Edebiyyat.az » Proza » Tahir Həsənli - İki qarpız, iki yemiş(hekayə)

Tahir Həsənli - İki qarpız, iki yemiş(hekayə)

Tahir Həsənli - İki qarpız, iki yemiş(hekayə)
Proza
admin
Müəllif:
19:01, 20 iyul 2022
2 566
0
Tahir Həsənli - İki qarpız, iki yemiş(hekayə)

    


 

 Maşın dolanbac yollarda nəfəsini dərə-dərə irəlilədikcə hər dəfə göz önündə bir-birini təkrarlamayan, qadir rəssamın əli ilə çəkilmiş gözəı təbiət lövhələri görənlərin qəlbinə bir xoşhallıqla bərabər doğmalıq hissi də gətirirdi. Yoldan aşağıda axan, yay gələndən sonra durulmuş çayın suyu güzgü tək günəş şüalarını əks etdirir, çayın quzey yamaclarına səpələyirdi. İl yaxşı gəldiyindən dağların yaşıllığı hələ itməmişdi. Şəhərdən fərqli olaraaq buralarda günəş şüaları yandırıcı olsa da havada boğanıqlıq yox idi. Günortaya yaxın olduğundan çayın kənarında naxır və qoyun sürüsü sərinlənirdi. Hər tərəfdə bir sakitlik, səssizlik hökm sürürdü. Şəhərin səs-küyündən qurtulub belə bir sakitliyə düşmüş Qənbər və ailəsi dəyişməyən bir sürətlə gedən maşında elə bil beşikdəymiş kimi yırğalanırdılar.
    Kəndə az qalmış yolqırağı bulağa yetişəndə Zanbaq üzündəki inciklik və yorğunluq ifadəcini gizlətməyə çalışaraq ərinə sarı baxmadan dedi:
  -- Burda bir az dayan, həm su içək, həm də mən paltarlarımı dəyişim.
    Qənbər bulaqdan aralı, çəmənlikdə maşını saxladı. Bulağa yaxınlaşıb əl-üzünü yudu, “oxay” deyib ovcu ilə bir-iki qurtum su da içdi. Özü olmasa da sanki cismi, ruhu bu hava, bu su ilə həmahənglik yaratdı. Uşaqlar da sudan dadıb maşına əyləşəndə Zanbaq narazı şəkildə səsləndi:
  -- Ay Qənbər, gəl gedək, mən hazır, anan məni şalvarda görsə idi, çəp-çəp baxacaqdı. Geyimmi də bir dastan edəcəkdı. Heç qızından xəbəri yoxdur. Allah verməyən gözəlliyi süni vasitələrlə əldə etmək istəyir. Şalvarı bir yana, bəzən elə açıq-saçıq geyinir ki, elə bilir o cür geyim onu gözəlləşdirəcək. Məclisə gedəndə, kəndə gələndə olur hicablı.
    Qənbər belə sözləri çox eşitdiyindən dinmədi, istəmirdi ki, söhbət uzansın, Zanbağın qatı açılmamış sözlərini eşitsin. Zanbaq ərinin cavab vermədiyini görüb uşaqlara öyüd-nəsihət verməyə başladı:
  -- Nənə, baba yanında evimizdə olan söhbətləri danışmayin. Sizdən nəsə soruşsalar, susun, cavab verməyin, ya da deyin, bilmirik. Ev üçün, özümüz üçün nə almışıqsa, deməyin. Deyin ki, atanın pulu yoxdur, aldığı borcları ödəyə bilmir, heç nəyimiz yoxdur. Başa düşdünüz?
     Uşaqlar dinmədilər, təsdiq edirmiş kimi başlarını tərpətdilər. Zanbaq uşaqları ilə
 tapşırıqlarını bitirib yenidən ərinə sarı döndü:
  - Atan, anan nəsə desə, lap məndən narazılıq eləsə, “hə, hə” elə, amma öz bildiyini elə. Bir neçə günü bir təhər yola verərik.
