Edebiyyat.az » Proza » Tahir Həsənli - Qısır camışlar.

Tahir Həsənli - Qısır camışlar.

Tahir Həsənli - Qısır camışlar.
Proza
admin
Müəllif:
20:28, 17 sentyabr 2022
2 369
0
Tahir Həsənli - Qısır camışlar.





--Bayraməli, gəl kömək elə, bu inəyi tut, vaksini vurum.

   Tərxan sona saxladığı inəyin tərs olduğunu bildiyindən ehtiyatlı tərpənməyə çalışırdı. Bayraməli inəyə yaxınlaşıb qorxa-qorxa buynuzundan tutdu. Heyvanı oxşada-oxşada əlini burnuna atdı, barmaqlarını burun deşiklərinə keçirib bərk sıxdı. Heyvan çabalayıb dayandı.

 --Hə, vur iynəni, - deyib Bayraməli həkimə bir göz vurmağı da unutmadı.

   Tərxan inəyə yaxınlaşdı, cəld hərəkətlə iynəni sancmağı ilə dərmanı yeritməyi bir an çəkdi. İynəni çəkib kənara çəkilmək istəyən anda inək tərpəndi. Gözü onlara sarı gələn sahibkarda olan Bayraməlinin boş tərpənməsindən inəyin burnunu xilas etməsi ilə təpik atmağı bir anda oldu. Təpik Tərxanın qıçını tutdu. Həkim ufuldadı, axsadı. Vəziyyəti belə görən sahibkar sanki naxırçını tənbeh etmək üçün bir bəhanə axtarırdı.

 --Ay Bayraməli, sən nə məsuliyyətsiz adamsan? Kişinin qıçını sındıracaqdı...

 --Mən nə eləyim? İnək vurdu da, mən inəyə demədim ki, həkimi vur.

 --Bayraməli, boş tərpənmisən. Məsuliyyətsiz olmasaydın, keçən həftə dananı da canavara verməzdin.

 --Mən canavar görmüşəm ki. ona dana da verim? Canavarın pulu var bazara gedib ət alsın? Ac qalıb ölməli deyil ki? Onun da ruzusu var.

   Fermadakılar Bayraməlinin sözlərinə gülüşdülər. Sahibkar acığını boğub ağıldan yüngül hesab elədiyi naxırçıya qoşulmaq istəmədiyindən dönüb uzaqlaşdı. Tərxan da ağrısını unudaraq gülümsünürdü.

   İşini bitirən Tərxan xalatını çıxardı, iynə-dərmanını yığışdırıb qıçını çəkə-çəkə fermadan uzaqlaşdı.

   Tərxan balaqapını açıb içəri girəndə Sürmə həyətdə yuduğu paltarları məftildən asırdı. Qapının səsinə dönüb baxanda Tərxanın qıçını çəkdiyini hiss etdi.

 --A kişi, niyə axsayırsan? Nə olub?

--Sürmə, fermada bir tərs inək var, naxırçı zalım oğlu boş tərpəndi. İnəyin təpiyi qıçımı əzdi.

 --Axı səhər sənə dedim ki, getmə. Pensiyaya çıxmısan, bəsdir işlədin. Ac qalanın var? Qızı köçürmüşük, oğlanlar da hərəsi bir dərədə. Az-çox nə eləmisən bəsimizdir. Otur evində, qalan ömrünü sakitliklə yaşa.

 --Arvad, sahibkar bir hörmətli adamdır. Dedi, qaramalı yaylağa çıxaracağam, gəl yanıqara üçün iynələməni apar, arxayın gedək. Mən də etiraz eləmədim. Üz üzdən utanır, vallah, pula görə getməmişəm.

 --Yaxşı, keç evə, gəlirəm.

