Edebiyyat.az » Proza » O Henri - Müdrikin hədiyyəsi

O Henri - Müdrikin hədiyyəsi

O Henri - Müdrikin hədiyyəsi
Proza
admin
Müəllif:
20:51, 16 iyun 2020
1 187
0
O Henri - Müdrikin hədiyyəsi




Bu hekayə ilk dəfə 1905-ci il dekabrın 10-da Nyu York Sunday Dünyası qəzetində “Müdriklərin hədiyyəsi” adı ilə çap olunub. Sonralar bu hekayə O. Henrinin 1906-cı ildə nəşr edilən “Dörd milyon” adlı kitabında “Müdrikin hədiyyəsi” adı altında çap edilib.
 
BİR DOLLAR SƏKSƏN YEDDİ SENTİ VAR İDİ, CƏMİSİ BU QƏDƏR! 
BUNUN  ALTMIŞ SENTİ qəpik idi. O bu qəpikləri bir-bir, baqqalla, qəssabla çəkişə-çəkişə toplamışdı. Onu xəsis adlandıranda utandığından yanaqları qızarmışdı. 
Della pulları üç dəfə saydı. Bir dollar səksən yeddi sent. Sabah isə Milad bayramı idi. 
Otaqdakı üzü cırılmış köhnə divanın üstündə oturub ağlamaqdan başqa yolu yox idi. Onun üçün həyat hıçqırtını, təbəssümü əks etdirən bir güzgü idi. 
Bu evin sahibəsi də əvvəlcə birinci mərhələdən ikinciyə keçdi – hıçqırdı, sonra gülümsədi, sonra evə nəzər saldı. Bu, həftəsi səkkiz dollara kirayə mənzil idi. Heç  dilənçi evi də belə olmazdı.
Vestibüldən aşağıda  məktub qutusu var idi. Bu qutuya heç bir məktub da sığmazdı.  Zəng vardı. Bu zəngin düyməsini sıxmaq mümkün deyildi. Qapının üstündə “Cənab Ceyms Dillinqham Young” yazılmışdı. 
Mənzilə həftədə 30 dollar verəndə  “Dillinqham” – I  külək qopartmışdı. Ev  kirayəsi 20 dollara enəndə “Dillinqham”-ın hərfləri ləkə-ləkə idi, sanki bir D hərfindən asıla qalmışdılar. Cənab Ceyms Dillinqham evə gələndə sizə Della kimi təqdim etdiyimiz qadın “ Cim “ deyib onu qucaqlayıb bağrına basardı. Bu, çox yaxşı idi. 
Ağlayıb qurtarandan sonra o yanaqlarını sildi. Pəncərə qabağında dayanıb arxa həyətdəki boz çəpərin üstündəki boz pişiyə tamaşa etdi.  Sabah Milad bayramı idi. Cimə hədiyyə almaq üçün onun cəmi bir dollar səksən yeddi senti var idi. O bu pulu aylar ərzində toplamışdı. Nəticəsi isə heç nə. Həftədə iyirmi dollarla heç nə edə bilmirdi. Xərclər çox idi. Xərclər həmişə belə olub. Sevgili Cimə hədiyyə almaq üçün cəmi bir dollar səksən yeddi sent. Ona  qəşəng hədiyyə almaq üçün saatlarla xəyala dalmışdı. Gözəl, nadir, Cimə layiq bir hədiyyə.
Otağın pəncərələri arasında trimo var idi. Yəqin belə bir trimonu filmlərdə görmüşsünüz. Yalnız arıq, cəld adam bu güzgüdə öz əksini görə bilərdi. Della da arıq olduğundan bu “sənətə” yeyələnmşdi. 
Qəflətən o pəncərənin qabağından  trimonun qabağına keçdi. Onun gözləri işıldayırdı, ancaq iyirmi saniyə içində onun üzü rəngini itirmişdi. Cəld o saçlarını açıb çiyninə tökdü.
Ceyms Dillinqham Young ailəsinin fəxr etdiyi iki qiymətli “mülkiyyəti” var idi. Onlardan biri  Cimin babasından qalma, atasının da istifadə etmiş olduğu qızıl saat idi. O biri isə Dellanın saçı idi. Əgər Səba kraliçası üzbəüz mənzildə yaşasaydı Della saçını qurutmaq üçün pəncərəni açar, Əlahəzrət kraliçanın ləl-cəvahiratını gözdən salardı.  Əgər Həzrəti Süleyman bütün qızıl-gümüşünü zirzəmiyə yığıb qapıda dayansaydı Cim hər dəfə onun yanından keçəndə saatını çıxarıb baxanda o paxıllıqdan saqqalından bir tük dartardı. 
