Azad Qaradərəli - Sevgilim Vətən(Radio-povest)
Proza
Azad Qaradərəli - Sevgilim Vətən(Radio-povest)
Vətən Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın xatirəsinə
ÖN SÖZ ƏVƏZİ
“Qarabağ savaşı xalq müharibəsinə çevrilməyincə torpaqlarımız işğaldan qurtulmayacaq” - gündəlikfason dəftərçəmdə on beş il il əvvəlki qeydimdir. Vətən müharibəsi başlayanda insanların coşqusunu, sevincini görəndə anladım ki, bu – odur! Əcəba, müharibəyə sevinən xalq varmı dünyada?! Varmış! Bu, torpaqları yağı əsarətində olan Azərbaycan türkləri, ləzgilər, avarlar, talışlar, tatlar, yerli ruslar, yəhudilər və qeyriləridir. Gənci, yaşlısı, qadını, hətta uşağı da müharibəyə hazır olan xalq məğlub ola bilməz. Olmadı da. Çünki bu savaşda əsgərin arxasında ata hökmü, ana nəfəsi və bacı şəfqəti vardı. Bu əsər, məhz bacı şəfqəti barədədir. Müharibənin ilk günlərindən əsgərlərimizin yarasını sarıyan, yaralıları güllə yağışı altından çıxardan, lazım gələndə avtomatını da düşmənə tuşlayan, 3000 minə yaxın şəhid qardaşın yeganə şəhid bacısı Arəstə Baxışova...
Qaldı əsərin janrına, mən uzun illər radioda işləmişəm və orada radio tearı üçün çoxlu radio-hekayələr(əslində nağıllar), radio-pyeslər yazmışam və onlar səhnələşdirilərək radio teatrında aktyorlar tərəfindən səsləndirilib. Radio dili çevik, yığcam və sürətli olur. Lap müharibədəki kimi. Döyüş o qədər sürətlə baş verər ki, yazıçı ona yetmək üçün “nağıl dili yüyrək olar” tezisinə riayət etməli olar. Son vaxtlar Vətən müharibəsi mövzusunda yazdığım hekayələri radio-hekayə, “Sevgilim vətən”adlı uzun hekayəni isə radio-povest adlandırdım. Bəlkə, haçansa radioda, televiziyada da səsləndirildi.
A.Qaradərəli, 16.01.2021.
PROLOQ
Hər yan od tutub yanır. Odlu güllələr göyü yandırır, orda durmur, düşdüyü yeri də qana çalxayır, torpağı xəndəyə, ağacı oduna, insanı ətə çevirir. Yanıq iyi, qan qoxusu, insan iniltisi, kəsilmiş qollar, qopmuş ayaqlar, para-pırtıq olmuş insan bədənləri, bağırsağı çölə tökülən, əli ilə onu içinə yığıb irəli yerimək istəyən gənc əsgər və bunların fonunda ilahi bir səs: “Qardaş, sağsan?”
Kor olduğunu zənn edən əsgərin gözləri bu zərif səsdən açılar kimi olur və onu görüb zarıyır:”Bacı... köməy elə...”
Səslər artır, çoxalır. Biri son kərə “bacı” zarıyıb ölür, biri qanlı əlini dərsini bilən məktəbli kimi göyə qaldırıb özünü nişan verir: “Bacıııııııı...... yaram...”
Biri yaralı olsa da, daha ağır yaralanmış əsgər yoldaşını o səsə tərəf sürüyür:”Bacıııııı...... bura gəl!.. Ağır yaralı var... Qan aparır!..”
O, imdad diləyən bu səslərə sarı atır özünü. Birinin qopub sallanan çənəsinə ilk yardım edir, başqa birisinin dirsəyinin altından fışqıran qanı kəsmək üçün bir şey tapmır, boynundakı şərfi açıb burur, ip kimi qanlı qola dolayıb bərk-bərk sıxaraq düyünləyir, birinin qəlpə dağıtmış çiyninə sarıq qoyur, birinin çölə tökülmüş bağırsaqlarını içəri yığıb üstdən enli tənziflə bağlayır, birinin son dəfə baxan gözlərini əlləi ilə qapayıb hönkürür...
İxtisasca ingilis dili müəllimi idi. İstəsəydi, rahat, sakit müəllim ömrü yaşayar, Vətəninə bu cür xidmət edərdi. Amma o, hərbini seçdi. Əvvəl hərbi hissədə statist kimi çalışdı. Vətən müharibəsi başlayanda isə tibbi kurs keçib, döyüş bölgəsinə yollandı. Neçə-neçə yaralı əsgəri güllə yağışı altından çıxarıb ilk yardım edərək xilas etdi.
MÜƏLLİF
Qadın qəhrəman doğa bilər, amma onun özünün qəhrəman olması hər dəfə rast gəlinən məsələ deyil... Bu, məsələnin görünən tərəfidir. Amma qadın demək, elə qəhrəman demək. Zaman-zaman bütün cəmiyyətlərin acıq çıxmaq yeri qadınlar olmadımı? Qonşusu ilə dalaşan, çəpəri bastalanan, tikəsi əlinnən alınan, güclü tərəfinnən sındırılan kişilər evə gələn kimi bütün bunların acığını qadınlarınnan çıxdılar. Şərqdə qadın doğulmusansa, hələ ayaq üstəsənsə, elə qəhrəmansan...
