Edebiyyat.az » Proza » Y.Mişima - Vətənpərvərlik (hekayə)

Y.Mişima - Vətənpərvərlik (hekayə)

Y.Mişima - Vətənpərvərlik (hekayə)
Proza
nemət
Müəllif:
21:53, 03 may 2019
3 302
0
Y.Mişima - Vətənpərvərlik (hekayə)







 1936 -cı il fevralın iyirmi səkkizində, məlum hadisə- lərin üçüncü günü, sui-qəsdçilər arasında ən yaxın dostlarının olması xəbərindən sarsılan qvardiya nəqliyyat batalyonunun poruçiki Sindzi Takeyama qiyamın yatırılması əmri ilə barışa bilməyib öz malikanəsində (Esuya rayonu, Aoba küçəsi, ev 6) xarakiri elədi. Xanımı Reyko da sevimli ərinin hərəkətini təkrarladı. Poruçikin vida məktubunda cəmi bir cümlə vardı: “İmperator ordusuna eşq olsun!”

Reyko da özündən sonra məktub qoymuşdu; həyatla, valideynlərindən belə tez vidalaşdığı üçün onlardan üzr istəyirdi. Məktub bu sözlərlə bitirdi: “Bir zabit arvadının hər an hazır olacağı gün yetişdi”. Bu mətanətli cütlüyün son dəqiqələri daş ürəkləri də riqqətə gətirdi. Poruçikin otuz bir, Reykonun iyirmi üç yaşı vardı. Toylarından heç yarım il də keçməmişdi.

Nikah mərasimində iştirak edənlər, ən azı, toy şəkillərini görənlər bu yaraşıqlı cütlüyün gözəlliyinə heyran olmuşdular. Hərbi mundirli poruçik sağ əlini qılıncın qəbzəsinə qoymuş, sol əlində furajkasını tutaraq gəlinin yanında məğrur dayanmışdı. Üzündən sərtlik yağırdı, geniş açılmış gözləri gəncliyə xas cəsarət və saflıqla parıldayırdı.

Ağappaq toy kimonosu geymiş gəlinin cazibəsini təsvir eləməyə söz yetməzdi. Çatma qaşlar, iri gözlər, zərif burun, dolu dodaqlar… bütün bu cizgiləri isə Reykonun nəcib görünüşü tamamlayırdı. Kimononun qolundan çıxmış yelpik tutan əl çox məsum görünür, zərif barmaqlar gül ləçəklərini andırırdı.

Ər-arvad intihar edəndən sonra insanlar bu xatirə şəklinə baxıb köks ötürür, ilk baxışda ideal görünən cütlüyün gözə gəldiyini söyləyirdilər. Qızılı boyalı örtüyün qarşısında donub-duran gənclər ölümün gerçək simasını sanki öz gözləri ilə görürdülər.

Təzə evlilər qudalardan birinin – general-leytenant Odzekinin axtarıb tapdığı Aoba küçəsindəki malikanədə yerləşmişdilər. Əslində, “malikanə” sözü bir az böyük səslənir. Bu, kiçik bağçalı, çox da bö- yük olmayan bir ev idi. Birinci mərtəbədəki iki otağa, demək olar gün işığı düşmürdü. Buna görə də yataq otağını (bu, həm də qonaq otağı idi) ikinci mərtəbədə düzəltmişdilər. Qulluqçuları yox idi, ev işləri ilə Reyko özü məşğul olurdu.

Vətənin çətin günləri olduğu üçün toy səyahətindən imtina eləməyə qərar vermişdilər. Gənclər ilk gecəni öz evlərində keçirmişdilər. Yatağa girməzdən öncə poruçik qılıncı qınından çıxarıb dizinin üstünə qoymuş, Reykoya uzun bir nitq söyləyib axırda da soruşmuşdu: “Zabit arvadı, ərinin hər an həlak olacağına hazır olmalıdır; bu, sabah da baş verə bilər, biri gün də. De görüm, həmin o qaçılmaz gün yetişəndə qorxudan titrəməyəcəksən ki?”

Reyko ayağa qalxıb dolabın siyirtməsini çəkmiş, ordan anasının verdiyi ən qiymətli cehizi – xəncəri çıxartmışdı. Əri kimi, o da xəncəri dizinin üstünə qoymuşdu. Beləcə, ər-arvad arasında sözsüz razılaş- ma əmələ gəlmiş və poruçik bir daha gənc arvadını sınamağa ehtiyac duymamışdı.

Toydan sonrakı bir neçə ayda Reyko daha da gözəlləşdi, yağışdan sonra çıxan ay kimi işıq saçmağa başladı.

İkisi də cavan və güclüydü; ürəkləri ehtirasla dolub-daşırdı. Sevişməkçün çox vaxt heç gecəni də gözləmirdilər, işdən qayıdan poruçik toz-torpaqlı mundirini çı- xarmağa imkan tapmamış özünü arvadının ağuşuna atırdı. Reyko da ona eyni ehtirasla cavab verirdi. Evliliyin ilk ayında o, səadətin izaholunmaz həzzini dadmışdı, ərinin də xoşbəxt olduğunu bilirdi. Reykonun ağappaq, gözəl vücudu sevgidən şəhvətlə alışıb-yanırdı. Gənclər, onları ən son həzz anında belə tərk etməyən inanılmaz nəvazişlə bir-birini əzizləyirdilər. Təlimlərdə qısamüddətli istirahət zamanı poruçik avradını düşünürdü; Reyko evdə tək qalanda sevimli ərinin obrazını daim önündə görürdü. Toy şəklinə nəzər salmaq kifayət edirdi ki, bu xoşbəxtliyin yuxu olmadığına inansın. Bir neçə ay əvvələ kimi yad olan bir kişinin, indi dünyasını işıqlandıran günəşə çevrilməsi ona qətiyyən təəccüblü görünmürdü. Onların ər-arvad münasibətləri dərin əxlaqi təmələ söykənirdi, çünki imperatorun qəbul etdiyi qanunda da deyilirdi ki, ərlə arvad tam bir harmoniya içində yaşamalıdır

Reyko heç nədə ərinin əleyhinə getmir, ona etiraz eləmirdi və poruçikin ondan narazı qalmağa bir əsası yox idi. Birinci mərtəbədəki qonaq otağında, mehrabın üzərində imperator ailəsinin rəsmi qoyulmuşdu. Hər səhər poruçik işə getməzdən əvvəl onlar bu rəsmə təzim edirdilər. Reyko mehrabın qarşısındakı dibçəkdə əkilmiş müqəddəs sakaki ağacını sulayırdı. Ağacın yarpaqları daim təzə- tər olurdu.

