Edebiyyat.az » Proza » Salman Rüşdi - Dünyazat(hekayə)

Salman Rüşdi - Dünyazat(hekayə)

Salman Rüşdi - Dünyazat(hekayə)
Proza
admin
Müəllif:
00:17, 10 iyun 2020
1 751
0
Salman Rüşdi - Dünyazat(hekayə)



 1195-ci ildə, əvvəllər Seviliyanın qazısı, ya da hakimi olmuş, son dövrlərdə isə doğma şəhəri Kordobada Xəlifə Əbu Yusif Yaqubun şəxsi təbibi olan böyük filosof İbn Rüşd, getdikcə güclənən və Ərəb İspaniyasına taun kimi yayılan Berber fanatiklərinin qətiyyən qəbul etmədiyi liberal ideyalarına görə etibardan düşdüyü və bədnam olduğu üçün İslamı qəbul etməyə məcbur edildikdən sonra yəhudiliklərindən əsər-əlamət qalmamış yəhudilərlə dolu Lusena adlı kiçik kəndə ölkədaxili sürgünə göndərilmişdi. Bir də öz fəlsəfəsini izah etməyə icazə verilməyən, yazdıqları qadağan edilən, yandırılan filosof İbn Rüşd, yəhudi olduqlarını deyə bilməyən yəhudilər arasında özünü dərhal evindəki kimi hiss etdi. O, hakimiyyətdə olan sülalənin – Əlmüvəhhid Xəlifəsinin favoriti idi, lakin favoritlər dəbdən düşür və Əbu Yusif Yaqub fanatiklərə izn verdi ki, Ərəstunun dahi şərhçisini şəhərdən qovsunlar.

Fəlsəfəsindən bəhs edə bilməyən filosof, dar, kələ-kötür küçəsi olan kiçik pəncərəli sadə evdə yaşayır və işıqsızlıqdan dəhşətli dərəcədə sıxılırdı. O, Lusenada təbabətlə məşğul olmağa davam etdi və Xəlifənin keçmiş təbibi olduğuna görə yanına xəstələr gəlməyə başladı; bundan əlavə əlindəki sərmayəni xırda at ticarətinə yatırdı, həmçinin, tinaxa istehsalını maliyyələşdirdi. Bu, artıq yəhudi olmayan yəhudilərin içində zeytun yağı və şərab saxlayıb satdığı saxsı qablar idi.

Sürgünü başladıqdan çox keçməmişdi ki, bir gün qapısının kandarında uzağı ömrünün on altıncı yayını yaşayan bir qız göründü. Qız nə qapını döyür, nə də onu fikrindən yayındırırdı, sadəcə dayanıb ev sahibinin onun fərqinə varmasını və içəri dəvət etməsini gözləyirdi. Qız dedi ki, o təzəcə yetim qalıb və heç bir qazanc yeri yoxdur, lakin fahişəxanaya düşmək də istəmir, adı isə Duniadır. Bu yəhudi adına bənzəmirdi, çünki ona yəhudi adını deməyə icazə vermirdilər və savadsız olduğu üçün adını yaza da bilmirdi. O, dedi ki, bu adı bir səyyah təklif edib və deyib ki, yunanca mənası “Dünya” deməkdir, o da bunu bəyənib. Aristotelin tərcüməçisi İbn Rüşd pedantlığı yersiz bilib, qıza bu sözün bir çox dildə “dünya” mənasına gəldiyinin ona məlum olduğunu demədi.
– Niyə adını Dünya qoydun ki? – soruşdu və qız düz onun gözlərinə baxıb cavab verdi.
– Çünki Dünya məndən axıb keçəcək və məndən axıb keçən bütün dünyaya yayılacaq.
