AZAD QARADƏRƏLİ - ONLAYN TOY (hekayə)
Dəvətnamələr əldə qaldı. Düz iki yüz altmış beş adama yazılmışdı. Otuz nəfərə qədər isə yaxın qohum, tanış-biliş idi ki, onlara da telefonla deyiləsiydi. Amma olmadı.
Elə “hı” eləməyə başlamışdılar, xəbər çıxıd ki, bəs nə bilmisən, rəsmi qadağa olmasa da, adamlar korona virusa yoluxmaqdan qorxub ya toya getmir, ya da eləcə pul göndərirlər. “Ode, üç gün qabaq iş yoldaşım Xeyrullanın qızının toyunda biyabırçılıq oldu. İki yüz əlli adam yazmışdı, yüz nəfər gəldi toya... Filan qədər ziyana düşdü yazıq. Gedib bankdan kredit götürdü, toyun borcunu bağladı...” – bunu bəyin dayısı Fərəməz demişdi. O Fərəməz ki, toy üçün ən çox can yandıran idi. Bəyə qızı da o tapmışdı. “İndi halal süd əmmiş qız tapmaq çətindi, bacoğlu! Sən Rusetdə papağı günə verəndə biz burda ar-namus saxlamışıq. Qoymarıq ki, gedib it qıçın qaldırıb üstünə işəməyənin birinin qızını alıb gətirəsən. Həm bacımın, həm yeznəmin, həm də elə sənin özüyün gününü qara eləsin...
Nəysə, uzağa getməmişdilər. Elə qonşu kəndlərindən (hər iki ailə bir vaxtlar rayonda yaşayırdı) Xəlilin ingilis dili müəllimi olan qızını gözaltı eəyən anası qardaşının sözünü tutmuş, oğlunun ağzını arayandan sonra Altıncı mikrorayonda yaşayan ailəyə “qonaq” sifətiynən getmiş, oğlunun Rusiyadan yaxşı pal-paltar gətirdiyini, istəsələr onlara da göstərə biləcəyini demişdi. Məşhur arşınmalçı məsələsi kimi...
Sonra qızı bacısıyla maşınlarında paltara baxmaq adıynan çölə çıxartmış, elə orada eşitdirmişdi ki, bəs paltar-zad nə gəzir, səni oğluma istəyirəm, anana da eşitdirdim, bu da şəkli. Bax, könlün olsa, xəbər yolluyun, sizi tanış eliyək - əgər istədiyin yoxsa...
Elə o görüşdən sonra oğlanla qız əvvəl telefonla, sonra da üzbəüz görüşmüş, tanış olmuş, bir-birinə ilgi duymuş, bir ayın içərisində elçilik, nişan, xınayaxdı etmiş, toyun gününü danışmış, şadlıq evinin behi verilmiş, oğlanla qız nigaha girmiş, qızın ata-anası oğlanın yeni təmirdən çıxmış evinin içini mebellə, soyuducu, paltaryuyan, qabyuyanla-zadla doldurmuş və toyun dəvətnamələri paylanmada ikən...
Əvvəl Çin, sonra İran, daha sonra heç kimin gözləmədiyi halda İtaliya korona virusa təslim olmuş, Türkiyə və Azərbaycanda da ilk yoluxmalar qeydə alınmış, hətta ölənlər olduğu dövlət səviyyəsində bildirilmişdi... Və karantin rejimi elan olunmuşdu.
Beləcə, toy naməlum vaxtacan təxirə salınmışdı...
Səttarın Rusiyada dükanları qalmışdı ağzıgünə. Satıcıları, hələlik işini görsə də, orada da tezliklə karantin elan olunacağı gözlənilirdi. Bəs nə etməli? Bir aylığa gəlmişdi, amma artıq aprelin onudur, belə getsə, hələ bir ay da avara qalacaq.
Bütün ailə evə qapanmışdı. Atası, anası, qardaşı da, qardaşının ailəsi də dörd otaqlı bina evində dustaq kimi qalmışdılar. Küçələr boş, mağazalar, restoranlar bağlı, küçəyə ancaq SMS-lə icazə alıb çıxa bilərdin. Yenə həyət evi olsa, təhri var, on dördüncü mərtəbədə neyniyəsən?
