Edebiyyat.az » Proza » Əlişükür Cavadov - Lotereya.

Əlişükür Cavadov - Lotereya.

Əlişükür Cavadov - Lotereya.
Proza
admin
Müəllif:
12:38, 27 iyun 2021
1 881
0
Əlişükür Cavadov - Lotereya.





    Soyuq bir qış gününün günorta çağı idi. İş axtarmaqdan yorulmuş Rasim həmişə çay içdiyi kafeyə bu dəfə nahar etmək üçün daxil oldu. Əslində həftənin 5 gününü də, işləyirdi Rasim. Ancaq məvacibi 2 uşağı və həyat yoldaşından ibarət olan ailəsinin ehtiyaclarını ödəməyə çatmadığından həftəsonlarında da, işləmək üçün iş yeri axtarırdı şənbə-bazar günləri. Bu gün də, şənbə günü idi. Səhərdən günortayadək pay-piyada getmədiyi yer qalmamışdı. Yalnız mədəsində hiss etdiyi qazıntı hissi nahar vaxtının çatdığını ona xəbər vermişdi. Rasim kafeyə daxil olan kimi gözü adətən oturduğu yeri axtardı. Piştaxtaya yaxın dibində qazla doldurulmuş balonlar olan stol və ətrafındakı 4 stul boş idi. Yorğun addımlarla stola yaxınlaşıb stullardan birini çəkib oturdu. Oturduğu stulun düz arxa tərəfindəki divarın küncünə qoyulmuş qaz balonlarına baxıb - bir gün partayıb hamımızı öldürəcək bu bunlar - deyə narazılıqla düşündü. Onun belə düşünməyinə səbəb 2 həftə bundan qabaq qaldıqları binaya qonşu olan binadakı mənzillərin birində bu cür balonlardan birinin partlayıb fəlakətə səbəb olması idi. Məktəbdə olduqlarına görə partlayışdan zərərsiz ötüşən, lakin ata-analarını biryolluq itirən  bacı-qardaşların fəryad dolu çığırtıları hər dəfə qazla doldurulmuş balon görən Rasimin gözləri önündə canlanırdı... Həmişə bu kafedə çay içən Rasimə ötəri nəzər salan ofisiant sual verdi:
-    Salam. Necəsən ? Çay gətirim ?
-    Salam. Sağlıqdı. Yox. Mərci  supu ver.
-    Yaxşı.
Fikirli halda pəncərədən çölə baxan Rasim qışın çöldə yaratdığı mənzərənin romantikliyini duymadan nahardan sonra cibində qalacaq pulu hesabladı. Kirayə pulunu verəndən sonra 150 manat pul qalırdı yerdə. Ayın axırına isə hələ 15 gün var idi. Apardığı hesabat ürəyini sıxdığından fikrini dağıtmaq üçün televizorda nə göstərildiyi ilə maraqlandı. Səsi alınmış televizorda lotereya verilişinin raklamı verilirdi. Rasim reklamı görən kimi yadına keçən həftənin bazar günü aldığı lotereya bileti düşdü. Bu bir həftə ərzində xrıda qayğılar onun başını elə qatmışdı ki, aldığı lotereya yalnız indi yadına düşürdü. Keçən bazar cibindəki son pullara almışdı həmin lotereyanı. Elə olmuşdu ki, lotereyanı alandan sonra soyuq, küləkli havada evə qədər olan 5 kilometr məsafəni nəqliyyata verəsi pulu olmadığından piyada getmişdi. Əlini döş cibinə aparıb dörd qatlanmış lotereya biletini yoxladı. Unudulmuş lotereya hələ də, öz müqəddəratını gözləyirdi. Bileti pul qabından çıxarıb üstünüdə oyunun çərşənbə günü baş tutduğunu oxudu. Sonra zehnini qurtdalayıb çərşənbə günü nə işlə məşğul olduğunu xatırlamağa başladı. Oğlu 2 yaşlı Ayxan bərk soyuqladığından başı onun müalicəsinə qarışmışdı həmin gün. Həkim gətirdib müalicə yazdırmışdı Ayxana. Belə bir vaxtda lotereya haqda fikirləşə bilməzdi Rasim. Sonra yenə lotereyanı aldığı günü xatırladı. Eynən bu günkü gün kimi səhər 9 tamamda evdən çıxıb şəhərin daha hərəkətli olan yerlərinə üz tutmuş, CV-sini bir neçə nüsxədə hazırlayıb açıq olan müəssisələrə təqdim etmək üçün özü ilə götürmüşdü. Qabağına çıxdıqca bazar günü işləyən müəssisələrin qapısını döyüb özünü təqdim edir, sonra nə üçün müraciət etdiyini deyib CV-sini verirdi. Çox yer bağlı olsa da, açıq olan müəssisələr də, vardı. 