Fikir adamı olan İbn Rüşd bu qızın əslində fövqəltəbii varlıq, qadın cinlər qəbiləsindən bir əcinnə olduğunu bilməmişdi: insan kişilərin hamısına, xüsusən də ən parlaq nümayəndələrinə olan marağına görə yer üzündəki bu macəraya atılmış əcinnələr qəbiləsinin şahzadəsi. İbn Rüşd onu öz evinə qulluqçu və məşuqə kimi qəbul etdi, məhrəm gecələrin birində qız ona “həqiqəti”, yəni yalançı yəhudi adını pıçıldadı, bu onların ortaq sirri oldu. Əcinnə Dunianın taleyinə saysız-hesabsız övlad dünyaya gətirmək yazılmışdı. Sonrakı iki il səkkiz ay iyirmi bir gün və gecə ərzində üç dəfə hamilə qalmışdı, hər dəfə də çoxlu uşaq doğmuşdu, deyəsən, bir neçə dəfə yeddi, hətta bir dəfə on bir, ya da on doqquz uşaq, heç kim dəqiq xatırlamır. Uşaqların hamısına irsən analarının ən fərqli xüsusiyyəti keçmişdi: onların qulaq ucu yox idi.
Əgər İbn Rüşd məxfi arkananın bilicisi olsaydı, övladlarının qeyri-insandan dünyaya gəldiyini anlayardı, lakin onun fikri bunu dərk etməyəcək qədər özü ilə məşğul idi. Fəlsəfəsindən bəhs edə bilməyən filosof qorxurdu ki, uşaqlarına ondan ancaq həm xəzinəsi, həm də lənəti olan kədərli ərməğanlar qalacaq.
– Həssas, uzaqgörən və boşboğaz olmaq, – deyirdi, – çox kəskin hiss etmək, çox aydın görmək, çox sərbəst danışmaq deməkdir. Dünya öz gücünə inanarkən, dünyanın qarşısında zəif olmaq, o, dəyişilməz olduğunu düşünərkən, onun dəyişkənliyini başa düşmək, başqaları hiss etmədən nələrin baş verdiyini hiss etmək, başqaları dekadentlikdən, keçmişin uçurumundan bərk-bərk yapışarkən, barbar gələcəyin indinin darvazalarını yerlə-yeksan edəcəyini bilmək deməkdir. Əgər bizim övladlarımız ancaq sənin qulaqlarına irsən sahib olsalar, bəxtəvər olarlar, lakin təəssüf ki, onlar şübhəsiz həm də mənim övladlarımdır və yəqin yaxın gələcəyi çox düşünüb, çox şeyi hər kəsdən əvvəl eşidəcəklər, bura eşitməməli olduqları şeylər də daxildir.
– Mənə əhvalat danış, – birlikdə yaşadıqları ilk günlərdə Dunia yataqda olanda ondan tez-tez tələb edərdi. İbn Rüşd çox tez anlamışdı ki, o gənc görünsə də, yataqda və yataqdan kənarda tələbkar və özünəinamlı ola bilir. O, böyük adam idi və Dunia yanında balaca quşa, yaxud cücüyə bənzəyirdi, lakin çox vaxt onun hər ikisindən güclü olduğunu hiss edirdi. Dunia onun qocalıq günlərinə sevinc gətirmişdi, lakin bu qızın tələb etdiyi enerjini çatdırmaq olmurdu. Bəzən İbn Rüşd yataqda sadəcə yatmaq istəyirdi, amma Dunia onun yuxulamaq cəhdlərini ədavət kimi qəbul edirdi.
– Əslində bütün gecəni sevişərək keçirsən, – deyirdi, – saatlarla öküz kimi yatmaqdan daha çox istirahət etmiş olarsan. Bunu hamı bilir.
Onun yaşında həmişə sevişməyə hazır olmaq elə də asan deyildi, xüsusilə bir neçə gecə ard-arda. Ancaq Dunia onun bu çətinliyini sevgisiz təbiətinin bir sübutu kimi görürdü.