Bitmədi ki. Qadın hər ana olanda qəhrəmanlıq edir. Doğum prosesinin özü qəhrəmanlıqdır...
Sizə söhbət açacağım qadın da qəhrəmandır. Hə. Sadəcə, qəhrəmandır. Bir dəfə doğulanda qəhrəman olub. Bir dəfə ərinə yox deməyi bacaranda, sonra da uşaqlarını dünyaya gətirdikcə... Yox, bitmədi...
ARƏSTƏ
Bu boyda, ucsuz-bucaqsız çölləri olan, suyu, torpağı, adamları, heyvanları, quşları, həşəratları, böcəkləri olan ölkə də adamdan imdad diləyə bilərmiş. Hə, hə. Səni dünyaya gətirən, sənə dad-tam verən, səni oxudan, böyüdən, yetişdirən Vətən, birdəncə köməksiz, məsum bir uşağa dönə bilər və yalvarar, çağırar səni:”Bax, dardayam, yağılar neçə illərdir sinəmdə at oynadır, döşlərimnən süd əvəzinə qan fığqırır, dağlarımın beli bükülüb, otlarım yaşıllaşmamış saralır, çiçəklərim açmadan vağanıyır, sularım zəhər dadır, torpağım... oy anam oy! Torpağım qan ağlayır, qan!.. Harda qalmısız? Niyə gəlmirsiniz? Qadınsan?! Nə olsun, mənim ki heç qadınlığım, kişiliyim bəlli deyil. Lazım olanda qadın kimi doğuzdurur – bolluca taxılımı, mer-meyvəmi bətnimdən çıxarıb yeyirsiniz, misimi, qızılımı, kömürümü, sodamı bətnimdən söküb alırsınız... hələ neftimi, onu qan damarımnan dünyanının hər bucağına axıdıb ciblərinizi doldurursunuz... onda demirsiniz qadınsan, kişisən; lazım olanda dalınızı dağıma söykəyib düşmənnən qorunursunuz, atılan toplardan köksüm param-parça olur, təki sizə bir şey olmasın deyə, kişi kimi sinəmi qabağa verirəm?!. İndi qadınam deyirsən?.. Eeeee, ay bala, neynək, gəlməyin, amma bir də məni itirib-axtarmayın. Daha son nəfəsimdir...”
Çağırırdı. Vallah çağırırdı, tallah çağırırdı. Ağlayırdı, qışqırırdı, zarıyırdı Vətən... Mən onun səsini eşitdim! Eşitdim e, eşitdim...
Ona görə getdim. Getdim ki, onu qoruyan igidləri xilas edim.
Bir də burası da var axı: məni Ora çağırırdı. Hə, ora çağırırdı məni. Ora axtarırdı məni. Ora qiymətləndirirdi məni... İnsan həmişə belə olub: harada lazımdır, ora üz tutub. Harada sevilib, ora könül verib. Ora – ordudur. Vətənə sipər ordu. Məni qoynuna alan, ana, bacı çağıran ordu. O mənim yaramı sarıdığı kimi, mən də onun yarasına məlhəm oldum...
Məni doğan anamın yanı rahatdır. Bir zaman məni isidən o məkana indi övladlarımı etibar etdim. Ana, balalarım sənə əmanət dedim. Anam götürümlüdür. Anam güclüdür. Atam ölənnən sonra bizi təkbaşına saxlamadımı? Daha keçib. Balalarıma da baxsın. Elə bilirəm, bağışlayar məni...
Siz isə, məni qınamağa hazırlaşanlar, özünüzü bihudə yerə yormayın: “aslanın erkəyi dişisi olmaz” deyimini siz yaratmadınızmı? Mən bu vaxtacan nə ata sözünə, nə ana nəsihətinə xor baxmadım. İndi imkan verin, əkdiyiniz ağacın dibinə su töküm ki, göyərsin.
ANA
Getmə, dedim. Yazıqsan, heyifsən. Cavansan. Hələ həyatın dad-tamınnan, naz-nemətinnən doyuncan dadmamısan, dünya tamına tamarzısan, həyatın qabaqdadı. Balaların körpədi. Ata yoxdu bir, ana da olmasa, neyniyərlər? Sən onları qora yetim qoyub hara gedirsən?
Yaxşı, balalarına da yazığın gəlmir, mənə gəlsin barı. Bəs məni heç fikirləşməmisən? Mənə bala dağı çəkdirmə. Ora qadın yeri deyil axı. Sən bir cuvanəzənsən, sevib-sevilən vaxtındı. Birinci tutmadı, tutmadı, nə olsun, bəlkə bir allah bəndəsinin quşu qondu sənə, ailə qurdun, yenə ana oldun, qabaqkınnan olanları da qatdın təzələrə saxladın. Olub e belə şeylər. Görə-görə gəlmişik. İndi sən nə birincisən, nə axırıncı...
Eşitmədi. Qanın qoydu qaşığa ki, gedirəm, vəssalam. Vətən çağırır məni...
Nə vətən, ay başına dönüm? Onun dili-ağzımı var? Varsa da var. Elə bunların hamısı mənim başımamı qaldı?..
Eh... Bunları yandım dedim. Elə qızın anasına belə söz yaraşmaz... Onları pozarsınız, yaxşımı?..
