"Həyat gözəldir" (hekayə) | Günel Mehri yazır
Proloq
-Nədir, yoxsa inanmırsan həyatın gözəl olduğuna? Gülürsən hələ... Onda hekayəmizə başlayaq. Amma gəl, birinci qəhrəmanlarımla tanış ol:
Dəniz: 20 yaşlarında gözəl bir qızdır. Tələbədir. Zövqlə geyinir.
Xəyal: 30 yaşlarında yaraşıqlı boksçudur. Subaydır. İdman tərzində geyinir.
Hə, indi başlaya bilərik.
Vanna otağı. Su şırnağının altında dayanan qız. Əlləri ilə qarnını qucaqlayıb. Bir nöqtəyə baxıb ağlayır. Qızın daxili səsi: "Allahım, nə edim? Hə, qızım, nə edəcəksən? Xirtdəyə kimi zibilin içindəsən... Nə deyəcəksən camaata? Yoxsa qatil olmaq istəyirsən bu yaşda?"
Boks dayağını dayanmadan yumruqlayan oğlan. Tər içindədir. Əsəbi görünür. Hərəkətləri kəskindir. Oğlanın daxili səsi: "6 ay. Bu nə oğraş dünyadı belə. Qabaqda o boyda yarışma məni gözləyir. Niyə axı, Allahım, niyə bu vaxt başıma gəlməliydi bunlar?"
Qız öz evində fenlə saçlarını qurulayır. Oğlan öz evində məşq paltarlarını geyinir: "Belə olmaz. Bir çarəsi tapılmalıdır. " İkisi də daxili səslə bu cümləni söyləyib qapıdan çıxırlar. Hərəsinin əlində bir kağız parçası var. İkisinə də zəng gəlir. Oğlan:
-Alo. Salam. Hə, getdim həkimə. Yox. Hər şey qaydasındadır. Qorxulu heç nə yoxdur. Amma bu gün dincəlmək istəyirəm. Məşqə gəlməyəcəm. İnşallah görüşərik. Sizə uğur olsun!
Kağıza baxır, cibinə qoyur. Artan ürək döyüntüləri qulaqlarını batırır. Qız:
-Alo. Hə, ay ana. Bir az velosiped sürüb qayıdacam. Narahat olma. Həkim dedi, yoğunluqdandı baş gicəllənmələrim. Bir-iki gün dincələcəm, keçib gedəcək. Yaxşı. Hələlik. Öpürəm. Sizi sevirəm.
Qız velosipedinin kilidini açır. Başı gicəllənir. Məhəccərdən yapışıb özünü zorla saxlayır. Pilləkənə çöküb oturur. Əlindəki kağıza baxır. Ürək döyüntüləri vücudunu bürüyür.
Oğlan kağızı cibinə qoyur, qulaqlıq taxıb qaçmağa başlayır. Qız kağızı boynundan asdığı çantasına qoyur, qulaqlıq taxıb velosiped sürməyə başlayır. Onlar dinlədikləri musiqi fonunun müşayətiylə müxtəlif küçələrdən keçirlər. Həmin küçələrdə qarşılaşdıqları xoşbəxt insanlar var: sevgilisiylə qedən gənc qız əlindəki rəngli şar buketinə baxır, ilk addımlarını atan körpə yıxılır və atası tez onu qucağına alır, yolu keçən hamilə qadın maşının pəncərəsindən sabun köpükləri uçuran uşağa gülümsəyir...
Oğlan da, qız da bu tablolara sarı kədərlə boylanırlar. Bir anda oğlanı maşın vurur. Sürücü son anda əyləci basır. Oğlan maşına toxunub yıxılır. Sürücü maşından düşüb ona yaxınlaşır. Oğlan əlinin işarəsiylə onu dayandırıb üstünü çırpır və qaçmağa davam edir. Həmin vaxt qız da velosipedini dirəyə çırpır. Adamlar onu əhatəyə alır. Ayağa qalxmasına kömək edirlər. Qız üst-başını çırpıb yenidən velosipedi sürməyə davam edir.
Hər ikisi ağır nəfəs alır. Daxili səsləri: "Allahım, kömək ol...”
Dənizin uğultusu qağayıların qışqırtısına qarışıb. Hava buludludur. Qayalığa çırpılan dəniz dalğaları. Qızın velosipedi qayalığın üstündədir. O, uçurumun kənarında dayanıb. Külək bəyaz donunun uzun ətəklərini, dalğalı saçlarını oynadır. Hıçqırdıqca çiyinləri tərpənir. İç səsi: "Allahım, bağışla məni. Başqa çarəm yoxdur. Mən ailəmə bunu yaşada bilmərəm". Kəlimeyi-şəhadətini deyir.
Bu vaxt aşağıdan kiminsə bağırtısı eşidilir. Bu qəfil səsdən qız diksinir. Ayağı sürüşür. Əvvəl çınqıllar aşağı yuvarlanır ayağının altından. Sonra da qız dənizin içinə düşür. Qayalığın altında duran oğlan yuxarıdan bir nəfərin suya düşdüyünü görüb çaşır. O, özünü dalğalara vurub qızın huşsuz bədənini sahilə çıxarır. Onu ayıltmaq üçün süni nəfəs verir. Qızın ağzından su axır. O, yavaş-yavaş özünə gəlir. Gözlərini açıb zarıyır:
-Neynirsiz? Əlinizi çəkin məndən, əclaf...
-Mənəm əclaf? Səni ölümdən qurtardım. Burda olmasaydım, indi balıqlara yem idin. Bu da sağ olumdur?
-Xahiş edən olmuşdu elə bil. Siz hardan çıxdız?
-Mən səhərdən burdaydım. Bəs sən hardan çıxdın? Yoxsa uça-uça gəldin?