– Əgər qadını cəlbedici hesab edirsənsə, heç vaxt çətin olmaz, – deyirdi ona, – Neçə gecə ard-arda olur-olsun. Mən, mən həmişə hazıram. Dayanamadan sevişə bilərəm, mənim üçün son hədd yoxdur.
İbn Rüşd Dunianın şəhvətini təhkiyə yolu ilə bir qədər dindirə biləcəyini kəşf etdikdən sonra rahatlamışdı.
– Mənə əhvalat danış, – Dunia onun qollarında qıvrılıb dedi, İbn Rüşd əlini onun başına qoyub düşündü ki, hekayəsini yavaş-yavaş danışsa, bu gecəni birtəhər yola verə bilər. O, bir çox müasirlərini dəhşətə salan “səbəb”, “məntiq” və “elm” kimi sözlərdən istifadə edirdi. Bu sözlər onun fikrinin sütunları, yandırılmış kitablarını yazmağa sövq edən ideyalar idi. Dunia bu sözlərdən qorxurdu, lakin qorxu onu daha da həyəcanlandırırdı, İbn Rüşdə daha da sığınıb deyirdi, – Yalanlarınla doldurduğun başımı buraxma, bərk tut.

Onun qəlbində dərin, acı yara vardı, çünki o məğlub olmuş, həyatının döyüşündə ölü bir farslıya, Tuslu Qəzaliyə, səksən beş il əvvəl ölmüş rəqibinə uduzmuşdu, Qəzali yüz il əvvəl “Filosofların məntiqsizliyi” kitabını yazıb, bu kitabda Aristotel kimi yunan filosoflarına, neo-platonistlərə və onların müttəfiqlərinə, İbn Rüşdün dahi sələfləri İbn Sinaya və Əl-Fərabiyə hücum çəkib. Qəzali müəyyən bir nöqtədə inanc böhranından əziyyət çəkmişdi, lakin elə inamla bərpa olmuşdu ki, dünya tarixindəki filosofların ən böyük fəlakətinə çevrilmişdi. Onun ələ saldığı fəlsəfə Allahın varlığını, yaxud iki Allahın mövcud ola biləcəyini sübut etməkdə aciz idi. Fəlsəfə səbəb və nəticənin qaçılmazlığına inanırdı, bu isə Allahın gücünü şübhə altına alırdı, O, istəsə səbəbləri asanlıqla nəticəsiz qoya bilər və ya nəticələri dəyişdirə bilərdi.
– Əgər yanan kibrit çöpü – gecənin səssizliyi onların üstünü örtəndə və qadağan olunmuş şeylərdən danışmağa izn verəndə, o Duniadan soruşdu, – pambıq yumağına toxunsa, nə baş verər?
– Əlbəttə pambıq od tutub yanar, – Dunia cavab verdi.
– Bəs niyə od tutub yanar?
– Çünki belə olmalıdır, – dedi Dunia, – Alov dili pambığı yalayır və pambıq alovun bir hissəsinə çevrilir. Əzəldən belə olub.
– Təbiətin qanunu, – dedi İbn Rüşd, – Hər səbəbin öz nəticəsi olur, – Dunianın başı onun şəfqətli əlinin altında yelləndi.
– O bununla razılaşmırdı, – Dunia onun düşməni Qəzalidən bəhs etdiyini bilirdi, – O deyirdi ki, pambıq Allah belə istədiyi üçün yanırdı, çünki Allahın kainatında bircə qanun var, Allahın istədiyi.
– Əgər Allah pambığın alovu udmağını istəsəydi, əgər O alovun pambığın bir hissəsinə çevrilməyini istəsəydi, bunu edə bilərdi?
– Bəli, – dedi İbn Rüşd, – Qəzalinin kitabına inansaq, Allah bunu edə bilər.
Dunia bir anlıq düşündü.
– Cəfəngiyatdır, – dedi nəhayət. Hətta qaranlıqda belə təmkinli təbəssümü hiss edə bildi, İbn Rüşdün saqqallı sifətinə yayılan arsızlıq və acı dolu təbəssüm.
