Edebiyyat.az » Proza » Yusif Səmədoğlu - Güllər

Yusif Səmədoğlu - Güllər

Yusif Səmədoğlu - Güllər
Proza
Necef Esgerzade
Müəllif:
11:34, 27 yanvar 2020
2 076
0

Qardaşım Vaqifə

Konsertin başlanmasına az qalmışdı.
Səhnəyə bitişik olan otağa bugünkü konsertin iştirakçıları toplaşmışdı. Onların çoxuna on altı-on yeddi yaş ancaq vermək olardı. Kimi müəlliminin yanında dayanıb son dəfə məsləhətə qulaq asır, kimi skripkasını, kimi tarını kökləyirdi. Hamı çox yavaş, bəzən pıçıltıya keçən bir səslə danışır, bacardığı qədər özünü soyuqqanlı göstərməyə çalışırdı. Lakin belə hallarda həyəcan həmişə süni soyuqqanlılığa üstün gəlir. Onlar həyəcanlanmaya bilməzdilər.
Axı, bu gün onların ilk konserti idi!
Tahir otağın səhnəyə açılan qapısı yanında stulda oturmuşdu. O, pianistlərə xas olan adətlə tez-tez əllərini dodaqlarına yaxınlaşdırıb nəfəsi ilə isidirdi. Əynindəki tünd qara rəngli kostyum dolu bədəninə tarım çəkilmiş kimi görünürdü. Ağ ipək köynəyinin yaxalığını səliqə ilə pencəyinin üstündən aşırmışdı. Sifətinin cizgiləri kobud olsa da cazibədar idi. Geniş alnındakı xırda qırışlar onu fikirli göstərirdi.
Onun görkəmi, çöhrəsində donub qalmış təbəssüm, qəlbində gizli bir hissin hökm sürdüyünü sübut edirdi. Bu gizli hissin adı nə qədər sadə və aydın idisə, o qədər də müdhiş idi. Dərd!
Onun on altı yaşında nə dərdi ola bilərdi?
İndiyədək şəhər onu şənləşdirmişdi. Ona elə gəlirdi ki, ömrü boyu pis gün görməyəcək, həmişə xoşbəxtliklə yaşayacaqdır. Həyatda rast gəldiyi hər şey onun nəzərində adi, təbii halında qalmır, böyüyür, gözəlləşir, hər bir şəxs isə onun üçün məharəti və namusu təcəssüm edən bir insana çevrilirdi. İndiyədək, on altı illik ömrü ucsuz-bucaqsız çəmənlikdə sakit axan bir çaya bənzəyirdi. Bu çay nə bulanır, nə qayalarla çarpışır, nə də bir maneəyə rast gəlirdi.
Lakin amansız dərd şəffaf suy
un içinə düşən tünd bir mürəkkəb damlası tək onun həyatını bulandırırdı. Tahir əvvəlcə sarsılsa da, vaxt keçdikcə, dərdin də məhəbbət, sevinc kimi çox təbii bir hiss olduğnu dərk etdiE
Tahir qalxıb yoldaşlarına baxdı. Onlar nə qədər xoşbəxt görünürdülər! Hamının fikri yalnız bir şeylə - konsertlə bağlı idi. Tahiri isə konsert bir o qədər düşündürmürdü. Onu düşündürən başqa aləm idi.
Birdən kimsə onun qolundan dartdı. Bu, Tahirin məktəb yoldaşı, "Tarzən" ləqəbi ilə tanınan Həsən idi. Həsən ağ sədəflə bəzənmiş tarını çox bir hərəkətlə yanındakı qırmızı stolun üstünə qoyub Tahirə tərəf döndü:
- Adə, TəhirE Az qalır ürəyim partlasın, - deyə Tahiri qapıya tərəf çəkib pərdəni araladı, salona baxdı və davam etdi, - Bay atonnan, bir belə adamın qabağında çalmaq olar?