   Tərxan başını qaldırıb qarısı ilə özündən başqa heç kəsin yaşamadığı ikimərtəbəli, şüşəbəndli evin birinci mərtəbəsindəki balkona daxil olanda xoş bir qoxu onu iştahlandırdı. Səliqəli süfrə salınmış stolun baş tərəfində qoyulan kresloda əyləşdi. Ətrafdakı boş stullara nəzər yetirdi. Bu böyüklükdə süfrədə indi qarısı ilə oturub nahar edəcəkdi. Oğulları Telman, Tərlan, gəlini, nəvələri yadına düşdü. Bir anlıq ürəyində baş qaldıran ağrı qıçının ağrısını unutdurdu: “Mən belə arzulamamışdım axı. Adam vətənini, ata-anasını, doğulduğu yurdu var-dövlət, şan-şöhrət xətrinə atıb gedərmi? Vətənin dar günü də, xoş günü də sənindir. Mən çalışdım, ev-eşik qurdum, onları oxutdum, arzularla yaşadım. Nə elədilər? Fikirləşdiklərimi çilik-çilik elədilər, ata-ananı düşünmədilər. Görəsən, öz övladları da, onları atanda günahlarını başa düşəcəklərmi? Sonda vətənsiz, el-obasız, övladsız, kimsəsiz kimi həyatdan köçəcəklər. Məgər bütün mənəviyyatı bir qarına dəyişmək olarmı?”

   Qapının səsinə Tərxan fikrindən ayıldı. Qaynayan samovarı içəri gətirən qarısına kömək üçün ayağa qalxdı. Samovarın altlığını stolun aşağısındakı stula qoydu.

 --Ay arvad,-dedi,-iki adam üçün bu boyda samovarı niyə qaynatmısan?

 --A kişi, iki niyə oluruq, bir azdan Süsən də uşaqları ilə gələcək.

   Tərxan arvadın bu hazırlığına təəccübünü gizlətmədi.

 --Bunlar nə münasibətlədir?

 --Kişi, qocalıb unutmusan, bu gün bizim evlənməyimizin qırx ili tamam olur. Süsən dedi ki, bir az görəsi işim var, günortadan sonra gələcəyəm. Mən də hazırlığımı gördüm.

   Tərxanın üzündə sevinc əvəzinə bir kədər göründü.

 --Biz də qaldıq qız ümidinə...

“ İki oğlun olsun, darda, qocalanda biri əlindən tutmasın? – o, yenə ürəyində gileyləndi, - Telmanı körpəliyindən çox istəyirdim, qanışirin, xoşqılıqlı uşaq idi. Ali təhsil almaq bəhanəsilə ölkədən getdi. Düz beş il hər ay ona pul göndərdim. Ümid elədim ki, institutu qurtarıb gələr. Gəlmədi. Rusiyaya gedəndən sonra sanki, o yerlərin soyuq təbiəti onu da təbiətcə dəyişdirdi, onda Vətəninə, ana və atasına qarşı bir soyuqluq yarandı. İndi də sorağı Maqadandan gəlir. Ondan bəyüyü -Tərlanı qoymadım kənara getsin. Məcbur elədim ki, müəllim olsun, kəndimizdə işləsin. Oxudu, gəldi, işlədi. Evləndirəndən üç il sonra kəndi bəyənmədi, rayon mərkəzində-şəhərdə ev aldım, peşəsini atdı ki, müəllimliklə dolana bilmirəm. Ticarətlə məşğul oldu. Türkiyəyə getdi-gəldi, sonda ailə-uşağını da aparıb gəlmədi.”

 --A kişi, nahaq deməyiblər, ununda varsa, urvasında da var. Uşaqlarda günah yoxdur, günah bizdədir. Gərək evləndirəndə baxaydıq ki, kimin qızını alırıq. Qızın atası il boyu Rusiya bazarlarında, arvadı da qızına öyüd verib ki, kişinin özü çöldə, qazancı evdə olar. Ana-bala uşağı pulpərəst elədilər.

