Edebiyyat.az » Proza » Əli Rzazadə - Bir şəkilin hekayəsi

Əli Rzazadə - Bir şəkilin hekayəsi

Əli Rzazadə - Bir şəkilin hekayəsi
Proza
admin
Müəllif:
23:42, 19 may 2024
1 054
0
Əli Rzazadə - Bir şəkilin hekayəsi



    Kameralı telefonların ardından “özçəkim” anlayışı da həyatımıza daxil oldu və şəhərdə fotostudiyalar yavaş-yavaş azalmağa başladı... İri pəncərələrindən şəkillər asılmış bu məkanlar gözdən qeyb olduqca, sanki, insanların siması da eyniləşdi, sevincləri də, kədərləri də qəlibə sığdı. Hər yerdə şəkillər çəkildi, amma hər yer şəkil çəkdirməyin əzəmətindən, həyəcanından məhrum qaldı... 

    Tək-tük fotostudiya var indi, onlara da ya sənəd üçün şəkil çəkdirənlər, ya da  məzun albomu hazırlatdırmaq istəyən şagird və müəllimlər, tələbələr üz tutur.  

    Bu fikirlə girmişdim fotostudiyanın qapısından. Fotoqraf məni səmimi qarşılamışdı: 

-Buyurun, xoş gəlmisiniz! 

-Xoş gördük! Sənəd üçün şəkil çəkdirəcəkdim. 

-Lap yaxşı... –deyib yandakı qara pərdəyə tərəf baxdı, sonra əlindəki aparatın obyektivini çevirə-çevirə əlavə etdi:-Tələsmirsinizsə, bir on beş dəqiqə divanda əyləşin. İçəridə adam var, onu yola salım, sizi çağırım.

    Başıyla göstərdiyi səmtə baxdım; sinəsinə müxtəlif ölçülü çərçivələrdə insan ömürlərinin rəngli anları həkk olunmuş şəkillər asılan divarın dibində şahmat taxtası kimi ağ-qara örtük çəkilmiş divan vardı. Oturmaq üçün yaxınlaşdım, amma divardakı şəkillər marağımı elə çəkdi ki, bircə-bircə hamısına baxmağa başladım. 

    Nələr oxumaq olardı o şəkillərdən... Tanımadığınız, güman ki, heç vaxt tanımayacağınız bir insanın şəklinə baxaraq onun həyatını oxumağa çalışmısınızmı heç?  Nə qərib duyğular, nə yurdsuz düşüncələr doğurur bu mənzərə... 

    Oval bir çərçivədəki qızcığaz şəklinə çatanda gülümsədim. Yox, o qızcığaz gülmürdü. Dodaqları bir-birinə sıxılmışdı, amma mən onun qarayanız çöhrəsində, bu çöhrənin ətrafında bahar çəmənliyinin sarmaşıqları kimi qıvrılan qara saçlarında, iri açılmış gözlərində elə bir gülüş duyurdum ki, bütün dünya, bəlkə, bütün kainat bu gülüşə borclu sanırdı özünü... Başımı bir az da irəli uzatdım, bu əsrarəngiz gülüşü oval çərçivəli şəkilin hansı nöqtəsində yaxalaya biləcəyimi düşündüm. Yumru yanaqların işvəli batığında...Yoox... Dodaqların küncündəki o incə bükükdən... O da deyil... 

-Qəşəng uşaqdı...

    Qəfil eşitdiyim səsə çevrildim, fotoqraf aparatı əlində arxamda dayanmışdı, baxışları qızcığazın şəklinə köklənmişdi. Sifətində dünyanın ən yaxşı işini görmüş kimi məmnuniyyət vardı. 

-Maraqlı fotodu.-Vəziyyət  sadə olduğu qədər də mürəkkəb idi və mən yalnız bu iki sözü deyə bildim. 

-Maraqlı da hekayəsi var...-Fotoqraf bunu deyib aparatına baxdı, təkrar obyektivi o yan-bu yana çevirdi:-Buyurun, keçin pərdənin arxasına.

-Hekayəsi olan hər şey qəşəngdir.-Heç bilmədim bu cümləni niyə dedim. 

    Fotoqraf gülümsədi, üzümə baxdı:

-Tələsmirsiniz ki? 

-Yox...-Yazıçı marağım yaman iti idi bu an. 

    Fotoqraf keçib divanda əyləşdi, mən də onun yanında oturdum. 

