Edebiyyat.az » Proza » Kənan Hacı - Üç xoşbəxt adam(Ekspressiv hekayə)

Kənan Hacı - Üç xoşbəxt adam(Ekspressiv hekayə)

Kənan Hacı - Üç xoşbəxt adam(Ekspressiv hekayə)
Proza
admin
Müəllif:
22:07, 13 avqust 2023
643
0
Kənan Hacı - Üç xoşbəxt adam( Ekspressiv hekayə)




 

 

 Yayı olduqca səmərəli keçirmişdilər; hər gün dənizkənarı gəzintiləri, çimərlik, Qalaaltı, Qəçrəş meşəsi, Yardımlı şəlaləsi... Gəzib-tozmuşdular. Arvadı həmişə nədənsə narazı idi. Açıq biruzə verməsə də tövründən narazı qaldığı görünürdü. Elə özü də bütün bu səfərlərin heç birindən zərrə qədər zövq ala bilmirdi. Gördüyü ən gözəl mənzərələr belə ruhuna toxunmur, onu ehtizaza gətirmirdi. Sanki hisləri büsbütün donmuşdu. Yeriyən ölüyə çevrilmişdi. Ovuc-ovuc dərmanlar içirdi, uzun sürən depressiya içini yeyib-tükətməkdə idi.

...Yazıçı meşənin qoynunda bütün əzəməti ilə ucalmış otelin kottecində dincəlirdi. Dağ havası ciyərlərinə sığal çəkirdi, quşların cəhcəhi dünyanın ən gözəl nəğməsi kimi ruhuna süzüülürdü və o, yuxarıdakı abzası yazırdı. Bir anlıq əl saxlayıb yazdıqlarını oxudu və dəhşətə gəldi. Bu yol azmış sərsəri onun mətninə hardan gəlib çıxmışdı? 

Şəhərin istisi ilə müqayisədə buralar əsl cənnəti xatırladırdı. Həqiqət bundan ibarət idi. Yazıçı beyninə soxulmuş uğuruz obrazı beşiyindəcə boğmaq qərarına gəldi. Bu gicbəsərə vaxt sərf edib kefini pozası deyildi ki... Nə yazıçıya, nə oxucuya belə məzmunsuz obraz lazım deyil. Cəhənnəm olsun! 

Kompyuterin “delete” düyməsini basıb yazdığı abzası yaddaşdan sildi. Fikirləşdi ki, ilin-günün bu vaxtı oxucuya mənfi enerji ötürüb söyüş yiyəsi olmaqdansa, heç yazmasa yaxşıdır. Onsuz da hərə öz dərdini güclə çəkir. 

Yazıçı ömrünün ən xoşbəxt anlarını yaşayırdı. Hər halda, belə görünürdü. Sadəcə, bu xoşbəxt anları sözə çevirməkdə aciz idi. Yazıçı olanda nə olar, bəzən hissi sözlə ifadə etmək müşkülə dönür. O, kədərin ustası idi, içindəki sevinc istifadəsiz qalmışdı. Kədər llüziyası ona çox hekayələr yazdırmışdı və özü də hiss etmədən kədər onun sevimli oyuncağına çevrilmişdi. 

Mən bu sevincin tozunu almaq qərarına gəldim. Yazıçının da, onun yaratmaq istədiyi obrazın da üzünü sevincə sarı yönəltmək istədim. Süni yox, təbii sevincin... Diqqətdən kənarda qalıb bizdən (yazıçıdan, obrazdan, elə mənim özümdən də) küsmüş sevincin... 

Yazıçı özünün yaratmaq istədiyi bu yarımçıq obrazın alnına qondarma bir tale yazmaq istəyirdi. Ona şans vermək ağlının ucundan da keçmirdi. Bu yetim gərək mütləq bədbəxt olaydı. Yazıçıya belə sərf edirdi. 

O da bədbəxt olmaq istəmədi. Yazıçının kompyuterinin ekranından sivişib aradan çıxdı. Başqa bir yazıçının təxəyyülündə özünə gün ağlamağa getdi... 

Amma öz aramızdır, yay istirahətimiz əla keçir. Yazıçının bədbəxt eləmək istədiyi obraz ikimizə də meşənin ətəyində, bulaq başında yaxşı bir kabab qonaqlığı verdi. Üçümüz də xoşbəxt idik. 

 

Siyəzən, Qalaaltı

12 avqust, 2023 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)