Tahir Həsənin üzünə baxıb gülümsündü. Onun burnunu iki barmağı arasında sıxıb:
- Qorxma, bakılı balası, - dedi, - sən "Zabul"unu çal, gör bir nə əl vuracaqlar.
- Görək də.
Həsən bir dəfə də "bay atonnan" deyib tarını götürdü, otağın o başına getdi. Tahir isə pərdəni aralayıb diqqətlə salonu nəzərdən keçirməyə başladı.
Al-əlvan tavandan asılmış böyük çilçırağın gur işığı salonun mərmər sütunlarını ayna kimi parıldadırdı. Camaatın danışığı anlaşılmaz bir uğultu yaratmışdı. Oturanların çoxu Tahirə tanış idi.
Budur, ikinci sırada Həsənin atası Bəkir dayı ilə anası Gülnaz xala oturublar. Onlar konsertə Həsənin kiçik bacısı Solmazı da gətiriblər. Bəkir dayı tez-tez saatına baxır, arvadına nə isə deyir, Günaz xala isə asta-asta başını tərpədirdi. İki sıra geridə yenə tanış adamlar oturublar. Bəkir dayı ilə Gülnaz xala kimi onlar da konsertin başlanmasını səbirsizliklə gözləyirlər. Bu gün konsertə gələnlərin çoxu ata-analar idi.
Tahirin nəzərləri  birinci sıradakı iki boş yerə sancıldı. Nə olaydı indii bu yerlərdə onun atası ilə anası oturaydı!
Tahir birdən-birə tutuldu. Qara qaşları düyünləndi. Oturanlar elə bil dumanlı pərdəyə büründülər. O, yıxılmasın deyə divara söykəndi. Gözündən bir damla yaş süzülüb o dəqiqə də yanağında qurudu. Xəyalında bir anlığa öz evləri canlandı.
 Budur, onun səkkiz aydan bəri adi, rahat insan yuxusuna həsrət qalmış yorğun anası atasının başını yastıqdan üsulluca qaldırıb ona çay qaşığı ilə su verir, deyir:
- İç, iç, qurban olum sənə, iç.
Xəstə gözlərini açır, xırıltılı bir səslə dillənir:
- Axı, içə bilmirəmE.
Anası yalvarır, dil tökür, nəhayət, xəstə atası bir qaşıq suyu güclə udur. Anası sevinir. O, gizlincə suya qənd qatmışdı. Xəstə isə bunu duymur.
Tahir xəyalından ayrıldı. Əllərini sinəsində çarpazlayaraq gözlərini bir nöqtəyə zillədi. Nədənsə yadına müəllimi ilə dünənki söhbəti düşdü.
Dünən dərsdən sonra müəllimi Tahiri yanına çağırtdırıb ona konsertdə bu gün yox, bir həftə sonra - ikinci qrupla çıxış etməyi təklif etmişdi. Tahir bunun səbəbini soruşduqda, o demişdi.
- Oğlum, mən istəyirəm ki, sənin birinci rəsmi çıxışında atan da olsun. Mən istəyirəm ki, o sənə qulaq assın. Axı, o sənə yalnız ata olmayıb, başa düşürsənmi?
- Müəllim, mən bunları yaxşı bilirəm.
- Mən də ona görə istəyirəm ki, sən ikinci qrupla çıxış edəsən. O vaxta qədər atan da sağalar.
Tahir isə belə cavab vermişdi:
- Xeyr, müəllim, yaxşı olar ki, elə sabah çıxış edim.
O, özlüyündə bu cavabın mənasını yaxşı bilirdi. O məna bu idi: "İkisi də bir şeydir. Heç bir təfavütü yoxdur. Ya sabah, ya bir həftə sonra". Bu sözləri açıq-açığına deməyə Tahirin ürəyi gəlməmişdi.
