Sveyq Dostoyevski və onun yaradıcılığı haqqında
Proza
Sveyq Dostoyevski və onun yaradıcılığı haqqında
1844-cü ildə (əslində Dostoyevskinin ilk romanı olan "Bədbəxt İnsanlar" 1946-cı ildə yazılıb –tərc.) 24 yaşında olan yalqızların ən yalqızı, "qızdırmalı bir ehtirasla, az qala gözyaşları içində" bu usta işi olan insanlıq əsərini yazdı. Ən böyük utancaqlığı olan yoxsulluq yaratdı onu, ən böyük qüdrəti olan ağrıya qarşı sevgisi, sonsuz mərhəməti də qutsadı. Yazılı səhifələrə güvənsizliklə baxdı. Orada taleyə verilmiş bir sual olduğunu, bir qərar veriləcəyini sezirdi. Çətinliklə şair Nekrasova əlyazmalarını nəzərdən keçirmək üçün aparmağa qərar verdi. İki gün heç bir xəbər çıxmadı. Gecələri tək başına evdə oturub düşünür, lampanın qazı bitənə qədər işləyirdi. Birdən-birə gecə saat dörddə qapının zəngi hərarətlə çalındı və Nekrasov çaşqınlıqla qapını açan Dostoyevskinin qollarına atıldı, boynuna sarıldı, öpdü və təbrik etdi. Nekrasov və yoldaşlarından biri əlyazmanı bir-birinə oxumuş, bütün gecə dinləmiş, sevincdən dəli olmuş və ağlamışdılar. Axırda dözə bilməyib, gəlib onu qucaqlamaq istəmişdilər. Bu, Dostoyevskinin həyatının ilk saniyəsi idi. Gecə yarısı çalınan bu zəng onu şöhrətə çağırırdı. Səhərin ilk işıqlarına qədər alovlu sözlərlə xoşbəxtlik və coşğularını paylaşarlar. Ardınca Nekrasov Rusiyanın ən böyük tənqidçisi Belinskinin yanına tələsər. "Yeni bir Qoqol doğuldu," – deyərək qışqırar hələ qapıdaykən, əlyazmaları bayraq kimi yelləyib. "Sizə qalsa, Qoqollar göbələk kimi yerdən çıxacaq," – deyə donquldanar etibarsız tənqidçi, belə bir həyəcana hirslənərək. Amma ertəsi gün Dostoyevski onu görməyə gələndə olduqca dəyişmişdir. "Yaxşı, siz burada nəyi bacardığınızı dərk edirsinizmi?" – deyə həyəcanla qışqırar olduqca çaş-baş qalmış gəncə. Dostoyevski dəhşətə qapılar, bu yeni və ani şöhrət onda şirin bir ürpərti yaradar. Yuxudaymış kimi enər pilləkənləri, küçənin tinində titrəyərək ayaq üstə dayanmağa çalışar. Ürəyini sıxan bütün bu qaranlıq və təhlükənin güclü bir şey olduğunu, uşaqlığındakı naməlum "böyüklük" xəyallarının ölümsüzlük olduğunu, bütün dünya üçün ağrı çəkmək olduğunu ilk dəfə hiss edər, amma buna inanmağa cəsarəti çatmaz. Coşğu və vicdan əzabı, qürur və təvazökarlıq sinəsində qeyri-müəyyən halda dövrə vurub dayanır; hansı səsə inanacağını müəyyən edə bilməz. Sərxoş kimi küçənin önündən keçər, gözyaşlarına xoşbəxtlik və ağrı qarışar.
