Edebiyyat.az » Proza » Elçin Məhərrəm - Abadistan bağırtıları eşitmir.

Elçin Məhərrəm - Abadistan bağırtıları eşitmir.

Elçin Məhərrəm - Abadistan bağırtıları eşitmir.
Proza
admin
Müəllif:
23:43, 03 iyul 2024
742
0
Elçin Məhərrəm - Abadistan bağırtıları eşitmir.




Böyük avtobus gürzə kimi fısıldayaraq dayandı. Elə bil o, kimi isə qorxutmağa çalışırdı.

 Deyirdi : " Gəlmə, sancaram.  Minmə .Çox uzağa apararam.



Abadistan ... Abadistan... 10 dəqiqədən sonra tərpənir... 

Sürücü ara-sıra siqaretindən bir-iki qullab vurur sonra yenidən bütün səsi ilə bağırırdı. Abadistan...Gözəl şəhər...Tələsin... Tələsin...


Bağırtılar da barmaq izləri kimi biri- birindən fərqlənir. Sürücü bağırtısı, fahişə bağırtısı, siyasətçi bağırtısı,  əsgər bağırtısı...


 O əsgər bağırtısına yaxşı bələd idi. Çox əsgər bağırtısı eşitmişdi. Ən son isə eşitdiyi bağırtı öz içindən qopmuşdu. Dan yeri sökülənə yaxın atılan top mərmisinin qəlpəsi onun bir ayağını və qolunun dirsəkdən aşağı hissəsini qoparmışdı. Gözlərini açanda artıq o ,tək qolu və ayağı olan  bir " canlı " idi . Bu hadisədən bir ay keçmişdi. İndi o əl ağacına söykənərək Abadistan şəhərinə yola düşmək üzrə olan avtobusa minmək haqqında düşünürdü. Yeni salınan bu şəhər barədə hospitalda yatanda eşitmişdi. İşıq, qaz pulsuz, qiymətlər ucuz, istirahət zonaları təmiz. 


Avtobusa yaxınlaşdı. Bir it zingildəyərək özünü onun qabağına atdı. Başından quyruğunadək yara-xora içində olan bu ağ it ,burnunu onun tək qalmış ayağına sürtürdü .Bu it nədənsə ona , əsgər yoldaşının aclıqdan düşmənin yaralı itini öldürərək yeməsi hadisəsini xatırlatdı. Özü də çiy-çiy. O ağzını elə marçıldadırdı ki, sanki ən ləziz bir yeməyi dadırdı. Yeyib bitirdikdən sonra üzünü ona təəccüblə baxan insanlara tutaraq : "Aclıq bütün duyğuları gəmirən bir parazitdir " demişdi. 1 həftə sonra xəbər gəldi ki, " ityeyən " kəşfiyyata gedərkən əsir düşüb. Dindirilmədən sonra onu 4 dənə " Rottweiler" cinsli itə parçaladıblar. Avtobus siqnalı onu daldığı xatirə girdabından çəkib çıxardı. 


Özünü ona sürtən it gözdən itmişdi. Avtobusa minmək vaxtı idi. Gecikmək olmazdı.Çətinliklə avtobusa qalxa bildi.  Yalnız fiziki məhdudiyyətli şəxslər üçün ayrılan iki oturacaqdan başqa bütün yerlər dolu idi. Ağır- ağır oturacağa yaxınlaşırdı ki, bir qüvvə onu kənara itələdi. Bu yekə yanbızlı, yanında balaca iti olan qadın idi. O üzr belə istəmədən boş qalan bir oturacaqda oturdu.  Digərinə də itini oturtdu.Pırtlaşıq saçlarına tez-tez sığal çəkən bu qadın hansısa çizgi film personajına bənzəyirdi. Bütün oturacaqlar dolmuşdu. Birdən onun diqqətini avtobusun pəncərəsinə yapışdırılan " itlərin girişi qadağandır " nişanı çəkdi. Sürücüyə nəsə söz demək istədi ancaq bu addımı atmadı. Oturacağın altında buğlanmış bir cüt göz onu dayandırdı.Bu bir az əvvəl gördüyü bədəni yara-xora basmış həmin ağ it idi. Büzüşmüş bir şəkildə Abadıstana səfərə hazırlaşırdı. Gəldiyi kimi ağır- ağır avtobusdan düşdü. Bu gün Abadistana gedə bilməyəcəkdi...


Avtobus çox uzaqlaşmamış dayandı. Elə bil  gürzə öz mədəsini boşaltdı.Ağ iti avtobusdan tulladılar. Zingilti qopararaq asfalta çaxıldı. Çaxılan kimi də durub uluya- uluya onun üstünə qaçdı. Sanki it  deyirdi : " - Ay əlil niyə susdun ?  Niyə demədin ki , bu it yiyəsiz deyil. Onun yiyəsi mənəm. Görürsən yiyəsi olana toxunmurlar.Niyə bizi Abadistandan məhrum etdin ? " 


Birdən göy guruldadı. Göyün qarnı cırıldı. Müharibədə yağan yağışdan yağırdı. Bu yağışı o uzaqdan görmüşdü. Bu yağışdan sonra heç bir canlının nəfəs ala bilməyəcəyini də yaxşı bilirdi. Yoldaşları da nə vaxtsa hansısa yerə məhz bu cür yağış yağdırmışdılar. O bilirdi . Üzünü göylərə tutub it kimi uladı,zingildədi. Ona çatan it də başını göylərə qaldırıb insan kimi bağırmağa başladı. İnsan hürür, it bağırırdı.


Bədənlərin bağırtılarını çox eşitmişdi. Ruhların bağırtısına isə yalnız indi şahid olurdu. 

İlk və son dəfə...


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)