Kənan Hacı - “Yaddaşın semantikası” kitabından fraqmentlər
Birinci qapı
Son dörd ildə düşünməyə bolluca vaxtım oldu. Cümlə sizə qəribə görünə bilər. – Məgər indiyə qədər düşüncəsiz yaşamısınız? – deyə sual verə bilərsiniz. Düşüncə sxematik həyat tərzi keçirənlər üçün bəzən yad ünsürə çevrilə bilir. Amma sən yazıçısansa, aramsız bir düşüncə axını içindəsən. İş, qayğılar, problemlər bəzən insana dərin düşüncələrə dalmağa imkan vermir. Filosofluq üçün də asudə zaman lazımdır. Vaxt darlığında, macalsızlıqda insanın beyni yalnız görəcəyi yaxud planlaşdırdığı işə fokuslanır.
Rüblük ədəbi dərgiyə baş redaktor təyin olunandan bəri vaxt məngəsindən qismən çıxa bildim. Beləcə, uşaqlığımı gözdən keçirməyə fürsət tapdım. Bu fürsət uşaqlığımdan qaynaqlanan vərdişlərin, qüsurların, xəstəliyimin və digər xüsusiyyətlərin mənə məxsus ömürdə hansı parametlər yaratdığını, hansı məhrumiyyətlər gətirdiyini, mənə hansı yeni keyfiyyətlər qazandırdığını aydınlaşdırmaq üçün mənə çox lazım idi. Hərçənd, bu kitab uşaqlıq haqqında deyil. Ömrün müxtəlif mərhələlərində həyatımda dərin iz qoymuş olaylar, insanlarla bağlı çərçivəsiz, heç bir janra aid olmayan sərbəst düşüncələrdən ibarət bir relikviyadır. Janrını isə özlüyümdə belə müəyyən etdim: Esse-roman.
*****
Adım kimi əmin idim ki, hər kəsin yaşadığı sıradan bir həyat yaşamayacaqdım. İçimdə izaholunmaz bir hiss qımıldanırdı, bəzən valideynlərimin təəccübünə səbəb olan aşırı həssaslıq mənə əziyyət verirdi. Çoxlarına əhəmiyyətsiz görünən bir hərəkət, bir hadisə məni hədsiz kədərləndirirdi və günlərlə o ağır duyğunun altında əzilirdim.
Xatırlayıram, on iki ya da on üç yaşım vardı, televiziyada Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşası göstərilirdi. Saranın ölümündən sarsılmışdım və bu sarsıntı uzun müddət canımdan çıxmadı. O ərəfələrdə sonu ayrılıqla bitən bir hind filminə baxmışdım və o film də mənim kövrək uşaq duyğularımı alt-üst etmişdi. Anam bu sarsıntıların fərqində idi, bəlkə də düşünürmüş ki, uşaqdır, tezliklə hər şeyi unudacaq. Amma o sarsıntılar mənim psixikamda zədə buraxdı. Ölüm və ayrılıq mövzuları içimdə qorxu və həyəcan yaratmışdı və bu qorxu bir kabus kimi məni izləyirdi.
Büsbütün unutmaq istəsəm də o dövrdə keçirdiyim sıxıntılı hallar zaman-zaman yaddaşımdan boy göstərib özünü xatırladır.
Onda hələ heç məktəbə getmirdim, Cümə məscidinin yanındakı evimizdə qalırdıq. O zaman həmin məscid mağaza kimi fəaliyyət göstərirdi. Ora kəndin mərkəzi küçəsi hesab olunurdu. Həmin küçə ilə cənazə aparırdılar və mən də küçə qapısının ağzında dayandığımdan o mənzərəni gördüm. Mafənin qabağında gedən molla dua oxuyurdu, arxasınca izdiham gəlirdi. Mən onda möhkəm qorxdum və evə qaçıb qonaq otağındakı şifonerin arxasında gizlənib əllərimlə qulaqlarımı tutdum ki, o səsi eşitməyim. Anam gəlib məni qucaqladı və başımı sığallayıb: “qorxma, mənim balam, qoca kişidir də, ölüb, basdırmağa aparırlar” – dedi. İnsanın öldüyünü ilk dəfə onda eşitdim. İnsan niyə ölür ki? Görəsən hamı öləcək? Bu suallar mənim körpə vücudumu dəhşətə gətirirdi. Bu, mənim ölümlə ilk tanışlığım idi.