Dostoyevskinin yazıçı kimi kəşfi bu cür melodramik bir formada reallaşar. Burada da həyatının forması əsərlərininkini əsrarəngiz şəkildə təqlid edər. Hər iki tərəfdəki kobud konturlarda da bir ayrılıq romanının banal romantizmi, taleyin şillələrində uşaqcasına primitiv bəzi şeylər vardır və yalnız daxili böyüklük və həqiqət onları möhtəşəm ölçülərə çatdırar. Dostoyevskinin həyatında ümumiyyətlə başlanğıc melodramdır, amma axırda həmişə tragediyaya çevrilər. Hər biri müəyyən gərginliklə reallaşar. Qərarlar hər hansı bir keçid olmadan saniyələrə sıxışdırılmışdır; belə on yaxud on beş sərxoşluq və ya yıxılma saniyəsiylə sabitlənmişdir taleyi. Həyatının epilepsiya tutmaları – bir saniyəlik sərxoşluq və ardınca huşunu itirərək yerə yıxılma – da deyilə bilər bunlara. Hər sərxoşluğun arxasında sakitləşən duyğunun boz alacaqaranlığı təhdidkar şəkildə dayanar və buludlu havalardan etinayla yeni, öldürücü bir həyat şimşəyi hazırlanar. Hər cür yüksəliş bir enişlə və bu bir saniyəlik lütfkarlıq mexanizmdə meydana gələn bir çox ümidsiz saat və kədərlə ödənər. Belinski tərəfindən başına qoyulan bu halə, bu şöhrət də eyni zamanda ayağa vurulan zəncirin ilk halqasıdır. Bu zəncirə vurulan Dostoyevski işin həmin ağır gülləsini həyatı boyunca daşıyacaqdır.
"Bəyaz Gecələr" onun azad bir insan kimi, sırf yaratma sevinciylə yazdığı ilk və eyni zamanda son kitabı olmuşdur. Yazmaq o andan etibarən onun üçün bu mənalara da gəlir: qazanmaq, qaytarmaq, ödəmək. Çünki o andan başlayaraq yazdığı hər əsər ilk sətirindən etibarən avansla girov alınmış, daha doğulmamış uşaq kölə kimi satılmışdır. Artıq əbədi olaraq ədəbiyyatın zindanına salınmış, ömür boyu həbs edilən adamın azadlıq fəryadları ümidsizcə əks-səda vermiş, ancaq ölüm onun zəncirini qıra bilmişdir. İşə yeni başlayan Dostoyevski hələ ilk həzdəki ağrını sezməz. Bir neçə qısa roman tez yazılıb bitirilmiş və dərhal yeni bir roman planlaşdırılmağa başlanmışdır belə.
Bu məqamda tale barmaq silkələyərək onu xəbərdar edər. Hər vaxt oyaq olan şeytanı həyatın onun üçün çox da asan olmasını istəməz. Elə bunu da dərindən anlasın deyə, onu sevən Tanrı Dostoyevskini imtahandan keçirər. Yenə bir vaxtlar olduğu kimi gecə yarısı qapının zəngi ağır-ağır çalınar, Dostoyevski çaşqınlıqla qapını açar, amma bu səfər həyatın səsi, coşğulu bir yoldaş, şöhrətin xəbərçisi deyil qarşısındakı, əksinə ölümün çağırışıdır. Zabitlər və kazaklar otağına soxularlar, onu həbs edərlər, kağızları möhürlənər. Müqəddəs Pavel qalasındakı hücrədə dörd ay qalar, günahının nə olduğunu bilmədən: bir neçə həyəcanlı yoldaşın yığıncağında iştirak etməkdir bütün günahı. Sonradan bu yığıncaqlar şişirdilərək Petraşevski sui-qəsdi kimi xarakterizə edilmişdi. Həbs olunması şübhəsiz ki, anlaşılmazlıqdı. Yenə də birdən-birə ən ağır cəzaya, güllələnərək öldürülməyə məhkum edilər.
