Edebiyyat.az » Proza » Fərid Muradzadə - Allahın adamı (hekayə)

Fərid Muradzadə - Allahın adamı (hekayə)

Fərid Muradzadə - Allahın adamı (hekayə)
Proza
admin
Müəllif:
22:51, 21 oktyabr 2024
53
0
Fərid Muradzadə - Allahın adamı (hekayə)




 Ramazanov Azadbek Şamiloviç, işə alındınız! Elə günü sabahdan işə başlaya bilərsiniz. 

Elə sevinirdi ki… O boyda yolu xəyallar qura-qura piyada evə necə çatmışdı ,bilmirdi. Ayaqları zoqquldayırdı, amma ürəyi rahat idi. Nəhayət ki,  istədiyi kimi bir kollektivdə çalışacaqdı.  Onun üçün bu olduqca vacib nüans idi. Azadbek Fərqanədə dünyaya gəlmişdi. Yaş yarımlıq olanda öz yurdlarından didərgin düşmüşdülər. Dindar, imanlı və olduqca inanclı bir ailədə doğulmuşdu. Ailə tərbiyəsi, inancı onu çirkaba batmaqdan uzaq tutardı, amma sadəliyi, dürüstlüyü və vicdanlı olması ona müəyyən dairələrdə  problemlər də yaradardı. Azadbek ruhən sülhsevər insan idi. O bütün problemləri xoşluqla həll etməyi sevərdi. Onun humanistliyi, sadəliyi müəyyən insanların qınaq obyektinə çevrilərdi. İndiyə qədər işlədiyi yerlərdə nədənsə  ona həmişə "özbək Azadbek" deyərdilər. O, özbək olmadığını desə də heç nə dəyişməzdi. Xüsusən də ondan yaşca böyük olanlar ona belə müraciət edərdilər. Azadbek ömrünün bu yaşına çatana qədər çox yerlərdə, neçə-neçə kollektivdə çalışmışdı, amma heç biri onun ürəyincə olmamışdı. Artıq orta yaş dövründə idi. Bu yaşda da hara müraciət eirsənsə birinci yaşı bəhanə edirlər.  Sonuncu iş yerindən ayrılandan sonra bir müddət işsiz qalmışdı. Ehtiyacın onu üstələdiyi vaxtda günlərin birində əhli kef olan keçmiş  iş yoldaşı Ayaza rast gəlmiş və Ayaz Azadbekə indi işə alındığı firmaya iş üçün müraciət etməyi məsləhət görmüşdü. Ayaz demişdi ki, o da iş üçün müraciət edib, lakin rəhbərlik onu uyğun bilməyib. Çünki Ayaz içki düşkünü idi və sırf dindar bir komandada işləmək ona uyğun deyildi, ancaq Azadbek tam ora uyğun işçidir. Ayazın bu qədər əmin danışması Azadbeki ruhlandlrmış və elə həmin gün də iş üçün müraciət etmişdi. O vaxtdan düz bir il keçmişdi.İşə başladığı ilk günlər o qədər fərəhli idi ki…  Xanım işçilərin hamısı hicablı, bəylər isə əlləri təsbehli, dilləri zikrli. Amma zaman keçdikcə Azadbek bunun sadəcə bir görüntü olduğunu kəşf etdi. Doğrudur, komandada bir neçə şəxs var idi ki, onlar həqiqətən də əməlləri, inacları, təqvaları ilə nümunə idilər, lakin zamanla o mübarək insanlar da  buranı tərk etdilər.

