Xədicə Həmidova- "Bir həsrətlik Tablo"

Öz yarının həsrətində olan oğlan, nəhayət öz sevgisinə qovuşur. Əlləri ilə o qədər qıza sıx sarılır ki , onu öz ağuşuna alır. Qız isə bu həsrətdən sonra öz sevgisi ilə qovuşaraq yenidən çiçəklənir, işıq saçır……
Rəssamın yaradıcılığı
Elçin İskəndərov 10 Avqust 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Onun layihələri yalnız Azərbaycanda deyil, həm də digər ölkələrdə də inşa olunmaqdadır.
Memarlıq fəaliyyəti ilə yanaşı, rəssam kimi də yaradıcılıqla məşğuldur. Elçin İskəndərovu rəssamlığa həvəsləndirən isə Azərbaycan rəssam-karikaturçu Bayram Qasımxanlı olmuşdur. Həmçinin rəssamın yaradıcılığına Rembrandt, Karavacco, Repin, Semiramidski, Kramskoy, Qustav Moro Qustav Klimt və Sakit Məmmədov da təsir göstərir. Azərbaycanda, Türkiyədə və Cənubi Koreyada təşkil olunan sənət sərgilərində iştirak etmişdir. Əsərləri bir çox şəxsi kolleksiyalarda yer alır.O, Türkiyənin İzmir şəhərində “Saküder” Dərnəyinin təşkilatçılığı ilə keçirilən sərgidə iştirak etmişdir. 2024-cü il 4 oktyabrda Bakıda Saküder Dərnəyinin təşkil etdiyi sərgidə isə onun 2 əsəri nümayiş olunmuşdur. Həmin ildən etibarən Saküder Sənətçilər Topluluğu Mədəniyyət Dərnəyinin üzvüdür.
Rəssamın yaradıcılığında portret janrı üstünlük təşkil edir. O, daha çox igid türk qadın və kişi obrazlarına müraciət edir. Bu meyl, rəssamın ulu babalarının indiki Türkiyə ərazisindən Göyçəyə, daha sonra isə bugünkü torpaqlara köç edib məskən salmış türk köklərinə bağlılığı ilə izah oluna bilər. Onun yaradıcılığında mənzərə etüdlərinə də rast gəlinir, lakin say və miqyas baxımından portretlər qədər ön planda deyildir.
Elçin İskəndərovun demək olar ki, bütün əsərləri özünəməxsus yaranma tarixçəsinə malikdir. O, heç bir əsərini mexaniki şəkildə icra etmir, hər bir əsərinə ruhunu qatır, hər obrazı, xətti və rəngi dərk edir və hiss edir. Rəssamın özü də vurğulayır ki, insanın ruhunda rəssamlıq olmalıdır; hər bir yaradıcılıq nümunəsi insanın daxili aləmini əks etdirməlidir.
Onun “Həsrətindən” adlı tablosu da belə bir prosesin nəticəsidir. Əsər bir sifariş əsasında yaranmışdır. Sifarişçi rəssamın işlərini sərgilərdən birində görmüş, onun üslubunu bəyənmiş və sevgi ilə həsrət mövzusuna aid bir tablo sifariş etmişdir. Maraqlıdır ki, bu əsərdə nə foto, nə də natura istifadə olunmuşdur; Elçin İskəndərov obrazları tamamilə təxəyyülündən qurmuş, eyni zamanda insan bədəninin standart proporsiya qanunlarına riayət etmişdir.
Mövzunun ruhunu daha dərindən duymaqda və yaratmaqda rəssama Şəfiqə Axundovanın “Həsrətindən” əsəri kömək etmişdir. Taleh Hacıyevin repertuarında instrumental ifa olunan bu musiqi rəssamı ilhamlandırmış, nəticədə dərin hiss və duyğularla dolu bir tablo meydana gəlmişdir. Əsərin adı da məhz həmin musiqi əsərinin şərəfinə verilmişdir. Musiqi sədaları altında ərsəyə gələn tabloda sanki notlar rənglərə çevrilmiş, hər bir hiss və həyəcanın incə çalarları təsvir edilmişdir.
Əsərə ilk baxışda qırmızı, sarı və göy rənglərin üstünlüyü diqqəti cəlb edir. Elçin İskəndərovun yaradıcılığında bu rənglər əsas ton kimi tez-tez rast gəlinir. Onun ən sevimli rənglərindən biri isə göy kobalt çalarlıdır. Palitra özlüyündə kontrast xarakter daşıyır: tarixən göy rəng soyuqluğun və təmkinin simvolu olmuşdursa, qırmızı rəng emosiyaların, kəskin hisslərin və narahat ruhun rəmzi kimi qəbul edilir. Sarı isə rəssamın əsərlərində xüsusi çalarlara malikdir. Xüsusən də qızılı tonların istifadəsi tabloya parıltı və zənginlik effekti bəxş edir. Beləliklə, sarı rəng həm ziddiyyəti gücləndirir, həm də əsərə zərif və dekorativ xarakter qazandırır.
Rəssamın istifadə etdiyi pastoz texnika təsvirə üçölçülü xarakter verir. Kolorit və qadın obrazının işlənmə tərzində Sakit Məmmədovun təsiri hiss olunur. Lakin fərqli olaraq, Məmmədov opalizmə xas işıltılı palitranı seçdiyi halda, İskəndərov daha tünd rəng çalarlarına müraciət edir. Bu isə Van Qoqa məxsus narahat, lakin dərin palitranı xatırladır. Nəticədə əsərlər həm estetik gözəllik daşıyır, həm də tamaşaçının şüuruna emosional təsir göstərir.