 --Oğlu fərsiz olan ana günahı gəlində görər. Qadının bitib-tükənməyən istəkləri üçün çabalayan oğul bir gün balıqçının qarısı kimi sınıq təknə ilə qalacaqlarını düşünməlidir...

   Ərini gördüyü işi ilə, söz-söhbətilə kədərli düşüncələrin əlindən xilas etməyə çalışan Sürmə mövzunu dəyişmək istəyi ilə dedi:

 --A kişi, heç olmasa bu gün kədərli söhbətlər etməyək. Şükür ki, bu yaşa gəlib çatmışıq. Adam qocalanda hər şeyin qayğısını çəkir. Qırx il əvvəli, bu günümüzü yada sal. Biz də cavan idik. Atamız, anamız sağ idi. Hə, xınayaxdı gecəsi görüşümüz yadındadırmı? Qızlar bizim evə yığışıb çalıb-oynayırdılar. Qavalçalan Gülnisə var idi, ürəyəyatan səslə oxuyardı:

                                Gəlmədi manat bacadan, gəlmədi,

                                Gəlsə saxlaram əmanət, gəlmədi.

(Keçmişdə evlərdə işıq düşmək, otağın havasını dəyişmək üçün baca olurdu. Obaca şüşə ilə örtülürdü. Bəy gəlib ordan qızlar üçün pul atardı. Amma bizim vaxtımızda evlər şiferləndiyindən işıq bacaları da ləğv oldu. İndi baca deyəndə hamı tüstü bacalarını başa düşür.)

Eh.., sən də o gecə sağdış-solduşunla gəlib pəncərəmizin altında durmuşdun. Qızlar əl vuraraq oxuyurdular:

                               Çəkil gəlin, çəkil gəlin, əlinə xına yaxallar,

                               İxtilatın şirin çağı pəncərədən baxallar.

   Həmin gecə hava işıqlaşınca çalıb-oxudular. Qızlar oynamaq istəyəndə qavalçalan qadın oxuyurdu:

                                      Bu evlər uzun evlər,

                                      İçində olsun toylar.

                                      Çalsınlar, çağırsınlar,

                                      Oynasın bəstəboylar.

   Tərxan Sürmə danışdıqca bir ona, bir də özünə baxıb acı-acı gülümsünürdü. Qırx il bundan əvvəl o, Reyxstaqın zirvəsinə qələbə bayrağını sancmış bir əskər qədər qürur hissi keçirirdisə, bu gün məğlub ordunun əskəri tək üzüntülü idi.

 --Ay Sürmə, bir bu gününə bax. İndi bu süfrənin kənarında oğlanların, gəlinlərin, nəvələrin oturmalı idi. Amma iki qoca oturub qapını gözləyirik ki, görək kim gələcək? Ümid yerin yenə qızındır.

   Həyətdən gələn səslər Tərxanın yaralı qəlbinin sədasını durdurdu. Süsən uşaqları ilə evə girib ata və anasını qucaqlayıb öpdü.

 --Sizi qırx il bir yerdə olmağınıza görə təbrik edirəm. O gün olsun ki, əlli, altmış illiyinizi də qeyd edəsiniz.

 --Çox sağ ol, qızım, o gün olsun ki, köçəri qardaşların da öz yurd-yuvalarına qayıtsınlar, - deyə Tərxan cavab verdi.

 --Ata, qardaşlarımı bir baxım qınamalı deyil. Neyləsinlər, görürlər ki, başqaları gedib qazanır, bahalı maşınlar alır, gözəl evlər tikir, darısqallıqla dolanmırlar. Nə vaxtacan bir qarın çörək üçün işləyəcəklər?

 --Bəs, a qızım, gedənlərin çoxunun bir ayağı vətənindədir. Məlumdur ki, bir gün öz yurduna yığışacaq. Eləsi də var ki, heç yeri bilinmir, qoca ata-ananı, uşaqları gəlin saxlayır. Birinin meyidi gəlir, burda ailəsi başsız qalır, biri də gedib orda başqa bir qadınla yaşayır, ölən vaxtında vətən yadına düşür. Xoşbəxtliyi vətəndə axtararlar, yad yerdə var-dövlət sahibi ola bilərsən, amma qəlbində vətən niskili olduğundan, övladların qeyri-millətə döndüyündən xoşbəxtliyin tam olmayacaq.

