Edebiyyat.az » Proza » Ziya Bünyadovun "Azərbaycan Atabəylər dövləti" adlı kitabından

Ziya Bünyadovun "Azərbaycan Atabəylər dövləti" adlı kitabından

Ziya Bünyadovun "Azərbaycan Atabəylər dövləti" adlı kitabından
Proza
nemət
Müəllif:
11:44, 15 mart 2019
2 227
0
Ziya Bünyadovun "Azərbaycan Atabəylər dövləti" adlı kitabından
 Malik əl-Kəlam (sözün Hakimi) Zəhirəddin Tahir ibn Məhəmməd əl-Fəryabi (təxm. 1160-1202), əsli Orta Asiyadandır. 1189-cu ildə Cahan Pəhləvan, Qızıl Arslan və Əbu Bəkrin himayəsinə keçir. Təbrizdə əl-Fəryabi Xaqani ilə dostlaşır və mədhiyyədə onu təqlid edir. O, Təbrizdə vəfat edir və qəbri də Xaqaninin qəbri ilə yanaşıdır. Azərbaycan atabəylərinin sarayında Seyyid Zülfüqar Şirvani, Qivami Mütərrizi, Fərrux Şirvani, Cövhəri, Yusif Füzuli, Kəmaləddin Naxçıvani, Seyyid İzzədin əl-Ələvi və başqa bu kimi şairlər yaşayırdı ki, onlar haqqında da hələlik heç bir məlumat yoxdur. Bu dövrün ən dahi epik-romantik şairi, "dolğunluğunu və böyüklüyünü dil və sözlə təsvir etmək mümkün olmayan", Gəncə şəhərinin sakini Camal (Nizam) əd-Din Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki Müəyyəd Nizami (1140-1241) olmuşdur. Nizami Qum şəhərində doğulmuşdur ("Mən mirvari kimi Gəncə dənizində qərq olsam da, dağda yerləşən Qum şəhərindəyəm"). Qum kəndi hazırda Azərbaycan Respublikasının Qax rayonunda yerləşir. Nizaminin İran Qumundan olduğu fıkrini bir kənara atmaq lazımdır. Eyni zamanda məlumdur ki, Nizami heç bir vaxt öz vətənini tərk etməmişdir. Elmin müxtəlif sahələrində dərin biliyinə əsasən demək olar ki, Nizami hərtərəfli təhsil görmüşdür. Bu isə varlı ailələrin nümayəndələrinə nəsib ola bilərdi. Nizaminin yüksək təhsilə malik olması təsvir etdiyimiz dövrdə Gəncənin çiçəkləndiyinə bir sübutdur.
  Nizaminin "Məxzənül-əsrar" poemasını yaradana qədər necə həyat tərzi keçirdiyi barəsində əlimizdə heç bir məlumat yoxdur. Sonralar, həyatının sonuna qədər o, abidliyə üstünlük vermiş, təam məhdudluğuna diqqət yetirmiş və həyat nemətlərindən özünü məhrum etmişdir. Lakin onun şeirlərindən məlum olur ki, zahidlik vəziyyətinə, arpa çörəyi ilə dolandığına baxmayaraq o, saray qulluğunu da yerinə yetirmişdi. Belə ki, "Xosrov və Şirin" poemasında Qızıl Arslanı tərifləyərkən Nizami deyir: "Mən bir müddət qulluqdan kənarda qalsam da, hökmdara xidmət göstərməkdən tamam azad deyildim". Nizami birinci əsəri olan "Məxzənül-əsrar"ı (1178 və ya 1179) Ərzincan hakimi Fəxrəddin Bəhram şah ibn Davuda (1162-1225) həsr etmiş və əvəzində 5000 dinar, beş at və beş qatır yükü fəxri geyim mükafatı alır. Bu barədə İbn Bibi yazır: "Bu ildə (hicri 574) söz sərrafı Xoca Nizami Gəncəvi ali həzrətin adına şeirlə, sanki iri mirvarilərdən ibarət "Məhzənül-əsrar" kitabını düzür və bəxşiş olaraq ali həzrətin hüzuruna göndərir. Şah mükafat olaraq şairə beş min dinar qızıl, yüklənmiş beş at, beş qatır və zinətlə tikilmiş fəxri geyimlər göndərir. O, bu kitabı çox tərifləyərək deyir: "Mümkün olsaydı, şeirlə mirvari kimi düzülmüş bu kitaba mükafat və bəxşiş olaraq böyük xəzinə göndərərdim. Çünki həmin kitabın sayəsində mənim adım dünyada daimi yaşayacaqdır". Nizami poemanı Ərzincana aparıb Fəxrəddin Bəhram şaha özü təqdim etmək istəmiş, lakin yollar təhlükəli olduğundan fürsət tapan kimi başqası ilə yollamağa məcbur olmuşdur. 1180-1181-ci illərdə bitirdiyi ikinci poemasını - "Xosrov və Şirin" əsərini Nizami sonuncu İraq Səlcuq sultanı III Toğrula həsr edir. Lakin bu, bir növ rəsmi ithaf idi. Əslində isə poema atabəy Əbu Cəfər Məhəmməd Cahan Pəhləvana həsr olunmuşdur. Cahan Pəhləvan 1186-cı ildə öldüyü üçün poemanın mədhi onun qardaşı atabəy Qızıl Arslanın adına yazılır. Nizami sultan və atabəyin sarayına dəvət olunur. Lakin Nizami doğma Gəncəni heç bir zaman tərk etmək istəmədiyindən onun yanına çapar göndərib Gəncənin 30 fərsəngliyindən sultan düşərgəsinə gəlməsi xahiş olunur. Düşərgəyə gələn Nizamini Qızıl Arslan öz çadırında qəbul edir. Poemanın müqabilində Qızıl Arslan bəxşiş olaraq Nizamiyə Həmdünyan kəndini və fəxri geyim təqdim edir3. Üçüncü əsəri olan "Leyli və Məcnun" poemasını Nizami Şirvanşah I Axsitanın sifarişi ilə yazır və 1188-ci il sentyabr ayının 24-də bitirir.
 Nizami dördüncü poemasını - "Yeddi gözəl" əsərini 1197-ci il iyulun 31 -də bitirir, ədəbiyyat və incəsənətə böyük qiymət verən Marağa hakimi Ağ-Sunqur Əlaəddin Körpə Arslana (1174-iyun, 1208) ithaf edir1. Nəhayət, beşinci poemasını - "İskəndərnamə"ni Nizami ölümündən bir qədər qabaq 1196 və 1200-cü illər arasında bitirir və Əhər hakimi Nüsrətəddin Piş Təkin ibn Məhəmmədə (1155-1210) ithaf edir.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)