Edebiyyat.az » Proza » Miri Rəsulzadə - Ənvərin Yadigarı

Miri Rəsulzadə - Ənvərin Yadigarı

Miri Rəsulzadə - Ənvərin Yadigarı
Proza
admin
Müəllif:
14:40, 15 iyun 2020
1 574
0
Miri Rəsulzadə - Ənvərin Yadigarı




Yenə bu karantinin bürkülü havası ac-susuz xatirələri yada salmaqda israrlı görünür...
Bizim binanın arxasında hamının bağı var idi. Hərə özünə ayrılan o kiçik torpaq sahəsini cənnətə çevirmişdi. Ağac əkən kim, stol-stul düzəldən kim, toyuq-cücə saxlayan kim... Həyatımızın ən maraqlı yayları o bağlarda keçib. O kiçik bağlar gözümüzə hektardan böyük görünürdü. O vaxt indiki kimi deyildi, çox adamın Mərdəkanda, Bilgəhdə, Pirşağıda bağı yox idi. Şıxlinski küçəsinin köhnə sakinləri də sarmaşıqlı, ətirli, sənədsiz bağları ilə kifayətlənir, hətta fəxr edirdilər.
Uşaq olanda babam məni də gəzə-gəzə o bağa aparırdı. İlk dəfə meyvə ağaclarıyla orada tanış olmuşdum. Hamısının adını, xasiyyətini babam öyrətmişdi.
Bağların qabağında isə sıra ilə çoxlu qarajlar vardı. Bir də sağ tərəfdə ayrıca üç qarajlıq həyəti olan bir yer varıydı. Babam deyirdi bax, bura Ənvər əminin qarajıdı. Ənvərlə salamlaşıb hal-əhval tutandan sonra deyirdi, Ənvər əmi yaxşı maşın ustasıdı. Sən də böyüyəndə maşını gətirərsən bura düzəldər. Deyirdim yaxşı, baba. Elə bilirdim Ənvər əmi oyuncaq maşınları düzəldir. Bir dəfə babamdan xəbərsiz evdən sınıq-salxaq maşınlarımı gətirib Ənvər əmiyə vermişdim ki, düzəltsin. Adamın üstündə Allah var, o da hamısını düzəltmişdi.
Sonradan bildim ki, Ənvər əmi ancaq uşaqlarla belə şən davranır, yalnız onlarla oynayır, onların istədiyini edir... Deyirdilər Ənvər əslində sərt, zəhimli, soyuq adamdı. Uşaqlarla gələndə hamımızı hasardakı üzümə qonaq edirdi. Axırda da deyirdi çalışın böyüməyin, həmişə belə qalın. Baxın ha, böyüsəniz sizi çox istəməyəcəm. Sizə üzüm də verməyəcəm. Biz də böyümək istəmirdik. Dua edirdik ki, ay Allah baba, böyüməyək. Yoxsa Ənvər əmi maşınımızı düzəltməyəcək, üzümüzə gülməyəcək, bizə üzüm verməyəcək.
Hər şey gözəl idi, həyat davam edirdi. Ənvər əminin Yadigar adında bir şagirdi vardı. Həmişə yanında olurdu, ondan ustalıq öyrənirdi. Yadigar Ənvəri atasından çox istəyirdi. Ənvər onu söysə də, döysə də üzünə qayıtmırdı. Bizim Yadigardan heç xoşumuz gəlmirdi. Onun da bizdən zəhləsi gedirdi. Biz o tərəfdən keçəndə bizi qorxudurdu, qovurdu, arxamızca daş atırdı amma nədənsə atdığı daşların heç biri bizə dəymirdi. Sonra da arsız-arsız gülürdü. Üzdən cinə, şeytana oxşayırdı zalım oğlu. Bəlkə də bizi qısqanırdı. Kim bilir bəlkə də həyatın acığını bizdən çıxırdı.
Yadigar yaxin məhəllələrdən birində yaşayan, ögey ananın hökmranlıq, bütün ömrü sərxoşluqla keçən atanın “başçılıq” etdiyi bir ailənin övladıydı. Ağlı kəsəndən ancaq qarajı görmüşdü, Ənvər əmini görmüşdü. Məktəbə getməmişdi. Bəzən evdən qovulanda gəlib qarajda qalırdı. Gedəsi başqa yeri də yox idi. Üzümdən yeyə-yeyə böyümüşdü. Bircə paltarı vardı. Yay-qış onu geyinirdi. Sonra o paltar da əyninə dar oldu. O da yağın, mazutun içində. Üst-başı həmişə qapqara olardı. Nədi nədi Ənvər əmi deyib ki, ustanın paltarı, əlləri belə olar. Yadigarın həyatı da paltarı rəngdə idi.