– O, bunun gerçək etiqad olduğunu iddia edirdi, – İbn Rüşd cavab verdi, – və hər kim bununla razı deyilsə…hədyan danışır.
– Deməli, Allah qərar versə, hər şey baş verə bilər, – dedi Dunia, – Məsələn, insan ayağı torpağa toxunmaya bilər. O, havada gəzə bilər.
– Buna möcüzə deyirlər, – İbn Rüşd sözə davam etdi, – Allah sadəcə qaydaları istədiyi kimi dəyişir və biz bunu dərk etməyə qadir deyilik. Çünki Allah təsvirəgəlməzdir, yəni bizim idrakımızdan kənardır.
Dunia yenidən susmuşdu.
– Belə güman edirəm ki, – bir qədər sonra dedi, – Allah mövcud deyil. Yəqin sən vadar edirsən ki, mən “səbəb”, “məntiq” və “elm”in sahibi olduğu sehrin Allahı istisna etdiyini güman edim. Hətta belə bir ehtimalın mümkünlüyünü ehtimal etmək də olar.
Dunia İbn Rüşdün buza döndüyünü hiss etdi. Dunia düşündü ki, İbn Rüşd onun sözlərindən qorxuya düşüb və qəribə olsa da, bu onun xoşuna gəldi.
– Yox, – İbn Rüşd qəfil etiraz etdi, – Bu həqiqətən axmaq ehtimal olardı.
O, öz kitabını yazmışdı. Qələmə aldığı “Məntiqsizliyin məntiqsizliyi” yüz illərdən və minlərlə mil uzaqlıqdan Qəzaliyə verilmiş cavab idi. Lakin kəskin başlığına baxmayaraq, ölü farsın təsirini azalda bilməmişdi, əvəzində hörmətdən düşən, kitabları ocağa atılan, həmin an Allah belə qərar verdiyi üçün yazdığı səhifələri alov udan İbn Rüşd olmuşdu. İbn Rüşd hər yazdığında “səbəb”, “məntiq” və “elm” sözlərini “Allah”, “inanc” və “Quran” sözləri ilə uzlaşdırmağa çalışmışdı, amma uğur qazanmamışdı. Hətta böyük məharətlə Quranda nümayiş edilən lütfkarlıqdan dəlillər göstərmişdi: Allahın təkcə bəşəriyyət üçün dünyəvi həzzlər bağını bəxş etməsindən irəli gələrək demək olar ki, O, mütləq mövcud olmalıdır, bir baxın, buludlardan bizə yağış göndərilir, göydən bolluca su tökülür, biz isə taxılı, bitkiləri, böyük ağaclar əkilmiş bağçaları yetişdirə bilirik. İbn Rüşd həvəskar bağban idi və ona elə gəlirdi ki, bu dəlil ona həm Allahın mövcudluğunu, həm də onun mərhəmətli, liberal təbiətini sübut etməyə kifayət edir, lakin qəddar Allahın tərəfdaşları onu döymüşdülər.

Hazırda İbn Rüşd fahişəxanadan xilas etdiyi və yəhudilikdən dönmə olduğuna inandığı qızla uzanmışdı. Deyəsən, bu qız İbn Rüşdün yuxularında Qəzali ilə uyuşmayan, amma səmimi bir dildə, gerçək həyatda baş versə, yəqin ki, boynunun vurulmasına səbəb olacaq mübahisələr apardığını sezə bilirdi.
Dunianın qarnı bir yandan uşaqlarla dolub boşaldığı üçün evdə İbn Rüşdün sürgün “yalanları”na yer qalmamışdı. Cütlüyün yaxınlıq etdikləri anlar da azalmışdı, maddi çətinliklər yaranmışdı.
– Əsl kişi öz hərəkətlərinin nəticələri ilə üzləşər, – dedi Dunia, – xüsusilə, səbəb-nəticə əlaqələrinə inanan kişi.