    Maşın həyətə girəndə Qasım kişi ilə arvadı Püstə maşının səsinə sevincək evdən çıxdılar. Uşaqlar “nənə” deyib Püstə arvadın üstünə yüyürüşdülər. Püstə sevincindən sanki havalandı, qollarını açıb “can nənə” dedi və uşaqları təkrar-təkrar öpdü. Gəlin də, oğul da gəlişlərindən sevinirmiş kimi qocalarla görüşdülər.
    Püstə hər ikisi eyni geyinmiş nəvəıərinə fərəhlə baxıb ərkyana dedi:
  - Ay gəlin, maşallah, uşaqlar böyüyüb, indi onların geyimi fərqlənməlidir. Amma elə geyindirmisən ki, hansının qız, hansının oğlan olduğunu bilmək olmur.
    Zanbaq bu sözlərdən alındı, “gələn kimi başladı, hər gördüyünə bir əmma qoymasa dayana bilməz” deyə düşünərək, sanki qayınanasına yerini bildirmək istədi:
  -- Mənimçün elə ikisi də oğuldu, - dedi.
    Püstənin deyəcəyi sözü ürəyində qaldı: “Onda kürəkəni də gətirib salarsan evinə.”
    Hamı evə çıxanda Qənbər yolda aldıqları iki qarpız, iki yemişi eyvana çıxardı. Nısıldaya-nısıldaya qarpız kimi qabağa çıxmış qarnının üstündə daşıdığı qarpızlara və yemişlərə baxıb məzələnirmiş kimi:
  - Qarpız satanın maşınında bunlardan yekəsi yox idi, - dedi.
    Püstə ilə gəlin nəzakət xətrinə bir-birindən hal-əhval tutandan sonra, ana oğluna sarı döndü.
  - Bacıngil necədir? Nə əcəb onlar gəlmədi?
  - Darıxma, ay ana, mən axşam yeznəyə zəng vurub gedəcəyimizi dedim. Qızınla məsləhətləşəndən sonra dedi ki, səhər ayaqüstü iş yerimə baş çəkib günorta çıxaram. Əziz, sevimli kürəkənin günəş batmamış,  süfrəniz hazır olanda burda olar.
    Püstə həyətdə samovarı odlayanda Zanbaq evə keçib əynini dəyişdi. Həyətə düşəndə ərinə və uşaqlara mülayimcəsinə dedi:
  -- Çay hazir olanacan bekar durmayaq, gedək kəndin yuxarı başındakı bulaqda bir az sərinlənək.
    Bulaq çökək bir yerdə idi. Ətrafında bitmiş ağaclar, yaşıllıq xoş mənzərə yaradırdı. Zanbaq orta məktəbi bitirincə bu bulaqdan su daşımışdı.Sonra onların ailəsi şəhərə köçmüşdü. Bu bulaq bir çox cavanların gizli, həyəcanlı baxışlarının, duyğularının pıçıltıya çevrilməsinin şahidi olmşdur. Onun üçün də bu bulaq xoş xatirələrini oyadan bir yer idi.
    Çayı dəmləməyə hazirlaşan Püstə Qasım kişiyə : “ A kişi, bunlar xəbərsiz gəliblər. Bir azdan kürəkən də gələcək. nə bişirim” , - dedi.
  -- Arvad, düşüb bu saat toğlunu kəsərəm, qızın gələnəcən xörəyin hazır olar, kabab da elərlər. Amma onlar gələnəcən uşaqlar ac qalmalıdır?
  -- Ac niyə qalırlar, dünən xəstələndiyi üçün kəsdiyimiz toyuq soyuducudadır. Onu bu saat qızardaram, yeyərlər.
  -- Arvad, xəstə toyğun ətini gəlinə yedizdirməkmi istəyirsən? - deyə Püstəni acışdırmaq istədi.
  -- A kişi, bunlar onsuz da çürük ağac kimi broyler toyuğu yeməkdən beziblər, görmürsən, xlorlu su içənlər üçün bulaq ziyarətgaha dönüb?