Çox-çox sonralar anam yatanda xəlvətcə gəlib qulağımı sinəsinə söykəyib dinşəyirdim ki, görüm nəfəsi gəlib gedirmi? Anamı itirmək qorxusu içimdə dərin kök atmışdı. Atam çox vaxt dənizdə olurdu, mən anamla qalırdım və onu itirəcəyimdən dəhşətli dərəcədə qorxurdum. Bir dəfə anam qonşumuz Hüsniyyə xala ilə şəhərə palto tikdirməyə getmişdilər, axşam düşsə də gəlib çıxmaq bilmirdilər. Mən tez-tez məhləyə çıxıb şəhərdən gələn avtobusları gözləyirdim, hər dəfə avtobus gəlirdi, anamgil isə gəlib çıxmaq bilmirdilər. Həyəcanım get-gedə artırdı. Axşam qaranlığı da məni vahimələndirirdi. Atamın bibisi oğlu Kamil əmigilin evləri bizim evə yaxın idi. Ağlaya-ağlaya onlara gedib qapını döydüm, qapıya Kamil əmi çıxdı. Ağladığımı görüb təşvişlə: - nolub, ay bala, niyə ağlayırsan? - deyə soruşdu. Səsə arvadı Xanım xala da çıxdı. Xanım xala da anamın dayısı qızı idi. Hıçqıra-hıçqıra: - anam günortadan gedib, hələ də gəlib çıxmayıb, - dedim. Xanım xala gülüb məni qucaqladı və sinəsinə sıxdı:
-Adə, yekə kişisən, elə bununçün ağlayırsan? Gələr də. Anovu yeməyəcəklər ki.
Bir az toxtadım, onlar məni inandırdılar ki, anamın gec gəlməyinin səbəbi həm yolun uzaq olması, həm də palto sifariş verməyin xeyli vaxt aparmasıdır. Dərzi ölçü götürür, paltonun hansı formada tikilməsini soruşur. Yəqin ki, ordan da çıxıb dükan-bazara gediblər.
Kamil əmigildə oğlu Rasimlə şahmat oynadıq, bir qədər başım qarışdı. Xanım xala hərəmizə bir stəkan dadlı dovğa gətirdi, onu içdik. Ac olub olmadığımı soruşdu.
-Ac deyiləm, - dedim.
Amma bir boşqab yemək çəkib gətirdi ki, otur, bunu ye. Yeməyi utana-utana yedim. Xatırlayıram, axşam saat 9-u keçmişdi. Kamil əmiylə küçəyə çıxdıq, məhəllədəki tut ağacının altında durub şəhərdən gələn 7 saylı avtobusun yolunu gözləməyə başladıq. Nəhayət, növbəti avtobus gəldi, mən avtobusun yanan işıqları altında anamı və Hüsniyyə xalanı dərhal tanıdım. Necə sevinirdim, bir bilsəniz. Kamil əmi də gülüb əlini kürəyimə vurdu:
-Ay qorxacaq, odey, anon gəldi.
Anamgil yaxınlaşıb Kamil əmiylə salamlaşdılar. Kamil əmi mənim vəziyyətimi onlara anlatdı:
-Gördüm ağlaya-ağlaya gəlib bizə. Birtəhər başını qatmışıq.
Anam gülüb məni qucaqladı:
-Nöş ağlamısan? Sənə dedim axı, otur evdə, kinoya bax, kitab oxu.
Kamil əmi dedi ki, gərək gedəndə bunu da özünüzlə aparaydınız. Uşaqdı da, tək qalmağa öyrəşməyib.
Anam Kamil əmiyə dil-ağız elədi:
-Allah sizdən razı olsun. Çox sağ ol, Kamil qədeş.
-O nə sözdür, Xədicə bacı? Ayıb döyül? Kənan da bizim balamızdır. Arvad da nigarandur e, gedim deyim ki, gəlib çıxdılar, - gülə-gülə sağollaşıb bizdən ayrıldı.
