Azad Müzəffərli - Alın yazısı(hekayə)
Sinni yetmişi haqlamaqdaydı. Yalqızdı. Bu ahıl çağında yeganə həmdəmi qonaq otağında divardan asdığı rəsm əsəri idi. İllərdi bircə istəyi vardı. Kaş, bu rəsm əsərindəki kiçik çayın üzərindəki qədimi körpünü aşaraq çınqıllı yolla meşənin dərinliyindəki o taxta komaya gedib çıxa biləydi. Ona elə gəlirdi ki, şam ağaclarının arasından güclə sezilən həmin koma yiyəsizdir, çoxdan atılıb sahibi tərəfindən. Həmişəlik orada məskunlaşmaq keçirdi içindən. Tək-tənha həmin komadaca ömrünü başa vurmağı arzulayırdı. İnsanlardan uzaq olmaq istəyirdi. Bu dünyadan çoxdan əlini üzmüşdü, ta institutu bitirəndən. Yeganə istəyinə çatmaq üçün hər gün Tanrıya əl açırdı, di gəl, xeyiri yoxdu. Beləcə qırx ili yola versə də, hələki ümidini itirməmişdi.
Yenə də rəsm əsəri ilə gözbəgözdü. Cizgibəsizgi ruhuna köçürmüşdü bu mahir əl işini. Xilasını onda görürdü. Yaşıl işığın közərəcəyi anı səbirsizcəsinə gözləyirdi. Bir də onda ayıldı ki, qədimi körpünün tağının bəri başındadır. Bir sağına, bir soluna baxdı. Anladı, nəhayət ki, səsi Tanrıya yetmişdi. Mat-məəttəlcəsinə ayağını körpüyə basdı. Ehmallıca addımlarla komaya sarı yön aldı. Qədəmləri çınqıllı yola toxunanda hiss elədi ki, çoxdandır buralara insan ayağı dəyməyib. Yerişi ilə kövrək bir nəğmə bəstələyir, bunu tükənməz şövqlə notlara köçürürdü. Son qırx ilin ağrı-acısını çınqıllarla bölüşürdü. Ayaqlarının altında xırçıldayan daşlar sanki fortepianonun dillərinı andırırdı. Yanıqlı nəğməydi, insanın iç dünyasını yerindən oynadan qəlb çırpıntıları. Ətrafdakı sıx meşəni gözlərinə köçürə-köçürə addımlarını yeyinlətdi. Xeyli yol getməli oldu. Koma meşənin lap dərinliyindəydi.
Nəhayət ki, mənzilbaşına yetişdi. Həyət-bacasından bəlliydi, komanın yiyəsi səliqə-sahmanlı kəsdi. Bu həm də o demək idi ki, yanılmışdı, bura atılmış yurd yeri deyildi. Ümidi boşa çıxmış, qəlbinin bağı qırılmışdı. Geriyə qanrılmaq istəsə də, marağı ona güc gəldi. Aramla qapını döyəclədi. İçəridən həlim bir səs gəldi.
- Buyurun...
Cırıldayan qapının arxasında xanum-xatun bir qadın göründü. Təxminən onunla eyni yaşda və ya ondan bir-iki yaş kiçik görsənən bu zənən xeylağının suyu ona ilk baxışdan şirin gəldi. Dili söz tutmadı. Sükutu mənalı baxışlarıyla onu süzən qadın pozdu.
- Nəhayət ki, gəldin... Buyur, keç içəri...
Eşitdiyindən karıxsa da, birtəhər özünü ələ aldı. Koma çiçəyə bələnmişdi, hər addımda təmizlik, səliqə-sahman göz oxşayırdı. Ağbircək qadın onu qonaq otağına qədər mehribancasına müşayiət etdi. Yer göstərdi. Mizin üstə iki fincan yenicə süzülmüş çay və bir neçə cür mürəbbə vardı. Ağlından keçən ilkin o oldu ki, fincanlardan biri yəqin qadının ömür-gün yoldaşınındı, hardasa qonşu otaqlardan birinə keçib.
- İndilərdə gələcəyini duymuşdum, çayı da təzəcə süzmüşəm, kəkotusu, mixəyi də var. Çox soyutma, iç... Xeyli yol gəlmisən, yəqin acsan, yemək də çəkim qayıdıram...
Ətrafa boylandı. Heç bir hənir duymadı. Boğazı qurumuşdu. Çiyələk mürəbbəsilə ətirli çaydan qurtum-qurtum içə-içə qonaq otağını nəzərdən keçirdi. Bu mənzilə pənah gətirəndən onu bircə şey düşündürürdü, görəsən, qadın burada tənha yaşayır, yoxsa, kimsəsisə var. Komanın girişindən üzübəri seyr etdiklərindən belə qənaətə gəldi ki, deyəsən, buranın yiyəsi də tənhadır. Ötən dəqiqələrdə yad qoxu da duymamışdı.