Lakin İbn Rüşd heç vaxt pul qazanmağı bacarmayıb. At ticarəti qəddar və təhlükəli iş idi, üstəlik, gəliri də az idi. Tinaxa bazarında da rəqabət güclü idi, odur ki, qiymətlər aşağıydı.
– Xəstələrdən çox pul al, – Dunia bir qədər acıqla məsləhət vertdi, – Nə qədər ləkələnsə də, köhnə ad-sanını pula çevirməlisən. Əlindən başqa nə gəlir ki? Bu, uşaq peydahlayan əjdahaya çevrilmək üçün kifayət etmir. Sən uşaqları dünyaya gətirirsən, uşaqlar doğulur, uşaqları yedizdirmək lazımdır. Bax, bu, “məntiqdir”. Bu “rasional”dır, – Dunia ona qarşı hansı sözlərdən istifadə edəcəyini yaxşı bilirdi, – Bunu etməmək isə, – o, qalib ədasıyla qışqırdı, – məntiqsizlikdir!

Cinlər bərq vuran şeyləri, qızılı, daş-qaşı və s. xoşlayırlar və adətən onları yeraltı mağaralarda gizlədirlər. Onda niyə əcinnə şahzadə bu cür xəzinə dolu mağaralardan birinin qapısına gəlib “Açıl!” qışqıraraq maddi çətinlikləri kökündən həll etmirdi? Çünki insan kimi yaşamağı, insanın “insan” arvadı olmağı seçmişdi və öz seçiminə görə əli-qolu bağlanmışdı. Bu mərhələdə ərinə həqiqəti demək münasibətlərinin əsasında yalan və xəyanətin olduğunu açıqlamaq olardı. Odur ki, Dunia susur, tərk edilməkdən qorxurdu.
“Xəzər Əfsanələri” və ya “Min hekayət” adlı bir kitab ərəb dilinə tərcümə olunmuşdu. Ərəb versiyasında mindən az hekayə var idi, lakin əhvalat min gecəyə, yaxud yuvarlaq rəqəmlər qəşəng görünmədiyi üçün min bir gecəyə yayılmışdı. İbn Rüşd kitabı görməmişdi, lakin kitabdan bəzi hekayələri sarayda dinləmişdi. Balıqçı və əcinnə haqqında hekayə xüsusilə diqqətini cəlb etmişdi, fantastik elementlərinə görə yox (lampadan çıxan cin, sehirli danışan balıqlar, yarı adam, yarı mərmər olan ovsunlaşmış şahzadə), texniki gözəlliyinə görə. Belə ki, bu hekayənin içində başqa hekayələr var idi, o hekayələrdə isə başqa hekayələr nəql olunurdu, beləcə, nağıl gerçək həyatın güzgüsünə çevrilirdi. İbn Rüşd düşünürdü ki, bu həyatda hamımızın hekayələrinin içində başqalarının heyakələri var, eləcə də, bizim hekayələrimiz başqa böyük hekayələrin, vətənimizin, ailələrimizin, inanclarımım hekayəsinin bir parçasıdır. Lakin hekayələrin ən gözəli hekayəni danışan hekayəsidi idi. Şəhrizad və ya Şəhərizadə adlı şahzadə qəddar əri onu öldürməsin deyə nağıllar danışarmış. Hekayələr ölümə qalib gəlmək, barbarı tərbiyə etmək üçün danışılırdı. Onların çarpayısının ayağında isə Şəhrizadın bacısı, onun ən yaxşı dinləyicisi oturub yeni-yeni hekayələr danışmağını istəyir. İbn Rüşd sevgilisi Dunianın bətnindən gələn uşaqların hamısını birlikdə bu bacının adı ilə çağırırdı. Onun adı Dünyazad idi. “Bu qaranlıq evi dolduran və məni müştərilərimi, yəni Lusenanın xəstələrini, şikəstlərini soymağa vadar edən uşaqları ancaq Dünyazat adlandırmaq olar, onlar Dunianın tayfası, Dunia irqi, Dunia xalqı, yəni bu dünyanın insanlarıdır”.