Poruçikin evi mətbuat naziri Saytonun1 malikanəsinin yaxınlığında olsa da, fevralın iyirmi altısı sübh tezdən ər-arvad güllə səslərini eşitmədi. Bu dəhşətli epizod on dəqiqədən çox çəkmədi. Poruçiki atışma səsləri yox, sübhün qarlı alaqaranlığını yarıb həyəcan xəbəri verən şeypurun səsi oyatdı. O, yerindən dik atıldı, dinməz-söyləməz formasını geyinib, avradının uzatdığı qılıncı götürdü və özünü qar basmış kü- çəyə atdı. Fevralın iyirmi səkkizi günü ax- şama qədər Reyko onu görmədi; nələr baş verdiyini isə radiodan eşitdi.

Bu iki günü dörd divar arasında tək keçirmişdi. Evdən tələsik çıxdığı həmin səhər qarın və qaranlığın qoynuna atılan ərinin sifətindən onun ölümü qəbul eləmək qətiyyətini oxumuşdu. Əgər əri sağ qayıtmasa, ardınca getməyə hazır idi. Reyko əşyalarını tələsmədən səliqəyə saldı. Bayram kimonolarını keçmiş məktəb yoldaş- larına xatirə qoymağı qərara aldı. Geyimləri kağıza bükdü, üstünə ad və ünvanlar yazdı. Əri ona sabahı düşünməməyi, bu günlə yaşamağı öyrətmişdi. Bu səbəbdən Reyko gündəlik yazmırdı, odur ki, dəftərini səhifə-səhifə vərəqləyib son ayların xoşbəxt xatirələrini oxumaq zövqündən məhrum idi. Onun kiçik kolleksiyası radionun yanındaydı: çini it, dovşan, köstəbək, ayı, tülkü, güldan, bir də bardaq. Gənc qadın bu əşyaların xatirə-suvenir olmayacağını anlayırdı; bunları onunla birlikdə tabuta qoymalarını xahiş eləmək uyğun olmazdı. Reykoya elə gəldi ki, bu çini heyvanların ağızları əyilib. Köstəbəyi əlinə alsa da, fikrən öz uşaqlıq əyləncə- sindən çox uzaq idi; onun gözləri qarşı- sında Böyük Mənanın təcəssümü olan ərinin surəti canlanırdı. O, cəng arabasında əcələ tərəf çapmağa ürəkdən şad idi. Belə xırda-para işlərlə baş qatmaq üçün bir neçə saatı vardı. Düzünə qalsa, bu xırda-xuruş onun üçün qabaqlar əziz idi, indi isə, uzaqbaşı, həmin məsum xatirələri yada salmaqla kifayətlənirdi, çünki ürəyini artıq başqa bir ehtiras, hədsiz xoşbəxtlik hissi doldurmuşdu... Axı Reyko heç vaxt cisminin ona bəxş elədiyi sevincə adi həzz kimi yanaşmırdı.

Sərt fevral şaxtası Reykonun şüşəyə toxunan nazik barmaqlarını buza döndərmişdi. Amma ərinin onu qucaqlayan güclü əllərini xatırladıqca, kimonosunun qatlarından qarı əridəcək ilıq nisgil süzülüb axırdı. Hardasa lap yaxınlıqda gəzişən ölüm Reykonu əsla qorxutmurdu; sevgilisini gözləyərkən qəti əmin idi ki, ərinin hazırda hiss etdiyi və düşündüyü hər şey – çəkdiyi iztirablar da, duyduğu ağrılar da öz arxasınca, onu xoşbəxt edən bədəni kimi, “ölüm” adlı nəşə gətirəcək. Reyko hiss edirdi ki, hətta bu fikirlərin kiçik bir zərrəsinin içində belə onun bütün varlığı asanlıqla əriyə bilir.

Xəbərlərin xülasəsindən öyrəndi ki, sui-qəsdçilər arasında ərinin yaxın dostları da var. Bu məlumat bütün şübhələrini dağıtdı. İndi o, səbirsizliklə imperatorun mövqeyini gözləyirdi, hər şeydən göründüyü kimi, əvvəl “milli dirçəliş hərəkatı” olaraq başlayan üsyana sonradan biabırçı “qiyam” damğası vurulmaqdaydı. Poruçikin xidmət etdiyi hərbi hissə barədə heç bir məlumat yox idi. Qara bürünmüş şəhər, hərbi əməliyyatların başlayacağını hər an gözləyirdi. Fevralın iyirmi səkkizi qürubçağı qapının bərkdən döyüldüyünü eşidəndə Reykonun qorxudan ürəyi titrədi. Özünü dəhlizə atdı, titrək əlləriylə qıfılı açdı. Tutqun şüşənin arxasında qaralan kölgə susurdu; Reyko ərini o saat tanıdı. Qapının rəzəsi heç vaxt belə ağır olmamışdı; heç cür açılmaq istəmirdi. Qapı açılar-açılmaz əynində xaki rəngli şinel olan, çəkmələri qarla örtülü poruçik özünü içəri saldı, dərhal da qapını bağlayıb, cəftəni çəkdi. Reyko bu jestin mənasını dərhal anlamadı.

– Axşamın xeyir, – Reyko təzim elədi

Poruçik salamı almadı, qılıncını açıb soyunmağa başladı. Reyko ona kömək etdi. Şinel nəm və soyuq idi; quru, günəşli günlərdəki kimi tövlə iyi vermirdi. Şinel Reykoya qeyri-adi dərəcədə ağır göründü. O, şineli asılqandan asdı, qılıncı və qayışı qoltuğunun altında sıxıb, ərinin ardınca aşağı mərtəbədəki kiçik qonaq otağına endi. Poruçikin tük basmış üzü lampanın gur işığında Reykoya nəsə yad göründü. Onun yanaqları batıb qaralmışdı. Adətən, xidmətdən evə yaxşı ovqatda qayıdarkən poruçik ev paltarını geyinər, arvadından dərhal yemək gətirməsini tələb edərdi. Bu gün isə elə formadaca masa arxasında oturdu və başını məyus halda aşağı saldı.

Reyko süfrə açmağın vaxtı olub-olmadığını soruşmadı. Bir qədər susandan sonra əri ağır-ağır dilləndi:

– Mənim heç nədən xəbərim olmayıb. Məni çağırmayıblar. Yəqin, ona görə ki, təzə evlənmişəm. Kano, Xomma, Yamaquti... ordadı.

Adları çəkilən bu alyanaqlı gənc zabitlər – ərinin tez-tez onlara qonaq gələn dostları – bir anlığa Reykonun gözləri qarşısında canlandı.

– Sabah əlahəzrətin münasibəti açıqlanacaq, – poruçik sükutdan sonra sözünə davam elədi. – Onları qiyamçı elan edə- cəklər. Mən öz əsgərlərimi onların üstünə aparmağa məcbur olacam... yox, bunu eləyə bilmərəm. Bacarmaram... Mühafizədə məni əvəz edib, bu gecəni evdə keçirməyimə icazə verdilər. Sabah səhər, yəqin ki, hücum eləməli olacağıq. Reyko, buna gücüm çatmaz.