8 müəssiəyə yaxınlaşsa da, heç birindən ürək açan cavab ala bilməyib axırda da, yorğun düşmüşdü həmin gün. Artıq 3 həftə idi ki, bu minvalla keçirdi  Rasimin “istirahət günləri”. Subay vaxtı istirahət günləri ilə bağlı həvəslə planlar qurduğu halda  evlənib uşaq sahibi olandan sonra həvəsi, marağı qalmamışdı həftəsonlarına. Evdə hər addım başı qabağına çıxan ehtiyac kəlməsi özü istəməsə də, həftə sonlarını evdən kənarda keçirməyinə səbəb olmuşdu. Əslində ailəsinə bağlı, yoldaşını və iki uşağını həddindən artıq sevirdi Rasim. Ailəsi ilə vaxt keçirməkdən də, həmişə zövq alardı. Ancaq indi iş elə gətirmişdi ki, ailəsinin üzünü az da, olsa güldürmək üçün həftə sonlarını onlarla keçirməməli idi. Rasim həyatın onunla zarafat etdiyini düşünüb bəzən ironiya ilə acı-acı gülərdi halına... Bütün gününü səmərəsiz keçirib evə əli ətəyindən uzun formada  qayıdırdı ötən bazar. Avtobus dayanacağına az qalmış küçədə bir piştaxtanın arxasında havanın soyuq olmasına baxmayaraq zahirən elə eynən onun kimi cılız geyinmiş bir adamın lotereya bileti satdığını gördü. Həmin adamın yanından keçib avtobus dayanacağına çatıb dayandı. Təxminən 10 dəqiqə gözləsə də, avtobus hələ də, gəlmirdi. Keçən 10 dəqiqə ərzində gözlərini lotereya satana zilləyib uşaqlığını, uşaq olanda valideyinlərinin hər həftə lotereya bileti aldığını xatırladı. Hər cümə axşamı verilişin başladığı vaxt hamı televizorun qabağında əyləşib oyunun gedişatını sakitcə izləyərdi. Həmin vaxtlar udduqları ən böyük uduş 200 manat olmuşdu. 4-5 il oynadıqdan sonra eləbil lotereyadan  daha ümidlərini kəsib oynamağı dayandırmışdı valideynləri... Avtobus isə hələ gəlməkdə yox idi. Yaxınlıqdakı taksi sürücülərinin səsi bir, soyuq da, o biri tərəfdən tarıma çəkirdi əsəblərini. Əlini cibinə atıb puluna baxdı ki, görsün taksi ilə getməyə çatar yoxsa yox. Cəmi 1 manat pulu qalmışdı. Taksi isə 2 manata aparırdı. Daha dayanacaqda dayana bilməyib dayanacağın böyürünə keçdi ki, soyuq onu tutmasın. İndi bir addım daha yaxın idi lotereyasatana. Soyuqdan uyuşmuş bir halda, əlləri cibində, qaməti bükülü şəkildə dayanıb təxminən 5 dəqiqə də, gözlərini zillədi lotereyasatana. Əlavə  5 dəqiqə də, beləcə gözləyəndən sonra düşdüyü vəziyyətə görə qan vurdu beyninə, qəzəb onu elə boğdu ki, başını elə itirdi ki, şüursuz şəkildə zərər vermək istədi özünə. Başından dəli fikirlər hamısı bir-bir işıq sürəti ilə ötüşdü. Verəcəyi zərər həyati əhəmiyyətli ola bilməzdi. Uşaqları, ailəsi vardı. Ancaq bu anda içində yaranmış qəzəbi necəsə yatırmalı idi. Daha fikirləşməyin faydasız olduğu qənaəti ilə ovcunda tutduğu bir manatı var gücü ilə sıxıb lotereyasatana tərəf addımlamağa başladı. Bayaqdan lotereyasatanı izlədiyindən lotereyanı 1 manata satdığını bilirdi. Piştaxtanın qabağına çatıb dedi:
-    Salam. Ver birini.