Taleyi yenə bir saniyəyə sıxışar, bu səfərki həyatının ən sıxıntılısı, ən zəngini olacaq – həyat və ölümün alovlu bir öpüş üçün bir-birinə dodaqlarını uzatdığı sonsuz bir saniyədir bu. Dan yeri ağararkən doqquz yoldaşıyla birlikdə həbsxanadan çıxarılar, əyninə edam köynəyi geyindirilər, əlləri və ayaqları dirəyə bağlanar və gözləri bağlanar. Ölüm fərmanının oxunduğunu və təbillərin çalınmağa başlandığını eşidər – bütün taleyi kiçik bir gözləmə anına sıxışdırılmışdır – zamanın bir molekulunun içinə sonsuz ümidsizlik və sonsuz həyat ehtirası sığdırılmışdır. O anda zabit əlini qaldırar, ağ dəsmalı yelləyər və ölüm cəzasını Sibirdə həbs cəzasına çevirən əfvi oxuyar.
Bu dəfə gənc yaşda qovuşduğu həmin ilk şöhrətdən diyirlənib adsız bir uçuruma düşər. Palıd ağacından düzəldilmiş min beş yüz dirək dörd il ərzindən bütün üfüqünü məhdudlaşdırar. Onlara nişan qoyaraq, hər gün göz yaşları ilə dörd dəfə üç yüz altmış beş günü sayar. Yoldaşları günahkarlar, oğrular və qatillərdir; işi mərmər cilalamaq, kərpic daşımaq, qar kürüməkdir. Oxunmasına icazə verilən yeganə kitab olan İncil, qotur bir it və qanadları tutmayan bir qartal yeganə dostlarıdır. Dörd il ərzində ölülər evində, yeraltında, kölgələr arasında kölgə kimi, adsız və unudulmuş biri kimi yaşayar. Zəncirləri yaralı ayaqlarından açıldığı vaxt və dirəklər qəhvə rəngi və çürük divar kimi ardında qaldıqda, artıq o tam fərqli birisidir: sağlamlığı pozulmuş, şöhrəti uçub getmiş, mülkiyyəti yox olmuşdur. Təkcə yaşama sevinci itmədən, sarsılmaz olaraq qalmışdır: sərxoşluğun yandırıcı alovlarıyla yoğrulmuş bədəninin əriyən şamından hər zamankindən daha parlaq şəkildə fışqırmaqdadır. Daha bir neçə il Sibirdə qalmaq məcburiyyətindədir, yarı azad və tək bir sətir belə çap etdirməsinə izn verilmədən. Sürgündəykən, ən ağrılı ümidsizlik və təklik içində, xəstə və əcaib bir qadın olan və onun mərhəmət dolu sevgisinə istəksizcə cavab verən ilk arvadıyla həmin qəribə evliliyi reallaşdırar. Bu qərarda özünü fəda etmə kimi qaranlıq bir faciə yatmaqdadır və yalnız "Əzilənlər" kitabındakı bəzi eyhamlardan bu fantastik qurban ayinin susqun qəhrəmanlığı hiss edilməkdədir.
Dostoyevski unudulmuş bir şəxs kimi Peterburqa geri döndü. Ədəbi himayəçiləri onu tərk etmiş, dostlarının gözündə itib-batmışdır. Amma cəsarət və böyük bir güclə onu yerə sərən dalğalardan təkrar işığa çıxmaq üçün mübarizə apardı. "Ölülər Evindən Qeydlər" kitabı, bir məhkumiyyətin bu ölümsüz hekayəti Rusiyanı laqeyidcəsinə izləməyin keyliyindən dartıb çıxardı. Bütöv bir xalq sakit dünyalarının dümdüz səthi altında başqa bir dünyanın, bütün ağrıların yaşandığı bir ərafın olduğunu dəhşətlə kəşf etdi. Günahlandırmaların alovu Kremlə qədər yüksəldi, çar kitabı oxuyarkən gözyaşları ilə boğuldu, minlərlə dodaq Dostoyevskinin adını söylədi. Sadəcə bir ildə bütün şöhrəti əvvəlkindən daha yüksək və daha dayanıqlı olaraq yenidən qurulmuşdur. Qardaşıyla birlikdə yenidən dirilən Dostoyevski, bütün yazılarını az qala tək başına yazdığı bir jurnal çıxarmağa başladı; yazıçılığı ilə yanaşı həm vaiz, həm siyasətçi, həm də "Rusiyanın təlimçisi" oldu. Əks-sədası çox şiddətli idi jurnalın, ən uzaq yerlərə qədər yayıldı. Yeni roman yazılıb bitirilir, göz vuran xoşbəxtlik onu hiyləgərcəsinə başdan çıxarır. Dostoyevskinin taleyi artıq sanki əbədi olaraq zəmanət altına alınmışdı.