Adam yad ananı doğma kimi sevə bilmədiyindən, yad torpağı da doğma vətən kimi sevə bilməz.

   Süsən dinmədi. Bilirdi ki, ata-ananı unutmuş qardaşlarına haqq qazandıra bilməyəcək.Tərxan da dinmədi, özünə təskinlik üçün fikrində bir atalar sözünü təkrar elədi: “Əbləh odur bu dünyada qəm yeyər, kim bilir ki, kim qazanar, kim yeyər.”

 Xörək süfrəyə verilən zaman küçədən maşın səsi eşidildi. Küçə qapısı açılanda Sürmə pəncərədən boylandı və sevincək səslə:

 --Tərlan gəldi, - dedi, - qismətə bax, süfrə üstünə gəlib çıxıb, güclə deyil ki, qayınanası çox istəyir.

   Tərlanın gəlişi təsadüfi, gözlənilməz idi, hətta uşaqlar da “dayı gəldi” deyərək sevinirdilər. Tərlan qapı ağzında anası, bacısı və uşaqlarla görüşüb atasına yaxınlaşdı, qucaqlayıb üzündən öpdü..

 --Otur görək, - dedi, - ay bala, səndən nə əcəb?

 --Ata, xeyirdir, orda işlərim də yaxşıdır, şükür.

   Tərlanın gəlişi ilə sevinci sinəsinə sığmayan Sürmə diltəng soruşdu:

 --A bala, uşaqları da gətirmisən?

 --Yox, ana, uşaqların biri bu il ali məktəbə qəbul olunub, o biri də hazırlaşır.

 --Allah salamatlıq eləsin. O gün olsun ki, gəlib öz yurdumuzda çalışsınlar.

   Tərlan dinmədi. Bu dinməzliyin mənası Tərxana aydın idi.

 --Çörəyinizi yeyin, - deyə Süsən dilləndi. Tərlan, nə yaxşı vaxtda gəlmisən, bu gün ata ilə ananın evlənmələrinin qırx ili tamam olur.

 --Nə gözəl, Allah ömürlərini uzun eləsin, - deyərək Tərlan süfrəyə əl uzatdı.

   Süfrə bitincə gəlişinin məqsədini açmayan Tərlan, nəhayət, bir saatlıq müddətdən sonra ata-anasına müraciətlə dedi:

 --Olduğum yerdə vəziyyət yaxşıdır. On ildir ki, bir yerdəyəm. Buraya qayıtmaq fikrim olmadığından, həm də orda obyektimi genışləndirmək üçün bir az pul lazım oldu. Şəhərdəki evə qoyduğum kirayənişinlə razılaşdım, evi ona satdim. Gəldim ki, fürsət ikən sizinlə də görüşüb sağollasım.

   Bu sözlərdən sonra evdəkilərin hamısında bir susqunluq yarandı. Tərxanın üzünü kədər bürüdü. Tərlanın gözlənilməz gəlişinin səbəbi ürəyindəki narahatlığı gücləndirdi, tanımadığı bir yerdə azıb qalmış adamın qorxusuna çevirdi. Təngnəfəs adam kimi dilləndi:

 --Sağollaşmağa yox, de ki, vidalaşmağa gəlmişəm.

   Atasının səsində və sözündəki kədəri duyan Tərlan dedi:

 --Ay ata, uşaqların gələcəyi var, mənim də çalışmağım onlar üçündür.