-    Əleykim, bayaqdan baxmağından bilirdim ki, alacaqsan. 
-    Düz bilmisən.
      -   Səni Allah yetirdi, bayaqdan soyuğun, küləyin altında bu axırıncı bileti alan yox idi ki, mən də çıxıb gedəm evimə. Buyur. Xeyirli olsun.
      -    Sağ ol - deyib lotereyasatanın uzatdığı lotereya biletini alıb, ovcunda sıxmaqdan əzik üzük etdiyi manatı ona verdi.
Bileti soyuqdan titrəyən əllərilə birtəhər cibinə qoyub, quru küləyin ağuşuna aldığı küçəyə ilə qaranlığın içinə doğru addımlamağa başladı. Evə çatmaq üçün 5 kilometr yolu dayanmadan, iri və yeyin addımlarla nə arxaya, nə də soyuq və soyuğa yenicə qoşulmağa başlayan yağış üzünə vurmasın deyə qabağına baxmadan qət etməyə başladı. Düz evə qədər üzü küləyə və yağışa doğru beləcə gəldi. Evə çatanda boynu əyik qalmaqdan, ayaqları adət etmədiyi uzun yolu birnəfəsə gəldiyindən, sifəti külək və yağışın döyəcləməyindən ağrıyırdı. Uşaqlar yatsa da, yoldaşı Həmidə oyaq idi.
-    Salam. Günün necə keçdi ? – deyə Həmidə evə daxil olan Rasimdən soruşdu.
-    Belə də. Keçdi birtəhər. Uşaqlar yatıb ?
-    Hə yatıblar.
-    Nə gec gəldin ?
-    Avtobus gəlmədi. Bakı üçün deyil də, belə hava. Piyada gəlmişəm.
      -    Taksi ilə gələrdin heç olmaya. Bu havada piayada yol gələrlər ? Özündə bütöv susan.
-    Narahat olma heç nə olmaz mənə.
-    Yemək verim ?
     -     Yox. Yemişəm. Narahat olma – deyib, heç yeməyə də, həvəsi olmadığından bu dəfə yalan danışası oldu Rasim.
-    Yaxşı onda qurulan yataq. Səhər dura bilmirsən.
-    Yaxşı. Gecən xeyrə.
-    Sənində.