90-ların əvvəli idi. Vətənin pis günü, dar günü idi. Bəd xəbərlərin ardı arası kəsilmirdi. Xəbərləri bizə böyüklər şərh edərdi. Hər dəfə yeni rayon işğal olunanda utanardılar onu deməyə, dilləri gəlmirdi. Babam astadan “torpaqlar getdi” deyəndə elə bilirdim bağımızdan danışır. Elə bilirdim bağımızı alıblar. Ağlamışdım da... Ki, babam bir də o bağda mənə somavar qaynatmayacaq, kabab çəkməyəcək, ağacdan meyvə dərməyəcək. Və mən ağacların hamısını tanımayacam. Uşaq ağlımla düşünürdüm ki, yəqin tanımasam böyüməyəcəm. Ən çox buna görə narahat idim.
İllər keçdi, biz Ənvər əminin tapşırığına əməl edə bilmədik, böyüdük. Yekə kişi olduq. Məktəbi bitirdik, əsgərlikdən gəldik, işlədik, maşın aldıq. Maşınımızı gətirdik Ənvər əminin yanına. Sağ olsun maşınımızı yenə düzəltdi. Amma üzümüzə əvvəlki kimi gülmədi. Daha bizi çox istəmədi, hasardakı üzümə qonaq etmədi. Biz də incimədik, çünki ona verdiyimiz sözü tutmamışdıq, böyümüşdük. Amma o bizdən incidi.
Zaman su kimi axıb gedirdi. Artıq hasardakı tənəklər də qocalmışdı, Ənvər əminin saçı dümağ idi, gözləri də zəifləmişdi. Daha Yadigardan qorxmurduq. O da bizə daş ata bilmirdi. Biz böyümüşdük. O isə illər keçsə də yenə usta köməkçisi idi. Usta ola bilməmişdi.
Üstündən 10 il də keçdi. Babam dünyasını dəyişdi. Məni əlimdən tutub bağa
aparan olmadı, ağacların çoxusu qurumuşdu. O biri ağacları kitabdan oxuyub öyrəndim. Heç qonşular da bağlara baş çəkmirdi, artıq hamı Bakı kəndlərində həyət evi almışdı. Əvvəl icra hakimiyyəti bağlarımızı sökdü, sonra xatirələrimizi... Təkcə Ənvər əminin qarajı qalmışdı. Onun da həyatı gətirmədi, ailəsi dağıldı. Evindən-eşiyindən oldu sənətkar. Qarajın həyətində kiçik ev düzəldib orada yaşadı Yadigarla birlikdə. Yadigarı evdən qovan da yox idi daha, amma Yadigar Ənvər əmiylə qalırdı. Ənvər əmi qocalmışdı, bütün işləri Yadigar görürdü. Amma yenə də usta köməkçisi idi.
Bir gün eşitdim ki, Ənvər əmi haqqın rəhmətinə qovuşub. Yadigarın bir gecədə saçı ağardı, dünyası dağıldı. Ənvər əmini qarajdan apardılar qəbirstana. Yadigar qabaqda gedirdi. Həmin paltarda, əli-ayağı mazut. Tabutun altında, ustası çiynində gedirdi... Yadigar ilk dəfə idi çölə-bayıra çıxırdı.
Yadigarın sualları yarımçıq qalmışdı. Sənəti tam öyrənməmişdi. Daha Yadıgarı söyən, üstünə qışqıran yox idi. Yeməyini onunla bölən getmişdi.
Həmin gündən sonra Yadigar maşınları tək düzəltməyə başladı, usta oldu. Bağların qurumuş vaxtının ustası. Qarajın bütün məsuliyyəti onun üstündə idi. Başqa yolu yox idi. Davam etməliydi Ənvər əminin xətrinə.
***
Sırağagün həyətdə uşağı gəzdirirdim. Böyük, pedallı maşınını düşürtmüşdüm aşağı, onu sürürdü. Gah təkərini çıxardırdı, gah qapısını sökürdü. Birdən əlimdən çıxıb bağa tərəf qaçdı. Qarajın yanına çatanda gördüm Yadigar çıxdı. Başladı uşağı qorxutmağa, dalınca daş atmağa, sonra da başladı arsız-arsız gülməyə…
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)