 --Oğul, indi sən elədiyin arzulardan mən də çox eləmişəm. Atalar nahaqdan deməyiblər: “Sən saydığını say, gör fələk nə sayır.” Elə bilirsən hər şey sən istədiyin kimi olacaq? Heç darıxma, allah qoysa, o uşaqların da birinin sorağı Almaniyadan, o birinin də sorağı Amerikadan gələcək.

   Tərlan atasının dediklərinə cavab vermək istəmədi, sifətinə peşmanlıq hissi keçirirmiş kimi ifadə verərək bir-bir hamı ilə sağollaşdı, onu sıxan bu mənzildən çıxıb öz istəklərinin ardınca getməyə tələsdi. Ana ürəyi dözmədi, darvazadan bayıra çıxdı, dalınca su atıb gözdən itincə baxdı, ağır bir yük altında qalmış kimi həyətə girdi.

   Tərxanın ürəyi sıxıldı. Başını qatmaq üçün televizoru qoşdu. Televizorda “Bağban” adlı hind filmi göstərilirdi. O, bu filmə bir neçə dəfə baxmışdı. Hər dəfədə də doluxsunmuş, filmdəki övladların valideynlərinə münasibətini öz həyatına bənzədərək kədərlənmişdi. Axı filmdəki ata kimi o da qazandıqlarını övladlarına xərcləmiş, qocalığını düşünməmişdi. Ümid etmişdi ki, oğulları valideynlərini heç vaxt darda qoymayacaqlar. Oğullar isə əlləri qazanca çatdıqda hərə öz taleyini yaşamaq istəyirdi. Hətta oğulun biri deyir: “Ata, mən istəyirəm ki, qocalanda sizin kimi kiməsə möhtac olmayım.” Tərxan bu sözləri öz oğlanlarından eşidirmiş kimi qəbul edirdi. Əhvalının daha da pisləşəcəyindən ehtiyatlanıb televizoru söndürdü.

***

Tərlanın vidalaşıb getməsi Tərxanı bərk təsirləndirmişdi. Həftələr keçsə də çöhrəsi açılmırdı. Günlərin birində yenə bütün gecəni yarıyuxulu, narahat yatıbsəhər yuxudan duranda Sürmə onun torbalanmış gözlərinə baxıb dedi:

 --Sən niyə özünə bu qədər əzab verirsən? Ürək xəstəsi olman yadından çıxıb?Unut beləfikirləri. Başqa işin, dərdin yoxdur? İndiki oğullar, gəlinlər ayrı, sərbəst yaşamağı üstün tuturlar. Yadında deyil, gəlinin təzə gələndə demişdi ki, mən ayrı yaşamaq istəyirəm, adam nə qədər uzaq olsa, bir o qədər hörmətli olar. Yaxşı deyiblər: “Allah verdiyinə verib, əbləh qayğıdan ölür.” Nədi, hər şey sən istəyən kimi olmalıdımı?..

   Sürmə Tərxanın sağlamlığını qorumağa çalışırdı. Bilirdi ki, ona bir şey olsa, özü də pis vəziyyətə qalacaq. İnsan uşaq olanda ata-anadan yetim qalırsa, qocalanda yoldaşını itirib yetim qalır.

   Günortaya yaxın qonşuya çıxmış Sürmə xəbər gətirdi ki, onlardan bir küçə o tərəfdə Rusiyaya işləməyə getmiş cavan bir oğlanın meyiti gətirilib, bir neçə saatdan sonra dəfn edəcəklər.

   Tərxan yas evinə çatanda meyiti evdən çıxarırdılar. Ölənin anası, bacısı elə ağlaşırdılar ki, adamın tükləri biz-biz dururdu. Adamların bir qismi özünü toxdada bilməyib göz yaşı axıdırdı. Tərxanın bir anlıq fikrindən Telman keçdi. Ona elə gəldi ki, xalçaya bükülmüş oğlan Telmandır. Baş qarşıqlığından istifadə edən, adamların arasından çıxıb qaçaraq tabutun yanına çatarkən “Ata” deyib ağlayan uşağı görəndə Tərxan da özünü saxlaya bilmədi. Kimsə uşağı tez aradan götürdü. Həyətdən uzaqlaşınca sinəsi dağlananların naləsi davamlı insanı belə kövrəldirdi.