Gəncliyində - eh, elə də gəncliyində deyirəm ki, guya balam gəncliyin doyunca yaşadı, yaşa doldu – sinif yoldaşları qızlar kimi o da xatirə dəftəri tutmuşdu. Camaatın qızları dəftərlərinə hind artistlərinin, bizim artistlərdən Fuad Poladovun, Həsən Məmmədovun-zadın şəkilin vuranda, mənim qızım dəftərinə Salatının, Gültəkinin şəkillərini yapışdırardı. Dəftərinin üstündə də xarı bülbül şəkli. Deyirdim, a bala, başına gülmü qəhətdir? Bir gülün ki, adı xarı bülbül ola, onnan nə xeyir gələr? Xar olub da o gül... Deyirdi, ana, bu gül Şuşanın, Qarabağın rəmzidir...
Niyətin hara, mənzilin ora. Xarı bülbülə vuruldu, özü də xar oldu...
ARƏSTƏ
Xəstəxanada yox, qardaş, nə xəstəxanası? Mən elə xəstəxanada çalışırdım də, qalardım orada. Düzdür e, orda da lazım olaram, amma mən ön cəbhəyə, orda güllə yağışının altında qan aparan igidlərə ilk yardım etməyə tələsirəm. Burda işləməyə nə var ki? Yox, mən ön cəbhəyə gedəcəyəm. Qərarım qətidir. Dünən bilirsiniz nə oldu? Zəng gəldi ki, bir batareyada uşaqlar minamyot atəşinə düşüblər, yarıdan çoxu yaralıdır. Bizim maşın ora çatanda beş-altı döyüşçü adi qanaxmadan keçinmişdi. İnanın ki, səngərdə qanı süzülə-süzülə döyüşürdülər. Birinin qıçını güllə paralayıb, o para qıçını qoltuğuna vurub irəli sürünür, atəş açırdı. Güclə tutub yıxmışıq yerə, iynə vurub sarımışıq, sürümüşük maşına tərəf. On bir yaralını xilas etdik ordan. Biri yolda şəhid olsa da, o biriləri xilas edə bildik, şükür allaha...
Bunları sizə niyə danışıram? Yəni ki, burda qalsam, orda, ön cəbhədəki yaralılara ilk tibbi yardımı kim göstərəcək?.. İnanırsınız, onlar vuruşa-vuruşa gözləri məni axtarır. Məni görəndə arxayın döyüşürlər. Hətta o günləri mən də döyüşdüm. Baxdım ki, uşaqlar yaralı olsalar da, sarıq qoymağa, ilk tibbi yardıma imkan vermirlər. Avtomatımı çiynimdən endirib mən də atəş açmağa başladım. Bir saatdan sonra düşmən geri çəkildi. Fasilədə yaralılarıın yarasını sarıdım, ağır olanları əsgərlərlə köməkləşib maşınımıza tərəf sürüdük. Avtomatımı çiynimə salıb geri qayıtmağa hazırlaşırdım ki, həmişə qaşqabaqlı olan gənc baş leytenant gülə-gülə dedi: “Uşaqlar, bilirsiniz niyə bu dəfə düşməni tez geri oturtduq? Ona görə ki, Arəstə xanım da onlara atəş açırdı!”
Səngər gülüş səslərinnən uğuldadı.
İlk dəfə idi ki, mənə “bacı” yox, “xanım” deyirdilər. Bədənimdə hansısa unutduğum əzalarım gizildədi. Özümü qadın kimi hiss etdim. Məni də gülmək tutdu...
Bu igidlərin yanında olmaq, onların müqəddəs yaralarını sarımaq, dərdlərini çəkmək də varmış qismətimdə...
Məni burada heç bir qüvvə saxlaya bilməz. Mən ora, əsgər qardaşlarımın yanına tələsirəm...
Onlar məni gözləyirlər.
MAYOR
Dedim ki, bacı, sən yuxarı çıxma, orada şiddətli atışma gedir. Mən uşaqlara tapşıraram, yaralıları çəkib gətirərlər sənin yanına, elə buradaca ilk tibbi yardım göstərərsən.
Qəti etiraz elədi və bildirdi ki, ordan bura gətirincən yaralıları qan aparar, ilk tibbi yardım da mənasız olar. Ona görə də mən elə orada, səngərdəcə yaralılara ilk tibbi yardım göstərəcəyəm, sonra da onları bura – tibbi çadıra gətirəcəyəm. Siz mənnən nigaram qalmayın. Mən bura qədər gələ bilmişəmsə, ora da gedərəm...
Belə baxanda onu heç qınamıram da. Düz deyir. Dünən bir əsgərimizi arxaya, tibb bacısının çadırına gətirənə qədər yolda keçidi. Özü də necə bir oğlan idi?! Əlini qulağının dibinə qoyub oxuyanda tüklərimiz biz-biz olardı. Döyüş başlayanda isə şirə dönərdi. Saymışdı, on yeddi düşmən əsgərini məhv etmişdi... Axırda qanaxmadan getdi əlimizdən... Elə bundan sonra Bacı ayağını dirədi ki, mən də sizinlə ön cəbhəyə gedəcəm. Hətta mənnən avtomat da istədi. “Ağrdır, dedim, o gözəl sinənizin üstünə bu ağır silahın qayışını çəkmə, heyifdir, sən də mənim anam, bacım...”