   Axşamüstü Tapdıqla Nəğmə iki uşaqla birgə gəlib yetişdilər. Kürəkən də “kənd yeridir,” -- deyib iki qarpız, iki yemiş gətirmişdi. Nəğmə də Zanbaq sayağı üç çanta dolusu paltar, ayaqqabı ilə gəlmişdi. Sanki gəlin, baldız bir-birinə yox, Püstə ilə Qasıma geyimlərini göstərəcəkdilər.

   Süfrə həyətdə-talvarda açıldı. Püstənin toğlunun ətindən bişirdiyi soyutma süfrəyə gəldi. Market ərzağından doymuş şəhərlilər sərin havada iştahla yedikdən sonra kürəkənin bişirdiyi kababı gözlədilər. Qənbər oğluna üzünü tutub soruşdu:
  -- Nənənin bişirdiyi xörək xoşuna gəldimi?
    Uşaq narazı qalmış kimi: “eh, bundan kolbasa yaxşıdır,” - dedikdə hamı gülüşdü. Bir azdan kababdan da doyub süfrədən əl çəkdilər. Qənbər atasına sarı dönüb mehribanlıqıa dedi:
  -- Ata, sağ olun ki, siz varsınız, biz də kəndlə əlaqəmizi kəsmirik. Bura gələndə adamın könlü açılır. Təmiz dağ havası, dumduru, sərin bulaq suyu, öz əlinlə hazırladığın təbii yeməklər, şərait də ki, ildən-ilə yaxşılaşır. Səs-küydən uzaq, əsəbiləşmirsən, işə tələsmirsən. İstəyəndə durursan, istəyəndə yatırsan. Ən yaxşısı da budur ki, kənddə insanlar hər kəs özü üçün işləyir, şəhərdə isə gedib özgə üçün işləyirsən.
    Qaynına diqqətlə qulaq asan Tapdıq da yavaş-yavaş, təsdiq edirmiş kimi başını tərpədirdi. Qənbər sözünə ara verəndə o da fikrini bildirdi:
  -- Kənddə insan özünü azad və sərbəst hiss edir. Qapını açıq qoy, arxayın yat. Gedib girmişik qutu kimi evlərə, bərkdən danışma qonşu eşldər, uşağı gözdən qoyma maşın vurar, məktəbə apar, məktəbdən gətir. Zibil pulu, su pulu, qaz pulu, lift pulu, uşaqlara xərclik ver. Geniş bir həyətin, bağın, bağçan yox ki, istəyəndə bir samovar qaynadasan, bir kabab bişirəsən. Hansı tərəfə də baxırsan, asfalt, daş, divardan başqa bir şey görmürsən...
    Qasım kişi bu sayaq söhbətləri çox dinləmişdi. Deyilənlərə sakit, bir qədər də saymazyana qulaq asırdı. Kəndi bəyənməyib gedənlərin kəndə məhəbbətlərinin haraya qədər olduğunu bilərək asta səslə, mehribancasına dedi:
  -- A bala, Qənbər, Tapdıq sizi bu kənddən kim qovub? Elə danışırsınız ki, adamın sizə lap rəhmi gəlir. Yüz illər boyu dədə-babamız bu kənddə yaşayıb, acından ölməyiblər. Əkiblər, becəriblər, mal-qara saxlayıblar. İndi ələ düşməyən nehrə kərəsi onda hər evdə olub. Qalan məhsullar da eləcə. Mütləq idimi əcdadlarınız kimi yaşamağa davam etməyib, şəhərə köçəydiz? Qənbər sən mühasib idin, Tapdıq da zootexnik. İki-üç il kənddə işlədiniz, elə ki, evləndiniz, qaçdınız şəhərə. Siz başınıza beş-on nəfər də toplayıb kənddə təsərrüfat qura bilərdiniz. Amma işin çətinliyi sizi qorxutdu. İndi mühasib sövdagər olub alış-verişlə məşğuldu, zootexnik də jurnalist, həm də şeir yazır. Bəlkə çoxbilmişlik eləyirsiniz ki, birdən qocalar da şəhərə gəlmək istəyər. Narahat olmyın, biz elə burda yaşayıb, burda da öləcəyik. Biz şəhərin çoxluğu içərisində itib-batmaq istəmirik. Elə burda, ata-babamızın yanında yatacağıq. Əzrayilla görüşənə qədər çalışarıq ki, heç kəsə də yük olmayaq.