Amma həyatına hakim olan iradə yenidən danışdı: hələ çox erkəndir. Çünki dünyəvi bir ağrı ona hələ yad idi – sürgündən qalan ağrılar və gündəlik qarın doydurma qayğılarının içini gəmirən qorxusu. Sibir və katorqa, Rusiyanın ən mərhəmətsiz, ən əyri görüntüsü olsa da, gördüyü, heç olmasa vətən idi və o indi xalqına duyduğu böyük sevgiyə görə köçərilərin çadır həsrətini tanımaq məcburiyyətindəydi. Bir romançı, milli qəhrəman olmaq yerinə yenidən adsızlığa, qaranlığın daha dərinliklərinə girmək məcburiyyətində idi. Yenə şimşək çaxdı, daha bir dağıntı anı yaşandı: jurnal qadağan edildi.
Yenə səhv anlama və birincisi qədər ölümcül. Artıq zərbə ardınca zərbə gəlir və həyatının tam ortasına dəhşət çökür. Arvadı ölər, dərhal ardından qardaşı və eyni zamanda ən yaxşı yoldaşı olan köməkçisi ölər. İki ailənin borcları qurşun kimi çiyinlərinə çökmüşdür və beli bu daşınmaz yükün altında bükülməkdədir. Hələ ümidsizcəsinə müqavimət göstərməkdə, gecə-gündüz qızdırmalı bir şəkildə çalışmaqda, yazmaqda, yazdıqları üzərində işləməkdə, sırf pula qənaət etmək üçün, şərəfini və həyatını qurtarmaq üçün yazdıqlarını özü nəşr etməkdədir, amma taleyi ondan daha güclüdür. Gecələrin birində günahkar kimi özünə inananlardan qaçdı və yad dünyaya çıxdı.
Artıq sürgün yeri olan Avropada illərlə davam edən həmin veyil-veyil dolaşma, Rusiyadan, qanının gəldiyi qaynaqdan qorxunc qopma başlamışdır. İnciklik ruhunu katorqanın (həbsxananın) dirəklərindən daha çox sıxmaqdadır. Rusiyanın ən böyük yazıçısının, öz nəslinin dahisinin, sonsuzluğun xəbərçisi olan adamın belə pulsuz, yurdsuz-yuvasız, məqsədsiz bir şəkildə ölkədən-ölkəyə gəzdiyini düşünmək necə də qorxuncdur! Səfalət qoxusunun doldurduğu basıq tavanlı kiçik otaqlarda güc-bəla ilə sığınmağa yer tapar, epilepsiya xəstəliyi sinirlərini dinc qoymaz, borclar, sənədlər, öhdəliklər onu bir işdən o birinə qırmanclamaqda, çaşqınlıq və utanc bir şəhərdən digərinə sürükləməkdədir. Həyatında bir az xoşbəxtlik parlayan kimi tale dərhal qaranlıq buludlarını göndərər. Gənc bir qız, bir stenoqraf ikinci arvadı olmuşdu, lakin arvadının ona verdiyi ilk uşaq, gücsüzlük və sürgün həyatının çətin şərtləri tərəfindən bir neçə gün sonra əlindən alınıb aparılar. Sibir ərafsa, həyatının ön həyətidirsə, Fransa, Almaniya, İtaliya qətil şəkildə cəhənnəmi idi. Bu faciəvi həyatı yenidən canlandırmağa insanın az qala cəsarəti çatmır. Amma nə vaxt Drezdenin küçələrində gəzsəm, hər hansı alçaq tavanlı, iyrənc bir evin yanından keçsəm, onun orada, saksoniyalı kiçik biznesmen və işçilərin arasında, dördüncü mərtəbədə, tək başına, özünə yad olan bu qarışıqlığın arasında, sonsuz bir təklik içində oturub-oturmadığı düşüncəsindən xilas ola bilmirəm. Bütün bu illər ərzində kimsə onu tanımadı. Bir saatlıq məsafədə, Naumburqda onu anlaya biləcək tək adam – Nitsşe yaşayırdı, Riçard Vaqner, Hebbel, Flober, Gottfrid Keller, yəni bütün müasirləri orada idi, amma onun onlardan heç bir xəbəri yox idi, onların da ondan.