Ofisiant Rasimin sifariş verdiyi mərci supunu gətirib səliqə ilə süfrəyə qoydu. Rasim əlini döş cibinə atıb telefonunu çıxardı ki, lotereyada bir şey udub udmadığını öyrənsin. Əslində lotereyanı alanda udub-udmamaq haqqında fikirləşməmişdi heç. Heç ümidli də, deyildi udacağına. Lotereyanı almağa verdiyi qərar ümidə yox ümidsizliyə əsaslanırdı. Lotereyanı alanda özünü əmin etmişdi ki, uduş filan olmayacaq. Əksinə, son vaxtlar həyatın ona oynadığı oyunun əlinə onu hüsrana uğratmaq üçün daha bir səbəb verdiyini düşünmüşdü. Əsgərlikdə soyuğa dözməyi öyrəndiyi kimi, uşaqlığında da, təsadüfə bel bağlamamağı davamlı lotereya oynayıb uduzan valideyinlərindən öyrənmişdi. İndi isə, 1 manat pul verib lotereya bileti aldığına görə, sayta girib biletin udub udmadığını yoxlamalı idi. Ac-ac isti mərci supunun qoxusunun burnunu sığalladığı vəziyyətdə sayta girməkdən ötəri gözlədiyi hər saniyə başqa bir əziyyət idi Rasim üçün. Lotereya biletini alandan sonra evə qədər olan yolun əvvəlində başlayıb onu düz evə qədər müşayiət edən yağış cibindəki bileti də, özütək islatdığından biletin rəngi-ruhu qaçmışdı. Buna ötəri nəzər salan Rasim güclə ayırd edə bildiyi 4227653 rəqəmini lazım olan yerə yazıb “yoxla” düyməsini sıxdı. Sifətində əvvəldən əmələ gələn narazılıq ifadəsi  ilə telefonun ekranına baxırdı. Telefonun ekranındakı nöqtələr dairəvi formada fırlanıb eləcə qaldılar. İnternet də tutulmağa vaxt tapdı -  deyə pıçıltı ilə deyindi Rasim. Kafedəki vayfayın parolunu alıb yenidən cəht elədi. Ürəyində - özünə əziyyət vermək istəyirdin, buyur bu da, əziyyət. Çək nə qədər istəyirsən. İndi vayfay da, tutmasa nə qiyamət olar ? – deyə fikirləşərək başını yelləyib əsəbindən güldü Rasim. İnternetin surəti bu dəfə yaxşı olduğundan bir anda nəticə ekranda göründü. “Təbrik edirik. Siz cekpotu udmusunuz. Cekpotun məbləği 200 000 manat”. Bir əlinə götürdüyü qaşığı yerə qoyub telefonu iki əli ilə tutub ekrandakı yazını bir dəfə də, oxudu. “Təbrik edirik. Siz cekpotu udmusunuz. Cekpotun məbləği 200 000 manat” Ən yaxşı halda 2-3 ya 10 manat udacağını gözlədiyi halda ekranda belə bir yazının peyda olmağı onu çaşdırmışdı. Necə yəni Təbrik edirik. Siz cekpotu udmusunuz ? Belə şeylər həyatda olur ?- deyə ürəyində öz-özünə sual verdi Rasim.  Gözlərini 2-3 dəfə bərk-bərk qırpıb  həyəcandan əsən əlləri ilə tutduğu telefonun ekranındakı yazını təkrar-təkrar oxudu. Telefonun ekranında yazılan 3 cümlənin mənasını yavaş-yavaş dərk etməyə çalışdı. Ürəyi sinəsindən qıraqda döyünürdü elə bil. Sol əlini ürəyinin üstünə qoyub özünü sakitləşdirməyə çalışdı. Bir tərəfdən də, şüurunu özünə yönəltdi ki, qəbul etdiyi məlumat onu havalandırmasın. Nə də olmasa birinci dəfə idi ki, belə şey başına gəlirdi. Həmişə hər şeyin ola biləcəyini bir çox şey görə-görə öyrənmişdi həyatdan. Hərbi xidmətdə kəşfiyyat bölüyündə olanda indiyədək özü və döyüş yoldaşlarından başqa heç kimin bilmədiyi elə şeylər görmüşdü ki,  bu gün yatıb durduğu, yeyib içdiyi adamın sabah həyatda olmadığını daha asanlıqla qəbullana bilərdi nəinki, indi öyrəndiyi şad xəbəri qəbullanmağı.