Reyko onunla üzbəüz oturmuşdu, ancaq gözlərini qaldırmırdı. Ərinin ona intihar qərarını çatdırmaq istədiyini yaxşı başa düşürdü. Qərar artıq verilib. Səsindəki qətiyyət dəyişmirdi, hər sözünün arxasında ölüm dayanmışdı. Poruçik mənəvi əzablarından danışırdı, amma ürəyi tərəddüd etmirdi.

Sonra otağı dağ çeşmələrinin suyu kimi təmiz, şəffaf bir sükut bürüdü. İkigünlük fasiləsiz işgəncədən sonra evində gənc və gözəl arvadı ilə üz-üzə oturan poruçik ilk dəfə ruhunda bir dinclik hiss etdi. Başqa izahata gərək qalmadığını başa düşdü – arvadı hər şeyi anlamışdı.

– Belə... – Poruçik gözlərini qaldırdı; iki gecə yuxusuz qalmasına baxmayaraq, baxışları iti və aydın idi. İndi o baxışlar Reykonun üzünə dikilmişdi. – Bu gecə xarakiri edəcəyəm.

Reyko qımıldanmadı. Onun iri gözlə- rində elə bir gərginlik vardı ki, sanki bu baxışlar elə indicə zəng kimi şiddətlə cingildəyəcəkdi.

– Mən hazıram, – handan-hana cavab verdi. – İcazə ver, mən də sənin kimi elə- yim

Poruçik bu baxışların gücü altında əzildiyini hiss eləyirdi. Sayıqlayırmış kimi, sözlər ağzından öz-özünə töküldü:

– Yaxşı. Birlikdə olarıq.Amma istəyirəm mənim necə öldüyümü görəsən. Razısan?

Arvadının bu dəhşətli qərara belə asanlıqla razılaşması heç özünə də aydın deyildi. Amma sözlər dodaqlardan töküldükcə, ikisinin də ürəyini qəribə bir xoş- bəxtlik hissi bürüdü. Ərinin ona göstərdiyi etimad Reykonu mütəəssir eləmişdi. O, bir poruçik üçün ölüm ritualının nöqsansız keçməsinin nə qədər vacib olduğunu gözəl anlayırdı. Xarakiri zamanı mütləq şahid olmalıydı və ərinin məhz onu seçməsi Reykoya böyük hörmətdən xəbər verirdi. Üstəlik, arvadının verdiyi vədi yerinə yetirib-yetirməyəcəyini görmək imkanından özünü məhrum etməsi, ona olan etibarın göstəricisiydi. Hərçənd, adi, xoflu ər olsaydı, Reyko əvvəl ölməliydi – ikili intiharlarda, adətən belə olur. Poruçik hesab edirdi ki, Reykonun birlikdə keçirdikləri ilk gecədə içdiyi andı təsdiq edən bu qərar aldığı tərbiyənin nəticəsidir. Belə düşünmək ona qürur verirdi. Özünəvurğunluq hissindən məhrum olmuş poruçikin ağlına da gəlmirdi ki, arvadı ölüm qərarını ancaq ona olan sevgisinə görə verib. Hər ikisinin qəlbini dolduran sevinc o qədər böyük və səmimiydi ki, üzləri təbəssümdən nurlanmışdı. Reykoya elə gəlirdi, sanki daha bir nikah gecəsi yaşayacaqlar. Qarşıda nə ağrı, nə ölüm – yalnız sonu görünməyən bir sonsuzluq vardı.

– Vanna hazırdı, çiməcəksən?

– Hə.

– Bəs yemək necə, şam edəcəksən?

Bu sözlər o qədər sakit, o qədər rahat deyildi ki, poruçik bir anlığa baş verənlərin öz təxəyyülünün məhsulu olduğunu düşündü.

– Yemək, yəqin ki, lazım deyil. Amma sake içmək pis olmaz.

– Yaxşı.

Paltar dolabından ərinin xalatını gö- türmək üçün ayağa qalxan Reyko ondan dolabın içinə baxmasını xahiş elədi. Poruçik yaxınlaşdı, paltar bükülüsünün üzərində Reykonun rəfiqələrinin ünvanlarını dinməzcə oxudu. Arvadının qərarlı olmasına dair daha bir sübut gördü, ürəyində zərrəcə kədər qalmadı. Bu anda Reyko aldığı mənasız xırda-xuruşu ərinə göstərib qürrələnən gənc qadına bənzəyirdi. Sevgisini gizlətmək gücündə olmayan poruçik arxadan onu qucaqlayıb öpdü. Üzünün tükü Reykonun boynunu daladı. Amma həyatının mənası olan bu toxunuş Reykoya yeni duyğular yaşatdı – axı bir azdan hər şey bitəcəkdi. Duyğularla dopdolu anlar bütün bədənini gizildətdi. Ayaq barmaqlarının ucuna qalxıb boynunu ərinin dodaqlarına sarı əydi.

– Əvvəl vanna, sonra sake, sonra da... Yuxarıda, yataqda.... – poruçik yavaşca qulağına pıçıldadı. Reyko astaca başını tərpətdi.

O, cəld mundirini çiynindən atdı, vanna otağına keçdi. Suyun şırıltısına qulaq asdı. Reyko qonaq otağında kürəni yandırıb sakeni qızdırırdı. Sonra ərinin xalatını, paltarlarını gətirdi, suyun isti olub-olmadığını soruşdu.

Poruçik buxarın içində dayanıb üzünü qırxırdı. Əlləri hərəkət etdikcə kürəyinin möhkəm əzələləri dərisinin altında tərpənirdi. Hər şey adi günlərdəki kimi idi. Reyko evdə əlinə keçən ərzaqdan qəlyanaltı hazırladı. Əlləri əsmirdi, əksinə, işə adi vaxtlarda olduğundan daha yaxşı yatırdı. Amma hərdən köksündə qəribə çırpıntı hiss edirdi; nəsə sinəsinin altında bir anlıq ildırım kimi çaxıb tez də yox olurdu, qalan hər şey öz həmişəki axarıyla gedirdi.

Vanna otağında üzünü təraş edən poruçik isinmiş bədənindən yorğunluğun çıxdığını hiss eləyirdi. Ölümün onu gözləməsinə baxmayaraq, bütün varlığını sevinc qarışıq bir intizar bürümüşdü. Otaqda vurnuxan arvadının ayaq səsləri eşidilirdi. Bu səslər onda son iki gündə haqqında fikirləşməyi belə unutduğu cismani bir yaxınlıq hissi oyatdı. Poruçik şübhə eləmirdi ki, onların sevərək qəbul etdikləri ölüm qərarı ürəkdəndi. Həmin anda özləri bu barədə düşünməsələr də, hər ikisi hiss edirdi ki, onların hamıdan gizli olan bu xoşbəxtliyi ilahi ədalətin, iradənin və əxlaqın etibarlı qanadları altındadır. Bir-birinin gö- zündən ləyaqətli ölümə hazır olduqlarını oxuyan poruçiklə arvadı ətraflarında onları qoruyan bir əzəmətli polad divarın varlığını duyub, gerçəyin və gözəlliyin möhkəm sipər çəkdiyini yenidən dərk elədilər. Elə buna görə də poruçik inanırdı ki, şəhvətlə vətənpərvərlik arasında heç bir ziddiyyət yoxdur, əksinə, ondan ötrü hər iki ehtiras təbii şəkildə birləşmişdi.

