Edebiyyat.az » Proza » Fərid Muradzadə - Sonuncu qurban (hekayə)

Fərid Muradzadə - Sonuncu qurban (hekayə)

Fərid Muradzadə - Sonuncu qurban (hekayə)
Proza
admin
Müəllif:
04:17, 05 may 2024
740
0
Fərid Muradzadə - Sonuncu qurban (hekayə)




 Boğulurdu. Məşəqqətli anlar yaşayırdı. Sanki qüvvətli bir əl onun boğazından tutub gücü gəldikcə sıxır, sonra azacıq əllər boşalır, nəfəs alması yüngülcə düzələn kimi təkrar başlayırdı. Birtəhər "bismillah" deyib ayıldı. Ölü bir sükut vardı. Gecəyarı idi. Pəncərədən baxanda zülmət qaranlıqda təkəmseyrək yanan işıqların işartısı görünürdü. Bu işıqlar hüdudsuz göy üzündə işaran ulduzlar kimi parıldayırdı. Payızın son ayı idi.Son günlər havalar olduqca soyuq keçirdi. Qurd ulartısı gecənin sükutunu pozdu. Üşəndi. Təkrar yorğana bürünüb dodaqaltı dua edə-edə gözlərini yumdu. Çox yorulmuşdu. Tədricən yuxu onun öz ağuşuna aldı. Yenə boğulurdu, amma bu dəfə onu boğan yox idi, sadəcə nəfəsi tıncıxırdı. Bu dəfə oğlunun surəti ilə üzbəüz durmuşdu.Oğlunun istisinə boğulurdu.  Oğlu onun bir addımlığında idi. Həmişəki kimi yaraşıqlı, gülərüz. Sevincindən ağlayırdı. Otuz bir il idi ki, oğluna həsrət qalmışdı. Oğlu heç dəyişməmişdi. Elə otuz bir il əvvəlki kimi idi. Əllərini uzadıb onun qapqara gur saçlarını oxşamaq, qollarını açıb enlikürək, ucaboy oğlunu qucaqlayaraq otuz bir illik fasilədən sonra onu qoxulamaq istədi. Bir əl məsafəsi qədər ona yaxın duran oğlu əl uzatdıqca addım-addım ondan uzaqlaşırdı. Ana irəli, oğul isə geri gedirdi. Elə bil fəsil dəyişməsi baş verirdi. Oğul,  qurbanın olum, getmə! Getməl!!!  deyə qışqırdı. Səsə hamı otağa qaçdı. Öz səsinə ayılmışdı. Nəvələr, oğlu, gəlini başına toplaşmışdılar. Ana fəryad edirdi. O bir əl məsafəsi qədər yaxında olan oğlunun həsrət qaldığı əllərini belə tuta bilməmişdi...

Müharibəni sadə insanlar başlatmır. Baş verəcək münaqişələr, insan tələfatı, səfalət, ərazi bölgüsü və s məsələlər barədə onlardan fikir belə soruşan olmur. Amma əzab çəkən sadə insanlar olur. Müharibə dəhşətləri insanların psixologiyasında sağalmaz yaralar açır, insan arzularını öldürür. Arzuları ölmüş insanlar abort olunmuş dölə bənzəyirlər...

Bu axura bağlanmış onuncu qurban idi. Alnı, qarnı və quyruğu qaşqalı erkək buzov doğulandan qurban adı ilə bəslənmişdi. Bundan əvvəlkilər bəslənib azman öküz olmuş, amma qurban adı ilə bəslənsələr də qurbanlıq heyvan kimi kəsilməmişdilər...

Onlar müharibə zonasından kənarda yerləşən aran rayonunda yaşayırdılar. Azğın düşmən ərazilərimizə təcavüz edəndən sonra onun gözünün ilki könüllü olaraq yenicə qurulan ordu sıralarına yazılmış və müharibənin ən qaynar nöqtəsinə yollanmışdı. Onların ciddi-cəhdlə döyüşmələrinə baxmayaraq havadarlarının və satqınların sayəsində düşmən döyüş mövqeyində ard-arda uğurlar qazanırdı. Müharibənin ən qızğın zamanları idi. Qara xəbər çox ailələrin qapısını döymüşdü. Gecəni yata bilməmişdi. Ana ürəyi narahat idi. Elə bil gecə qaranlıq əjdaha olub od püskürən nəfəsi ilə onu qarsırdı. Sanki daxilində fırtına qopmuşdu. Ürəyi titrəyir, gözləri dolurdu. Həyətə daxil olan hərbi formalı adamları görəndə nitqi qurudu. Eşitdiklərindən sonra göz yaşları leysana döndü. Onun ciyərparası qızğın döyüşlərdə şəhid olmuş və düşmən nəzarətinə keçən ərazidə qalmışdı. Nadan düşmən şəhidlərin nəşini belə valideyinlərə nəyinsə müqabilində satırdı. Eşitmişdilər ki,  bir azərbaycanlı zabit əsir dəyişdirilməsində yaxından iştirak edir. O neçə-neçə əsirin azad edilməsində və şəhid nəşinin azərbaycanlılara verilməsində fədakarlıq göstərmişdi. Günlərdir ki, dilinin altından bir udum su keçməyən ananın sual və yalvarış dolu gözləri yoldaşına dikilib durmuşdu. Hər ikisi bu bir neçə gündə qocalmışdılar. Soyuq  divarlar sanki üstlərinə gəlirdi. Ailə başçısı xanımının gözlərindəkiləri aydın şəkildə oxuyurdu. Sadəcə başını tərpətməklə həmfikir olduğuna işarə etdi. Səhər açılmaq bilmirdi, saat yerimirdi. Dan yeri ağaran kimi yola düşdülər. Tabor komandiri olan zabiti tapıb vəziyyəti ona danışdılar. Hirsindən dişi dodağını doğrayan komandir əlindən gələni edəcəyinə söz verdi. Düşmənlə əlaqə saxladılar. Namərd düşmən alçaqcasına öz təklifini irəli sürdü- Yanacaq!  Yalnız yanacaq müqabilində şəhidin nəşini verəcəklərini bildirib əlaqəni kəsdilər. Geri qayıdırdılar. Yollar  uzandıqca uzanırdı. Görəsən neçə-neçə ananın gözü tozlu-dumanlı yollarda qalıb?! Görəsən mənfur düşmən neçə-neçə şəhidin nəşinin müqabilində neçə tonlarla yanacaq alıb?! Artıq çatmışdılar. Qohum-əqraba ilə dolu evləri onlara boş görünürdü. Bu qədər adamın içində onların cüssəli oğlunun yeri necə görünürdü ,ilahi? Onların evi həmişə qonaq-qaralı olmuşdu. İndi isə insanla dolu ev elə bil ki, bomboş idi.Yanacaq üçün müarciət etmişdilər. Hazırlıq görülmüşdü. Səhər erkən yanacaqla dolu maşınlar deyilən ünvana gedəcək onun şəhid balasının nəşini gətirəcəkdilər. Səhər isə açılmaq bilmirdi. Ağlamaqdan, iztirabdan, qüssədən şişib üfürülmüş gözlərini pənrədən çölə zilləyib durmuşdular. Səhəri çimir almadan dirigözlü açdılar. Səhərə qədər dərdləri ilə baş-başa qalıb için-için ağladılar, səhərə qədər düşündülər və anidən verilən qərar qəti oldu…