Hələ bəy ola bilməyən yazıq təzə bəy də qalmışdı təzə evi ilə ata evinin arasında.
Qız evi də onlar kimi. Əli bağlı qalmışdılar. Hər gün qızla mesajlaşır, bəzən görüntülü danışırlar da. Amma nə qədər olar axı?!. Bezmişdi tamam. Nəsə yeni bir şey etmək lazım idi. Amma nə?
Yengibar bir az da fikirləşəndən sonra SMS-lə icazə alıb atasına dedi:
-Mən babagilin yanına gedirəm.
Ata əvvəl etiraz eləmək istədi. Amma onsuz da hər gün bir adamın qocalara baş çəkdiyini yadına salıb dinmədi. Sonra arvadını da çağırdı. Ağızlarına tibbi ağızlıq , əllərinə tibbi əlcək geyib birlikdə maşına mindilər, Nəsimi bazarı tərəfdə qalan atasıgilə yollandılar. Boş küçələrdən keçəndə bir-iki yerdə polislər saxlayıb, yoxladı və buraxdı.
Nəhayət, bazarın yanındakı Travmatologiya xəstəxanasının sağında yerləşən köhnə ikimərtəbəli evlərə çatdılar. Ata – Rza kişi qabaqda, ana Sərəngül ardınca, onun da ardınca oğlanları Yengibar binaya girdilər.
Gələnləri qapıda Əli baba özü qarşıladı. Əlindəki spirt qabını ovuclarına sıxıb “keçin” içəri dedi. Gülsəfa arvad o biri otaqdan çıxıb ağladı, övladlarına uzaqdan qollarını açıb qucaqlayırmış kimi hərəkət etdi:
-A bala, nə xərəb zamana düşdük... Səysəni keçmişəm, hələ belə şey görməmişəm... Keçin, oturun... Nənən ölsün, ay Yengi, sənin də xeyir işinə pəl vurdu bu bəduğur azar...
Qoca qarısına təpindi:
-Ay arvad, səhər-səhər bəd ağzını açma görək... Qar yağıb ayaq üşütməyə... Tək bizim başımızda görünməyib ha... Oturun görək...
O yandan-bu yandan danışdılar, axırda qoca gəldi mətləb üstünə.
-Siz gəlməseydıız, özüm zəng elyəcəydim ki, icazə alın, bir yerdə bizə gəlin... Qızın atasıynan da danışmışam... Belə baxıram, bu xəmir hələ çox su aparacax... Bilirsıız, Almaniyayla müharibədən sonra bərk ajdığ oldu. Un qızıl qiymətinəydi. Böyük qardaşlarım müharibədən qayıtmadılar. Dədəm məni on doqquz yaşımda evləndirdi. Onda toyu hər adam eliyə bilmirdi ki. Bir keçi kəsdi kişi. Bir meşok da un tapmışdı hardansa. Təndirdə çörək bişirib o keçinin ətinnən bişən şorbaynan süfrə açdılar. Qonşumuz Əfrayılın da qarmonu vardı. Qarmonda hava çaldı, gedib bu arvadın qolunnan tutub gəlin gətirdilər... İndi sözümün canı bilirsiniz nədi? Hər zamanın bir hökmü var. Oturub gözləyək ki, bu azar nə vaxt bitəcək? Axmaqlıq olar. Toy-zad da çətin məsələdi... Nə eliyək bəs? Qudanı da razı salmışam. Hökümətdən icazə alın, gedin qıza gəlinlik paltarı geyindirin, gətirin təzə evlərinə. İndi nə var ki, allaha şükür, hərədə bir göstərən telefon var, qoşulun telefonnan, hərə öz evinnən çalıb-çağırsın, oynayıb gülsün... Həm toy olsun, həm cavanlar kamına çatsın. Həm də eyniniz açılsın...
-Dədə, axı mən əhd eləmişdim... – Oğul ah çəkib qəhərləndi.