Bu, Dunianın xətrinə dəymişdi.
– Demək istəyirsən ki, biz evli olmadığımız üçün uşaqlara atalarının adını vermək olmaz?
İbn Rüşdün üzündə kədərli, yorğun təbəssüm göründü.
– Onların Dünyazat olmaqları daha yaxşıdır, – dedi, İçində dünya olan və dünya tərəfindən mühakimə edilməyən bir ad. Onları Rüşdi adlandırsaq, tarixə alınlarındakı qara ləkə ilə keçəcəklər.
– Yaxşı hazıram, davam edək.
Dunia özünü Şəhrizadın həmişə hekayələr dinləmək istəyən bacısının yerinə qoyurdu, sadəcə onun Şəhrizadı kişi idi, qardaşı yox, sevgilisi idi və bəzi hekayələr yataq otaqlarının qaranlığından çölə sızsalar, hər ikisi ölə bilərdi. Odur ki, İbn Rüşd bir növ anti-Şəhrizad idi, Dunia onun “Min bir gecə”dəki təhkiyəçinin tam əksi olduğunu deyirdi: Şəhrizadın hekayələri onun canını qoruyurdu, onunkilər isə təhlükəyə atırdı. Lakin bir gün Xəlifə Əbu Yusif Yaqub müharibədə qalib gəldi, Qvadiana çayı sahilində, Alarkos yaxınlığında Kastiliyanın xristian kralı VIII Alfonsonu məğlub edərək ən böyük hərbi zəfərini qazandı. Abu Yusif Yaqub özünə əl-Mənsur, yəni Qələbə çalan adını götürdü və fateh özünəinamının verdiyi güclə fanatik Berberlərin hakimiyyətinə son qoydu, İbn Rüşdü geri çağırdı.

Utanc ləkəsi qoca filosofun alnından silindi və sürgün bitdi. O, sürgünü başlayandan iki il, səkkiz ay və iyirmi səkkiz gün, yəni min bir gecə sonra yenidən bəraət qazandı, hörmətini bərpa etdi və şərəflə saray təbibi vəzifəsinə qayıtdı. Dunia isə yenə hamiləydi, əlbəttə, İbn Rüşd onunla evlənmədi, əlbəttə, uşaqlarına adını vermədi, əlbəttə, onları özü ilə Əlmüvəhhid sarayına gətirmədi, əlbəttə, beləcə, Dunia tarixdən silinib getdi – gedəndə, paltarlarını, bəziləri cildli, bəziləri bükülü əl yazılarını, başqa adamların kitablarının əlyazmalarını özü ilə aparmışdı. Çünki öz əlyazmaları yandırılmışdı, lakin dediyinə görə, başqa şəhərlərdə, dostların kitabxanalarında və pis gündən qorumaq üçün gizlətdiyi yerlərdə bir çox nüsxələri qalmışdı, ağıllı adam həmişə fəlakətə hazırlıqlı olmalıdır, lakin təvazökar olsa, qəfil bəxti üzünə gülür. İbn Rüşd səhər yeməyini bitirmədən, sağollaşmadan çıxıb getdi və Dunia onu qınamadı, əsl təbiətini, içindəki xəlvəti gücü göstərmədi, o, sizin bir şeyin axmaqlıq olduğunu düşünəndə, idrakolunmazı idrak etmək cəhdlərinə son qoyanda və dəhşətli, ölümcül həqiqəti dilə gətirəndə yuxularda sayıqladığınız sözləri