Eşitmədi ki. O biri əsgərlərə, tabeliyimdə olanlara qışqırıram, əmr edirəm, lap özümü saxalaya bilməyəndə, söyürəm də... Amma bu xanıma ağır sözmü demək olar? Adamın dili quruyar. Hələ onun yanında, içi mən qarışıq, özümüzü yığışdırır, artıq-əskik danışmırıq. Vallah, o bura gələnə qədər vəhşiləşmişdik. Hamımız dəliyə dönmüşdük. Nə özümüzə baxırdıq, nə səliqə-sahman vardı. Söyən, bağıran, qışqıran, ara sakitləşəndə latayır zarafat edən, biyabırçı aneqdot danışan... Tam bir vəhşi yığnağı. Elə bircə şey bilirdik: olannan yemək, silah-sursatı belimizə yükləyib düşmənin dalınca şığımaq...
O buralara gələnnən sonra hamını dəyişdi. Birinci ağzımıza fikir verməyə başladıq. Söyüş, latayır, biyabırçı aneqdotlar yığışdırıldı. İkincisi, əyin-başımıza fikir verməyə başladıq. Bir əsgər var, görürəm, telefonnan güzgü kimi istifadə edib telini darayır. Bu iki daşın arasında darağı hardan tapmışdı?!.
O bura mədəniyyət gətirdi. Əxlaq, tərbiyə gətirdi. Bizi vəhşilikdən qurtardı. Bir də uzaq düşdüyümüz ana-bacı şəfqətini üstümüzə dağıtdı. Tabordakı yüzlərlə oğlanın, kişinin anası, bacsı oldu...
ƏSGƏR MİRƏLƏMLİ
Hamımızın anası, bacısı kimidi. O yanımızda olanda qorxmuruq güllədən...
Nə yalan deyim, ilk günlərdə mən çox qorxurdum. Nə bilim e? Onuncunu qurtar, orda-burda meyxana de, saqqəz çiynə, sonra da əsgər yaşın çatsın, gəl düş bu od-alovun içinə. Yanımda ilk dəfə əsgər öləndə əsməcə tutdu məni. Özümü necə itirdimsə, durub geri qaçmaq əvəzinə, düşmən postuna tərəf yüyürdüm. Bir gizirimiz vardı, sağ olsun, tutub məni yıxdı yerə, qucaqladı. “Qorxma” dedi. Çətini elə buydu. Öyrəşəcəksən. Sonra Bacı gəldi və məsələni biləndə məni öz yanınnan buraxmadı. Birlikdə yaralı əsgərlərə ilk tibbi yardım etdik, onları gah kürəyimizdə, gah xərəkdə geri daşıdıq, gah da güllələr imkan vermədiyi üçün sürüyüb apardıq. Bacı mənə qannan qorxmamağı, ölümün haqq olduğunu, insanın bütün yaranmışlar kimi bir gün bu dünyadan köçəcəyini söylədi. Bilmədiyim, anlamadığım şeyləri anlatdı. Sonra sarıq qoymağı, iynə vurmağı, qanı şırhaşır axan yaralının qolunu, qıçını lazimi yerdən sıxıb bağlayaraq qanı dayandırmağı öyrətdi. Hətta bir dəfə qoluma güllə dəyəndə özüm öz yaramı sarımışdım. Bunların hamısı Bacının sayəsində oldu. O məni xilas etdi. Sonra mən nə qədər insanı – yaralını xilas etdim.
O bizim qoruyucu mələyimiz, göyərçinimizdir. Onun gəldiyi yerdən ölüm qaçaq düşür...
ANA
Ata erkən öldü. Uşağıydı o, bəlkə heç yadına gəlməz. Çernobl bəlası deyilən bir xata gəlmişdi başımıza. Gərək elə o Çernobl mirət mənim ərimi vuraydı? Vurdu, qızımın üç yaşı olanda getdi atası. Mən onu nə yenginən böyütmüşəm, bir allah bilir. Sovet hökümətinin dağılhadağıl vaxtı, sonra da yiyəsizlik zamanı, sonra təzə hökümət, tərslikdən onu da yıxdılar... Nə bilim axı, çörəksizlik, işsizlik, yiyəsizlik zamanları... Uşaq nədi, baş saxlamaq olmurdu onda. Mən onu böyütməkçün zülüm çəkdim, od ayaqladım, gecələr ağladım xısın-xısın, gündüzəlr çalışdım, uşaqlarıma çörək tapdım... Bu yenginən uşaq böyüt, axırda Vətən gəlsin, əlinnən alsın ki, mənimdi...
Demirəm ki, getmə, get, yaxşı, amma qabağa getmə. Sən axı qadınsan... Nə qadın e, qadınlığınla qızlığın bilinməz bədəbəddə! Bizdə sənin kimisinə bir üzü qız, bir üzü gəlin deyərlər... Nə yatdın ki, nə də görəsən? Can balam, anan ölsün. Getmə qabağa. Demirsən tibb bacısısan, ol də, arxada, qospitalda otur həkimlər kimi, yaralıları gətirsinlər, sən də sarıq qoy, iynə vur...
Kimə deyirsən? Ode ha, gedib lap qabaq cəbhəyə ki, gərək yaralıları güllənin altınnan çıxardam... Uşaq saytdı, nədi ordan oxuyub... Jurnalist danışdırıbmış... Bir yannan baxanda çıxartmasan da, gəncəcik uşaqlar qanaxmadan öləcəklər... Ha istəyirəm qızımı danlayam, günahkar çıxardam, olmur... Axırda yenə ona haqq qazandırıram... Vallah, billah hərdən onu qınasam da, sonra deyirəm balam elin balası oldu...
