Edebiyyat.az » Proza » Gülər Natiq İsaq - Yeni səhifə

Gülər Natiq İsaq - Yeni səhifə

Gülər Natiq İsaq - Yeni səhifə
Proza
admin
Müəllif:
18:53, 05 noyabr 2023
742
0
Gülər Natiq İsaq - Yeni səhifə

     




 Mədət bu səhər yuxudan oyanmaq istəmirdi. 

Yüngül depressiya halı yenə də onu özünə qapanıq etmişdi. 

Gecənin dərin qalmış yuxusundan gözünü güclə açdı.

Yerindən qalxmaq həvəsində deyildi. 

Oyanır-oyanmaz son günlərində adət halını almış vərdişlərinin heç birini etmək istəmirdi; nə siqaret tüstülətmək, nə acqarına ən çox sevdiyi gilasını soyuq şəkildə yemək, nə maşını ustada olduğu üçün ağır-ağır avtobusa qalxıb-düşmək, nə də bir-birini az qala tapdaya-tapdaya yeriyən adamların içindən zorla sivişərək, yerüstü keçidi keçmək həvəsində idi...


Yastığını qucaqlayıb, xumarlanmaq istəyəndə telefonuna zəng gəldi. Həm yaxın dostu, həm də iş yoldaşı Rüfət idi. Qulağının Mədətin fısıltılı səsinin içindən güclə seçdiyi "alo" kəlməsini eşidər-eşitməz asta səslə dedi:

- Ayə, saboun xeyir, sən hələ də yatmısan? Gülya xanım yenə otaqları gəzir. Mühəndislərin işdə olub-olmamasını yoxlayır. Tez ol, dur gəl...


Mədət "hə, yaxşı", ardınca da, "sənin də sabahın xeyir " kəlməsini əsnəyə-əsnəyə pıçıldadı. Sağ əlini yastığının altından çıxarmağa ərindi, telefonun sensoruna dodağı ilə toxundu, "no" əmrini verib çarpayının ortasına tulladı.


Həvəssiz-həvəssiz qalxıb, əynini geyindi. Şirkətdə kadrlar üzrə mütəxəssis işləyən "Gülya xanım" deyə cağırdıqları Gülnarənin əsəbiləşəndə hədəqəsindən çıxan gözlərini xəyalına gətirdi. Yuxudan gec oyanmağı, işə getmək istəmədiyi üçün özünü haqqlı çıxarmağı bir yana qalsın, özlüyündə "sənin səhərin gözü açılmamış bizim mərtəbədə nə işin var" deyib, görəndə gözünü gizlətdiyi bu xanımı ürəyində xeyli asıb kəsdi...


Hələ şirkətin həyətində gözətçi işləyən Loğmanın son günlər "şeir yazmaq" azarına düşməsi, yazdıqlarını da ona zorla dinlətməyi yadına düşəndə əti ürpəndi.


Bu boyda yolu da avtobusla getmək gözünə durdu. 

Öz-özünə "usta da bir xəbər demədi. Görəsən, bu maşının aqibəti necə oldu" deyib ustaya zəng etdi. 

"Yarım saata gəlin" sözünü eşidən kimi gözlərindən hələ də getməyən yuxusu çəkildi. Dolabın güzgüsü önündə dayanıb bir neçə saniyə özünə baxdı, gözlərini iki dəfə açıb yumdu. Az öncə az qala ayaqüstə yuxulayırdı. İndi isə yarımçıq qalmış yuxusunun təsirindən əsər-əlamət qalmamışdı. Taxtın yanında yerləşdirdiyi - arada gecə lampasının işığında oturub kitab oxuduğu kreslosunun başına keçirdiyi köynəyinin cibindən siqaret qutusunu götürdü. Iki-üç dənəsini çıxarıb döş cibinə qoydu.


Balkona çıxdı, on dəqiqə ərzində cibindəki siqaretləri tələsə-tələsə  tustülədib otağa daxil oldu. Soyuducunu açdı, şəffaf selofandakı soyuq gilasları görüb gözünə işıq gəldi. Boş nimçəyə dolduraraq, suyun altında yarım-yamalaq yudu. Gilas dolu nimçəni qucağına alıb mətbəxdə küncdə qoyulmuş kiçik divanda əyləşdi. Şirkətə gedəndə, Loğmanın gözündən necə yayınacağını düşünə-düşünə soyuq gilaslari acqarına dodağını büzə-büzə yedi...