Dellanın gözəl saçı şəlalə kimi sinəsinə dağıldı, saçları dizinə qədər çatırdı, paltar kimi bədənini örtdü. O saçlarını bu halda çox saxlamadı, əsəbi halda onları cəld arxaya yığdı. Bir an dayandı. Duruxdu. Döşəmədəki qırmızı, köhnə xalçaya bir neçə göz yaşı sıçradı.
O gözlərinin yaşı qurumamış qəhvəyi jaketini geyindi, köhnə qəhvəyi şlyapasını başına qoydu, yubkasının ətəyini əlinə yığıb, gözlərində yaş parıldaya-parıldaya qapıya sarı getdi. Pilləkənləri enib küçəyə çıxdı. 
O birdən elan görüb dayandı: “Madam Sofroniye. Hər cür saç alıram”.
İldırım  sürətilə yuxarı qalxdı. Təngnəfəs olmuşdu. 
- Mənim saçlarımı alarsınız? – Della soruşdu. 
- Mən saç alıram, - madam dedi, ancaq şlyapanı çıxar, saçına baxım.
Della qəhvəyi “şəlaləni” çiyinə tökdü. 
- İyirmi dollar, - madam saçı peşəkarcasına yoxlayıb dedi. 
- Tez ol, ver mənə iyirmi dolları, - Della dedi.
Pulu alandan sonra iki saatı sanki çəhrayı qanadlar üstündə gəzdi. Cimə istədiyi hədiyyəni almaq üçün bütün dükanları ələk-vələk elədi. Nəhayət, tapdı. Elə bil bu hədiyyə məxsusi Cim üçün hazırlanmışdı. Bu platindən hazırlanmış zəncir idi. Naxışları sadə, incə. Bu zəncir Cimin saatına çox yaraşardı. O zənciri görən kimi Della qərar verdi.  Zəncir də lap Cimə oxşayırdı. Sakit, qiymətli. Bu zəncirə görə ondan iyirmi bir dollar aldılar. O cibində 87 sent evə tələsdi. Bundan sonra Cim istədiyi yerdə saatına baxa bilərdi. Harada olsa. Çünki o saatını köhnə dəri qayışa taxıb boynundan asdığından adamlar yanında baxmağa utanırdı. 
Evə çatandan sonra onun həyəcanı azaldı. Ehtiyatla hərəkət etməyə başladı. Saçını burmaq üçün biqudiləri çıxardı, saçının yoxluğunu gizlətməyə çalışdı. 
Qırx dəqiqə əlləşəndən sonra saçları məktəbli oğlan saçı kimi buruq-buruq idi. O güzgüdə saçına baxdı, qorxa-qorxa.
- Cim məni öldürməsə yaxşıdır, - o öz-özünə dedi. - O mənə ikinci dəfə baxsa məni xorda oxuyan qadınlara oxşadacaq. Ancaq mən nə edə bilərdim axı? Mən bir dollar səksən yeddi sentlə nə edə bilərdim axı? 
Saat yeddidə o qəhvə hazırladı. Tavanı da sobanın üstünə qoyub qızdırdı. Kotleti qızartmaq üçün hazır idi tava. 
Cim heç vaxt evə gec gəlməzdi. Della zənciri barmaqlarına dolayıb qapının yanındakı masanın yanında oturdu. Ərinin pilləkəndə addım səslərini eşidəndə  rəngi bir az ağardı. Adətən o hər gün əri gələndə dua etməyə adət etmişdi. Bu dəfə o pıçıldadı: 
- Böyük Allah! Nə olar, elə et ki, o mənim hələ də qəşəng olduğumu düşünsün. 
Cim evə girib qapını bağladı. O çox yorğun və ciddi görünürdü. Yazıq oğlan! Cəmi iyirmi iki yaşı vardı, ancaq ailə yükü daşıyırdı. Ona təzə bir palto lazım idi, ancaq o bayıra əlcəksiz çıxırdı. 
O mənzilə iy hiss edən tula kimi sakit girdi. Gözlərini Dellaya dikdi. Della onun baxışlarını oxuya bilməyib qorxdu. Onun baxışlarındakı acıq deyildi, təəccüb deyildi, nə  də dəhşət deyildi. Della özünü buna hazırlamışdı. Cim sadəcə üzündə qəribə ifadə gözlərini ona zilləmişdi. 
Della masanı fırlanıb onun yanına gəldi: 