    Söhbətin belə bitəcəyini gözləməyən oğulla kürəkən tutuldular. Qənbər mızıldandı: “ - Eh, ata, adam danışdığına da peşman olur, sən elə hər sözdən söz eləyirsən.”
 Edilən söhbət, deyəsən, heç Zanbaqla Nəğməyə də xoş gəlmirdi. Qasım kişi halını pozmadan, bir az da gülümsünərək davam elədi:
  -- Kənddə qadının da işi ağırdır. Bu böyüklükdə həyət-bacanı, ev-eşiyi təmiz saxlamaq, ocaq qalamaq, çörək bişirmək, paltar yumaq, mal-qaranın məhsulunu görmək - hansını deyim, bir qadın üçün ağırdır. Biz də qocalmışıq. Məcburuq ki, daha mal-qara saxlamayaq. Arvadın da daha gücü çatmır, tez-tez xəstələnir.
    Qızı ilə birgə süfrəni yığışdıran Püstə başını döndərib Qasıma baxdı, nəsə demək istəyəndə Qasım gözü ilə sanki “dinmə” işarəsi verdi və sözünə davam etdi:
  -- Bir həftə əvvəl həyət-bacanı qonşuya tapşırıb arvadı həkimə aparmışdım. Dedi ki, bir də müayinəyə ehtiyac var. Üç-dörd gündən sonra gərək aparım, nə müalicə yazılsa, kəndin tibb bacısı eləyər. Elə yaxşı oldu, siz də gəlib çıxdız.
    Çay içiləndə heç kim danışmadı, hərə öz ürəyində götür-qoy edirdi. Bir azdan Qasım kişiyə “gecən xeyrə” deyib, hər ailə bir otağa  çəkildi. Uşaqlar yatandan sonra Qənbər ata-anasına ürəyi yumşaldığından bi az da ehtiyatla, yalvarıcı tərzdə Zanbağa dedi:
  -- Ay Zanbaq, şəhərdə havalar isti keçir. Burda da anamın köməyə ehtiyacı var. Gəlsənə bu ay kənddə qalasan. Uşaqlar da qorxusuz-hürküsüz kənddə gəzib dolansınlar, təbiətlə təmasda olsunlar. Qoy onları qarışqa dişləsin, gicitkən dalasın, lap arı sancsın. At minsin, çayda çimsinlər, heyvanları tanısınlar. Axı dustaq kimi bütün günü səkkizinci mərtəbədə qalırlar. Kəndə gələndə də xoruz banlayanda qorxurlar.
    Zanbaq ərinin bu çıxışına candərdi qulaq asırdı, üzünün cizgilərində əmələ gələn dəyişikliklər söhbətin könlüncə olmadığını bildirirdi.
  -- Qənbər, mən gəldim ki, üç-beş gün dincəlim. Sən deyirsən indi də durum xalça-palaz çırpım, yorğan-döşəyi günə verim? İnək sağım, su daşıyım, ocaq qalayım, kül atım? Anana kömək lazımdır, qoy qızı qalsın. Kəndin işi qurtaran deyil. Mən elə bu kəndin iş-gücündən qaçmamışam? İstəmirəm sənin qaymağını, kababını, pomidor çığırtmamı yeyərəm, sakit oturaram. Bilirsən, ac olum, şəhərdə olum. Günü sabah qayıdıram evimə.
    O biri otaqda da Tapdıqla Nəğmənin söhbəti qocalarla bağlı idi. Kürəkən arvadını dilə tutmağa çalışırdı:
  --   Nəğmə, bilirsən ki, mənə işdən icazə vermirlər. Sən bir müddət qal, anan da xəstədir, ona kömək lazımdır. Nə vaxt istəsən xəbər elərsən, gəlib apararam.