    Telefon və lotereya biletini zamokla bağlanan gödəkcəsinin yan cibinə qoyub zamoku axıra kimi çəkdi. Yeməyi yemədən pulunu verib içində baş qaldıran uşaq sevinic ilə kafedən çıxıb səki ilə getməyə başladı. Birdən hara getdiyini özünə sual verib dayandı. Təkrar bileti cibindən çıxarıb lotereya oyununu təşkil edən şirkətin ünvanını onun üzərindən oxuyub müəyyən elədi. Həmin ünvana marşrutla 15, taksi ilə 10 dəqiqəyə gedə bilərdi. Taksiyə əyləşib ünvanı dedi. Yol boyu pəncərədən çölə baxıb fikirlərini ayırd eləməyə çalışdı. Başına gələn bu hadisənin mahiyyətini qavramaq asan olmasa da, həddən ziyadə xoş idi Rasimə. Bayaq kafenin pəncərəsindən bayıra baxıb görmədiyi qışın romantik abu havasını indi maşının pəncərəsindən görə bilirdi. Ağ qara həyatı birdən al əlvan rənglər ilə rənglənmişdi. Nə baş vermişdi ? Lotereyada pul udmuşdu. Özüdə çox pul. Bu qədər pulla o nə edəcəkdi ? Bu suala o, indi düz əməlli cavab verə bilməzdi. Cekpot barədə düşünəndə gözünün qabağına tək pul yox, daim gülən, çoxlu oyuncaqlarla, istədikləri naz nemətlə əhatə olunmuş övladları, həmişə yemək-içməyin yaxşısını uşaqlarına verib özünü düşünməyən yoldaşı Həmidənin parlayan baxışları, özlərinin olacaq mənzilləri, kirayə ilə bağlı ödəniş qayğısından azad olacağı, rayondakı ata-anasına faydası toxunacağı gəlirdi. Sanki, maşında getmir, qanad açıb uçurdu. Bütün ehtiyaclarını ödəyəndən sonra əgər yerdə pul qalarsa, o pula nə edəcəyinə isə cavab tapa bilmədi. Heç çox fikirləşmədi də, bu barədə. Bayaqdan düşündüyü şeylərin hamısının bir addımlığında olmağı onu sanki, ikinci dəfə dünyaya gətirmişdi. Bəlkədə qayğılarsız sözü artıq olardı amma indiki qayğıları ilə müqayisədə demək olar ki, qayğılarsız həyatı olacaqdı. Sevincindən nitqi də, tutulmuşdu. Yol boyu bir neçə dəfə telefonla Həmidəyə sevincli xəbəri vermək istəsə də, danışmaq ixtiyarında olmadığını yəqin eləyib zəng vurmadı. Taksi lazım olan ünvana çatıb dayandı. Rasim tez-tələsik taksinin pulunu verib binaya girdi. Girişdəki şüşəbəndin arxasında oturan mühafizəçi yorğun halda Rasimə baxıb 
-    Nə lazımdır ? – deyə soruşdu.
-    Salam. Lotereyada udmuşam.
-    Maşallah udanlar çoxalıb axır vaxtlar. Dünən də, biri gəlmişdi.
-    Kimə yaxınlaşmaq lazıdır ?
-    Bu gün yarım iş günüdü, biraz tez tərpənsən ikinci mərtəbədə 25 nömrəli otaqdakı işçi getməmiş  onu haqlaya bilərsən.
-    Çox sağ ol.
-    Muştuluğum səndədi ha.
-    Arxayın – deyib pilləkənləri iki-iki qalxmağa başladı Rasim.  25 nömrəli otağı tapıb qapısını döydü. İçəridən telvizorda gedən xəbər proqramının səsi gəlirdi. Rasim qapını döyəndən sonra televizorun səsi azaldı və içəridən. 
-    Gəl – səsi eşidildi. Rasim qapını açıb son dərəcə həyəcanlı halda içəri girdi.
Qorxurdu ki, həyəcandan danışa bilməyəcək. Otaqda olan gənc oğlan
     -  Salam. Buyurun. Nə üçün gəlmişdiniz ? – sualını verəndən sonra Rasim sevincindən səsində əmələ gələn titrəyişlə .