****
Bunlar unutmadığım olaylardır. Yəqin ki, heç zaman da unutmayacağam. İnsan həyatında baş vermiş sarsıntıları üstündən illər keçsə belə unuda bilmir, o sarsıntılar zehində, düşüncədə iz buraxır, təhtəlşüurumuza enib zaman-zaman bizə əziyyət verir. Keçmişi unutmaq maneələri dəf etmək üçün ən təsirli üsuldur. Öhdəsindən gələ bilmədiyimiz arzuları yaddaşımızdan silib atmaq lazımdır. Xatirələr yuxusuzluğun dözülməz aydınlığı kimi iztirab gətirir, onlardan yaxa qurtarmağın zamanıdır. Yaddaş deposu bədənə də, ruha da ağırlıq verir, bu lazımsız yükdən xilas olsaq, bütün ağrılarımızdan və ağırlıqdan xilas ola bilərik. Bu qədər sadə.
Astana
Bir gün dəftər-kitab mağazasına gedib özümə avtoqələm aldım və "mən yazıçı olacağam" dedim. 1990-cı ilin mart ayı idi. Günü də dəqiqliyi ilə xatırlayıram: Mart ayının 15-i. Fotoatelyeyə girib şəstlə obyektivin qarşısına keçdim və həmin günün şəkli çəkildi. On beş yaşım yenicə tamam olmuşdu...
Bu, mənim istəyim idi, qərarım deyildi. Qərarı verən vermişdi...
Ondan bir neçə il əvvəl bilirsinizmi nə olmuşdu? Deyim bilin. Bu olayı yadıma gənc yazıçı Elvin Rizvangil saldı. Ədəbiyyat.az saytı üçün məndən müsahibə götürürdü, əslində söhbətimiz votsap üzərindən başladı. O, məni qəfil sual atəşinə tutdu və ilk sualı da bu oldu: İlk yazdığın hekayə yadındadırmı və nə vaxt qərar verdin ki, hekayə yazmalısan? Və ya sualı belə qoyaq, hansı əsər, hadisə buna təkan verdi?
Sual telefonun ekranında görününcə beynimdə sanki şimşək çaxdı və o şimşəyin işığında anidən xırda, amma sonrakı həyatıma əsaslı şəkildə təsir göstərmiş bir qəziyyə göründü. Elvinə belə cavab verdim:
Sözün düzü, ilk yazdığım hekayəni xatırlamıram. Amma, hardasa, 10-11 yaşım vardı, qonşunun damında bir quşun ayağı məftilə ilişmişdi, quş nə qədər çırpınsa da, xilas ola bilmirdi. Mən onda möhkəm həyəcan keçirdim, indi də o mənzərə gözümün qabağındadır. Anama yalvarırdım ki, icazə versin, mən çıxıb o quşu xilas edim. Anam isə damdan yıxılacağımdan qorxub icazə vermirdi. Pəncərədən baxa-baxa qalmışdım. İlk dəfə sözün nəfəsi üzümə o pəncərədə toxunub, həyat ilk dəfə öz üzünü mənə o pəncərədən göstərib.
Bax o hadisə mənə yazmaq üçün təkan verdi. Mən istəyirdim ki, bir hekayə yazım və heç olmasa, o hekayədə quşu xilas edə bilim.
Yoldaşım müsahibənin bu yerini oxuyub həyəcanlanmışdı. Məndən soruşdu ki, pişik yedi o quşu? Duruxdum, o quşun sonrakı taleyi necə oldu, heç cür xatırlaya bilmirəm. Uşaqlığın zərif dumanı arxasında itib-batmış o solğun xatirənin qırıntılarını bir yerə toplayanda gördüm ki, quşun xilas olma anı ixtisara düşüb... Hərdən belə hallar baş verir. Təxəyyül xatirələrin strukturunda bu səpgili dəyişikliklər edir. Zaman sənin həyatında olmuşları sənə sezdirmədən redaktə etməklə taleyin köməkçisi funksiyasını daşıyır. Zaman ömrünün sonunacan tale ilə yanaşı addımlayır, alnımıza yazılanları gerçəkləşdirməkdən ötrü taleyə yardımçı olur.
******
Adam hərdən qarşıdan gələn günləri ötən günlərlə qarışıq salır. Xatirələr elə bil arada zamanı qabaqlayır. Gələcək günlərdən lap uzaqda qalmış günlərin dadı-tamı gəlir. Çevrə qapananda belə olurmuş demək... Uşaqlıqda altşüura yığılanlar gələcək günlərdə özümüz də bilmədən bizi idarə edir. İllər keçdikcə biz uşaqlığımıza qayıdırıq, uşaqlar kimi gücsüz, yardıma möhtac oluruq, uşaqlar kimi hər şeydən tez küsürük, hər şeyə tez inanırıq. Bu dəfə başqa bir gələcəyə can atırıq. Yaş artdıqca insan daha çox öz kəndinə (həm də özünə!), uşaqlığı keçən yerlərə qayıtmaq istəyir. İzaholunmaz olduğu qədər də təbii hisslərdir.