Kişi oğluna ərkl təpindi:
-Kiri, ə! Sənin əhdinə bir söz deyən var?! Bu virusdu, nədi, çəkilib gedən kimi yenə toyunu elə... Amma uşaxları murazına çatdıraq indilikdə... De görüm, həkim kağızları var?
Ata oğluna baxdı. O da başı ilə “hə” işarəsi verdi. Baba təsbehini fırladıb laqqıldayan taxma dişlərini sıxıb ağzını marçıldatdı:
-Tembole! Zaqs var, həkim kağızı var, day bunlar ər-arvaddılar də! – Qoca üzünü nəvəsinə tutdu:
-Ə, bala, Yengi, sən nə deyirsən?
Yengibarın gözü gülürdü. Amma özünü o yerə qoymadı:
-Baba, sən olan yerdə mən kiməm ki...
Qoca başını buladı. Gəlinin gətirdiyi zəncəfilli-darçınlı çaydan bir qurtum alıb ürəyində dedi:”Çox ağını çıxarmışdıx, çox. Toy adətləri yaddan çıxmışdı, çevrilmişdi biznesə. Altı ay qabaq bir toya getmişdim, adam əlinnən tərpənməy olmurdu: 600 nəfər vardı!.. Bu belə davam edə bilməzdi axı... İnsanlar çox qudurmuşdular. Bir toya çəkilən xərclə iki min, üç min yetimin qarnını doyurmax olardı... Amma hardan?.. Bax, dünyanın belə imtahanları var... İndi nə toy, heç şalvarını geyinib küçəyə çıxa bilmirsən qorxudan... Evlər türməyə çevrilib...”
-Dədə, nə fikrə getmisən? Deyirəm, biz qalxaq daha... Səhər işimiz var axı...
Qoca gülümsündü.
-Hə, gedin, allah amanında. Nəvələrə deyərsən, bizi də qatarlar görüntülü söhbətə...
***
Yengibar 8103-ə SMS göndərəndən sonra 3 indeksdən birini seçib şəxsiyyəti təsdiq edən məlumatı əlavə etməliydi. 1 indeksi “təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün” (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir), 2 indeksi “ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün” (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir), 3 indeksi “yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün“ nəzərdə tutulub.
“Uzaq olsun, 3-cü uyğun gəlir, amma bu toydur axı, toy da demək olmaz, toysuz toydur əslində... Bəlkə 2-ci rəqəmi basım? Hə də, burada “dərman” sözü var. Deyərəm ki, mənim dərmanım o qızdır ki, onu almağa getmişdim... Yaxşı, 2 düyməsini basaq...”
Yengibar bu düşüncələrin əlindən qurtulub, nəhayət ki, icazə ala bildi – cavab mesajı gəldi. O, Bakıya gələndə atasına aldığı yeni maşını işə salıb qız evinə sürdü. Qız da mesajla icazə aldığını yazmışdı...
***
Bütün qohum-qardaş vatçapla bəy evinə bağlanmışdı. Təkcə qız evinin yengəsi ağzında ağızdıq, əlində əlcək bəylə gəlinin yanındaydı. O da təzə gəlinə bəzi mətləbləri başa salmaq üçün gəlmişdi. Qız evinin cehizlik aldığı eni bir metr olan televizorda xınayaxdının videosu gedirdi. Yengə musiqinin ritmini tutub çırtma çala-çala ortaya düşüb oynayır, utandıqlarından hərəsi bir tərəfdə oturan bəylə gəlini də oyuna çağırırdı. Nəhayət, onlar da ayağa qalxıb yengə ilə oynamağa başladılar. Qıraqdakı notbuqdan isə babanın səsi gəldi:
-Allah mübarək eləsin! Xoşbəxt olun!..
Az sonra yengə bəylə gəlini öpüb nəmərini aldı, üsulluca qapıdan çölə sivişdi.
Pandemiya günlərinin bəlkə də ilk toysuz toyu başa çatdı.
***
Səhər xəbər saytlarından birində “Onlayn toy” başlıqlı yazı yayımlanmışdı. Hətta xəbərin yanında cütlüyün qız evindən çıxarkən qol-qola dayanaraq çəkdirdikləri şəkil də verilmişdi.
18.04.2020