Torpaq elindi, kasıbındı. Vətən nədi ki? Sənsən, mənəm, odu... Biz elə Vətənik də... Əslində qızım ora bizi qorumağa gedib...
Gündə yazırlar e, filankəsin xaricdə belə villası var, belə var-dövləti, nə bilim nəyi... A bala, onnan bizə nə? Bizimki bu torpaqdı. Diriykən üstündə gəzirik, yaşayırıq, əkirik, biçirik; öləndə də ölümüzə yenə torpaq sahib çıxır... Bax, Arəstəni bunnan sonra gəl qına, görüm nə təhər qınayırsan? Balam el yolunda gedib. Torpaq elindi axı...
ARƏSTƏ
Yadımdadır, ilk yaralını gətirdim, dedilər ki, təcili əməliyyat olunmalıdır. Tibb bacısı dəhlizdəcə büzüşüb yatmışdı. Cərrah dedi, üç gündür yatmırıq. Əməliyyata qalası oldum. Anestezieloqun müdaxiləsinə qədər əsgər elə hey qışqırırdı ki, yaramı sarıyın, döyüşə gedirəm. Halbuki bir qolu dibindən yox idi...
İynədən sonra dedim yəqin, anasından, evlərindən danışacaq. İnanırsınız, elə hey deyirdi:”Qarabağ Azərbaycandır!.. Qarabağ Azərbaycandır!..”
Sonra da başladı o məşhur romans var e, onu oxumağa...
Şiş ucları buludlarla döyüşən,
Dağlarında buzları var ölkəmin...
“Ceyran gözlü qızları var ölkəmin” deyəndə həkim soruşdu ki, sevgilin var? Qayıdasan ki, doktor, Bacıdan ayıbdır, sizə sonra söyləyərəm... Hamımızı ağlamaq tutmuşdu. Hətta həkim də ağlayırdı. Dəqiqəbaşı eynəyini silirdik... Nə məsələydisə, bu əsgərə sakitləşdirici də təsir etmirdi. İkinci morfini vurmağa isə ürək eləmədik. Elə gözü açıq, danışa-danışa əməliyyat olundu...
Bir az sonra ikinci yaralını gətirdilər. O da iynədən sonra sayıqlayanda eyni sözü dedi:”Qarabağ Azərbaycandır!..”
Dalbadal yeddi yaralı gətirdilər Hamısı iynənin təsirindən sayıqlayanda eyni şeyi söylədilər:”Qarabağ Azərbaycandır!”
Biri hətta güldürdü bizi sayıqlayanda: “Nooldu, Paşinyan?”
Gülüşsək də sonda ağlamaq tutdu hamımızı. Elə əməliyyat masasındaca keçindi.
Düşündüm ki, ilahi, bu gənclərin heçmi ayrı dərdi-odu yoxdur?! İnsan nə qədər vətənsevər olar!?
Bax, qardaş, belə anda qospitalda oturmaq, arxada pambıqla, tanponla qurdalanmaq qeyri-mümkün idi. Mən, yeni tarix yazan, Azərbaycanı xəcalətdən qurtaran, dünyanın səmtini dəyişən, erməni mifini dağıdan qardaşlarımın yanına tələsirdim. Tələsirdim ki, onlar güllə yağışının altında qalıb adicə qanaxmadan ölməsinlər...
“DETDOM UŞAĞI”
Bura bir qadın gəlib. Ay allah, qadın nəfəsi necə isti olurmuş!? Mən heç beləsin görmədim ki... Ana, bacı belə olurmuş demək...
Bizim internatda bir aşpaz vardı. Allah, allah! Onun da nəfəsini lap yaxından hiss etmişdim. Bir dilim çörəyi cibimə soxanda kəfkirlə boynumun ardından necə vurmuşdusa, üç gün boynumu düz tuta bilmədim. Elə o an pencəyimin yaxalığınnan tutub özünə tərəf çəkdi və düz gözümün içinə baxdı. Mən onda hiss eləmişdim onun nəfəsini. Ağzınnan zəhər kimi iyi (sonradan bildim ki, bu, sarımsaq iyi imiş) vurmuşdu məni...
Bizə gələn “medsestra” isə ayrı aləmdir. Hamımız “Bacı” deyirik. Heç adını da bilən yoxdur.
Top mərmisi məni götürüb yerə çırpanda alnımnan yaralanmışdım. Yüngül yara hesab etdiyimnən özüm alabaşına-külbaşına bir sarıq kimi qoymuşdum yapışdırıcıyla. Bir dəfə bacı yarama baxıb, qışqırdı:
“Əsgər, dayan görüm! Xəbərin var, yaranın qıraqları göyərib?!.. Mikrob-filan qapar birdən.”
Etiraz etsəm də, yapışqanı qopardıb yaranı açdı və dedi:
“Əsgər, sənin yaran dərinmiş ki. Özü də mikrob dəyib. Dayan, sənə əməlli-başlı müalicə lazımdır.”
Gülüb dedim ki, ay bacı, mənim bədənimdə yüzərlə elə yara yeri var. Mən detdom uşağıyam, bizim canımız bərk olur, narahat olma.