Böyük və təhlükəli bir heyvan kimi, cırıq-sökük paltarlarda, işlədiyi mağaradan ürkək-ürkək küçələrə çıxırdı, həmişə eyni yolu istifadə edirdi, Drezdendə, Cenevrədə, Parisdə: sadəcə rusca qəzetləri oxuya bilmək üçün bir kafeyə, bir kluba gedirdi. Rusiyanı, vətənini, kiril əlifbasının çılpaq hərflərini, ana dilinin qısa müddətli nəfəsini hiss etmək istəyirdi. Bəzən qalereyalara gedər, sənət eşqindən deyil bu (bütün həyatı boyu şəkillərə hücum edən bizanslı barbar kimi qalmışdır), yalnız isinmək üçündür. Ətrafındakı insanlar haqqında heç bir şey bilmirdi, yalnız onlardan nifrət edirdi; rus olmadıqları üçün Almaniyadakı almanlardan, Fransadakı fransızlardan nifrət edirdi. Ürəyi Rusiyanı dinləməkdə, sadəcə bədəni bu yad dünyada bir əcnəbi kimi, adətən bitki mənşəli bir həyat sürməkdədir. Heç bir alman, fransız yaxud italyan yazıçısı onunla danışdığını, ona rast gəldiyini xatırlamır. Yalnız bankda tanıyırdılar onu; bər-bənizi soluxmuş halda kassaya gəlib, həyəcandan titrəyən səsiylə, Rusiyadan gözlədiyi çekin – yad və bayağı insanlara minlərlə məktub yazıb ayaqlarına düşərək istədiyi yüz rublun – nəhayət gəlib-gəlmədiyini soruşduğu bankdan.
Bu zavallı dəliyə və onun gözləməyinə hələ qapıdan girər-girməz gülməyə başlayırdı məmurlar. Bundan əlavə, girovçunun da mütəmadi ziyarətçilərindən biriydi: hər şeyi orada girov qoymuşdu, hətta son şalvarını belə, sırf Peterburqa daha bir teleqraf vura bilmək, məktublarında mütəmadi olaraq qarşılaşılan həmin qorxunc, ümidsiz çığırtılardan daha birini çığıra bilmək üçün. On rubl dilənmək üçün beş dəfə İsanı anan, bu yaltaqca, yaltaqlanan məktubları, bir ovuc qəpik-quruş pul üçün yalvaran, ağlayan, inləyən bu qorxunc məktubları oxuyarkən insanın ürəyi sıxılır. Gecələr işləyir və yazırdı; arvadının yanında ağrılardan inləyirdi. Epilepsiya xəstəliyi həyatı onun qırtlağından söküb almaq üçün dırnaqlarını çıxarmışdır. Ev sahibəsi polislə birlikdə gəlib kirayəni istəməkdə, mamaça ödənişi üçün çığır-bağır salmaqdadır. Bütün bunlar baş verərkən, o, "Cinayət və Cəza"nı, "İdiot"u, "Əcinələr"i, "Qumarbaz"ı, on doqquzuncu əsrin bütün bu böyük əsərlərini yazmaqda, ruhi dünyamızın bu universal şəxsiyyətlərini yaratmaqdadır.