Buxardan dumanlanmış güzgüyə diqqətlə baxan poruçik ülgücü pörtmüş sifətində ehtiyatla gəzdirirdi. Tezliklə bu sifətdə ölüm maskası donub qalacaqdı, buna görə də onu kəsiklərlə eybəcərləş- dirmək gərək deyildi. Səliqə ilə qırxılıb cavanlaşmış sifət sanki şəfəq saçdı, ziyasından elə bil köhnə güzgü də işıqlandı. Nur saçan gəncliklə ölümün bu ittifaqında sözlə ifadə olunmayan bir zəriflik vardı. Doğrudanmı bu gözəl cizgilərin üzərinə tezliklə ölüm kölgəsi düşəcək?! Artıq indidən sifətinin yarısı elə bil poruçikə aid deyildi və həlak olmuş əsgər heykəlinə bənzəyirdi. Gənc zabit bir anlığa gözlərini yumdu. Dünya qaranlığa qərq oldu – demək, ancaq dirilərin görməsi mümkündür.

Poruçik vanna otağından çıxanda hamar sifəti göy rəngə çalırdı. Keçib kürənin yanında oturdu. Reyko hər şeyi hazırlamış, hətta özünü səliqəyə salmağa da vaxt tapmışdı. Yanaqları xəfifcə qızarmışdı, nəm dodaqları parıldayırdı. Poruçik arvadının üzündə zərrə qədər kədər nişanəsi görmədi. Reykonun mətanətindən razı qalan zabit bir daha seçimində yanılmadığını düşündü. Piyaləni başına çəkib yenidən doldurdu və arvadına uzatdı. Reyko bu vaxtadək sakenin dadını bilmirdi;

– İtaətkarcasına dodaqlarına yaxınlaşdırıb ehtiyatla içdi.

– Yanıma gəl, – Poruçik onu çağırdı.

Reyko ərinə yaxınlaşdı, əyildi, poruçik onu qucaqladı. Tez-tez qalxıb enən sinəsi sakenin alovlandırdığı sevinclə kədərin qarışığı içində döyünüb qabarırdı. Poruçik üstdən aşağı arvadının gözlərinə baxdı. Bu, onun görüb-görəcəyi son qadın, son insan sifəti idi. Bir daha görməyəcəyi gö- zəl mənzərəni seyr edən səyyah kimi tə- ləsmədən, diqqətlə arvadının sifətindəki bütün cizgilərə tamaşa elədi. Poruçik baxır, baxmaqdan doymurdu: yumşaq dodaqlar bu gözəlliyin soyuq cizgilərini isidirdi. Əyilib o dodaqları öpdü. Arvadının sifət əzələləri tərpənməsə də, qapalı gözlərinin kirpikləri arasından yaş süzüldüyünü gördü.

“Yatağa gedək”, – pıçıldadı, amma Reyko əvvəlcə vanna qəbul eləmək istədi. Poruçik qaz sobasının qızdırdığı yataq otağına tək qalxdı, qollarını geniş açıb yatağa uzandı. Hər şey eyni idi, hətta zaman da. Neçə axşam beləcə uzanıb arvadını gözləmişdi. Əllərini başının altında çarpazlayıb lampanın tavana saldığı qara kölgələrə baxdı. Nəyi gözləyirdi – ölümü, yoxsa cismani zövqü? Hər iki gözləntinin intizarını yan-yana qoyanda hiss elədi ki, ölümü daha şiddətlə arzulayır. Nə olur-olsun, poruçik heç vaxt azadlıq hissinin hər şeyi bu qədər əhatə etdiyini duymamışdı.

Pəncərənin altından avtomobil ötübkeçdi. Qar basmış körpünün üstündə sürüşən şinlərin səsi eşidildi. Siqnal səsi evin divarlarında əks-səda verdi. Həyat öz axarıyla davam edirdi, ancaq bura, bu otaq tənha adaydı. Bu otaqdan o tərəfdə poruçikin ürəyini verdiyi narahat bir ölkə vardı. Onun uğrunda həyatını fəda elə- mişdi. Bəs bu vətən onun yolunda özünü fəda edənin ölümünü görəcəkmi? Qoy görməsin! Müharibə meydanında şərəflə vuruşmaq, şücaət göstərmək poruçikə qismət deyilmiş. Onun qəlbinin cəbhə xətti məhz burdan keçirdi.

Pilləkənlə qalxan Reykonun addım səsləri eşidildi. Köhnə, əyri pillələr arvadının ayaqları altında cırıldayırdı. Poruçik bu səsi xoşlayırdı, çox vaxt yatağında uzanıb köhnə pilləkənin bu xoş cırıltısını intizarla gözləyərdi. Fikirləşəndə ki, bu səsi son dəfə eşidir, ona diqqət kəsildi; hər andan zövq almaq istəyirdi, anlar, dəqiqələrsə sanki bərq vururdu.

Reyko hamam xalatının üstündən toranlıqda qaraya çalan qırmızı qurşaq bağ- lamışdı. Poruçik əlini qurşağın düyününə atdı, Reyko da ona kömək elədi və qurşaq ilan kimi sürüşüb yerə düşdü. Əri əllərini xalatın geniş qollarından içəri soxdu, Reyko dirsəkləri ilə onun ovuclarını bədəninə sıxdı və əndamına toxunan əllərin hərarətindən, bu hərarətin gətirdiyi ehtirasdan titrəməyə başladı.

Şölə saçan qaz sobasının ətrafında necə lüt qaldıqlarını heç özləri də hiss eləmədilər. Ürəkləri də, bədənləri də, düşüncələri də yalnız bir şeyə köklənmişdi: bu, sonuncu dəfədir. Sanki gözəgörünməz bir fırça onların cisminə yazırdı: “SONUNCU DƏFƏ”...

Poruçik arvadını sinəsinə sıxdı, cavanlar bir-birini öpüşlərə qərq elədilər. Poruçikin dili Reykonun ağzının içində ora-bura sürüşürdü. Ölümün anlaşılmaz olan əzabları onların hisslərini daha da şiddətləndirir, hər toxunuş kürədə qızdı- rılmış dəmir kimi yandırırdı. Yaxınlaşmaqda olan ölüm iztirabları bu zövq anlarına görünməmiş bir nəciblik, bir paklıq gətirmişdi.

– Bədənini mənə göstər. Axırıncı dəfə tamaşa etmək istəyirəm, – poruçik pıçıldadı və lampanın abajurunu elə çevirdi ki, işıq yatağa düşsün.