   Qəbiristanlıqdan evə halsız gələn Tərxan Sürməyə dedi:

 --Yerimi aç, uzanacağam, kürəyimdə sancılar artıb, qoluma da ağrı verir, əhvalım pisdir, özümü yolda yıxılmaqdan güclə saxlamışam.

   Son vaxtlar Tərxanın ağrıları xeyli artmışdı. Heç kəsə bildirmək istəməsə də Sürmə onun əhvalını görür, qəlbini bir qorxu bürüyürdü.

 --Sən uzan, mən Süsəni çağırım.

   Bir azdan Süsən həyəcanla özünü yetirdi. Şikayətlərini dinləyib narahat oldu.

Atasının vəziyyətinin ağır olduğunu başa düşüb zəng vuraraq həkim çağırdı.

Həkim gələnə qədər Tərxanın səhhəti daha da pisləşdi; yediyini qaytardı, rəngi avazıdı. Həkimxəstəni yoxlayıb bir neçə gün tərpətməməyi tapşırdı. Süsənə göstəriləcək tibbi yardımları izah edib vəziyyət yaxşılaşanadəkyanında qalmağı məsləhət gördü.

   Süsən özünü təmkinli apararaq atasının ağır vəziyyətini anasına bildirməməyə çalışsa da Sürmə ərinin halından və həkimlə Süsənin həyəcanından Tərxanın sağalmasına ümidsizliyi duyurdu. Həkim ona bacardığı qədər dualar etməyi tapşırmışdı. Ümid Allaha qalmışdı. Nə qədər özünə təskinlik versə də ürəyində baş qaldırmış təlaş və qorxunu özündən kənarlaşdıra bilmirdi. Bəzən huşsuz kimi düşüb qalan ərinə baxandaözündən ixtiyarsız göz yaşları yanaqlarını isladırdı.

   İkinci gün Sürmənin ömrünün ən uzun günlərindən biri oldu. Tərxan heç nə yemədiyindən Sürmənin də iştahı kəsilmişdi. Səssiz ağlayır, Tərxanla birgə ölməyi arzulayirdı. Üçüncü gün də xəstədə bir irəliləyişin olmadığını görən Sürmənin səssiz göz yaşları hıçqırıqla əvəz olundu. Atasının bu göz yaşlarını görməməsi, hıçqırığı eşitməməsi üçün Süsən anasını sakitləşdirməyə çalışırdı.

 --Ana, bəsdir ağladın, axı o eşidir.

   Sürmə dayana bilmirdi. Oğullarının yad ellərdə yaşaması dərdindən ölümü tezləşən bu atanın çarpayısı yanında Tərlanla Telmanın yeri görünürdü.Bəzən adamı qarğış edəndə deyirlər: “Səni görüm, zəhmətin zay olsun.” Sürmə ilə Tərxanın zəhməti beləcə zay olmuşdu. İndi ərini itirəcəyini, tənha qalacağını fikrinə gətirəndə Sürməni güclü bir qorxu hissi bürüyürdü.Tərxan gözlərini açdı. Güclə eşidiləcək bir səslə qızına dedi:

 --Dəymə, qoy ağlasın, o öz günü üçün ağlayır.

   Sürmə daha da doluxsunub hıçqırdı. Süsən yalvararaq anasını obiri otağa keçirdi.