     -    Salam. Uduşla, həftənin ikinci günü baş tutan oyundakı cekpotla bağlı narahat eləyirəm.
-    Hə. Nə olub o cekpota ?
-    Onu mən udmuşam.
-    Necə?
-    Cekpotu udmuşam.
-    Sizi başa düşmürəm.
      -  Nəyi başa düşmürsünüz ? Mən ki, qəliz danışmıram. Deyirəm ki, cekpotu udmuşam – deyib zamoklu cibindəki bileti çıxarıb oğlana uzatdı – Buyurun bu da, bilet. Yoxlayın onda başa düşərsiz – dedi Rasim. Önündə dayanan gəncə baxıb ürəyində - görəsən bu məni niyə başa düşmür ? - sualını verdi öz-özünə. Ya da, başa düşür ancaq kiminsə hesabına gəlib kresloda oturduğuna görə heç nədən xəbəri yoxdu.
     -    Siz səhv edirsiniz bəy.
     -    Necə yəni səhv edirəm ? Nəyi səhv edirəm. Buyur yoxla gör mən səhv edirəm yoxsa sən səhv edirsən – deyib bileti cavan oğlana uzatdı Rasim.
     -  Cekpkotu udan adam dünən gəlmişdi. Biletinin surəti də buradadı – deyib çəkməcənin üst gözünə qoyulmuş lotereya biletinin surətini Rasimə göstərdi.
     -    Axırıncı dəfə 10 dəqiqə əvvəl özüm yoxlamışam biletimi – deyib oğlanın sözündə bayaq qurduğu xəyallara qarşı təhlükə hiss edib onun sözü ilə razılaşmadı Rasim.
      Verin baxım deyən oğlan Rasimin uzatdığı əzik bileti alıb digər biletlə tutuşdurdu.
-    Biletiniz niyə belə əzikdir ?
-    Yağış isladıb.
-    Adınız necə oldu ?
-    Rasim
     -     Rasim bəy baxın sizin biletlə uduşlu biletin  422765 rəqəmləri tamamilə üst-üstə düşür amma sonuncu rəqəm... Bu rəqəm 3-ə həddən artıq oxşasa da, çox güman ki, 3 deyil. Ya 8 ya da 9-dur.  Daha doğrusu 8 yaxud da, 9 olub, bilet islanandan sonra isə rəqəmin bir hissəsi pozulub – deyib tez qarşısındakı kompyuterin ekranında Rasimin biletinə baxıb hansısa rəqəmləri yazmağa başladı.
     -    Aha. Budur düz demişəm. Sizin biletin sonuncu rəqəmi 9 imiş. Udduğunuz məbləğ də, 200 manatdır.
     -      Çox təəssüf eləyirəm amma reallıq budur. Buyurub özünüz də, məlumatla tanış ola bilərsininz – deyib kompyuterin ekranını Rasimə tərəf çevirdi oğlan. Rasim də ciddi cəhtlə kompyuterin ekranındakı yazını oxumağa girişdi ki, bəlkə bir səhv tapıb cekpotu udduğunu cavan oğlana sübut edə. Ekranda yazılan yazını dəfələrlə əvvəldən axıra qədər oxusa da, həqiqətən də, sonuncu rəqəmin 9 olduğunu görüb gəncin düz dediyini ağır da, olsa başa düşdü.