O, bu sözlərin mənasını çoxdan başa düşmüşdü. Bu sözlər yuxusuz gecələrin əli ilə onun qəlbinə, beyninə yazılmışdı. O, bilirdi ki, əlacsız xəstə nə deməkdir. O, bilirdi ki, atasına bir daha yorğan-döşəkdən qalxmaq qismət olmayacaq. Tahir bu günlər atasına - o ağıllı, rəhmdil kişiyə son oğulluq borcunu verirdi. Nəm dəsmalla onun ayaqlarını silir, yastığını düzəldir, bir sözlə əlindən gələni edirdi. Bir gün, iki gün, üç günE Nəhayət, atası, gülən, danışan, gəzən ən adi bir insan kimi onun gözləri qarşısından həmişəlik gedəcəkdi. Ata!.. Bu ad onun üçün indi əvvəlkindən nə qədər əziz və nə qədər mehriban səslənirdi. İndi Tahiri yandıran atasının bu konsertdə olmaması idi. Axı, o uzun illik zəhmətin bəhrəsini ona, ilk növbədə yalnız ona göstərmək istəyirdi!.. Foyedə üçüncü dəfə çalınan zəngin səsi Tahiri əzablı fikirlərdən ayırdı. Otaqda kimsə qışqırdı:
- Konsert başlanır!
Bir azdan otağa yaşlı bir qadın girdi. O, içəriyə toplaşanları mehriban nəzərlərlə süzdükdən sonra, hamıya müraciətlə:
- Hə, qorxmursunuz ki? - dedi və cavab gözləmədən əlindəki kağızı nəzərdən keçirə-keçirə qapıya tərəf yönəldi, qara mahud pərdələrin arasında gözdən itdi. Bir neçə saniyədən sonra səhnədən onun aydın səsi eşidildi:
- Onillik musiqi məktəbinin buraxılış sinfi şagirdlərinin iştirakı ilə konsertimizə başlayırıq. Segahi-zabulE Tarda çalacaqdır Həsən Əlizadə.
Qadın səhnədən çıxıb "tez ol, tez ol", - deyə Həsəni tələsdirdi.
"Tarzən" Həsən tarı əlində, yüngül addımlarla qapıya tərəf gedəndə Tahir yenə onun səsini eşitdi:
- Bay atonnan!..
Həsənin tarı dilləndiE Tahir pərdəni aralayıb ona baxır, "Zabul"a qulaq asırdı.
Həsən "Zabul"un son xallarını vu
rub qurtarmışdı ki, salon guruldadı. Hamı Həsənə əl vurdu. Bəkir dayının səadətlə yanan gözləri  sanki hamıya: "baxın, yaxşı baxın, mənim oğlumdur!" - deyirdi. Gülnaz xala isə camaat görməsin deyə başını aşağı salıb gözlərinin yaşını silirdi. Tahir Gülnaz xalanı belə bir vəziyyətdə gördükdə, nədənsə gözləri önündə öz anasının surəti canlandı.  O da gözü yaşlı, əli dəsmallı idi. Tahir son vaxtlar anasını başqa cür təsəvvür edə bilmirdi. Lakin bu iki qadının axıtdığı göz yaşlarında nə qədər fərq var idi!
Həsəndən sonra Tahirin növbəsi idi. O, səhnəyə çıxan kimi duruxdu. Böyük projektorların gur işığı bir müddət onun gözlərini qamaşdırdı.  Tahir səhnədə qaralan royalı güclə seçə bildi. O, salona baxa-baxa royala tərəf addımladı. Yenə gözləri  o iki boş yerə sataşdı. Qəlbində pərişan bir sim titrədi. Nəhayət, özünü ələ alaraq oturdu.