Tabloda rənglərin semantik yükü də vardır. Oğlan obrazı tünd göy tonlarla ifadə olunaraq onun soyuq, rasional və düşüncəyə üstünlük verən xarakterini əks etdirir. Eyni zamanda bu rəng onun həsrətdən doğan qəm və iztirablarını da simvolizə edə bilər. Qız isə sarı paltarda təsvir edilmişdir. Bu seçim onun istiliyini, işıq saçan təbiətini, qayğıkeşliyini və hisslərinin güclü olduğunu göstərir. Sarı rəng həmçinin uzun həsrətdən sonra qovuşmanın yaratdığı sevinci, eyni zamanda həsrətdən saralıb-solma motivini də ifadə edir.
Arxa planda göy və sarının qarışmasından yaranan qırmızı rəng onların məhəbbətini, sevginin alışan qığılcımlarını simvolizə edir. Sarı rəngin üstünlük təşkil edərək göyü “öz ağuşuna alması” isə qızın sevgisi və hisslərinin oğlana qalib gəldiyini göstərir.
Rənglər olduqca parlaq və şuxdur. Realist təsvirə baxmayaraq, rənglərin dekorativliyi əsərə xüsusi cazibə qatır. Üzlərdə xətt ön planda olsa da, ətraf mühit rəng kütlələri ilə qurulmuşdur. Beləliklə, rəng kütləsi həm üz ifadələrini ön plana çıxarır, həm də obrazların daxili aləmini açır.
Rəsmin quruluşu sadədir – kompozisiya yalnız iki obraz üzərində formalaşdırılıb. Obrazlar kompozisiyanın mərkəzində yerləşir və tablo bütövlükdə rənglərin dairəvi şəkildə tətbiqi ilə sentrik bir quruluşa malikdir. Bu sentriklik obrazların bir-birini qucaqlaması ilə daha da güclənir: onlar ətraf mühitdən təcrid olunaraq öz qapalı məkanlarını yaradırlar.
Ətraf ümumiləşdirilmiş pastoz yaxmalarla verilib. Obrazların üzləri isə daha dəqiq işlənmiş, əsas ideya onların ifadəsində cəmlənmişdir. Rəng kontrastı və fırça vuruşlarının dinamikliyi əsərə hərəkətlilik gətirir. Abstrakt fon dalğa effekti yaradır, obrazların özləri isə hərəkətli pozada verilib ki, bu da kompozisiyanın ümumi dinamizmini artırır.
Perspektiv qanunlarına əməl olunmayıb, fon mücərrəd rəng kütləsindən ibarətdir. İkinci dərəcəli elementlərin olmaması bütün diqqəti əsas qəhrəmanlara yönəldir. Arxa planda tünd rənglərdən açıq tonlara keçid isə işıq-kölgə vasitəsilə obrazları qabardır.
Əyri, dairəvi və dalğavari fırça vuruşları kompozisiyanı statiklikdən uzaqlaşdırır, əsərə yumşaq hərəkət bəxş edir. Rənglərin vahid mərkəzə yönəlməsi tabloya bütövlük hissi qazandırır. Əsər hazırda Türkiyənin Ankara şəhərində şəxsi kolleksiyada saxlanılır.
Elçin İskəndərovun yaradıcılığında müxtəlif üslub və cərəyanların təsiri hiss olunur. Onun bütün əsərlərində ümumi cəhət kimi rənglərin parlaq qamması, işıq-kölgənin kəskin verilməsi və dekorativlik müşahidə olunur. Xüsusilə geyimlərin təsvirində materialın teksturasının və ağırlığının verilməsi diqqəti cəlb edir.
“Həsrətindən” tablosunda ekspressionizmə xas rənglərin dinamikası, emosiyaların parlaq ifadəsi, şux rənglərin bolluğu nəzərə çarpır. Digər əsərlərində isə fovizm, neosimvolizm, ar-nuvo, kubizm, sürrealizm, futurizm elementləri müşahidə olunur. Bəzi tablolarında Şərq ornamentikası və Azərbaycan xalça sənətinə xas həndəsi motivlər də istifadə edilir.
Gustav Klimt təsiri “Gecə” və “Yuxu” tablolarında, Karavaggio ənənələri isə “Qırmızının harmoniyası” və “Sorelle” əsərlərində görünür. Portretlərində isə rus rəssamı Kramskoyun kameralı psixoloji yanaşması xatırlanır. Eskizlərində sadə karandaşla işlənmiş realizm, Rembrandt və XIX əsr rus rəssamlarının psixoloji dərinliyi hiss olunur.
“Həsrətindən” tablosunun mahiyyətini anlamaq üçün həm Şəfiqə Axundovanın eyniadlı musiqisini dinləmək, həm də rənglərin oyununa və obrazların jestlərinə diqqət yetirmək gərəkdir. Musiqidə olduğu kimi, tabloda da sevgi, həsrət, ayrılığın ağırlığı və qovuşmanın sevinci əks olunmuşdur.
Oğlan obrazı sevgilisinə möhkəm sarılaraq onu buraxmaq istəmir. Bu, ayrılıq qorxusunun və uzun həsrətin doğurduğu iztirabın simvoludur. Qız isə sakit, işıqlı siması ilə artıq əmin bir rahatlığı ifadə edir – onlar bir daha ayrılmayacaqlar. Qızın saçlarında açılan güllər qovuşmanın, yenidən doğuluşun rəmzidir. Göy rəngin soyuqluğu sarı və qırmızının istiliyi ilə əvəz olunaraq məhəbbətin qələbəsini göstərir.
Tablonun əsas mesajı budur: həsrət və ayrılıq nə qədər ağır olsa da, sevgi qovuşma anında yenidən doğulur. İki aşiq bütün aləmdən təcrid olunaraq yalnız bir-birlərini hiss edir, sevgilərinin gücü ilə dünyanı işıqlandırırlar.