demədi. O, tarixin özündən yan keçməyinə icazə verdi, onu tutub saxlamadı, yanlarından ötən möhtəşəm nümayişi xatirələrində saxlayıb özününkiləşdirən uşaqlar kimi tarixi öz axarına buraxdı və tərk edilsə də, İbn Rüşdü sevməyə davam etdi. Ona “Sən mənim hər şeyim idin” demək istəyirdi. Sən mənin günəşim və ayım idin, indi mənim başımı kim tumarlayacaq, dodaqlarımdan kim öpəcək, uşaqlarımın atası kim olacaq? Lakin o, taleyinə fanilərin saraylarında yaşamaq yazılmış böyük adam idi və bu hay-küylü vələddüzinalar onun üçün sadəcə qurtulmalı olduğu lazımsız yük idi. Deyilənə görə, Dunia bir müddət insanların arasında yaşayıbmış, ola bilsin, İbn Rüşdün qayıdacağına ümid edirmiş, İbn Rüşd isə ona pul göndərməyə davam edibmiş, ola bilsin, arabir yanına gəlibmiş, Dunia at ticarətindən imtina edibmiş, lakin tinaxa işini davam etdiribmiş. Lakin tarixin günəşi və ayı onun evində həmişəlik qürub edəndə hekayəsi kölgələrlə, əsrarla örtüldü. Bəlkə də adamlar düzünü deyir, İbn Rüşd öləndən sonra ruhu onun yanına qayıtdı və daha çox uşaqları oldu. Bir də adamlar deyirlər ki, İbn Rüşd ona cinli lampa almışdı və o gedəndən sonra doğulan uşaqların atası bu cin imiş – görürsünüz şayiələr hər şeyi necə baş-ayaq çevirir! Həmçinin, adamlar deyirdilər ki, tərk edilmiş qadın evinin kirayəsini ödəyə bilən istənilən kişinin qoynuna girirdi və qoynuna girən hər kişi onu hamilə qoyurdu, odur ki, Dünyazat, Dunianın törəmələri artıq Rüşdinin bicləri deyildilər, ya da bəziləri deyildi, bəlkə də çoxu deyildi; çoxlarının gözündə Dunianın həyat hekayəsi təkrarlanan axara düşdü, qarışıb mənasız formalar aldı, odur ki, onun nə qədər yaşadığını, harada, kiminlə və necə yaşadığını, necə öldüyünü heç kim dəqiq bilmirdi.
Kimsə onun günlərin bir günü sürüşərək dünyadakı dəlikdən Pəristana, başqa reallığa, arabir gəlib insanları çətinliyə salan və kömək göstərən cinlərin yaşadığı xəyallar aləminə düşdüyünü nə hiss elədi, nə də vecinə aldı. Lusenanın kəndliləri onun alovsuz tüstü kimi yoxa çıxdığını düşünürdülər.
Dunia dünyanı tərk edəndən sonra cinlər aləmindən gələn səyyahların sayı azaldı və daha sonralar ümumiyyətlə ayaqları burdan kəsildi, dünyadakı dəlikləri getdikcə ənənəviliyin təxəyyüldən məhrum toxumları və axmaqlığın alaqları basdı, axırda bu dəliklər ümumiyyətlə bağlandılar, əcdadlarımız sehrin faydası və ya lənəti olmadan yaşamağa məhkum oldular.