Olmadı. Yaramı yudu. Dərman qoydu. Sarığı dəyişdi və komandirə dedi ki, bu əsgərə azı iki gün tibbi çadırda müalicə lazımdır... Sonra məni özü ilə bir qədər arxaya apardı, müalicəmlə məşqul oldu. Onda mən onun o isti nəfəsini təkrar-təkrar içimə çəkdim. Ağlamaq tutanda saçımı tumarladı. Dedi, mən də sənin bacın, nə lazım olsa, çəkinmə...
Ay allah, deyirəm, nə olaydı, mənim də belə bir anam olaydı, alnımdakı yara nədi axı, ürəyimdəki yarama açıb baxaydı, isti nəfəsilə məlhəm olaydı, “ana” deyəndə sız-sız sızıldaşan əzalarıma əlini çəkəydi, telimi sığallayaydı, gözümnən öpəydi... “Can, ay bala, deyəydi...”
ARƏSTƏ
Bir uşaq var taborda. Lap körpə kimidir. Hələ 17 yaşı var. Bura qaçıb gəlib ailədən xəbərsiz. Uşaqlar aparıb iki dəfə onu qoyublar arxa cəbhədə, yenə qaçıb gəlib. Axırı dedilər ki, qoy Bacıya kömək eləsin yaralıları atəş altınnan çıxartmaqda.
Bir gün özünə güllə dəydi. Lap böyrümdə snayper gülləsinə tuş gəldi. Əli ilə qıçının arasını tutub bağırırdı. Anladım ki, yuxa yerinə dəyib. İndi nə qədər edirəm, şalvarını aşağı çəkməyə qoymur, o vəziyyətdə belə utanır. Axırı uşaqlardan birini çağırdım ki, gəl bunun şalvarını çək, yarasına pambıq basım, sarıyım, yoxsa qan aparacaq...
Bax, burada uşaqlar mənə nəinki hörmət qoyurdular, hətta mənnən utanırdılar. Bu günlər ərzində bu uşaqların ağzınnan bir kəlmə ədəbsiz söz eşitmədim...
SİRAC
Müharibə başlayan günnən evdən çıxmışam. Ürəyim partlayırdı.
Evdə qala bilmədim. Qalıb neyləyəydim axı? Yol maşınlarıynan qaçıb gəlmişəm döyüş bölgəsinə. Mən gəlirəm, zabitlər tutub maşına qoyur, geri göndərirlər. Allah köməyi olsun, axırı Bacıya yalvardım, məni burda saxladı. Dedim çay qoyaram, xörək bişirərəm, silah-sursat daşıyaram, odun doğrayaram, səngər qazaram... Yaşım düşənnən sonra da gedərəm döyüşə. Bacı mayorla danışdı, bir təhər onu razı sala bildi. Düzdür, lap qabağa getməyə qoymurlar, amma nə olsun? Güllələr qulağımın dibinnən vıyhavıyla uçuşurlar. Qəti qorxmuram. Əsgər Mirələmov hərdən avtomatını verir, söküb-yığıram. Hərdən də boş olanda mənə nişan atmağa icazə verirlər. Düzdür e, yaxşı ata bilmirəm, amma nolsun, əsas odu ki, avtomatdan atıram... And olsun allaha. Ön cəbhəyə getməyə qoysalar, düşmən öldürə bilərm. Nə var e, avtomatı ki, aldın qucağına, atacaqsan axırı ki. Bir vurmazsan, beş vurmazsan, axırı vuracaqsan. Əgər bir erməni öldürə bilsəm, dalısı gələcək...
Zəhrimar avtomata elə baxmayın e, çox ağırmış. Çooox. Özü də zəhmli silahdı. Bir şeydi ki, bir dəfə tətiyi çəkdin, erməni leş olur...
Sağ olsun bacını. Mənə oğlu kimi baxır. Ona kömək eləyirəm. Yaralıları daşıyıram, tənzifi doğrayıram, tampon qoyuram... İynə də vurmağı öyrənəcəm... Amma bunları on səkkiz yaşımacan eləyəcəm. Yaşım tamam olan kimi avtomatı salacam çiynimə, düz döyüşə! Söz vermişəm, ən azı on erməni öldürməliyəm!..
Bir gün gördüm, Bacı mayora deyir ki, bu uşağın adını siyahıya yazın, sabah başına bir iş gəlsə, nə olacaq? O da deyir, necə yazım, yaşı düşmür axı? Mənə cinayət işi açarlar e. Qayda var, qanun var...
Adım hələ ki, siyadıda yoxdu. Əh. Yoxdu, yoxdu də. Nolsun e... Əsas odur ki, mən burdayam. Düşmənə qarşı vuruşmasam da, vuruşanlara kömək eliyirəm... Bunlar müvəqqətidir. İnşallah, yaşım düşən kimi...
Bacı çağırır, gedim görüm nə deyir...
Oy, bu qadın kimdir? Ağ xalatda dağların başında dolanır... Ya gəlinlik libasındadır? Ya dumandı bəlkə? Mənə uzaqdan qadın kimi göründü... Eeeee... Vallah qadındır. Sinəsi üstündə fe... fenen... adını da yaxşı deyə bilmirəm, həkimlərdə olur e, bax onnan var boynunda. Vallah qadındır. Özüm ölüm qadındır... Bax, bax, hələ o gözəl gözləri, yumru döşləri...
-Sirac? Öz-özünə nə danışırsan?..