- Cim, əzizim, mənə belə baxma. Mən saçımı kəsib satdım. Milad bayramında sənə hədiyyə verməsəm yaşaya bilməzdim. Saçlarım yenə də uzanacaq, elə deyil? Mən belə etməli idim. Mənə “Bayramın mübarək” de, xoşbəxt olaq. Sən heç bilmirsən sənə necə gözəl bir hədiyyə almışam.
- Sən saçını kəsmisən? – Cim çaşqınlıqla ona baxdı. Sanki bu “faktı” hələ görməmişdi. 
- Hə. kəsib satdım, - Della dedi - Sən məni bu vəziyyətdə bəyənmirsən? Mən saçsız da həminki adamam, elə deyil? 
Cim maraqla otağa baxdı: 
- Sən deyirsən ki, saçını kəsdin? – həyəcanla soruşdu.
- Otağa baxıb saçımı axtarma, - Della dedi. - Saçım satılıb. Sənə deyirəm, satılıb, yoxdur. Cavan oğlan, sabah Milad bayramıdır. Bunu sənə görə etdim, mənə hirslənmə. Bəlkə saçımı artıq nömrələyiblər. 
Ona daha yaxın gəlib mehribancasına dedi: 
- Heç kim sənə olan sevgimi hesablaya bilməz. Kotleti tavaya qoyummu, Cim?
Cim sanki indi ayıldı. O Dellaya sarıldı. Gəlin on dəqiqə onları bu vəziyyətdə qoyaq. Mövzunu başqa yana yönəldək. Həftədə səkkiz dollar ya ildə bir milyon – fərqi varmı? Riyaziyyatçı sizə bu sualın səhv cavabını verir. Sehrbazlar adamlara hədiyyə gətirir. Ancaq onlar hədiyyə alanlar arasında deyildi. Bunu bir azdan təsdiq edəcəyəm. 
Cim  köhnə paltosunun cibindən bir bağlama çıxardı və  stolun üstünə qoydu.
- Della, mənim haqqımda səhv düşünmə. - Saçını kəssən, ya şampundan istifadə etməsən da sən mənim üçün eyni qadınsan. Ancaq bu bağlamanı açanda məni daha düzgün başa düşərsən.
Della ağ barmaqları ilə bağlamanın kağızını cırdı. İpləri qopartdı. Açan kimi sevincdən  qışqırdı. Aman Allah! Göz yaşı axmağa başladı. Bağlamanın içində daraq dəstləri vardı . Della belə daraqları vitrinlərdə görüb həmişə köks ötürmüşdü. Xalis tısbağa çanağından  hazırlanmış, kənarları qiymətli daşla bəzənmiş daraqlar. Rəngləri saçının rəngindəydi. Qəhvəyi. Bunlar bahalı daraq idi. O bunu bilirdi. Bax, indi bu daraqlar onun idi, ancaq  saçları yox idi. 
Ancaq Della bu daraqları sinəsinə sıxdı. Nəm gözlərlə Cimə baxıb gülümsədi: 
- Cim, mənim saçım çox tez uzanır! 
Birdən o ütülmüş pişik kimi cəld ayağa qalxdı:
- Ah unutmuşam hədiyyəni sənə verməyi! 
- Qəşəngdir, eləmi, Cim? Bunu tapmaq üçün bütün dükanları axtarmışam. İndi istədiyin vaxt saatına baxa bilərsən. Saatını ver mənə. Görüm necə yaraşır.
Onun dediyinə əməl etmək əvəzinə Cim çarpayının qırağında oturdu, əlləriylə başını tutub gülümsədi. 
- Della, əzizim, - o dedi. - Gəl bu Milad hədiyyələrimizi bir yerə qoyub hələ gözləyək. Onlar hədiyyə kimi çox gözəldir. Sənə bu daraqları almaq üçün qızıl saatımı satdım. İndi isə məncə kotleti tavaya qoymaq vaxtıdır.
Bildiyiniz kimi İsaya hədiyyə gətirən sehrbazlar müdrik adamlar idi. Onlar Milad bayramında hədiyyə vermək ənənəsinin əsasını qoydular. Onlar müdrik olduqları üçün hədiyyələri də müdrikcəsinə seçərdilər.  
Mən sizə bir-birinə hədiyyə almaq üçün ən qiymətli bildiklərini satan iki ağılsız  cavandan danışdım. 
Hədiyyə verən müdriklərə demək istəyirəm ki, onların hədiyyəsi ən ağıllı hədiyyə idi.   Onlar müdrik idi. 
 
Tərcümə etdi Sevil Gültən


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)