İşləmək onun qurtuluşu və iztirabıdır. Yazarkən müəyyən mənada Rusiyada, vətənində yaşayırdı. İstirahət etdiyi zaman isə, Avropada, katorqada saralıb-solmaqdadır. Buna görə də əsərlərinə getdikcə daha çox gömülürdü. Bunlar onu sərxoş edən iksirdir, bunlar onun zavallı sinirlərini ən yüksək həzzə çatdıran oyunlardır. Hərdənbir, eynilə həbsxananın payalarına işarə qoyduğu kimi günləri sayırdı: dilənçi kimi də olsa, vətəninə dönmək, nə olur-olsun dönmək! Rusiya, Rusiya, Rusiya... onun ümidsizliyinin qurtarmaq bilməyən fəryadıdır. Amma hələ geri dönə bilməzdi. Əsərlərinin üzə çıxa bilməsi üçün hələ adsız biri kimi qalmalı, bu yad küçələrdə bir qurban kimi, tək başına, ah-fəğan etmədən, şikayətlənmədən gəzməli idi. Əbədi şöhrətin böyük ehtişamına doğru yüksəlməzdən əvvəl həyatın bu həşərat məkanlarında yaşamaq məcburiyyətində idi. Bədəni məhrumiyyətlər üzündən indidən çökmüşdü. Xəstəliyinin toppuzu fasiləsiz beyninə enib qalxmaqda idi; belə ki günlərlə huşsuz halda, duyğu orqanları koşlaşmış halda yatmaqda idi, gücünü yığar-yığmaz yenə yazı masasına doğru sürünmək üçün. O illərdə Dostoyevski əlli yaşında idi: amma min illik ağrı yaşamışdı.
O anda, ən sıxıntılı anında taleyi nəhayət ona səsləndi: yetər! Tanrı Əyyuba üzünü yenidən çevirdi: Dostoyevski əlli iki yaşında yenidən Rusiyaya qayıda bildi. Kitabları işini görmüşdü. Turqenyev, Tolstoy kölgədə qalmışdır. Rusiya artıq yalnız ona baxmaqdadır. "Bir Yazıçının Gündəliyi" onu xalqının məsihi etdi. Son gücünü də yığıb, sənətinin ən son həddinə yüksələrək xalqının gələcəyinə olan vəsiyyətini bitirdi: "Karamazov Qardaşları". Artıq taleyi yavaş-yavaş ona öz mənasını açmaqdadır; imtahanları müvəffəqiyyətlə verən adama həyatının toxumundan sonsuz bir məhsul əldə edildiyini göstərən ən uca xoşbəxtlik anını bəxş edəcək. Dostoyevski zəfərini nəhayət tək bir ana sıxışdıra biləcək, eynilə bir vaxtlar ağrılarını sıxışdırdığı kimi. Tanrısı ona bir şimşək göndərər, amma bu səfər onu yerə sərmək üçün deyil, od-alov içində yanan bir araba ilə, peyğəmbər kimi sonsuzluğa yola salmaq üçün. Puşkinin yüzüncü ad günü vəsiləsi ilə Rusiyanın ən böyük yazıçıları çıxış üçün çağırılmışdı. Qərbli Turqenyevin, bütün həyatı boyu Dostoyevskinin haqqı olan şöhrəti qəsb etmiş bu yazıçının avantajı vardı və çıxışını mülayim, dostyana abu-havada etdi. Sabahısı gün Dostoyevski söz aldı və şeytani bir sərxoşluq içində, daşlaşmış bir fosil kimi danışdı. Qısıq və alçaq səsindən birdən bir göy gurultusu kimi qopan sərxoşluğun alovlarıyla rus xalqının birləşməsinin müqəddəs missiya olduğunu elan etdi. Dinləyicilər həyəcan içində onun dizlərinə qapandı. Salon sevinc qışqırıqlarından sarsılır, qadınlar onun əllərini öpür, bir şagird önündə huşunu itirir və digər bütün natiqlər çıxışlarını ləğv edirdi. Həyəcan və coşğunun önü alına bilmirdi və başındakı tikanlı tacın üzərindəki zəfər haləsi par-par parıldayırdı.