-Eeee... Bacı, bax, bir ora baxın... O dağın sinəsində bir ağ paltarlı qadın gəzirdi indi...
-Sirac, o dumandı. Qadın nə gəzir burda, özü də ağ paltarda? Gəl, təcili getməliyik, PDM aşıb, yaralımız var... Cəld ol!..
And olsun allaha ki, qadın idi... Ya mən dəli oluram, ya da...
Əsgərlər görsələr yenə lağa qoyacaqlar ki, mama uşağı qadınla dumanı səhv salıb...
OĞUL
Çox istədim ki, anam şəhid olmasın. Şəhid olmaması üçün gərək müharibəyə getməyəydi. Amma necə getməsin? Bəs onda o yaralı əsgərləri kim xilas edərdi? Telefonda danışanda deyirdi ki, şəhid olan əsgərlərin çoxu qan itirdiyinə görə şəhid olur... İlk yardım edilmədiyinə görə...
Hə də, hə. Orada yaralı əsgərləri xilas eləmək düşməni məğlub etməyə bərabərdir. Gərək yaralı əsgərlər sağalsın ki, şəhid olanların yeri boş qalmasın...
Anam bir dəfə ezamiyyətə gələndə bir bayraq alıb gətirmişdi. Dedi ki, bunu hərbi hissədən gətirmişəm balalarıma. Mən o vaxtdan o bayarağa anam kimi baxmışam. Onu anam bilmişəm. Ona görə də evimizin içində divardan asmışdıq. Hər yatanda bacımla onu öpüb yatardıq, səhər oyananda da qalxıb o bayrağı öpürük. Anamızın qoxusunu onnan alardıq...
Dava başlayannan bir gün sonra nənəmnən izin alıb bayrağı divardan açdıq, aparıb evimizin qarşısından asdıq. Biz axı əsgər ailəsi idik! Anamız orda döyüşürdü! Bu bayraq uğrunda döyüşürdü!..
XÜSUSİ TƏTİNATLI
Bir məqsəd vardı: irəli, yalnız irəli! Son nəfəsimizəcən bu mənfurları qırmaq! Qırmaq ki, bir daha çücərib üstümüzə gəlməyə cəhd etməsinlər... Hədəf isə Şuşa idi. Oranı da ki, top-tüfəngsiz tutmaq əmri verilmişdi. Axı ora bizim şəhərdir. Şəhər deyil e, şəhərlər şəhəridir. “Qırmızı qoftalı, yaşıl tumanlı, başı dumanlı” şəhərimizdir. Biz xüsusi təyinatlılar maşın kimi olsaq da, Şuşa adı gələndə hamımız gövrəlirdik... Amma geri addım qoymurduq. Düşməni qoyun kimi qabağımıza qatıb qovurduq... Bu döyüşdə bir neçə dəfə yaralanmışam. Hamısında da uzağı iki gün “medpunk”da müalicə alıb, yenə döyüşə qatılmışam... Bu dəfə isə ayrı cür oldu. Top gülləsi qolumu apardı. Qırılıb yanımdan sallanırdı. Bacı özünü yetirib qolumu qaldırdı, yerinə qoyub sarıdı və gördüm ağlaya-ağlaya göstəriş verir ki, bunu tez arxaya aparaq, təcili əməliyyat olunmalıdır...
Gözümü palatada açanda bacı da başımın üstündə durmuşdu. Axı o, adətən yaralıları həkimlərə təslim edib qayıdırdı. Mənə iynə vursalar da həkimlərin danışıqlarını eşidirdim. Gördüm bizim Bacı ağlaya-ağlaya həkimə deyir:”Doktor, yolda gələndə ona məcbur qalıb morfi vurdum. Sayaqlayıb deyirdi ki, nə olar qolumu kəsməyin. Mən hələ üzümü görmədiyim körpəmi qucaqlamamışam...”
Palatanı hönkürtü səsi bürüdü.
Hətta yaşlı həkim də ağladı və bərkdən dedi: “Qorxma, oğlum! Mən qırılıb yerə düşmüş qolu, qıçı yerinə tikən həkiməm. Qolunu anadangəlmə edəcəyəm...”
On gündür burdayam. Nə bacıdan, nə döyüş dostlarımnan xəbərim var. Görəsən, döyüş necə gedir? Bacı gəlsəydi, dəqiq məlumat öyrənərdim... Ürəyim partlayır. Əlimdə əlacım olsa, bu saat palatadan qaçıb gedərəm. Sadəcə, qolum uyşmayıb hələ. Söz var ki, məni Mingəçevirə, yaxud Bakıya qospitala göndərəcəklər. Gözüm qapıdadır. Bacı gəlsəydi, doğru-dürüst məlumat alardım bizim uşaqlar barədə... Ürəyim səksəkədədir...
POLKOVNİK
Burda bir qız var. Sağ olsun, o gələnnən onlarla yaralı əsgərimizi ölümnən xilas edib. Amma dünən baxıram ki, döyüşün ən ağır nöqtəsindədir. Yanına bir minamyot düşsə, yaxud düşmən snayperinə tuş gəlsə, biabır olacağıq. Deyəcəklər ki, azərbaycanlıların kişiləri qırılıb qurtarıb, indi də qadınları vuruşur... Qadağan elədim ona çox irəli getməyi. Deyəsən, xətrinə dəydim. Amma nə edim? Düzü, zabit şərəfimə toxundu bir türk qızının döyüşün ağır nöqtəsinə girməyi...
