Edebiyyat.az » Proza » Mete Namazov- Dünyanın dəyişdiyi gün (h e k a y ə)

Mete Namazov- Dünyanın dəyişdiyi gün (h e k a y ə)

Mete Namazov- Dünyanın dəyişdiyi gün (h e k a y ə)
Proza
admin
Müəllif:
16:54, 01 noyabr 2024
1 327
0
Mete Namazov- Dünyanın dəyişdiyi gün ( h e k a y ə)



 

 Hündür, üzləri tüklü, qorxuducu görünən bir kişi iri, qara əli ilə məktəbin həyətində çiynimdən yapışdı.  


—Mənim qızıma Çəpiş deyən sənsən? 


Qorxudan dizlərim əsdi, bədənimə isti gəldi. Çox qorxdum. Elə bildim şalvara işədim, deyəsən doğrudan 


da bir-iki damcı qaçmışdı. Bir onu da bilirdim ki, bizdə kişilər qızlarına artıq söz deyəni məhv edərlər. 


—Gəl səninlə söhbətim var. 


Kişi bunu deyəndə ürəyim sıxıldı. Tənəffüsdə, məktəbin həyəti uşaqlarla dolu olduğu bir vaxtda, sinif yoldaşlarımla ora-bura qaçarkən sanki əsir götürüldüm. Kimsənin vecinə deyildi.   

Zəhmli kişi gözətçidən icazə alıb məni həyətdən çıxartdı. 


—Burada çay içib söhbət edəcəyik qardaşoğluyla.  


Axı nəyə görə icazə verirsən, ay yaramaz gözətçi? Bu adamı niyə işə götürüblər? Boynu yoğun eşşək. 


Yəqin məktəbi də güc bəla ilə bitirib. Bu təhsil naziri hara baxır?  

Qaçmaq belə ağlıma gəlmirdi. Yəqin ki ayaqlarım da getməzdi. 


—Gəl qardaşoğlu, sənə şokoladlar da almışam, bir çay içək burada. 


Artıq fikirləşə bilmirdim. Şokolad-zad ağlıma batmırdı. Mən axı Çəpiş ölmüşə nə demişəm ki. Sonra qorxumdan fikrimdə də onun adını Çəpiş yox, öz adını deməyə başladım. 


Bir də gördüm ki, məktəbimizin əks tərəfində olan kafedə oturmuşuq. Çay da gətirdilər. Bir az özümə  

gəlmişdim. Öz əməlimi xoş göstərmək üçün cümlələr fikirləşirdim.  


Desəydim ki, qızınızı çox istədiyimdən onu Çəpiş çağırıram... Yox, daha da qəzəblənərdi. Bir kişiyə qızını  çox istəməyi desən, səni öldürər bəlkə. Yaşım az olsa da bunu başa düşürdüm.  


Sonra kişi 3 uzun sinikers şokoladı verdi ofisiant qıza ki, onu doğrasın və qabda gətirib qoysun mənim  qarşıma. Birdən kimsə ofisiant qızı “Ceyran” deyə çağırdı. İstədim deyəm ki, əmi, görürsən, bu qıza da  hamı Ceyran deyir, bizdə heyvan adları da qoyurlar qızlarına. 


Sonra fikrimdən çəkindim, heyvanların fərqi var deyə.  


Zəhmli kişi susurdu və yalnız mənə şokolad yeməyi təklif etdi. Bunun məqsədi nədir axı?  


Yekə adamsan, ay əmi, mən o Çəpişə nə qədər yaxşılıq eləmişəm. Riyaziyyatı həmişə məndən köçürür.  İngiliscə 3 söz bilmir, mənim üstümə gələnə kimi qızının dərsi ilə maraqlan. 


-        Məni yaxşı dinlə, qardaşoğlu.  


Yenə ürəyim getdi. Amma yenə susdu. Fikrə getdi. Bir az cəsarət tapıb üzünə baxdım. Gözləri birtəhər idi.


Elə bil ağlamışdı. Üzündə kədər də vardı. Amma qorxulu idi. Üzünü qırxsaydı az qorxardım yəqin ki.  


 -        Bu söhbət öz aramızda qalsın.  


Hədələyirdi məni? Qorxumdan başımla təsdiq etdim. Ürəyimdə isə dedim ki, atama deyəcəyəm gəlib  sənin payını versin.  


-        Sənin haqqında çox eşitmişəm.  


Yenə bir az sakitcə dayandı. Bu Çəpiş mənim haqqımda nələr uydurub görəsən. 


-        Bu Çəpiş dediyin mənim hər şeyimdir. Həyatdan ondan qiymətli heç nəyim yoxdur. 


Vəziyyətin daha da pis tərəfə getdiyini düşünürdüm. Amma bir az fərqli tərəfə getdi.  


-        Bir dəfə qızım məktəbdə kiminləsə mübahisə etmişdi, sinfinizdən 3 qız ona hədə-qorxu gəlmişdi, 


mən istədim məktəbə gəlim. O da dedi, ehtiyac yoxdur. Mete imkan verməz kimsə mənə bir pis  söz desin.  


Tez şokolad götürüb qoydum ağzıma. Belə bir oğlan yəqin Çəpiş sözünə görə döyülməz. Əmi, danla bir az, mən də çıxım gedim, o eşşək gözətçidən şikayət edim.  