Fincandakı çayını təzəcə içmişdi ki, ortalığa yemək gəldi. Qadın özünə də yemək çəkmişdi. Xudmani süfrəydi. Üzbəsurət əyləşmişdilər.
- Təşəkkür edirəm, lap yerinə düşdü. Səhər yeməyinin üstəyəm. Düzünü deyim də... Rəhmətlik anamın bişirdiyi yeməkləri saymasaq uzun illərdi qadın əllərinin istisində araya-ərsəyə gələn yemək üzünə həsrətəm...
- Allah rəhmət eləsin, qəbri nurla dolsun... Ürəklə ye... Məxsusi olaraq sənin üçün hazırlamışam, bayaq dediyim kimi bu gün gələcəyini təxmin etmişdim...
Yeməyə başladılar. Sanki qurbağa gölünə daş atmışdın. Kirimişdilər. Qisməti fikir götürmüşdü. Ev sahibinin son kəlmələrini dinləyərkən bu səsdəki notlar ona yamanca doğma gəlmişdi. Fürsət eləyib qadının gözlərinin dərinliyinə nəzər saldı. Qəflətən elə bil onu ildırım vurdu. Tanıdı, bu Çimnaz idi. Yanılmadığına əmindi. Necə olmuşdu ki, bunu bayaqdan tutmamışdı. Özü öz gözündə alacalandı.
Büruzə verməməyə çalışsalar da, tikələr boğazlarından güclə keçirdi. Dinməz-söyləməz xəyalən tələbəlik illərinə köklənmişdilər. Çimnaz instituta qəbul olanda Qismət üçüncü kursdaydı. Elə ilk günlərdən ulduzları barışmışdı. Bir-birinə dəlicəsinə vurulmuşdular. Əhd-peyman bağlamışdılar. Sözünə yiyə çıxan Qismət institutu bitirəndə Çimnaza evlənmək təklif elədi. O isə ali təhsilini başa vurmaqda israrlıydı.
- Bilirsən, sənə onu da deyim ki, bugünlərdə atamın dostugil məni oğluna istəmək üçün bizə elçiliyə gəlmişdilər. Uzun illərdi ailəvi dostuq, bir-birimizə yaxından bələdik. Oğlan da ağıllı-kamallı, uca boylu, yarlı-yaraşıqlıdır, bir suyu sənə çəkib. Mənə qarşı biganə olmadığını da neçə illərdi bilirəm. O da institutu təzəcə bitirib. Mən bir daha valideynlərimə tam ali təhsil almayınca ailə qurmaq fikrində olmadığımı bildirdim. Anam qismətindən qaçma deyə nə qədər təkid eləsə də, mən razılıq vermədim. Üstəlik ona atamdan gizlin saxlamaq şərtilə könül verdiyim birisinin olduğunu da dedim. Özün fikirləş, tutaq ki, səni qırmamaq üçün lap razılıq verdim, bəs, valideynlərim? Axı, mən onlara konkret olaraq bildirmişəm ki, institutu bitirməyincə evlənmək mənlik deyil.
- Xahiş edirəm, gəl birlikdə bunun yolunu tapaq... Sənə söz verirəm, ali təhsil mütləq alacaqsan... Mən özüm də sənin təhsilnin yarımçıq qalmağına qətiyyən razı ola bilmərəm...
- Qismət, əzizim, sən də əzbər bilirsən ki, institutda oxumaqla ailə həyatını uzlaşdırmaq çox çətindir, ələlxüsus da kənd yerində... Mən bunun öhdəsindən gələ bilmərəm... İncimə...
- Yox, mən səninlə razı deyiləm... İnanmıram ki, sənin başqa fikrin ola, amma mənimlə razılaşmamağını da qəbul edə bilmirəm... Lap çaş-baş vəziyyətdəyəm... Sabah da kəndə yola düşəsiyəm, yəqinki orada da qalıb işləyəcəm...
- Səni anlamağa çalışsam da, amma mən öz dediyimin üstə dururam... Reallıq budur... Mən də bir-iki günə kəndə tətilə gedəcəm, dalımca gələsidirlər...
- Hələ sabaha qədər xeyli vaxt var, fikrini dəyişsən, xəbər elə...
- ...