Reyko gözlərini yumub səssizcə uzanmışdı. Yandan düşən işıqda ağappaq bə- dənin hamar və eniş-çıxışlı səthi daha cazibədar görsənirdi. Poruçik xudbincəsinə bir məmnunluqla düşündü ki, birinci ölməklə bu gözəlliyin necə məhv olduğunu görməyəcək. Tələsmədən bu əsrarəngiz mənzərəni yaddaşına köçürdü. Bir əliylə Reykonun saçını tumarlayır, o biri əlini gözəl yanağında gəzdirirdi. Əyilib üzündən, gözlərinin qıraqlarından öpdü. Açıq, geniş alın... Nazik qaşların altındakı uzun kirpiklərinin kölgəsi... Düz, qüsursuz burun... Dolu, sanki fırçayla çəkilmiş gözəl dodaqlar, ağappaq inci dişlər... Yanaqların xəfif qızartısı və kiçik, zərif çənə... Poruçik elə bil ölümün parıltılı simasını görürdü. Bir azdan iti xəncərin batacağı ağ boynu qı- zardanacan acgözlüklə öpməyə başladı. Sonra yenə dodaqlara qayıtdı, dodaqlarını eyni ritmlə, eyni nəvazişlə Reykonun dodaqlarında gəzdirməyə başladı. Gözlərini yumsan, elə bilərdin ki, bütün dünya dal- ğaların üzərində yüngülcə yırğalanır.

Sonra poruçikin dodaqları itaətkarcasına baxışlarının ardınca süründü, gözünə dəyən yerləri öpməyə başladı. Qabarıq sinənin öpüşlərdən bərkimiş gilələri dağ gilənarının tumurcuqlarına bənzəyirdi. Çiyinlərdən başlanan qollar biləklərə doğru uzandıqca incəlirdi. Nazik barmaqlar – toy şəkillərində yelpik tutan həmin barmaqlar – poruçikin qızmış dodaqlarından gizlənərək utancaq şəkildə ovuclara sı- ğınmışdı. Sinə ilə qarın arasındakı çökəklik elastikliyin və gücün vəhdətini təcəssüm etdirirdi; aşağıda budların sərt döngələri başlayırdı, ancaq burda da bədən öz təmkin və intizamını qoruyub saxlayırdı. Qarnın gözqamaşdıran ağlığı lampanın boğuq işığında dərin boşqaba doldurulmuş südü xatırladırdı; tən ortada yağış damcı- sının izi kimi balaca çökək görünürdü. Aşağıda, kölgənin sıxlaşdığı yerdə yumşaq tüklər qaralırdı; ehtirasla dolu bədənlərin açıq-aşkar titrəməsindən təravətli qoxu gəlirdi.

Reyko titrək səslə pıçıldadı:

– Mən də istəyirəm... Son dəfə...

Birinci dəfə idi ki, ərindən belə bir şey xahiş edirdi; elə bil indiyəcən gizlətdiyi ürkəklik üzə çıxmışdı. Əri dinməz-söyləməz kürəyi üstə uzandı. Ağappaq qadın bədəni azca yuxarı qalxdı; hər şeydə ərini təkrar eləmək arzusunda idi. Reyko baxışlarını ondan ayırmayan ərinin gözlərini barmaqları ilə ehmalca, nəvazişlə qapadı. Sifəti qızaran Reyko ani riqqətlə ərinin başını sinəsinə sıxdı. Qısa vurulmuş saçlar iynə kimi dərisinə batdı. Burnu soyuq, nəfəsi isti idi. Reyko bir az aralandı, gözlərini bu comərd simaya zillədi. Qalın qaşlar... Örtülü göz qapaqları... İri burun... Bir-birinə sıxılmış gözəl dodaqlar... Təraşdan sonra parıldayan göyümtül yanaqlar... Reyko ona əziz olan bu cizgiləri öpdü. Sonra enli çiyinlərini, boynunu, bir cüt qalxanı xatırladan sinə əzələlərini öpdü. Bu əzələlərin kölgə saldığı qoltuqlarının altından şirin, həm də kədər duyulan bir qoxu gəlirdi, – gənc adamın ölümünü qəribə bir şəkildə hiss elətdirən qoxu. Poruçikin bədəni yetişmiş buğda rəngində idi, qabarıq əzələlər qarnını örtmüşdü. Reyko bu möhkəm bədənə baxıb onu doğranmış şəkildə, iztirab içində təsəvvür elədi. Gözündən yaş süzülməyə başladı, ərinin qarnını xeyli öpdü.

Dərisinə damcıların töküldüyünü hiss eləyən poruçik sanki yeni bir güc aldı, artıq istənilən əzaba dözə biləcəyinə şübhə etmirdi.

Belə bir vidadan sonra ər-arvadın necə xoşbəxt olduqlarını təsvir eləmək artıqdı. Poruçik acı-acı ağlayan arvadını güclü qolları ilə qucaqladı. Bir-birinə sarıldılar. Reyko titrəyirdi. Tərli bədənlər bir-birinə qovuşmuşdu, daha heç kim onları ayıra bilməzdi, onlar vahid bir varlığa çevrilmişdilər. Reyko sanki yüksəklikdən uçuruma düşür, sonra yenidən pərvazlanıb uçurdu. Poruçik öndə gedən alay bayraqdarı kimi tövşüyürdü. Çılğın ehtiras dal- ğaları bir-birini əvəzləyir, bu dalğaları aşmaq arzusunda olan gənc ər-arvad yorğunluq hiss eləmirdi.

Nəhayət, poruçik Reykonun bədənindən aralandı. Qətiyyən ona görə yox ki, doymuşdu, sadəcə, buna məcbur idi, çünki gücünü tükətmək istəmirdi; xarakiri zamanı bu güc ona lazım olacaqdı. Həm də sevgidən ifrat dərəcədə doymaq, bezmək istəmirdi. Ərinin aralandığını görən Reyko həmişəki kimi onun iradəsinə tabe oldu. İkisi də əl-ələ tutub arxası üstə uzanmış, gözlərini qaranlıq tavana zillə- mişdilər. Sakit gecəydi, küçədə hərəkət dayanmışdı. Yesuya stansiyasından gələn tramvay və qatar səsləri parkın gizlətdiyi Akasaka sarayına çatmırdı. Şəhərin bu dinc hissəsində hardasa iki düşmən qruplaşmanın bu saat döyüşə hazırlaşdı- ğına inanmaq çətin idi.

Ər-arvad daxildən gələn hərarətin verdiyi həzzin təsiri altında səssizcə uzanıb, yenidən cənnət məmnunluğu dəqiqələrini yaşayırdılar: ürəkdonduran hər anın, hər unudulmaz öpüşün, cismani toxunuşun, səadət hissinin gətirdiyi məmnunluğun... Amma tavandan asılmış ölüm, baxışlarını düz onların üzünə tuşlamışdı. Zövq bitdi və bir də qayıtmayacaq. Hər halda, o anda ikisi də eyni şeyi fikirləşdi: hətta uzun bir ömür yaşasaydılar belə, heç vaxt bu cür ekstaza çatmayacaqdılar. Bir-birinə bərk-bərk çarpazlanmış barmaqlar bir azdan açılacaq. Tavandakı bu taxta naxışlar bir də olmayacaq. Ölüm yaxında olduğunu hər an daha aydın hiss etdirirdi. Artıq vaxt qalmamışdı. Bütün cəsarətlərini toplayıb özləri ölümə sarı getməliydilər.