-Sentyabrda çəkmişəm bu qızın şəklini. Birinci sinifdə oxuyur. Aşağıda, supermarketin arxasından dolanan yolda bir məktəb var ha, hasarı da yaşıl rəngdə rənglənib. 

-Tanıyıram, hə...

-Bax, orda oxuyur. Bilirsiniz də, birinci sinfə gedən uşaqlara da indi albom düzəldirik. Üstünə də “ilk addımlar” yazırıq. Bu qızın  müəllimi də məni elə o albom üçün şəkil çəkməyə çağırmışdı. Ümumiyyətlə, neçə ildi elə o məktəblə işləyirik, tədbirlərdə, yarışlarda həmişə mən gedirəm ora. Nə isə...Getdim balacaları çəkməyə. Müəllim lövhənin qarşısına çəmən rəngində bir parça asdı, uşaqları bircə-bircə o çəmən rəngli fonda çəkməyə başladım. 

Bu vaxt uşaqlardan biri “ müəllim gəlim?” deyə öz növbəsinin çatdığını xatırlatdı. “Sənin anan vinetka istəməyib” deyə müəllimə cavab verdi və növbəti uşağın geymini səliqəyə salaraq, mənim yanıma göndərdi.  Başım işə o qədər qarışmışdı ki,  uşaqla müəllimənin qısa dialoquna qulaq müsafiri oldum və söhbətin məzmununu tam anlaya bilmədim. Amma o balaca qızın siması diqqətimi çəkməmiş deyildi.


Mən uşaqların şəkillərini çəkdikdə, o balaca qız, sinif yoldaşlarının əyin başını sanki səliqəyə salmaqda onlara kömək etməyə çalışır, özü də mənim obyektivimdən kənarda, sinif otağının arxa hissəsində, asılqanın altında gülə -gülə, sevinə- sevinə şəkil çəkdirirmiş kimi pozlar verir, sinif yoldaşlarını güldürürdü. 

Az sonra o bir daha incə səsiylə müəlliməsinə  “məllim bəs mən? Mən də çəkdirim dəəə” deyə səsləndikdə, müəlliməsi “sənin anan sifariş vermədi, dedi istəmirik” deyə cavab verdi və bu zaman mən illərin təcrübəli fotoqrafı kimi anladım ki, uşağın valideyni vinetka hazırlatmaq üçün maddi vəziyyətinin imkan vermədiyindən sifarişdən imtina etmişdir.


Orada cərəyan edən bu kiçik, amma faciəli hadisəni sözlə ifadə etmək mənim imkanım xaricindədir. Orada olmayan, o durumu görməyən, o birinci sinifdə oxuyan balaca uşağın simasındakı  məsum cizgilərin şahidi olmayan kimsə,  məni çətin anlayar.


Bu vaxt mən o balaca uşağa yaxınlaşıb onun əlindən tutdum və foto çəkmək üçün lövhənin qarşısında hazırladığım kiçik  pavilyona gətirdim.  Onun boyu qədər əyilib, “SƏNİ HEÇ ÇƏKMƏZMİYƏM GÖZƏLİM?!” dedim və onun da fotosunu çəkməyə başladım. 


Bax, bu  şəkil həmin an çəkdiyim o şəkildir. Daha sonra digər uşaqların vinetka üçün çəkdirdikləri bütün formalarda onun da şəkilini çəkdim.

Bir müddət sonra vinetkalar hazır olduqda, onları  məktəbə gətirdim. Dərs gününün sonu idi, uşaqlar artıq evlərinə getmək üçün sinifdən çıxmağa hazırlaşıdılar. Bütün uşaqların vinetkalarını müəlliməyə verdim.


Təkcə o balaca qızın vinetkasını şəxsən özüm ona təqdim etmək istəyirdim. Yaxınlaşıb ona vinetkanı verəndə, uşaq gözlərinə inanmadı. Bircə onun simasını, gözlərindən süzülən xoşbəxylik şöləsini görə bilsəydiniz. Onun boyu qədər çöməlib qarşısında dayandım, vinetkanı onun kiçik əllərinə qoydum. Çox sevinirdi, balaca qolları ilə boynuma sarıldı. Bu, dünyanın ən gözəl, ən saf, ən səmimi qucaqlanması idi.


Sonuncu dəfə o uşağı elə həmin gün məktəbin həyətində evə gedərkən gördüm, vinetkasını çiskin yağışdan qorumaq üçün sinəsinə sıxıb məktəbin həyətindən çıxış qapısına doğru, qapıda onu gözləyən anasının yanına elə qaçırdı ki.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)