Tale elə gətirdi ki, bu onların sonuncu görüşü oldu. Kəndə əliboş dönməmək üçün axşamüstü bazarlığa çıxan Qismət şahidi olduqlarından az qala ağlını itirə. Təsadüfən paytaxtın mərkəzi küçələrinin birində nə görsə yaxşıdır? Çimnaz Qismətin tanımadığı birisilə əl-ələ, mehribancasına şəhəri ələk-vələk eləməkdəydi, dünya onlarındı. Özü də həmən kəs Çimnazın səhərki söhbətlərində xatırlatdığı ona elçi göndərən, ağızdolusu təriflədiyi ucaboylu oğlana bənzəyirdi. İstər-istəməz xeyli onları pusdu. Bu cütlüyün doğma münasibətinə şəkki-şübhəsi qalmadı. Kor-peşiman kirayədə yaşadığı mənzilə qayıdarkən Qismətin diqqətini bədahətən indi evindəki o rəsm əsəri çəkdi. O vaxtkı ovqatı ilə rəsm əsərində təsvir olunanlar birə-bir üst-üstə düşürdü; bacardıqca bu dünyadan baş götürüb uzaqlaşmaq istəyirdi. Qismən də olsa ovunmağa kəskin ehtiyac duyan Qismət o əl işinə xeyli pul saydı. Səhərisi kəndlərinə dönən gənc ürəyində Çimnazı asıb-kəsdi, tədricən özünə qapıldı. Evlənmək isə ağlının ucundan belə keçmədi, mehrini həmən rəsm əsərinə saldı. Çimnaz da özünü sındıran qız deyildi. Qismətdən soraq çıxmadığından, o da beləcə illərlə qulağı səsdə, gözü yollarda qaldı.
Süfrə arxasında xeyli müddət üzbəsurət olsalar da, lal-dinməzdilər. Nədən danışasıydılar ki, artıq hər şey arxada qalmışdı. İkisi də yaxşı anlayırdı ki, ocağın közü ilə oynamağa dəyməz... Nəhayət, nahar başa çatdı.
- Hədsiz dərəcədə minnətdaram... Yeməklər çox dadlı idi, ömrümdə bir oturuma bu qədər çay da içməmişdim, ətri sözlə ölçüyəgəlməzdi... Əlin-qolun var olsun!
- Halal xoşun... Rəhmətlik qardaşımdan sonra bu günədək qapımı açan olmamışdı, - Çimnaz mizin üstündəki xatirə albomunu vərəqləyərək böyük qardaşı ilə birgə şəklini Qismətə göstərdi, - Hə, yadıma düşdü, tələbəlik illərində səninlə axırıncı görüşümüz olan gün çəkdirmişdik bu şəkili... Canlara dəyən oğlan idi, heyif, Tanrı yeganə qardaşımı da mənə çox gördü...
- Allah qəni-qəni rəhmət eləsin, yeri behiştlik olsun...
- Ulu Yaradan cəmi ölənlərinə rəhmət eləsin...
- İndisə, icazə versən, qayıtmağın vədəsidir. Evi yiyəsiz qoymuşam, bir azdan qaş qaralacaq, xeyli yol getməliyəm...
Son görüşlərində olduğu kimi Çimnaz yenə də əlacsızcasına yalnız çiyinlərini çəkə bildi. Səssiz-səmirsiz xudafisləşdilər, bu dəfə həmişəlik...
Qismət ha çalışsa da, gün ərzində yaşadıqlarını heç cür çözələyə bilmədi. Bir də səhərə yaxın gözlərinə yuxu getdi, o da alayarımçıq. Qolu-budaqlı, ucaboy birisi yuxuda ona göz verdi, işıq vermədi.
Dan üzü sökülər-sökülməz Günəşlə birgə hövlnak yuxudan ayıldı. Yuxusunda ona aman verməyən gənc Qismətin yaxasından əl çəkmədi ki, çəkmədi. Sanki, gözlərini yaxşı-yaxşı ovxala, mənə bir də diqqətlə bax deyirdi. Qəfildən Qismətin matı-qutu qurudu, tanıdı onu. Qarşısındakı Çimnazın dost-doğmaca qardaşıydı. Buna şəkki-şübhəsi qalmadı. Dünən şəkildə gördüyü kəs vaxtilə Çimnazla mehribancasına əl-ələ tutan həmən gəncdi. Yanıla bilməzdi; büruzə vermədən onları bir neçə addımlıqdan pusmuşdu, çöhrəsi indiki kimi yadındaydı.
Tanrı qanad versəydi, Qismət bir göz qırpımında özünü Çimnaza çatdırardı. Ən azı, gec də olsa, üzrxahlıq etməyə. Əlacsızlıqdan ümidini yenə də otağındakı sirri-sehrli rəsm əsərinə bağladı. Di gəl, özü də anındaca tutdu ki, yəqin, istəyinin çin olması üçün bu dəfə də ona ən azı qırx il gözləmək lazım gələcək. Bunu əzbər bilsə də, Allaha təvəkkül, rəsm əsərinin önünü kəsdirdi.