Aldığı məlumatlardan sonra yanında olan stola çöküb key-key önündəki divara baxdı Rasim. Bir qədər əvvəl qəlbində doğulan sevinclər elə indicə doğulduqları sürətlə də, bir-bir ölürdülər. Bir gəmitək batırdı hamısı buzlu, soyuq, qara suların ağuşunda. Taksi ilə gələndə qurduğu bütün xəyallarını kimsə yerə atıb tapdayırdı sanki. Uşaqlarının, Həmidənin gözündəki sevinci, parıltını daha görə bilmədi onları xəyalında canlandıranda. İndi yenə də, hər ayın beşi 250 manat kirayə pulu verməli, şənbə-bazar günləri əlavə iş axtarmaq üçün evdən çıxmalı, monoton, rəngsiz həyatına davam etməli idi. Yenə də, kifayət qədər vaxt ayıra bilməyəcəkdi özünə, ailəsinə, kömək ola bilməyəcəkdi valideyinlərinə. Rasimin ruhu içində əmələ gələn dağıntının altında elə qalmışdı ki, gedib-gələn nəfəsindən başqa heç nədə həyat əlaməti görünmürdü. Onun halını görən cavan oğlan yan otağa keçib bir stəkan sərin su gətirdi Rasimə. 
     -     İçin narahat olmayın. Yenə bilet alarsız. Bu dəfə cekpotu həqiqətən də, udarsınız inşallah. 200 manat da, pis pul deyil . Ümidinizi üzməyin həyat davam edir bu elə ən böyük cekpotdur – dedi gənc oğlan.
      -     Rasim isə nə suyu aldı, nə də bir reaksiya verdi. Ruhunu əzən dağıntının altında elə qalmışdı ki, qımıldana da, bilmirdi. Taksidə olanda təsəvvüründə yaratdığı reallığı elə qəbullanmışdı ki, indi bu reallığın yerlə bir olduğunu görmək onu qurudub heykələ döndərmişdi.  Bayaqdan onu sevincdən göyə qaldıran qanadları sınmışdı  indi.  Qanadlarından axan qan qəlbinə cığır açmışdı. Artıq gənc oğlanında deməyə sözü qalmadığından o da, susumağı seçdi. Otaqda yalnız çox cüzi tonda olan televizorun səsi eşidilirdi. Televizorda hansısa bədbəxt hadisədən, dağıntıdan, partlayışdan, ölənlərdən danışılırdı. Dağıntı görüntülərinin fonunda danışan jurnalist “ləziz dad” kafesinin adını çəkdi. Otaqda sükut olduğundan aşağı səs tonunda da, olsa bu adı  eşidi Rasim. Tez donuq baxşılarını televizora tərəf çevirib xəbərə diqqət kəsildi. Televizorda daxilindəki çöküşə oxşar, lakin ondan qat-qat faciəvi bir mənzərə gördü. “Ləziz dad ” kafesi bayaq naharını yarımçıq qoyub gəldiyi kafe idi. Gənc oğlanın üstünə qışqıraraq - - televizorun səsini artır - dedi. Oğlan Rasimə təəccüblə baxıb televizorun səsini artırdı. Binanın önündə əlində mikrafon tutmuş jurnalist xəbəri şərh edirdi. “Bu gün saat 14:05 radələrində Bakı şəhəri, X rayonunun, Y qəsəbəsinin Z küçəsində yerləşən “Ləziz dad” kafesində kafedəki propan qazı ilə doldurulmuş 3 ədəd 20 litrlik balonun partlaması nəticəsində balonun yerləşdiyi kafe, kafenin sağındakı gözəllik salonu, solundakı ticarət obyekti tamamilə dağılmış, kafedə olan 2 işçi ilə 6 müştəri, gözəllik salonu və ticarət obyektində isə ümumilikdə 4 nəfər hadisə yerindəcə keçinmiş, sağ qalan 8 nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdir. Partlayış kafedə olduğundan kafedə təəssüf ki, sağ qalan olmamışdır. Hadisə 4 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən kafedə olduğundan kafenin üstündə