Səhər erkəndən yola çıxan maşınlar onların evinin qarşısında durub gözləyirdilər. Məhəllə adamları sanki gecəni şəhid evinin qarşısında keçirmişdilər. Izdiham vardı. İcra nümayəndələri də erkəndən qapının ağzını kəsdirmişdilər. Yaşıl darvaza aram-aram açıldı. Şəhid valideyinləri qapıda görünən kimi hamı ehtiramla onların irəliləməsi üçün  yol açdı, lakin ana evin qarşısındakı kiçik təpənin üstündə dayandı. Təpəcik izdihamın tam ortasında idi. Onun deyəcəkləri vardı. Hər kəs səsini içinə çəkib onun nəmli gözlərinə, dörd-beş gün içində qocalmış nurlu çöhrəsinə baxırdı. Ana danışırdı. Onun nitqini dinləyənlərin tükləri biz-biz olmuşdu. Ananın danışığını dinləyən insanlar sanki bükülüb balacalaşmışdılar yoxsa ana nitqi ilə ,mətanəti, iradəsi ilə ucalmışdı?  Ana  hər kəlməsindən, hər cümləsindən sonra insanların gözündə daha da böyüyürdü. Ana danışırdı. 

-Övlad acısını çəkənlər bilir. Bu elə dəhşətli bir əzabdır ki, onu çəkməyə gücün çatmır, amma ata da bilmirsən. Yaşadıqca hər gün ölə-ölə bu yükü çəkməli olursan. Ürəyin parçalanır, gözlərin korlaşır, dilin xoş bir kəlmə söyləməyə acızlik çəkir. Dözə bilmirsən, amma dözməyə məcbursan. Səni özündən başqa heç kim tam olaraq başa düşə bilməz. Hamı yas saxlayar, hamı göz yaşı tökər, ağlayar, ürəyi ağrıyar, amma heç kim ananın çəkdiyi əzabları çəkə bilməz! Torpağın üzü soyuqdur deyirlər, hamı tədricən unudacaq, həyat öz axarı ilə gedəcək, lakin torpağın soyuqluğu ana ürəyindəki ağrının atəşinin hərarətini almayacaq. Dilim danışır, içim parçalanır. Mən övladını itirmiş anayam. Allah heç kimə övlad acısı verməsin. Mən oğlumun xoşbəxt gələcək xəyallarını qururdum... qismət olmadı. Oğlum torpaq üstündə şəhid olub torpağa qovuşdu. Alçaq dümənin bizdən nə istədiyini bilirsiniz. Yanacaq dolu maşınlar burdadır, amma bu maşınlar ora getməyəcək!  Qoymaram! Qıymaram!  Bu yanacağı onlara verib şəhid balamın nəşini ala bilərdik, ancaq elə bir şey olmayacaq!  Bu yanacağı əldə edən düşmən neçə-neçə ananı gözü yaşlı qoyacaq,  neçə-neçə  igidlərin arzuları solacaq, neçə-neçə ailə başsız, uşaqlar atasız, evlər övladsız qalacaq!  Buna razı ola bilmərik! Məhəllənin başıpapaqlıları hamısı ananın qarşısında diz üstə çökmüşdülər. Son sözlərini tamamlayıb səssiz dayanmış bu məğrur qadın sanki müqəddəs heykəl idi.

  Otuz bir il sonra bu həyətdə yaşlanmış, lakin üzünün nuru sönməmiş, gözləri qəmli,  ağsaçlı ananın qarşısında dayanmış zabit ona oğlunun qalıqlarının tapıldığını deyirdi. Otuz bir il sonra ana ilk dəfə gülə-gülə onuncu qurban adı ilə mıxa bağlanmış ala qaşqa öküzün başını tumarlayırdı.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)