Loğman Mədətin mühəndis vəzifəsini icra etdiyi şirkətdə iki il olardı ki, işləyirdi. Təxminən 50-52 yaşlarında, hər kəslə mehriban ünsiyyəti olan Loğman əslində təkliyə meylli insan idi. Nədənsə həmişə çöhrəsi gileyli, qayğılı görünən insan son aylarda dəyişib bambaşqa adam olmuşdu; daha hüzn dolu gözlərində yorğunluqdan əsər-əlamət qalmamışdı. Şirkətdə işləyənlərlə danışanda mövzunun fərqliliyinə baxmayaraq, gözlərinin içi gülürdü. Özünün dediyinə görə, doğulduğu və iki il öncəyə qədər yaşadığı rayonda, onun heç nədə bəxti gətirməmişdi. Övladı olmadığı üçün həyat yoldaşından ayrılandan sonra Bakıya üz tutmuşdu. Loğmana elə gəlmişdi ki, son ümid yeri, həyatdan umacağı mədətini elə bu şəhərdə tapacaqmış... 


O, bunların hamısını Mədətlə söhbət edəndə ona da demişdi. Hələ söhbət əsnasında "qaqası" dediyi Mədətə yeni tanış olduğu Rəna adlı xanımdan da söz açmışdı. Mədət də Loğmanın dəyişkən halının "sirrini" onun söhbətlərindən beləcə aça bilmişdi. 

Amma neynəsin ki, Loğmanın yazdığı "şeirlər", gah uzaqdan çalınan davul səsi, gah da küt ağrı kimi onun başına düşürdü. Xətrinə dəyməsin deyə, səbrini basıb sona qədər dinləməyə məcbur olurdu...



... Mədət maşınını şirkətin arxa həyətində saxladı ki, Loğman onu görməsin. Amma çifayda. Onun məsum istəyi bu dəfə də baş tutmadı. Loğman elə həyətdə haqladı. Özü də bekar deyildi, həyətdə gül kollarını səliqəyə salıb qayçılayırdı. Mədəti görən kimi coşdu: 

- Ə, sən Allah, getmə, bu gün bir şeir də yazmışam Rəna xanımıma...


Mədət istidən tərləmiş alnını cibindən çıxardığı quru salfetka ilə silib dedi: 


- Loğman, quzu kəsim sənə, tez ol de, tələsirəm. 


O da cibindən beş yerə qatladığı kağız parçasını çıxardı. Sürpriz hədiyyəymiş kimi oynada-oynada açdı, ağzını Mədətin qulağına yaxınlaşdırıb fısıldadı:

- Sən canın səbrini bas, diqqətlə dinlə...


Mədət onun bu şən əhvalına özündən ixtiyarsız xısın-xısın uğundu. Loğman da Mədətin alnının qırışığının açıldığını görüb ürəkləndi:

- Gəl, məni incitmə, ay Rəna xanım, 

Ay sənin gözünün qadasın alım.

Gözləri sürməlim, başına dönüm,

Bircə arzun nədir, de, mən də bilim,

Sənin istəyin nə, de bir, ay gülüm, 

Yıxılım, ayağının altında ölüm...


Mədət Loğmanın son sözü ağzından çıxmamış dəli madyan kimi kişnədi: 


- Ə, yekə kişisən, bu nədi yazırsan? Xanımdan xoşun gəlir, yaz ki, səndən xoşum gəlir. Ya hə deyəcək, ya da bloka atacaq səni. Belə şeirə hansı xanım ram olar? Sən canın, tələsirəm. Get, çay dəmlə, yarım saata gələcəm yanına. Sən dünya görmüş kişisən, səninlə bir-iki məsələ haqqında məsləhətləşmək istəyirəm. 

Bu şeiri zadı da boş ver, deyib, şirkətin qapısına doğru irəlilədi...



İkinci mərtəbənin dəhlizində Gülnarə xanım Mədəti görüb uşaq kimi danlamaqla başladı:

 

- Həə, Mədət, neyləyək səninlə? Bağışla ki, yuxudan oyatdıq, əziyyət verdik sənə. Bu boyda yolu gəlib çıxdın...


Mədət üzünə belə baxmaq istəmədiyi bu xanımdan eşitdiyi sözlərdən sonra ürəyi sıxıldı, köynəyinin üst düymələrini açıb, sağ əlinin barmaqları ilə üzünü yellədi. Üzr istəyib, otağına doğru getmək istəyirdi ki, Gülya xanım benzini bitmiş, qara tüstü buraxan maşın kimi yerində tormozladı: 


- Sənnənəm e, eşidirsən məni? Ay Mədət... - deyib davam etmək istəyəndə Mədət onun sözünü kəsdi: 


- Deyiləcək bir sözüm yoxdu, Gülnarə xanım. Məni neçə vaxtdır anlayışla qarşıladığınız üçün təşəkkür edirəm. Rasim müəllimə Rüfət də məlumat verib. Ailə problemlərimlə bağlı işə adaptasiya ola bilmirəm. Öz ərizəmlə işdən çıxmaq qərarına gəlmişəm...


