Gülər Natiq İsaqdan şeirlər

SEVGİ
adamların ürəyinə narın yağış kimi
çilənən SƏN,
Miyanə duyğular
Cüt rəqəmlərlə
ayırıram zamanı
Mənə ƏZİZ olandan...
Soyuq ruhlarla əlbəyaxadır,
Əllərimdəki ağrı
silah yerinə!!!
QORXU
Nitqimi tutan
nə varsa O_san...
***
Xəyallarımdakı
uzunsaçlısan,
ruhumdakı mənsən Şəms!
Sufiyə aşiq olandan,
məndə oyanandan
bakirəyəm.
Satmadım səni heç bir bədənə.
Biz BƏYAZı bərabər
paylaşdıq yuxularda.
NIFRƏT
Dadmaq istəmədiyim
sərxoş vərdişi,
Əllərimdə oynatdığım
saxsı „can“!
EQO
Harada MƏN varsa,
orada ÖZ yoxdu,
orada BİZ
yoxuq!
2025
Ən sonda...
Bir ümiddir UNUDULMAQ...
Sevilmədiyin yerdən
Isinmədiyin yuvadan
təmənnaya dayanandan
çarə qapısıdır
salamat çıxmağa...
Bəlkə qəlbinin yağında
qızaran qəm,
bəlkə qollarında buxov,
bəlkə fələyin xeyrinə saydığıdır
ömrünə nəsib olmayan.
Bəlkə də əbədi zindanındır
ağrılarını azadlıq deyə həbs etdiyin...
Bəlkə o torpaqdadır ölməyən ümid,
sahilini
qürbətin suları
qucaqlayan...
Indi səhra Leylisidir,
tale tüfeylisidir
vətəndə sevgilər də,
arzular da...
Məcnuna aşiq,
Qeysə məhrum qalmaqdır
alnına mürəkkəb ucundan düşən damcı...
Vaqifin „çatlamış dodaqlarında
sızıldayar
kor bəxtinə düşməyən qisməti“n...
Bir gün gizlicə doğulacaq
həqiqətdə görmək istədiyin nə varsa...
...ən sonda...
01.05.2025