    Nəğmə ərinin belə qayğıkeşliyindən şübhələndi, caynaqlı barmaqlarını elə uzatdı ki, elə bil ətini didəcəkdi.
  -- Nə danışırsan. məni avam yerinə qoyursan? Səni şəhərdə tək-tənha qoymaq olar? Mən burda oturum, sən orda gecələr də evə gəlməyəsən. Anam zəhmət çəkib, əl yandırıb, evinə, yurduna sahib olacaq gəlin gətirib. Dayansın, qayğısına qalsın. Yox, mən səni tək buraxa bilmərəm. Sən işindən qala bilmirsən, çox əcəb. Mən də sabah sənlə qayıdıram.
    Üçüncü otaqda isə Qasım kişi mürgüldəyir, Püstənin gözünə yuxu getmirdi. Püstə dolub-daşıyır, içərisinə yığdığı acığını boşaltmağa çalışırdı.
  -- A kişi, mənim elə əvvəldən bu gəlini almağa könlüm yox idi. Qənbər əl çəkmədi. Qız ilk gündən gədəni necə ovsunladı, saqqızın oğurladısa, bu gün də dediyi söz qanundur. Allah ona ağılı da gözəlliyi qədər verməyib. Sən ərli qadın, ailə-uşaq sahibisən. Kəndə gəlirsən, üç çanta dəyişək paltarı niyə gətirirsən? Özünü kimə göstərirsən? Sən artistsən, səhnəyə çıxacaqsan? Sən kimsən, nə şişəsən, nə fors eləyirsən? Adama deyərlər, anan soğan, atan sarımsaq, sən hardan oldun gülməşəkər? Tanıyırıq da, olanını-olmayanını... Hər məclisə də təzə paltar geyir, bir tərəfdən də “yoxumuzdur” deyib ağlaşma qurur. Aldıqları üçün də deyir, “anam alıb”. Bilmək olmur, ana hansı pulla alır? Ana alandır, bir dəfə də gəlni üçün alsın. Özünə gərək olanda bəs oğuldan, gəlindən niyə umur?
    Qasım kişinin öz xorultusuna oyanması Püstəni pərt elədi. Sən demə kişi Püstə danışdıqca sakitcə yatırmış. Arvad bir az da acıqlı Qasım kişiyə:
  -- Niyə yatırsan? Məgər mən haqsız danışıram? Şəhərdən mənə pay gətiriblər. Qonşular da elə biləcəklər ki, çantalarla pay gəlib. İki qarpız, iki yemiş. Mən onun payına qalmamışam. O gedən kimi paylarını verəcəyəm qonşulara. Onun tikəsini yeyən xeyir tapmaz.
  -- Arvad, sən allah, qoy yataq, Sənin bu danışıqlarında yeni heç bir şey yoxdur. O qədər eşitmişəm ki...
    Qasim kişi arxasını çevirib yorğanı başına çəkdi. Püstə “yenə günahkar mənəm” deyib işığı söndürdü.
    Səhər şəhərdən gələnlər yuxudan duranda günəş xeyli qalxmışdı. Püstə artıq neçənci dəfə idi ki, samovar soyumasın deyə kömür tökürdü. Bir azdan hamı stol ətrafına yığışdı. Çay içiləndən sonra Qənbər atasına dedi:
  -- Ata, biz belə razlığa gəlmişik ki, bu gün qayıdaq şəhərə. Ana da xəstədir, istəmirik ki, o bizə görə əziyyətə qalsın, narahatlıq çəksin.
     Şəhərə gedəndən sonra ay bənizli, günəş camallı gözəlləri vəsf edən şair Tapdıq Qarabulaqlı da qaynının sözünə qüvvət vermək istədi:                            
  -- Qənbərin sözü ilə mən də razıyam. Axı atalar da yaxşı deyib: “Qonaq birinci gün gül, ikinci gün kül, üçüncü gün sil, süpür.                                                                        
    Qasım kişi eyhamlı bir tərzdə:
  -- Görürsən, arvad, “qonaqların” sənin xətrini nə qədər çox istəyirlər? - dedi.