   Ümid olmasa da xəstəni yoluxan həkim baxıb gedəndən sonra Süsən növbəti iynəni vurdu. Tərxan bir az ayılan kimi oldu. Ətrafa göz gəzdirdi. Sanki nəsə demək istəyirdi. Süsən xəstənin narahatlığını duydu. Atasının baxmaq istədiyi səmtə göz gəzdirdi. Şifonerin üstündə Telmanla Tərlanın yanaşı şəklini görüb ürəyinə nəsə gəldi. Şəkli götürüb atasına yaxınlaşdı. Tərxanın gözləri şəklə zilləndi. Bir anlıq sükut yarandı. Hər gözündən bir damla yaş axıb sifətində iz qoydu, gözlərdə həyat əlaməti itdi. Süsən atasının sifətində yaranan donuqluğu görəndə bədəni süstləşdi, şəkli əlindən buraxıb hönkürdü. Şəkil yerə düşdü, şüşəsi çilikləndi, Süsən duymadı. Səsə Sürmə gəldi. Tərxan artıq yox idi, yataqda onun cəsədi qalmışdı.

***

   Tərxanın qəbrini atasının yanında qazımışdılar. Kənd camaatı onu son mənzilə yola salırdılar. Meyit qəbrə endiriləndən sonra molla bir ovuc torpaq götürüb ətrafa göz gəzdirdi. Oğlanları olmadığından əqrəbasından bir nəfərə dedi:

 --Düş qəbrə, kəfəni arala, bu torpağı tök gözünə.

   Ətrafda duran adamlar Tərxanın sonsuz kimi dəfn olunduğunu görür və təəssüflənirdilər. Bir az kənarda dörd-beş nəfər dayanıb astadan danışırdılar.

 --Belə oğullar olar? Ata özgə çiynində qəbrə gedir, ehsanını da kürəkən verir. Bir sual verən yoxdur ki, ata səni boya-başa çatdırır, ev-eşik sahibi edir, təhsil verdirir, axırı budurmu?

   Bu söhbətlərə sakitliklə qulaq asan Bayraməli də dayana bilməyib hirsini öz düşüncə tərzi ilə ifadə elədi:

 --A kişilər, belə faydasız oğullar mənim qısır camışlarım kimidir. Onları mən də buraxmışam yaylağa, soyuqlar düşəndə tövlə yadlarına düşəcək.

   Eşidənlər hüzr yeri olduğundan toxdayıb Bayraməlinin sözlərinə gülməkdən özlərini saxladılar.

   Tərxanın qırxını da qızı keçirdi. Camaatın çoxu həyətdəcə başsağlığı verib gedirdi. Yaxın qohum-qardaş saymaq xətrinə yas süfrəsinə əyləşirdi.

   Qırx çıxsa da Sürmə üçün yas bitməmişdi. Onun qəlbində yas ölənəcən davam edəcəkdi. Evdə tənha qalan Sürmə başını nə ilə qatsa da qəlbini ovuda bilmir, ömür-gün yoldaşı üçün, oğlanları üçün ağlayırdı.Bir vaxt səsli-küylü evi, indi sükuta bürünmüşdü. Beləcə keçən günlərin birində Sürmə yatağından qalxa bilmədi. Taqəti yox idi. Hər gün işdən sonra ona baş çəkən Süsən gəlincə Sürmənin əhvalı pisləşdi. Anasını bu vəziyyətdə görən qızı əri ilə məsləhətləşib qarını evlərinə apardılar.

   Kürəkən qapı-bacanı dolaşdı. Hər yeri kilidlədi, evə girən olmasın deyə bəzi qapı-pəncərəni mıxladı.

   Sürmə qızının evinə aparılan gecə sanki təbiət də qəzəbə gəlmişdi. Axşamdan başlayan payız küləyi gecənin qaranlığında daha da şiddətləndi. Sahibsiz evin dər-divarına çırpılan külək pəncərələri cingildədir, şiferləri tərpədir,sanki nəyisə qoparmağa çalışırdı. Dam-daşı yalayan külək sahibsiz qalan yurdun naləsinə dönüb kəndi bürüyürdü. Boş evlərdə, boş küçələrdə gecələr narazı ataların, övlad həsrətli anaların ruhları dolaşırdı.

                                                                   

                                                                 Quba rayonu, Yerfi kəndi.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)