İlk akkord səsləndi. Tahirin qulaqları dəhşətli bir şey eşitdi. Akkord bu dərəcədə ümidsiz və "yorğun" səslənməməli idi! Onun barmaqları elə bil gücdən düşmüşdü. Tahirin ürəyi tez-tez vurur, sanki çabalayır, sinəsini yarıb  bayıra atılmaq istəyirdi. O, akkordu bir də vurdu. Salonda camaat pıçıldaşdıE
Tahir hiss edirdi ki, çaldığı əsər indi onun barmaqları altında tamam başqa bir ruhda - bu əsərin mənasına yabançı olan bir ruhda səslənir. Bunun səbəbi nə idi? Tahirin xəyalını yenə o iki boş yer çulğaladı. Görünür, son günlər dərd onu çox sarsıtmışdı. Tahir artıq özünü itirməyə başlamışdı. Müdhiş həyəcandan başı gicəllənir, barmaqları quruyurdu. Elə bu anE Tahir royalın içində, sarı simlərin üstündə uzanmış atasını gördü. Qulaqlarına doğma bir səs gəldi:
- Oğlum, qorxma, mən səninləyəm, can bala! Qorxma, çal, mən səni  dinləyirəmE
Atası gözlərini açıb ona bu sözləri deyirdi. Xəyal o qədər canlı idi ki, Tahir hər şeyi - konserti də, oturanları da unutmuşdu. O, yalnız çalır, gözlərini xəyaldan ayırmadan çalırdı. Ürəyi çaldığı əsərlə həmahəng vururdu. Xəyal isə artıq başını yastıqdan qaldırıb məhəbbət dolu nəzərlə ona baxır, gülümsünür, xırıltı ilə yox, gümrah bir səslə deyirdi:
- Sağ ol, can bala! Bax belə, qorxma, çal!..
Tahir çalırdı. Atasının eşqinə, həyatın eşqinə çalırdı. İndi onun ifa etdiyi əsər yeni ruhda səslənir, qalib gəlmiş həyatın və gəncliyin əzəmətini, onun məğlubedilməzliyini ifadə edirdi. O çalır, xəyal isə gözləri qarşısından getmirdiE Bu nədir? Deyəsən atası ayağa durur? Bəli, elədir. O, artıq ayaq üstədir. Budur, o geyinir, oğluna baxıb gülür, otaqda gəzinməyə başlayır. O, heç xəstəyə oxşamır. Ağır addımlarla öz yazı stoluna yanaşıb oturur, tənhalıqdan toz basmış ən yaxın sirdaşını - qələmini əlinə alır.Tahir yenə onun səsini eşidir: "Görürsənmi, can bala, heç bir həkim, heç bir dərman mənə kömək etmədi. Məni ayağa qaldıran yenə də sənət eşqi oldu. Çal, bala, həmişə çal! Mən bir ata kimi zəhmətimin bəhrəsini gördüm. Sən atanı şad etdtin. Sağ ol, can bala, çox sağ ol!"
Sonra atası başını aşağı salır. Deyəsən yazır.
Tahirin səadətdən gözləri yaşarmışdı. Tahir qalib gəlmişdi. Qəmə, matəmə qalib ğəlmişdi!
Tahirin barmaqları royalın yuxarı dillərindən aşağı sürüşüb son akkordu vurdu. Xəyal o dəqiqə yox oldu.
Tahir ayağa qalxdı. Salondan hənirti də eşidilmirdi. Hamı Tahirə baxırdı. "Nə olub, camaat niyə belə sakit oturub? Bəlkə mən pis çalmışam?" - deyə Tahir düşündü. Birdən o, hiss etdi ki, yanaqları yaşdır; o çala-çala ağlamışdı. Tez səhnədən çıxmaq lazım idi. O, dönüb qapıya tərəf getmək istəyirdi ki, salondan alqış səsləri ucaldı. Elə bu an o, bir qızın titrək səsini eşitdi:
- Tahir, buyur.
Tahir səs gələn tərəfə döndükdə, yanında məktəbli geyimində sinif yoldaşı Şəfiqəni gördü. Utandığından Şəfiqənin yanaqları qızarmışdı. Qız əlində tutduğu kiçik bir gül dəstəsini Tahirə uzadıb, onun bu töhfəni qəbul etməsini gözləyirdi. Tahir qısa bir tərəddüddən sonra gül dəstəsini aldı və Şəfiqənin əlini sıxıb "çox sağ ol" dedi. Şəfiqə səhnəni tərk etdi.