– Hə, hazırlaşmaq lazımdır, – sükutu poruçik pozdu. Bu sözlərdə bir qətiyyət vardı, amma Reyko indiyə qədər ərinin belə yumşaq, mehriban səslə danışdığını eşitməmişdi.

Ayağa qalxdılar. Görüləsi çox işləri vardı. Poruçik heç vaxt arvadına yatağı yığmağa kömək eləməmişdi, indi isə özü dolabı açıb pambıq döşəyi ora qoydu. Sobanı söndürdü, lampanı yerinə çəkdi. Otaq əvvəlki səliqəli görkəmini aldı, elə bil kimisə gözləyirdilər.

– Burda nə qədər yeyib-içmişik. Kano ilə, Xomma ilə, Noquti ilə...

– Hə, onlar məclisləri sevirdilər.

– Eybi yox. Tezliklə onlarla yenidən görüşəcəyik. Səni də özümlə gətirdiyimə görə mənimlə əylənəcəklər.

Aşağı enməzdən qabaq poruçik dönüb səliqəli, işıqlı otağa baxdı. Dostları – gənc zabitlərin simaları, onların söhbətləri yenə gözünün önündə canlandı. O gözəl zamanlarda heç ağlına da gətirməzdi ki, günlərin bir günü bu otaqda qarnını yırtacaq.

Pilləkənlə aşağı enib hazırlığa başladılar. Poruçik vanna otağına keçdi, Reyko onun hamam xalatını, hərbi formasını və nişastalanmış qurşağını gətirdi. Masanın üstünə ölümqabağı məktub yazmaqçün kağız qoydu, qələmin ucunu çərtməyə başladı. Artıq nə yazacağını bilirdi. Barmaqları qələmi güclə hərəkətə gətirirdi, mürəkkəbqabındakı su da tündləşmişdi. Reyko barmaqların rəvan hərəkəti ilə kağızın yeknəsəq xışıltısının bir məqsədə – ölümün yaxınlaşmasına xidmət eləməsi haqda düşünməyi özünə qadağan elədi. Yox, bu, gündəlik ev işlərindəndi, sadəcə, ölümlə görüşə qədər qalan vaxtı keçirmək vasitəsidir. Yüngülcə sürüşən qələmin üzüyolalığı, mürəkkəb qoxusunun daha kəskin yayılması – bütün bunlar sözlə ifadə olunmayacaq dərəcədə məşum görünürdü.

Poruçik vanna otağından çıxdı, mundiri çılpaq bədəninə geyindi. Dinməzcə oturub, qələmi əlinə götürdü, qarşısındakı təmiz vərəqə baxdı.

Reyko ağ kimonosunu geyinməyə getdi. Geri qayıdanda poruçik vida məktubunu bitirmişdi: “İmperator ordusuna eşq olsun! Poruçuk Sindzi Takeyama”

Reyko ərinin qarşısında oturub vida məktubu yazdı. Poruçik arvadının ağ barmaqlarının kağız üzərində cızdığı heroqliflərə diqqətlə baxırdı. Sonra qılıncını belinə bağladı, Reyko isə xəncəri kəmərin altına keçirdi. Əllərində vida məktubu mehraba yaxınlaşdılar, baş əyib səssizcə dua elədilər. İşıqları söndürüb ikinci mərtəbəyə qalxdılar. Pilləkənin ortasında geri döndü, ağ kimonoda arxasınca gələn arvadının gözəlliyinə heyran oldu.

Məktubu qonaq otağında yanlarına qoydular. Poruçik divardan kakedziki 1 çıxarmaq istədi, amma fikrini dəyişdi. Orda müqəddəs bir söz yazılmışdı: “Sədaqət”. Fikirləşdi ki, əgər üstünə qan sıçrasa, bu heroqlifləri yazmış general-leytenant Odzeki onu bağışlayar.

Poruçik yerə oturub qılıncı dizinin üstünə qoydu. Reyko yaxındakı tataminin2 üstündə oturdu. Kimonosu ağ olduğundan dodağındakı al boya daha parlaq görü- nürdü. Ər-arvad yanaşı oturub bir-birinin gözünə baxırdı. Ərinin dizləri üstündəki qılınca baxdıqca ilk gecələrini xatırladı və dözülməz bir ağrı hiss elədi. Poruçik səsini qısıb dedi:

– Mənim sekundantım yoxdu, ona görə dərin kəsəcəm. Yəqin ki, ağır səhnə olacaq, amma qorxma. İstənilən ölümü kənardan müşahidə eləmək ağırdı. Bu, sənin cəsarətini azaltmasın, yaxşımı?

– Yaxşı, – deyə Reyko başını aşağı əydi.

Ağappaq geyinmiş arvadının gözəl qamətinə baxan poruçik qəribə bir məstlik hiss elədi. İndi arvadı əsgər andını yerinə yetirən ərini başqa keyfiyyətdə görəcək. Çünki onu gözləyən ölüm heç də döyüş- dəki ölümdən əskik deyil. O, arvadına göstərəcək ki, hərb meydanında özünü necə aparardı.

Bir anlığa poruçikin təxəyyülünü maraqlı fantaziyalar bürüdü. Döyüşdə həlak olmaq və gözəl arvadının gözləri qarşısında intihar eləmək – o, sanki hər iki ölümlə eyni zamanda ölməyə hazırlaşmışdı və 1 kakedziki – kağız, və ya ipək üzərində yazılmış kalliqrafik yazı. 2 tatami – Yaponiyada döşəməyə salınan ayaqaltı. Bu hissiyyat ona olmazın həzz verirdi. Arvadının gözləri qarşısında ölmək sahil küləyinin qoxusunu udmaq kimi bir şeydi. Ona başqaları üçün əlçatmaz görünən uğur miras qalmışdı. Gəlinə oxşayan ağ, hərəkətsiz qamət poruçik üçün uğrunda yaşadığı hər şeyi – imperatoru, vətəni, savaş bayrağını təcəssüm etdirirdi. Bütün bu müqəddəs simvollar ona arvadının aydın gözləri ilə baxırdı.

Reyko ölümə hazırlaşan ərinə baxıb fikirləşdi ki, dünyada ondan gözəl varlıq çətin tapıla. Mundir ona həmişə yaraşırdı. İndi isə qaşlarını çatıb, dodaqlarını sıxaraq ölümün gözünə baxan ərinin üzü qənirsiz görünürdü.

– Vədə tamamdır, – poruçik dedi.

