıdasan ki, dayı, nə istəyirsən verim, bu paltarı ver mənə... On yeddi yaşı ola, olmaya... Onu da çəkib apardım anbarın içinə... Bu korona virusu mən gətirmişəm Çindən, mən! Düz iki dəfə Urumçiyə mal vurmağa getmişəm, bax onda mənim ayağımda gəlib!.. 

            Maya qəzetdən oxuyurdu ki, bu xəstəliyə Çinin Uhan şəhərində ilk dəfə bazarda canlı krevetka satan Vey adlı bir qadın yoluxubmuş... O it-pişik, qurt-quş yeyənlərin nə günahı var, bilmirəm, amma ən böyük günah bizimdir... Mən bilirsən nə günahlar eləmişəm? O paltarın qarşılığında altımda qışqıran qızın səsi qulaqlarımdan getmədi uzun müddət... Heç keyf almadım o qızdan... Bildim ki, o qızın ahı tutacaq məni... Şəkər tutmuşam. Qapqara çörək yeyirəm. Nəfəs ala bilmirəm... Heç kişiliyim də yaxşı sözümə baxmır... Eh Maya, Maya... Bizi də o Maya camaatının aqibəti gözləmir görəsən?

 

            QADIN

 

            Səhərdən öz-özünə gumuldanır içində. Bilirəm nələr keçir ürəyindən. Mən bunun A-yına da, B-yinə də bələdəm. Ağzın açmamış, nə deyəcəyini bilirəm. Xızıda da mülkümüz var axı. Neçə il qabaq yayı orda keçirirdik. Beşaçılanı saldı çiyninə, dedi gedim bir az gəzim, bəlkə ov-zad da vurdum. Heç üç saat keçməmiş, əlində bir alabaxta qayıtdı. Alabaxta da göyərçinin bir formasıdı dayna, eynən. Bilə-bilə ki, göyərçinlərə mənim sevgim var, qırmanın dəlib-deşdiyi quşun ölüsünü atdı üstümə ki, bir göyərçinni plov dəmlə...

            O gün onun üzünə qayıtdım. Qarğadım ərimi... Səni də bu quş kimi əllərdə qalasan dedim...

            Nənəmin bir Alabaxta nağılı vardı. Deyir bir qızı bəy oğlu istəyir. Amma qız başa düşür ki, bu bəyzadədən ona yar olmayacaq. Ona görə qaçır onnan. Bir ay belə, iki ay belə, axırı bəyzadə qızı dar bir bərədə tutur, deyir səni buraxdı yoxdu. Qız dartınıb qaçmaq istəyəndə, bəyzadənin əlində tüfəng açılır, dəyir qıza. Qız yaralı-yaralı bir oxumaq oxuyur. Allahın xoşuna gəlir, onu alabaxtaya döndərir. O vaxtdan bu vəhşi göyərçin çöllərdə uça-uça oxuyur:

 

             Alabaxtayam, Alabaxta,
             Sinəm olub taxta-taxta.
             Məni vuran bəy oğlu,
             Qan qussun laxta-laxta. 

 

 

            MÜƏLLİF

 

            Nəsə tappıltı ilə villanın hündür pəncərəsinə çırpıldı. Əvvəl qadın, sonra Böyük qız, sonra Kişi balkona çıxdılar. Bir göyərçin şüşəyə çırpılıb dipçəyin dibinə düşmüş, orada qanadlarını tərpədərək can verirdi. Ala qarğa isə həyətdəki akasiyanın budağına qonub qarıldayırdı.

            Bomboş küçədəki gölməçədə sərçələr çimişirdi.

 

 

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------

*Onların rayonlarında bibioğluya belə deyirdilə.

 

                                                                                                                                             26.03.2020

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)