Taleyi də elə bunu istəyirdi: köz kimi yanan bir dəqiqədə missiyanın yerinə yetirildiyini, əsərinin zəfərini ona göstərmək istəyirdi. Ardınca – saf meyvə xilas edilmişdi – bədəninin qurumuş qabığını bir kənara atdı. Dostoyevski 10 fevral 1881-ci ildə öldü. Rusiya başdan-başa ürpərdi. Səssiz bir ağrı anı yaşandı. Amma sonra, ən uzaq şəhərlərdən eyni vaxtda, üstəlik aralarında razılaşmadan, son vəzifələrini yerinə yetirmək üçün axın-axın nümayəndə heyətləri gəlməyə başladı. Bu minlərlə xanalıq şəhərin hər küncündən – çox gecdir! çox gec! – bir sevgi dalğası yüksəlirdi. Hər kəs ömür boyu unutduğu ölünü görmək istəyirdi. Tabutun olduğu Dəmirçilər Küçəsi qapqara insan qaynayırdı. Qaranlıq izdiham ürküdücü bir susqunluqla o fəhlə evinin pilləkənlərindən çıxır və dar otaqları tabutu sıxışdıracaq həddə doldururdu. Bir neçə saat ərzində, altına gömüldüyü çiçəklərin hamısı yoxa çıxdı, çünki yüzlərlə əl bu qiymətli xatirələri bircə-bircə götürüb aparmışdı. Kiçik otaq o qədər havasız qalmışdı ki şamlar oksigen çatışmamazlığından söndü. İzdiham getdikcə daha çox axın edib dalğa-dalğa tabutu sıxışdırırdı. Onların bu axınından tabut yellənir, az qala aşacaqdı: dul arvadı və qorxu içindəki uşaqları əlləriylə onu tutmaq məcburiyyətində qaldı. Polis şefi tələbələrin məhkumun zəncirlərini tabutun arxasınca aparmağı planlaşdırdığı cənazə mərasimini qadağan etmək istədi, amma əks halda silah istifadə edərək mərasimdə iştirak etmək istəyəcək bir coşğuya etiraz etməyə cəsarəti çatmadı. Cənazə aparılarkən Dostoyevskinin müqəddəs yuxusu bir saatlığına gerçək oldu: Birləşmiş Rusiya! Əsərindəki kimi qardaşcasına duyğularla Rusiyanın bütün sinifləri və zümrələri, minlərlə insan tabutunun arxasınca, ağrılarından ötrü tək vücud halında yeridi; gənc şahzadələr, ehtişamlı keşişlər, fəhlələr, tələbələr, zabitlər, xidmətçilər və dilənçilər; hamı dalğalanan bayraqla və flama meşəsinin altında tək bir səslə dəyərli ölünün ardından yas tuturdu. Mərasimin keçirildiyi kilsə başdan-ayağa çiçək yığını ilə örtülmüşdü. Açıq məzarının ətrafında yığılan bütün siniflərdən olan insanlar bir sevgi və heyranlıq andı içmişdi. Beləcə Dostoyevski son anında xalqına barışıq anı bəxş etdi və şeytani bir güclə zamanının daşma həddinə çatacaq gərginliyini bir dəfə də dayandırdı. Və ölüyə böyük bir salam vermək istəyərcəsinə, onun son səfərinin ardınca həmin qorxunc mina partladı: qiyam. Üç həftə sonra çar öldürüldü, qiyamın fırtınası böyük bir gurultu ilə gəlirdi, hər tərəfdə intiqam şimşəkləri çaxmağa başladı. Bethoven kimi Dostoyevski də ilkin güclərin müqəddəs qaynaşmasında öldü, fırtına da sakitləşdi.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Vladimir Nabokov Dostoyevski haqqında
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Akutaqava Rünoske - Cəhənnəm iztirabları
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