Lakin Dunianın uşaqları doğub-törədilər. Bunu demək kifayətdir. Yüz illər sonra yəhudilər, hətta yəhudi olduqlarını etiraf edə bilməyənlər belə İspaniyadan qovulanda, Duninanın kötükcələrinin kötükcələri Kadiz və Palos de Morgerdə gəmilərə mindilər, yaxud Pireneyi piyada keçdilər, ya da sehrli xalçalarda, ya da cin qohumları kimi nəhəng küplərdə uçdular. Onlar qitələrdən keçdilər, yeddi dəniz üzdülər, yüksək dağlara dırmaşdılar, əzəmətli çaylarda üzdülər, dərin vadilərə düşdülər və mümkün qədər təhlükəsiz yerlərdə özlərinə sığınacaq tapdılar. Onlar bir-birilərini tez unutdular, yaxud bacardıqları qədər yadda saxlayıb sonra unutdular, yaxud heç vaxt unutmadılar, artıq tam ailə olmayan ailəyə çevrildilər, tam tayfa olmayan tayfaya çevrildilər, hər dini qəbul etdilər və heç bir dini qəbul etmədilər. Əsrlərlə davam edən çevrilmələrdən, fövqəl-təbiiliklərinin və yəhudilərin güclə dönməsinin inkarından sonra onların bəziləri manyakal şəkildə dindar, digərləri isə həqarətli inancsız olmuşdu. Onlar öz yeri olmayan, lakin hər yerdə ailəsi olan ailə idilər, onlar dəqiq mövqeyi olmayan, ancaq köksüz bitkilər, mamırlar, şibyələr və ya sürünən səhləblər kimi yer kürəsinin bir nöqtəsindən o birinə köçən kənd, tək qala bilmədikləri üçün bir-birilərinə söykənmək ehtiyacı olan kəslər idilər.
Tarix imtina etdiklərinə qarşı olduğu kimi, imtina edənlərə qarşı da amansızdır. İbn Rüşd bəraət qazandıqdan bir il sonra Mərakeşə səyahət edərkən öldü (qoca yaşında, biz buna inanırıq) və heç vaxt şöhrətinin böyüdüyünü, öz dünyasının sərhədlərini aşdığını və kafirlərin dünyasına keçdiyini görmədi. Oralarda onun Aristotel şərhləri qüdrətli əcdadlarının məşhurluğunun, kafirlərin allahsız fəlsəfəsinin, saeculuma, dünyanın əbədiyyətinə, yaxud əbədiyyət dünyasına yalnız bir dəfə gələn ideya mənasını verən saecularis-in əsasını qoydu, bu, onun yalnız yuxularda dilə gətirdiyi ideyaların əsl təsviri və əks-sədası idi.

Ola bilsin, İbn Rüşd kimi imanlı adam tarixdə tutduğu yerdən razı qalmazdı, çünki inanan adam üçün inanca ehtiyacı olmayan ideyalara ilham mənbəyi olmaq kifayət qədərə qəribə tale idi, bu fəlsəfə adamının öz dünyasından kənarda qələbə qazansa da, öz dünyasının sərhədləri daxilində məğlub olması isə daha qəribə tale idi. Çünki öz dünyasında ölü rəqibi Qəzalinin övladlarının çoxalıb səltənət qurduğunu, onun biclərinin isə pərən-pərən düşdüyünü, dünyanı doldurmaq üçün qadağan olunmuş adını arxada qoyduqlarını bilirdi.
Sağ qalanların çoxu təsadüfi bölünmənin müəmmalı məntiqsizliyinin bir hissəsi olan “qruplaşma” fenomeni sayəsində böyük Şimali Amerika qitəsinə, bir xeylisi isə Şimali Asiyaya köçdülər. Daha sonra onlar Amerikanın qərbinə və cənubuna, Asiyanın aşağısında olan böyük almazdan şimala və qərbə, dünyanın bütün ölkələrinə yayıldılar. Duniazatın nümayəndələrinin özünəməxsus qulaqları ilə yanaşı qeyd etmək lazımdır ki, ayaqları da daima gicişərdi. İbn Rüşd ölmüşdü, lakin rəqibi ilə müzakirələri qəbirdə də davam edirdi, böyük mütəfəkkirlərin mübahisələri bitmirdi. Mübahisənin özü əqli inkişaf etdirməyin bir vasitəsi idi, o, bütün vasitələrdən kəsərli idi, fəlsəfə adlanan biliyə duyulan sevgidən doğulmuşdu.

“The New-Yorker, 1 iyun, 2015”
İngiliscədən dilimizə çevirən: İlahə Əkbər

Mənbə: Sim-sim.az
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)