Reyko başını yerə əyib ona təzim elədi. Elə bil gücü tükəndi, dikələ bilmədi. Ağlamaq olmazdı, üzü ənlik-kirşanlıydı. Yaş gözündən öz-özünə süzülürdü. Nəhayət, dikəldi, göz yaşının dumanlı pərdəsi arxasından gördü ki, əri qılıncın tiyəsini ağ əski ilə sarıyır. Polad tiyənin iyirmi santimetri açıq qaldı. İşini bitirib qılıncı yerə qoydu, ayaqlarını çarpazladı, mundirinin qabağını açdı. Daha arvadına baxmırdı. Barmaqları ağır-ağır mundirin düymələrini açırdı. Əvvəl qarabuğdayı sinəsi, sonra qarnı göründü. Kəmərini açıb şalvarını aşağı endirdi, belindəki ağappaq qurşaq göründü. Qurşağı bir az aşağı saldı və tiyənin sarınmış hissəsini əlində tutdu. Poruçik gözlərini qarnından çəkmirdi, sol əliylə bir az aşağını sığallayırdı. Qılıncın kifayət qədər iti olub-olmadığını yoxlamaq üçün şalvarını bir az da aşağı salıb dərisini çərtdi, budundan qan süzüldü. İlk dəfə ərinin qanını görən Reykonun nəfəsi daraldı, onun üzünə baxdı. Poruçik məmnunluqla kəsiyə baxırdı. Reyko yüngüllük hiss elədi, hərçənd bu rahatlığın yalançı olduğunu bilirdi.

Qəfildən poruçik başını qaldırıb sərt qartal baxışlarını arvadına dikdi. Tiyəni qarnına dirədi, dikəldi ki, bədəni qılıncdan asılı qalsın. Kitelin altında çiyin əzələlərinin gərilməsindən hiss olunurdu ki, poruçik var qüvvəsini toplayıb. O, qılıncın ucunu qarnının sol tərəfinə, mümkün qədər dərinə batırmaq niyyətindəydi.

Qəzəbli bir səs otağın sükutunu pozdu.

Hərçənd poruçik zərbəni özü vurmuş- du, amma yenə də ona elə gəldi ki, bu dəmir parçasını bədəninə başqa birisi batırdı. Gözləri qaraldı, bir an nə baş verdiyini anlamadı. Polad tiyənin çılpaq hissəsi sona qədər bədəninə yeridi, tiyədən yapışmış əli qarnına dirəndi. Ağlı başına gəldi, fikirləşdi ki, tiyə qarın boşluğuna girib. Nəfəs almaq çətinləşirdi, sinəsi ağırağır enib-qalxırdı. Ola bilməzdi ki, bütün bunlar onun bədənində baş versin. Elə bilirdi ki, hardasa uzaqlarda dəhşətli ağrı yerin təkindən alov kimi püskürür. Ağrı, görünməmiş sürətlə yayılırdı. Poruçik qışqırmamaq üçün alt dodağını dişlədi.

“Demək xarakiri belə olurmuş”, – fikirləşdi. Elə bil göy qübbəsi başına uçmuşdu, dünyanın altı üstünə çevrilmişdi. Tiyə qarnına girənə qədər sarsılmaz hesab elədiyi iradəsi, cəsarəti indi uzun, polad telə çevrilmişdi və ondan möhkəm yapış- maq lazım idi. Bu düşüncə ürəyini qüssə ilə doldurdu. Qılıncı tutan əli də, ağ parça da qan içindəydi; qurşağı al-qırmızı rəngə boyanmışdı. “Qəribədir, – fikirləşdi, – bu qədər ağrı çəksəm də, dünyanın əvvəlki dünya olduğunu aydın görürəm”.

Qarnını yırtıb, bənizi ağaran (elə bil üzünə ağ pərdə çəkmişdilər) andan Reyko özünü ərinin üstünə atmaq istəyi ilə savaşırdı. Bunu eləmək olmazdı, oturub baxmalıydı. O, şahiddir; bu vəzifəni ona əri həvalə etmişdi. Əri lap yaxındaydı: onun dişlədiyi dodağının, sifətinin ağrıdan necə əyildiyini aydın görürdü. O sifətdə ağrının dözülməz olduğu yazılmışdı və Reyko əzizinə necə kömək edəcəyini bilmirdi. Poruçikin alnında tər damcıları parıldayırdı. Gözlərini qıydı, sonra açdı. Baxışları hər zamankı aydınlığını itirmişdi, hansısa heyvanın baxışları kimi boş və mənasız olmuşdu. Ağrıdan üzünə yay günəşinin işığı kimi bir nur yayılmışdı, amma bunun Reykonun ürəyini paralayan dərdlə heç bir əlaqəsi yoxuydu. Ağrı şiddətlənirdi. Poruçik artıq başqa dünyanın adamıydı, varlığının mahiyyəti ağrıda cəmlənmişdi. Reykoya elə gəldi ki, əri ağrı qəfəsinə salınmış əsirdi və ona əli çatmaz. Axı özü ağrını hələ hiss eləməmişdi; onun çəkdiyi əzab fiziki ağrı deyildi. Elə bil kimsə əri ilə onun arasında şüşə divar çəkmişdi.

Toydan sonra Reykonun həyatının bütün anlamı əri idi. Ərinin nəfəsi onun nəfəsiydi, indi isə ondan ayrıydı, əri öz ağrılarının əsiriydi.

Poruçik qarnını eninə kəsməyə çalı- şırdı, amma qılınc içəridə ilişib qalmışdı və yumşaq, elastik bir maneə ona irəliləməyə imkan vermirdi. Başa düşdü ki, qılıncdan ikiəlli yapışmaq və bir az da dərinə itələmək lazımdı. Elə də elədi. Tiyə gözlədiyindən daha ağır yeriyirdi, sağ əlinin bütün gücünü vermək lazım gəlirdi. Ağrı sel kimi axırdı. Elə bil hər dəfə nəfəs alanda, hər dəfə nəbzi atanda poruçikin içi, varlığını parçalayan əzəmətli bir zəng, yox, minlərlə zəng kimi çalınır, uğuldayırdı. Artıq iniltiləri gizləmək mümkün deyildi. Ancaq poruçik qəflətən gördü ki, tiyə göbəyinə çatıb və cəsarətin yeni dalğasını məmnunluqla hiss elədi. Yarasından getdikcə daha çox qan axırdı, döşəmə qıpqırmızı olmuşdu. Xaki rəngli şalvarından qan çay kimi şoruldayırdı. Bir damla qan quş olub uçdu və yaxında oturmuş Reykonun ağ kimonosunun ətəyinə qondu. Poruçik tiyəni qarnının sağ tərəfinə gətirib çatdıranda, artıq elə də dərində deyildi, qana bulaşdığından sürüşkən olmuş qəbzəsi yaradan çölə çıxmışdı. Birdən öyüməyə başladı, batıq səslə nərildədi. Ağrı daha dözülməz oldu, kəsiyin kənarları tamam aralandı, içalatı bayıra töküldü, elə bil qarnı da öyüyürdü. Sahibinin iztirabı bağırsaqların sanki vecinə deyildi; elə bil sağlam içalatı həyat eşqilə parıldayır, azadlığa çıxırmış kimi sürüşüb çölə tökülürdü..