-        Əgər sən kiminsə incidilməsinə yol vermirsənsə, deməli, mərd oğlansan. Səni bir-iki dəfə atanın 


maşınında görsəm də, söhbət etməmişik. Səni çox istəmişəm uzaqdan.  


Ürəyim yerinə gəldi. Təhlükədən sovuşmuş kimi idim. Düşündüm ki, çox da danlamaz məni. Mən də üzr 


istəyərəm. İstəyər qızana daha Ceyran deyərəm. Yox heç nə demərəm. Adını da çəkmərəm. Soyadı ilə  çağıraram. Yox, soyadını da demərəm, çünki soyadı da Aslanovadır, hər halda bu da heyvan adıdır.  


-        Mete, mənim sənə işim düşüb. Sən balaca bir kişisən, amma kişinin kişiyə işi düşər. Sənə indi 


dediklərimi gərək heç kim bilməsin. Birinci də qızım. O heç bilməsin.  

Fikirləşdim, yəqin dərslərdə irəli getməsinə kömək etməyimi xahiş edəcək. 


-        Bəli, əmi. Heç kimə demərəm, - dilim açıldı elə bil. 


Yenə xeyli susdu.  


-        Bax, oğlum, çox da balaca deyilsən. Mənim səndən xahişim olacaq. Bilirəm sənin yaşına uyğun 


deyil bu söhbət. Amma bəzən ağıl yaşa baxmır.  


Hiss edirdim ki, danışmağa çətinlik çəkir. 


-        Mete, dağa-daşa düşmədən deyim. Biz yaşlaşırıq, bəzən hər şey istədiyimiz kimi getmir. Mən bir 


ay qabaq həkimə getdim. Ağrılarım vardı. 


Yenə dayandı. Həmin zəhmli adam qarşımda kədərli, aciz dayanmışdı. 


-   Oğlum qorxulası heç nə yoxdur, mənim sağalmaz xəstəliyim çıxdı. Hər kəsin başına gələ bilər.  

Özümü saxlaya bilmədim:  


-        Atamın yaxşı həkim dostları var, onlar müalicə edər. 


Bir az gülümsədi: 


 


 -        Yox, müalicəlik bir şey qalmayıb. Bunu sənə dedim, amma sən kimsəyə demə. Mənim səndən


xahişim nədir...


Yenə sakit dayandı bir az. 


-        Bu Çəpişə göz-qulaq ol. Kimsə onun xətrinə dəyməsin. Sənə çox inanır. Mənim əvəzimdən ona


arxa ol.


Yenə sakit dayandı bir az. Bir qurtum çay içdi. Gülümsündü: 


-        Həm də sən məzəli işlər görürsən, söhbətlərin şirin olur. Hər şeyi eşitmişəm. Onu qoymazsan çox


sıxılsın, fikir eləsin. Siz məktəbi qurtaranda artıq özü böyük qız olacaq. Məktəbi bitirənə qədər  arxa ol ona.


Yenə bir az susdu: 


-        Mənim əvəzimdən onu güldür. Bunu edə bilərsən eləmi? Bir də söhbət aramızda qalsın.


Mən də bir az susdum: 


-        Edərəm əmi, - dedim.


Dedim, amma nə üçün bunu dediyimi anlamadım. Sanki onun öləcəyi ilə razılaşırdım. Deməsəm də,  onu qırmış olardım.  


Sonra bir az da oturduq. Mən təsəlli verə bilən sözlər bilmirdim. Həm bu hallarda nə deyiləcəyini, nə  ediləcəyini də bilmirdim. Sonralar anladım ki, böyüklər bu halda “Allah özü hər şeyi yaxşı edər, siz də  sağalarsınız”, “hər şey yaxşı olacaq” sözləri ilə söhbəti bitirə bilirlər. Mən belə şeyləri bilmirdim.  


Sonra kişi mənə məktəbdə oxuduğu dövrdən danışdı. Bir müəllimini çox istədiyini dedi. Sonda məni  

gətirib məktəbin həyətinə yola saldı və əyilib üzümdən öpdü. 


Bundan üç-dörd ay keçməzdi. Çəpiş dərsə gəlməmişdi. Müəllimimiz sinfə gəlib dedi: 


-        Uşaqlar. Sinif yoldaşınızın atası dünyasını dəyişdi. Valideynlərinizə deyin yasda iştirak etsinlər.


Mən də uyğun bir vaxtda sizi apararam, başsağlığı verərik.


Çəpişin atası vəfat etmişdi. Niyə görəsən insan öləndə dünyasını dəyişdi deyirlər, anlamırdım.


Müəllimimiz Çəpişin atasının vəfat etdiyini deyəndə heç kimə heç nə demədən çantamı yığıb məktəbdən evə gəldim. Müəllimim arxamca məni çağırdığına da cavab vermədim.  


Sanki dünya dəyişmişdi mənim üçün. Fikrə getmişdim. Fikrimdə Çəpişin dərslərini, universitetə  hazırlıqlarını düşünürdüm. “Başıbatmamış yaxşı oxusun gərək” deyib giley edirdim. Mən artıq ata  olmuşdum.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)