Ömür insana yozula bilməyən qarışıq bir yuxu kimi görünür. Düşünürsən ki, mən bu ömrü nə vaxt yaşadım axı? Yaşadıqların sənə nə vaxtsa oxuduğun və bəzi hissələrini unutduğun romanı xatırladır. İstəyirsən ki, yaddaşını təzələmək üçün bu “roman”ı yenidən oxuyasan. Amma oxumaq mümkündürmü?..
Hərdən içimdən dəli bir istək keçir. Tibetə gedib Pelevinin “Üst dünyanın qavalı” hekayəsindəki qarını (əgər ölməyibsə) axtarıb tapmaq və ondan atamın və anamın ruhlarını çağırmağı xahiş etmək. İndiki halımda onlarla söhbətə dəhşətli dərəcədə ehtiyacım var. Həyat insanın qarşısına elə suallar çıxarır ki, o sualların cavabını kitablarda tapmaq mümkün deyil. O suallara ancaq və ancaq onlar cavab tapa bilərdi. Mən buna sidq-ürəkdən inanıram. Hər dəfə valideynlərimin məzarını ziyarətə gedəndə saatlarla qəbir daşlarına baxıb susuram. Nə vaxtsa bu haqda bir yazı da yazmışam, “Anamla söhbət” şeirim də var. Bir neçə il bundan əvvəl, payız çağında anamın ziyarətinə getdim və belə bir xəyali dialoq alındı:
-Payız havasıdır, soyuqlayarsan,
canın da bərk deyil, get evə, bala.
Nəbadə, bu gecə kənddə qalasan,
bu kəndin nəfsi də quduzdu, bala.
-Qoy bu siqareti çəkib qurtarım,
-bilmirsən siqaret sənə ziyandır?
-arabir çəkirəm, fikirm dağılır,
-canına qəsd etmə, oğul, amandır!
Şəhərə dönürəm, o, kənddə qalır,
məni xımır-xımır yeyir bu şəhər,
sonra birdəfəlik kəndə qaytarır,
anan tək qalmasın,-deyir bu şəhər...
Şeir çox uzundur, axırı belə bitir. Qəribədir, onların yatdığı torpaqdan mənim uşaqlığımın qoxusu gəlir.
Ötən gün anamın yoxluğunun 16 ili tamam oldu. Təsadüfə baxın, həmin gün axşam Azərbaycan radiosunda mənim haqqımda veriliş səsləndi. Azərbaycan tərcümə sənətinin nəhənglərindən olan unudulmaz Natiq Səfərovun qızı, dəyərli həmkarım Günel Natiqin hazırladığı bu verilişi dinlədikcə ömrümün demək olar ki, tamamilə unutduğum fraqmentləri qəfildən yaddaşımı silkələdi. Təxminən iki-üç yaşlarında evdə məni qorxudurdular ki, kərpic peçə yaxın durma, “cızz” olarsan. Amma mən elə hey o isti peçə doğru can atırdım və bir gün istəyimə çatdım, anamın gözündən oğurlanıb əllərimin ikisini də peçə söykədim və o körpə əllərin dərisi soyulub kərpic peçə yapışdı.
Bilmirəm, o verilişin hansı məqamında, hansı söz idi o əhvalatı mənim yadıma salan...
Tamam unutmuşdum, beynin hansısa hüceyrəsində o anlar qalıbmış, hansısa söz lazım idi ki, o nöqtəyə toxunub yaddaşın tərpənməz layını hərəkətə gətirsin. Bu veriliş mənim üçün ən böyük hədiyyə oldu və mənə olanları, olmuşları bir daha xatırlatdı. Uşaq sevinci ilə dinlədim bu verilişi. Günel xanıma sonsuz təşəkkürlərimi bildirirəm, məni qısa bir zaman kəsiyində uşaqlığıma, keçmişimə qaytardığına görə.
Neçə dəfə əlimi sevincə uzatmışam, əlim yanıb, əlimi işığa uzatmışam, əlim yanıb, əlimi sevgiyə uzatmışam, əlim yanıb... Əlimi sözə uzatdım, söz yanmış əllərimin rəsmini çəkdi. Ona görə sözü çox sevdim...