    Püstə axşam ərinin guya xəstə olduğunun deməsinin səbəbini indi başa düşdü.
 Uşaqların bərk ayaqda etibarını yoxlayırmış. Püstə dinmədi, istəmədi ki, danışıb oğlunun yanında onun qarasına danışmaq üçün gəlinə fürsət versin.
    Hamı getməyə hazirlaşanda Tapdıq yurda bağlılığını göstərmək üçün: “Mən istəyirəm ki, ayaqüstü də olsa, evimizə, qəbiristanlığa baş çəkib gəlim.” - deyib həyətdən çıxdı.
    Tapdıqgilin evi kəndin kənarında, qəbiristanlığa yaxın yerdə idi. Əvvəlcə, vaxt itirmədən rəhmətə getmiş əzizlərinin baxımsız qəbirləri yanında dayandı, bildiyi duaları edib, sonra evə üz tutdu. Həyətə girəndə qanı tamam qaraldı; hər tərəfdə alaq otları adam boyu qalxmış, tövlə uçub dağılmışdı. Bir anlıq ayaq saxlayıb bu mənzərəni seyr etdi. Ev sahibsiz, yetim olduğunu öz acınacaqlı görkəmi ilə bildirirdi. Damın şiferləri mamırla örtülüb qaralmış, şüşəbəndin nə rəngdə olduğu bilinmirdi. “İndi bu ev kimə lazımdır,” - deyə Tapdıq öz-özünə sual etdi, - “Daha beş-on il keçəcək, bəlkə, heç kəndə yolum da düşməyəcək.” Düşüncələr içərisində bir neçə il əvvəl yaddaşına həkk olan bir şeir yadına düşdü. Adını unutduğu şair elə bil onun üçün yazmışdı:
                                   Nə üzlə gəlmişəm?! Özüm bilmirəm.
                                   Qəlbimdə qəm-kədər, düzüm-düzümdü.
                                   Qapısı kilidli, hasarı uçuq,
                                   Həyətin ot basmış bu ev bizimdi...
    Tapdıq əhvalı qarışıq qayınatasının həyətinə gələndə Qənbərgilin hazır olduqlarını görüb, Nəğməni tələsdirdi.
    Maşınlar dalbadal həyətdən çıxanda Püstə arvad dallarınca su atıb doluxsunduğunu bildirməmək üçün üzünü yana çevirdi. Bu vaxt pəyədən balası üçün mələyən qoyunun səsi gəldi. Qasım kişi fikrə getdi: ”Heyvanda istəyə bax, balasını hələ də unuda bilmir.” Maşınlar döngədən ötdükdə Qasım kişi üzünü Püstəyə tutub:
  -- Bu gecə yaxşı yatmamısan, - dedi, - narahatlığın hiss olunur.
  -- Eybi yoxdur. Vaxtında dedim ki, bu camaat gedir, biz də şəhərə köçək, razı olmadın. Qal, indi tək yurdda.
  -- Eh, ay arvad, şükür ki, köçməmişik. Uşaqlarımız öz ölkəmizdədir. Heç olmasa, ümidin var ki, dəfn olunmağına gəlib çatacaqlar. Bizim cavanlığımızda şəhərə köçənlərin çoxunun uşağı xarici ölkələrdədir. Bu günümüzə də şükür.
    Püstənin niskilli baxışlarına baxan Qasım kişi söhbəti zarafata çevirmək istədi:
  -- Darıxma, arvad, - dedi, - onsuz da, kənddə adam qalmayıb, vaxtı çatanda allah qoysa biz də köçərik.
     O, bu sözləri dedikdə qeyri-ixtiyari əli ilə qəbiristanlığa səmti göstərdi. Kənddən çıxan yol qəbiristanlığın altından keçdiyindən Püstə arvad kişinin nə dediyinin fərqinə varmadı...

                                                                              Quba rayonu, Yerfi kəndi.

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)