Edebiyyat.az » Proza » Azad Qaradərəli - Gəncəli körpənin monoloqu(hekayə)

Azad Qaradərəli - Gəncəli körpənin monoloqu(hekayə)

Azad Qaradərəli - Gəncəli körpənin monoloqu(hekayə)
Proza
admin
Müəllif:
19:58, 30 oktyabr 2020
1 337
0
Azad Qaradərəli - Gəncəli körpənin monoloqu(hekayə)




      Gəncəyə ermənilərin raket zərbəsi zamanı həlak olan ananı körpəsi ilə bir tabuta qoymuşdular.
                          (İnternet xəbərlərindən)

Bura niyə belə dardır, ana? Sən məni həmişə bətninə sıxardın, amma indi bu yanımı bərk şey əzir axı? Məgər sənin bətnində belə bərk yer var?Mən heç eləsin görmədim hec?!
Ana, niyə dinmirsən? Sənnənəm axı...
Niyə qaranlıqdır bura? Mən axı sənin bətninnən çıxmışdım? Təzədən ora qayıtdım?
Bu adamlar niyə bura yığışıblar? Kimsə anlamadığım dildə nəsə oxuyur. Anlamasam da, ürəyimə yatdı amma...
Bir ora bax, baba ağlayır e... Səni ağlayır, məni ağlayır... Deyir ki, bizi xainlər öldürüblər... Biz ölmüşük? Ölmək nədi ki, ana?
Uy daaaa! Ana, bizi bu taxtanın içərisində dar bir yerə qoyublar ki?! Ana, bir dillən də... Üstümüzə torpaq tökürlər, ana!
Neynək, dinmirsən, dinmə. Sən ki yanımdasan...
 ömründə qorxmaram.  
Hə, hə yadıma düşdü. Nə oldusa oyandım. Baxdım ki, sən yatırsan. Susamışdım. Elə səni çağırmaq istəyirdim ki, bir şey bum elədi. Su nədi, heç hava da olmadı nəfəs almağa... Ölüm buymuş də, ay ana...
O bum eləyəni kim atdı, ana? Bəs bilmədi ki, burda analar var, uşaqlar var?! Pis adammıs e, ay ana...
Ağzıma torpaq tökülür, daha danışa bilmirəm. Gəl ana, gəl səni bərk qucaqlayım ki, bu dar, qaranlıq yerdə tək olmayaq... Bircə bu bərk şey sağ tərəfimi əzməsəydi kaş...
Gəl, ana, gəl indi də mən sənin anan olum, qucaqlayim səni. Laylay çalım sənə: 
-Anam laylay, anam laylay...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)