Gülnarə xanım sanki indi ayıldı. Bayaqdan tarıma çəkilmiş əsəbləri ipək ip kimi nazildi, üzünü Mədətə tutub dedi: 

- Sən yaxşı mütəxəssissən, Mədət. Qara qaşına, gözünə aşiq deyiləm mən. Neçə vaxtdı, sənə güzəştə gedirəm. İşdən çıxmaq nədi? İşdən çıxıb neyləyəcəksən?


- Bilmirəm, Gülnarə xanım, yəqin evimi satıb rayonların birinə köçərəm. Sonrası da, Allah kərimdir...


- Yoldaşınla barışmağa yer qoymusan?


Mədət çiynini çəkdi. Susub, gözlərini divar boyu düzülən rəsmlərdə gəzdirdi...


Gülnarə onu peşiman baxışlarını süzüb, bir az da Mədətə doğru yaxınlaşdı:


- Qulaq as, Mədət, Türkiyədə yeni ofis açılır. Ora baş mühəndis lazımdır. Mən Rasim müəllimə səni təklif etmişdim. Baş ofisdən də razılıq cavabı gəlib. Əmrini veriblər bəlkə də. Get, bir həftə dincələ-dincələ sənədlərini hazırla, yavaşdan düş yola. Kollektivə təqdim olunub işə başlamalısan...

- Axı, ay Gülnarə xanım?


- Mədət, barışmaq istəmirsən?


Mədət başını razılıq əlaməti ilə yelləyib asta səslə dedi: 


- İstəyirəm....


- Nə gözləyirsən onda? Bundan gözəl fürsət? Get, denən ki, yeni ölkədə yeni həyata başlayacağıq. Pis nə varsa hamısı burda qalacaq. Gör, necə uça-uça gəlir? 


Mədət sevincindən Gülnarəni qucaqlayıb, alnından öpdü. Özündən biixtiyar dedi: 

- Sən ürəksən, Gülya, heyif ki, qədrini bilmirik biz...


Gülnarə onu astaca özündən geri itələdi, "özünə gəl ə, arvadın deyiləm sənin " deyib , Mədətin uşaq kimi nadinc hərəkətinə gülməkdən özünü güclə saxladı.  


Mədət tələsə-tələsə ofisdən çölə çıxdı. Həyətə düşməzdən öncə cibindən telefonunu çıxardı, vatsap tətbiqinə girdi, arvadının nömrəsinin üstünə vurdu. Yazmağa hövsələsi çatmayıb, mikrafon işarəsinə toxundu və

danışmağa başladı.

- Salam necəsən? Xahiş edirəm nahar fasiləsində görüşək, səninlə işim var.


Sonra ondan cavab gözləyənə kimi, təsəvvüründə sevimli həyat yoldaşını İstanbulun ən gözəl restoranına apardı. Sevib, evləndiyi Günelinin yumru yanaqlarını ovucları arasına alıb dodağından öpdü, saçının qoxusunu nəfəsinə çəkib, ürəyində dedi: 

- Hər şey yenidən başlayır, həyatım, iri hərflərlə, abzasdan... 

Bu sözlər Günelin onun dilindən eşitdiyi ən sevdiyi cümlələr idi...

Bu xəyallar içində heç bir dəqiqə keçmədi ki, yoldaşından cavab məsajı gəldi: 

- Yaxşı. Olar...



Mədət sevinc içində şirkətin çıxış qapısına tərəf addımlayanda Loğman əl qolunu ölçə-ölçə özünü ona yetirdi: 


- Mədət, ədə, hara gedirsən bayaqdan səni gözləmirəm?


- Loğman, sənə qurban, tələsirəm. Bir iş dalınca gedirəm, alınsın axşam qardaşın

sənə ürəyin istəyən bir qonaqlıq verəcək.

- Ə, mənə qonaqlıq lazım döör, o şeiri təzədən düzəltdim... 

Mədət gördü ki, Loğmanın yaxasından qurtula bilməyəcək. Çar, naçar qalıb, üzülmüş halda dedi: 

- Yaxşı de, görüm.


Loğman əda ilə cibindəki kağızı çıxarıb, şəstlə oxumağa başladı:


- Aç, qucağını mənə, gözəl Rənam, 

Ey, həyatımdakı həzin mənam.

Durnam, qağayım, tutum, ey huri-sənəm.

Səni bu dünyada sevən Loğman mənəm...


Mədət əlini günün altında işləməkdən üzünün turşusu çıxmış Loğmanın çiyninə qoydu, gözlərini ayaqqabısının ucuna zillədi, asta-asta nəfəs alıb, onun üzünə tərəf baxmadan dedi: 

- Loğman, mənim sabaha olmayan ümidim var e, elə bilirdim o yoxdu. Mən onu "öldü" bilirdim. Ìkimizin canı, sənin şeirlərində yaşayırmış, ay Loğman. Sən ölməyəsən, sənə görə hər gün işə gələcəm. Hələ Türkiyəyə də gedəcəm...


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)