Poruçikin başı aşağı düşmüşdü, gözləri qıyılmışdı, ağzından köpük gəlirdi. Ətraf qan idi, o da qan gölünün içində oturmuşdu. Bədəni boşalmış, əliylə döşəməyə dayaqlanmışdı. Üfunət iyi otağı bürümüşdü; poruçik ara vermədən qaytarır, çiyinləri titrəyirdi. Qarnını yırtıb bağırsaqlarını çölə tökən tiyə əlində quruyub qalmışdı.

Birdən dikəldi. Onun inanılmaz gücünü nəylə müqayisə etmək olardı? Qəfil hə- rəkətdən arxaya gedən başı divara dəydi.

Reyko oturduğu yerdəcə donub qalmışdı. Qan onun dizlərinə sarı çay kimi axırdı. Sərsəm kimi gözlərini qaldırdı. Gördüyü sifət canlı insan üzünə oxşamırdı. Gözləri çuxura düşmüş, dərisi meyit kimi qurumuşdu, ağzı da, bir zamanlar çox gözəl olan almacıq sümüyü də palçıq rəngdəydi. Poruçikin sağ əli ağır qılıncı güclə qaldırdı. Hərəkətləri yaylı kuklalarınkı kimi ağır və qətiyyətsiz idi. Qılıncın ucunu boğazına dirəmək istəyirdi. Reyko ərinin həyatındakı bu sonuncu, inanılmaz dərə- cədə çətin hərəkətləri dalğıncasına izləyirdi. Boğazına dirəmək istədiyi sürüşkən tiyə hədəfdən yayınır, poruçikin gücü getdikcə tükənirdi. Tiyə baftanın sərt tikişinə dirənmişdi. Köynəyinin düyməsi açılmışdı, amma yaxalığı hələ də boynunu örtürdü.

Reyko daha bu mənzərəyə baxa bilmirdi. Ərinin köməyinə yetişmək istəyirdi, amma yerindən qalxması müşkül idi. Qan gölünün içində uzanan ərinə sarı iməklədi. Ağ kimono al-qırmızıya boyandı. Ərinə yetişib yaxalığının kənarlarını araladı; bu, ona edə bildiyi ən böyük kömək idi. Nəhayət, tiyənin titrəyən ucu açıq boyuna dirəndi. Reykoya elə gəldi ki, ərini irəliyə itələyən o oldu. Amma yox, poruçik son gücünü toplayıb özünü tiyənin ucuna yıxdı. Polad tiyə onun boynunu dəlib arxadan çıxdı. Qan fəvvarə vurdu və poruçikin səsi kəsildi

Reyko pilləkənlə asta-asta aşağı endi. Qandan islanmış ayaqqabıları döşəmənin üstündə sürüşürdü. İkinci mərtəbədə ölü sükut hökm sürürdü. İşığı yandırdı, qaz kranını bağladı, manqaldakı közün üstünə su çilədi. Sonra kiçik otaqdakı güzgünün qarşısına keçdi, kimonosunun ətəklərini qaldırdı. Qan ləkələri ağ parçada qəribə izlər buraxmışdı.Yerə çökdü, ərinin qanı ilə islanmış ətəyi ayaqlarını üşüdürdü. Bir xeyli müddət kosmetika ilə məşğul oldu; yanaqlarına ənlik, dodaqlarına al-qırmızı boya çəkdi. Bu qrim əzizi üçün deyildi, tezliklə tərk edəcəyi dünya üçündü. Ayağa qalxanda güzgünün qarşısındakı tataminin üzərində qan izləri qaldı, amma heç dönüb baxmadı da.

Sonra gənc qadın vanna otağına yönəldi, amma dəhlizdə ayaq saxladı. Axşam ölümə hazırlaşan poruçik qapını qıfıllamışdı. Bir müddət bu mürəkkəb dilemma qarşısında fikrə getdi: qıfılı açsın, ya aç- masın? Əgər qapı bağlı olsa, qonşular onların ölümündən gec xəbər tutacaq. Reyko insanların onları çürüyəndə tapmalarını istəməzdi. Fikirləşdi ki, yaxşısı budur, qapını açsın. Açarı burdu, qapını bir az aralı qoydu. Soyuq hava dəhlizə doldu. Gecəyarısı küçə boşalmışdı, qar- şıdakı evi dövrəyə almış ağacların başı üzərində ulduzlar parıldayırdı.

Yuxarı mərtəbəyə qalxdı. Tabisinin1 üstündəki qan qurumuşdu, ayağı daha sürüşmürdü. Pilləkənin ortasında burnuna kəskin qoxu gəldi. Poruçik üzü üstə qan gölünün içində uzanmışdı. Qılıncın ucu indi boynunun arxasından daha çox çıxmışdı. Reyko otağı bürümüş qan gölünün üstündən sakitcə adladı. Yerdə, ərinin yanında oturdu, əyilib yandan üzünə baxdı. Geniş açılmış gözləri ovsunlanmış kimi bir nöqtəyə zillənmişdi. Ərinin həyat əlaməti olmayan başını qaldırdı, qoluyla qanlı üzünü silib dodaqlarına vida öpüşü qondurdu. Sonra cəld ayağa qalxdı, dolabı açdı, ordan ağ örtük və ip götürdü. Kimonosunu əzməsin deyə, örtüyü kəmərinin qırağına doladı, ipi onun üstündən kip bağladı. Ərindən bir addım kənarda oturdu. Kəmərin altından xəncərini çıxarıb parıldayan polada baxdı, tiyəni dilinə sürtdü. Hamar metalın tamı şirintəhər idi.

Gənc qadın bir an belə tərəddüd etmədi. Fikirləşdi ki, ərinin çəkdiyi əzablar bir azdan onunku olacaq. Əziziylə birləşməsinin artıq an məsələsi olduğunu düşünəndə ürəyi sevinclə doldu. Poruçikin əyilmiş üzündəki iztirabda izaholunmaz, sirli bir şey vardı. Reyko indicə bu sirri çözəcəkdi. Ona elə gəldi ki, ərinin inandığı böyük mənanın şirin tamlı acısını dadacaq. Əgər əvvəllər bu mübhəm elmin dadını ərinin danışıqlarından bilirdisə, indi artıq bunu özü hiss edəcəkdi.

Və xəncəri boğazına dirəyib itələdi. Yarası lap kiçik oldu. Başına hərarət axdı, əlləri əsdi. Qəfildən tiyəni yana itələdi. İçəridən boğazına isti nəsə doldu, gözünün önündə hər şey al-qırmızı rəngə boyandı: bu, yarasından fışqıran qan idi.

Reyko bütün gücünü topladı və xəncəri qəbzəsinə kimi boğazına sapladı.

Tərcümə: Güldəstə
Xəzər jurnalı
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)