yerləşən mənzil də, partlayışın təsirindən tamamilə uçaraq birinci mərtəbəyə çökmüşdür. Jurnalistin veridiyi xəbəri bir nəfəsə qəbul edən Rasim bu günün nə isə adi bir gün olmadığı qənatəinə vardı. Həyatında heç vaxt bu qədər qısa vaxt aralığında bu qədər çox və bir-birinin ziddi olan hadisələr baş verməmişdi. İçində bu gün üçüncü dəfə hər şey yer dəyişdirdi. Bayaqdan daxilindəki çöküntünü seyr edən Rasim indi həqiqi çöküntünü , bədbəxtliyi televizorun ekranında yaxınlarının vəfatına görə özünü paralayan insanların gözlərində görürdü . Bəd xəbəri izləyənə qədər yaşadığı çöküş televizorda gördüyü mənzərənin yaratdığı təəssüratın yanından belə keçmirdi. Eyni vaxtda həm də, sevinirdi Rasim. Həyatında heç vaxt bəd xəbərin onu bu qədər sevindirəcəyini zənn etməsə də sevinirdi. Bayaq cekpotu udduğunu zənn eləyəndə keçirdiyi sevinc hissi də, indi keçirdiyi sevinc hissinin yanından keçmirdi. İki hissi eyni anda bu şiddətlə nə vaxtsa yaşamamışdı Rasim. Üzülürdü ona görə ki, gördüyü mənzərə onu üzməyə bilməzdi, sevinirdi ona görə ki, həyatda idi, həyat davam edirdi. İndiki sevinci insanların öz aralarında təyin etdiyi uduşa bağlı olan sevinc deyildi. Həyata, Allahın verdiyi nemətə bağlı olan sevinc hissi idi. Ailəsi gəldi gözünün önünə. Düzdü onlara çox pul verə bilməyəcəkdi, maddi vəziyyətləri eyni cür qalacaqdı. Amma onlarla yenə də, bir damın altında ola biləcəkdi. Tək onları yox, ata-anasını da, səmanın göy rənginidə, uçan quşları da, yerdəki otu da, çiçəkləri də, var olan bütün başqa şeyləri də görə biləcəkdi, nəfəs ala, toxuna, yeriyə, danışa, övladlarını qucağına alıb onları qoxlaya, həyat yoldaşının saçını oxşaya biləcəkdi. Yaşaya biləcəkdi, yaşamağın var olmağın sevinci içindəydi və bu sevincin bayaq cekpotu udduğunu zənn edəndə keçirdiyi sevinclə müqayisə olunmayacaq  dərəcədə böyük olduğunun fərqində idi. Ən böyük cekoptun elə yaşamaq olduğunu, heç bir pulun həyatla müqayisə olunmadığını dərk etdi. Cekpotu udsaydı yaxşı bir həyata qədəm qoyacaqdı bəlkə də, amma indi yaşadığı həyata nə olmuşdu ? Qolundakı saatına baxdı. Saat 13:59-u göstərirdi. Oturduğu stulun yanında divarın dibinə qoyulmuş 3 ədəd 20 litrlik balonu düşündü. 10 dəqiqə əvvəl oradan cekpotu udduğunu zənn eləyib qalxmasaydı həlak olan ilk adam  o olacaqdı. İndi isə kafedə xilas olan tək adam o idi. Önündəki stolun üstünə uduşlu biletin surətinin yanına qoyulmuş öz əzik biletinə baxıb yanında dayanan oğlana 
      -    Əsl cekpotu bu bilet udub, mən həqiqətən də, cekpotu udmuşam - dedi ağlaya- ağlaya. Gənc oğlan da, onu qucaqlayan adamın havalandığını güman eləyib çaşqın halda əlləri yanında dayanaraq Rasimə maneə olmadı. Rasim ona ikinci həyatı bəxş edən bileti xatirə kimi özündə saxlamaq üçün götürüb çıxışa doğru yönəldi. Qapıda bayaq onu qarşılayan yorğun baxışlı mühafizəçi onu görüb gülərək sual verdi:
-    Müəllim muştuluğum hazır ?
-    Əlbəttə - deyib,  mühafizəçiyə yaxşı bir muştuluq da, verdi Rasim.



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)