Camaat ara vermədən əl vurur, səmimi nəzərlərlə Tahirə baxırdı. Nəhayət, Tahir baş əyib qapıya tərəf yönəldi, otağa girdi. Yoldaşları onu dövrəyə aldılar. Hərə bir tərəfdən təbrik etməyə başladı. Lakin Tahir heç bir şey görmür, heç bir şey eşitmirdi. İndi onun düşüncəsi, gizli mülahizələri yalnız bu kiçik gül dəstəsinə tabe olmuşdu. Bu güllər Tahirə ürək dolusu nəfəs almağa imkan verdi.
"Yaxşı yadımdadır, - deyə Tahir düşünürdü, - həmişə dədəm şeir gecələrindən evə qayıdanda özü ilə çoxlu gül dəstələri gətirərdi. Onda biz hamımız - anam, bacım, mən, qardaşım - hamımız sevinərdik. Mən də gərək onu sevindirəm. Can ata, bu saat, bu dəqiqə!.."
Tahir otaqdan necə çıxdığını, paltosunu geyinib küçəyə necə atıldığını bilmədi. Ancaq təngnəfəs evlərinə çatanda ayıldı. İti addımlarla üçüncü mərtəbəyə qalxdı. Zəngi basdı, qapı açılan kimi içəri cumdu, çevikliklə paltosunu soyundu və dar dəhlizi ötüb atası yatan otağın qapısını açdı.
Atası gözləri yumulu uzanmışdı. Tahir çarpayının başında əlləri qoynunda dayanmış anasını və dərddən beli bükülmüş ağ saçlı əmisini gördü. O, pıçıltı ilə soruşdu:
- Dədəm necədir?
Anası yenə yalan danışdı:
- Yaxşıdır, indi lap yaxşıdır, - deyib susdu.
Xəstənin soyuq tər basmış alnını silib soruşdu:
- Oğlum, necə çaldın?
Tahir arxasında gizlətdiyi gül dəstəsini anasına göstərib gülümsündü. Tahir istəyirdi ki, bu dəqiqə anası, atası, əmisi - hamı gülsün, danışsın, onu təbrik etsin. LakinE
Elə bu an atasının bir-birinə yapışmış kirpikləri aralandı. O, gözlərini açdı.
- Dədə, bax, bu gülləri mənə veriblər, bu gün konsertdə çaldığıma görə veriblər, - deyə Tahir qabağa yeriyib gül dəstəsini atasına tərəf uzatdı.
Xəstə laqeyd nəzərlərlə güllərə baxdı, göyümtül dodaqlarını açıb çox zəif bir səslə dilləndi:
- Təbrik eləyirəm, can bala.  O gün olsun ki, bu güllərdən tezEtezE - O susdu, sözünü qurtara bilmədi. Yalnız sinə dolusu nəfəs aldıqlan sonra davam etdi. - Ancaq bu gülləri saxla, can bala, lazım olarE saxlaE. saxlaE
EBəli, o güllər lazım oldu. Bu hadisənin sabahısı Tahirin atasının tabutu yanında qoyulan ilk gül dəstəsi bu güllər oldu. Güllər bircə gecədə həddindən artıq solmuşdu. Bəlkə də buna səbəb Tahirin dərdi idi. Tabutun qarşısında dayanmış dostlar, tanışlar bu gül dəstəsinə fikir vermirdilər. Saysız-hesabsız əklillərin arasında bu gül dəstəsi heç də nəzəri cəlb etmirdi. Ora baxan bircə Tahir idi. O, dəhşətdən böyümüş gözlərini bu güllərdən ayırmırdı.
Vaxt keçəcək, həyatın ən adi qanunu - yaşamaq qanunu bəlkə də Tahirə bu böyük dərdi unutduracaqdır. Lakin o, ömrü boyu ilk konsertini və kiçik gül dəstəsini unuda bilməyəcəkdir. Hər bahar fəsli Tahir təbiəti bəzəyən al-əlvan çiçəklərə baxıb bu sözləri deyəcəkdi:
- Ah, güllər, güllər! Siz mənə nələr xatırladırsınız!
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)