Əslində, qürurverici faktdır. Köhnə kitablarımızda, dastanlarımızda qadınlar öz ərləri, qardaşları ilə birlikdə döyüşdə iştirak ediblər. Bəlkə biz o dastanlarımıza yenidən qayıdırıq? İndi belə şeyləri düşünməyə mənim vaxtım yoxdur, amma ağlıma gələni dedim...
Vallah, bu xanıma halaldır!
Bunların hesabına yeni tarix yazırıq. İtmiş ənənələrimizi, hərb mədəniyyətimizi, döyüş estetikamızı bərpa edirik. Hə, vallah. Harda qadın var, orada estetika var. Başımı tibbi çadıra saldım, hər yan gül kimi. Bu od-alovun içində təmizliyə baxın. Könlüm atlandı canımçün!
Biz hərbçilər bir az köntöy, nahamar oluruq axı. Sərtliyimiz, əslində qələbəmizin əsasıdır. Amma çox sərtlik insanı qabalaşdırır...
Qəflətən bu od-alovun, qan-qadanın içində bir xanım görmək, hər şeyi, o cümlədən səni də dəyişdirir. Baxıram ki, əsgərlər, zabitlər onun yanında vid-fasonlarına fikir verir, hərəkətlərinə çəki-düzən verirlər. Elə mən özüm də onu görəndə bir az danışığıma fikir verməyə başlamışam. Qabalıq etmirəm. Döyüşçüləri acılamıram...
Bizim zamanımızda bir film vardı, özü heç, amma adı maraqlıydı: “Toz içində çiçək.” Bu xanıma yaraşır o ad...
ARƏSTƏ
Təzə kambriq gəlib. Üstümə qışqırır ki, niyə döyüşün qızğın nöqtəsinə girmisən?! Guya kefimnən girmişəm... Mən də bir əsgərəm, vətəndaşam. Bu torpaq mənimdir axı. Onun üstündə qanını axıdan əsgərin qanaxmadan ölməsinə necə dözüm?!
Az qaldım mən də qışqıram ki, siz heç bilirsiniz Gültəkin Əsgərova kimdir? Amma qışqırmadım təbii. Elə qızarıb ürəyimnən keçirdim dilimə gələnləri...
“Hardan biləsiniz? Hamının başı qarışmışdı pul yığmağa, rüşvət almağa, bir-birinizə böhtan atmağa, danos yazmağa, şərləməyə. Azərbaycan əsgəri hamısının üstünnən xətt çəkdi. Millətin itən yaddaşını bərpa etdi qəhrəman ordumuz. Dünənəcən toyda oynamaq üstündə dava salan uşaqlar bu gün torpaqlarımız uğrunda can verirlər. Bir əsgər vardı Elməddin adında, 53 kilo çəkisi... 53 kilo! Neynəsin, qarın doyunca çörək görməyib, əməlli əyin-baş yox... Hardan olsun çəki?.. Müftə yeyənlərin balaları kimi qarnı piy bağlamayıb. Götürməyiblər orduya ki, çəkin azdır, qayıt geri. Maşının banında, əsgərlərin arasında gizlənib, hardansa hərbi paltar tapıb (əyninə gələn paltar da yoxmuş), geyinib, dağda-daşda neçə gün gizlənib, taborun dalıncan sürünüb... Şəhid olan əsgərin silahını götürüb vuruşub... Axırda məsələnin üstü açılanda komandir bağışlayıb onu. Deyib qal, döyüş... O 53 kiloluq əsgər əlbəyaxa döyüçdə neçə ermənini gösümüzün önündə öldürdü...
Hə, Gültəkin Əsgərova... O bizim Milli Qəhrəmanımız, ali təhsilli həkimimiz, fəxr yerimizdir. Anasının danışığınnan eşitmişəm. 20 Yanvarda xalatlarının ayağı cırıq-cırıq imiş – gecələr yaralıların yarasına basmağa tənzif çatmayanda xalatının ətəyini cırıb, yaraya basırmış ki, xəstəni qan aparmasın...
O yeganə həkim olub ki, xalatlarının cibi olmayıb! Bilirsiniz bu nə deməkdir?!
Müharibə başlayan kimi dinc həkimlik işini tərgitdi, bircə balasını anasına verərdi, 1992-ci ildə Qarabağa yollandı. Turşsuda, Şuşada neçə-neçə yaralını ölümnən xilas etdi. Şuşa işğal olunanda əldə silah vuruşdu, yaralıları təxliyə etdi, Şuşa türməsinin qapısını öz əlləri ilə açıb məhbusları buraxdı ki, düşmən əlinə keçməsinlər. Gültəkin xanım Şuşanı sonuncu tərk edənlərdən olub...
Gültəkin mənim kumirimdir. Həmişə düşünürdüm ki, əgər əlimə fürsət düşsə, mən də onun həyat yolunu seçəcəyəm. Və seçdim də...”
Sizə bir sirr açım: o burdadır! Hə! Gültəkini deyirəm. Sirac adlı əsgərimizin gözünə görünmüşdü. Əlbəttə, o bilmədi kimdir, amma mən tanıdım! Odur, dayana bilməyib, bir ağ buluda dönüb dağların başından izləyir bizi...
(Davamı olacaq)
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
AZAD QARADƏRƏLİ - VƏTƏNİN YETİMİ (hekayə)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