İş başdan aşırdı. Ora-bura qaçmaqdan tər-su içində idi. Susuzdan yanırdı. Dispenserdən su götürməyə gedirdi ki birdən yerdəki zibil yığını gözünə sataşdı. Yeni gələn işçilər ehtiyatsızlıqdan yerə zibil dağıtmışdılar. Geri qayıtdı. Xadiməni axtarırdı. Xadimə demişkən… əvvəlki xadiməni ”yaşla əlaqədar” işdən çıxarmışdılar. Gənc bir xanım işə alınmışdı. Nə sirr idisə bu xadimə xanıma köməkçi də axtarırdılar. Gənc, nərmənazik, ədalı, özündən razı xadimənin ədası buralara sığışmırdı. Hövlank özünü xadiməyə çatdıran Azadbek salam verib əleyk gözləmədən yerə dağılan zibilin yığışdırılmasını xahiş etdi və… sanki barıt çəlləyi partladı. Səs-küyə gələnlər baxıb başlarını bulayaraq keçirdilər. Xadimə isə elə hey bağıra-bağıra deyirdi "canın çıxsın özün təmizlə!" Yazıq Azadbek mat-mat baxırdı. Sən demə xadimə kiminsə "adamı" imiş... Ümumiyyətlə Azadbek və bir-iki yeni işçidən başqa burda hamı kiminsə adamı idi. Və bu adam içindəki "adam"lara gözün üstə qaşın var demək olumurdu.Cana yığılmışdı. Hər gün bir az da stressi artırdı. Nə edəcəyini bilmirdi. Bu yaşdan sonra hara gedəcəkdi ki? Amma əsəbləri gündən-günə tarıma çəkilirdi. Həyatın, yaşamağın çətinliyi, insanların bir-birinə qarşı amansızlığı, narahatlıq, məşəqqət, əzab onu gündən-günə sıxıb yumağa döndərmişdi. Biganəlikdən, nadanlıqdan, ikiüzlülükdən, dini qiyafət kimi bürünüb zahirdəki nadanlıqlarını batil tutanların əməllərindən utanırdı. Gecəni səhərə qədər yata bilməmişdi. Tapdanan mənliyi, savadsız və cahil insanların davranışları onu küsdürürdü. Səhərə qədər siqaret çəkib pəncərə önündə fikirləri ilə əlbəyaxa olmuşdu. Qüruru, heysiyyatı, mənəviyyatı, şəxsiyyəti təhqir olunmuşdu. Dönüb şirin-şirin  yatan oğluna, yoldaşına  baxdıqca ürəyi daha çox sıxılmağa başladı. Axı onların təminatı bir ailə başçısı kimi bilavasitə ondan asılı idi. Sanki havası çatmırdı. Sübh azanı çağırırdı. 

Ayaqlarını sürüyə-sürüyə iş yerinə çatdı. İçində mübhəm bir narahatlıq vardı. İçəri girib salam verdi. Bir-iki nəfər əleyk dedi. Heç kim işə başlamamışdı. İclas vardı. Az sonra rəhbərlik və yanlarında olduqca gənc bir oğlan göründü. Uzun-uzadı danışıldı. Rabitəsiz çıxışlar oldu və ən sonda  çox-çox yuxarılardan birinin adamı olan bu gəncin onlara yeni menecer təyin olunduğu aydın oldu. Əvvəlki menecer başqa şöbəyə keçirilmişdi. Yenə də iş başdan aşırdı, amma "bəylər" və "xanımlar" tənbəl-tənbəl gəzişirdilər. Üç-dörd nəfər işləyirdi. Qalan hamı göstəriş verirdi. Burda konkret olaraq müdir bolluğu vardı. Yeni menecer görüləcək işlərə baxdıqca vahimələnirdi. Heç kimi buyurmaq olmurdu. Hamının "işi"vardı. Kişilər əllərində təsbeh, qadınların barmağında zikr cihazı dillərində "Allah" kəlməsi ora-bura gedirdilər. Yeni menecer bir-iki nəfəri buyurmağa çalışdısa da bir şey çıxmadı. Hər ad çəkiləndə hardansa bir təsbehli peyda olub gülümsəyərək menecerə nəsə pıçıldayırdı. Üç-dörd fəhlə vardı ki, bütün işlərə onları buyururdular. Onlar da cana yığılmışdılar. Bu dəm aşpaz xanım nəhəng əndamını yırğalaya-yırğalaya menecerə dedi ki, ərzaq gəlib boşaltdırmaq lazımdır. Gənc oğlan çəkinə-çəkinə Azadbekə yaxınlaşıb dedi: bağışlayın,siz kimin adamısınız? 

Belə bir sual gözləməyən dürüst və sadəlövh Azadbek bircə kəlmə "Allahın!" dedi və o dəm az qala övladı yaşında olan cənab menecer bağırdı

-Nə boş-boş gəzirsən?  Get ərzaq maşınını boşalt!  Azadbek səbrini güclə boğdu. Lovğa-lovğa ona baxan adamcığazlara baxa-baxa çölə çıxdı, amma o yük maşınına tərəf deyil yola tərəf gedirdi. 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)