- Mən yuxarıdaydım. Sonra bağırtı eşitdim, ayağım sürüşdü, yıxıldım..
- Demək, qorxudan yıxıldın?
-Hə... Yoxsa siz idiz dəli kimi qışqıran?
-Tutaq ki, mən idim. Dəli niyə oluram? Bəlkə ürəyimi boşaltmaq istəmişəm.
-Burda ürək boşaldarlar?
-Bəs harda boşaldarlar? Hardan biləydim ki, dəlisovun biri günün günorta çağı gəlib duracaq başımın üstündə?
-Sizin başınızın üstündə duran yox idi. Aşağıda adam olduğunu bilmirdim. Adətən buralar tənha olur.
-Hələ də başa düşmürəm ki, bura necə gəlib çıxmısan təkbaşına?
-Velosipedlə.
-Sən də idmançısan?
-Yox. Velosiped sürməyi uşaqlıqdan sevirəm. Bəs siz idmançısız?
-Hə... Yəni bir neçə saat bundan əvvələ qədər özümü idmançı sayırdım. İndi özüm də bilmirəm kiməm...
-Başa düşmədim?
-Məncə, beynini yorma boş-boş şeylərlə. Yaxşısı budur velosipedinə otur, birbaş evə. Gecdir.
-Sizin məsləhətinizə ehtiyacım yoxdur. Özüm bilərəm, gedərəm, qalaram.
-Hə, əlbəttə. Sənin kimiləri vaxtını xərcləməyə yer axtarır. Dərd yox, sər yox. Həyat sizlərə gözəl!
-Deməli, mənim kimilərin dərdi ola bilməz, hə?
-Yoxsa, o boyda yolu şəhərdən bura dərd çəkməyə gəlmisən?
-Sizə qalmayıb. Əl çəkin məndən. Onsuz da sizə görə suyun içindəyəm.
-Bir az da keçsə, deyəcəksən ki, sən məni suya itələmisən.
- Niyə demərəm, deyərəm. Siz elə bağırmasaydız, mən suya düşməzdim.
-Onda bağışlayın, velosipedçi qız. Üzr istəyirəm. Ürəyin soyudu?
-Yox.
-İşə düşdük də.
- Yuxarı necə qalxa bilərəm? Velosipedim qayalıqda qalıb.
- Burdan yol var.
-Uzaqdır?
-Elə də yox. Amma xahiş etsən, gedib gətirərəm.
-Yaxşı.
-Yəni?
-Yəni xahiş edirəm.
-Deməli, xahiş etməyi bacarırsan. Təəccüblüdür. Qorxuram, bir azdan təşəkkür-filan da edəsən, sevincdən ürəyim partlayar.
-Xahiş etdiyimə peşiman oldum e.
-Yaxşı-yaxşı. Susdum. Gözlə gəlirəm.
Oğlan gedib velosipedlə qayıdır. Qız sahildə bardaş qurub oturub. Əliylə torpaqda uşaq rəsmi çəkir və şeir oxuyur:
-Lay-lay dedim yatasan...
Oğlan onun sözünü davam etdirir:
-Qızılgülə batasan. Uşaqlığım yadıma düşdü...
-Hə... Uşaq vaxtı həyat gözəl idi.
-Elə indi də pis deyil. Dəyərini bilmək lazım.
-Əziyyət oldu sənə. Allah canını sağ eləsin.
-Sənin də dilindən gözəl sözlər çıxarmış. Düz üstünə düşdün. Bu dəqiqə ən çox buna ehtiyacım var elə.
-Nəyə?
-Can sağlığına.
-Niyə ki? Sən idmançı adamsan. İdmançılar hamıdan sağlam olmur ki?
-Mən də elə bilirdim. Amma həyat...
-Demək, xəstəsən. Bəlkə danışasan? İçin boşalar.
-Yox. İnanmıram danışmaqla keçə-gedə...
-Yenə də eşitmək istəyirəm. Bəlkə onda mən də yüngülləşərəm.
-Yoxsa sən də xərçəngə tutulmusan?
Söz oğlanın dilindən qəfil çıxır. Qız yerindən sıçrayıb oğlana yaxınlaşır:
-Allahım... Demək, xərçəng... Hardan bilirsən?
-Bu gün analizlərin cavabını aldım. Beyin xərçəngi... 6 ay vaxt qoyublar.
Oğlan suyun içinə girir. Ayağıyla suyu təpikləyir:
-Təsəvvür elə ki, bir neçə ay qabaq qalib olmuşdum. İndi də çempionata hazırlaşırdım. Buna bax, deyirlər, 6 ayım var. İndi nə deyim məşqçimə, anamgilə? Səncə, nə qədər adam belə axmaq vəziyyətə düşür?
-Hm.. Məncə, bir fərqimiz yoxdur. İkimiz də zibilin içindəyik.
-Nə demək istəyirsən?
-Səhər xəstəxanada idim. 3 aylıq hamiləyəm. Oğlum olacaq.
-Nə? Bundan gözəl xəbər olar? Bu ki, əladır.
-Nə əla? Hamiləyəm. Evlənmədən, toyum olmadan... Ortada qalmışam. Oğlumun atası da indi Rusiyada veyllənir.
-Hm... Bəs necə oldu ki bu?
-Ağılsızam mən. İnandım ona. 3 ay qabaq rəfiqəmgildə məni içirdi, o qədər vəd verdi ki, inanmışdım mən... Özüm də inana bilmirəm. Hər şey bir anda baş verdi. İndi mən bunu ailəmə necə deyim, qayınana, qayınata olmamış, baba-nənə edəcəm sizi. Yazıqlar məni ağ gəlinlik donunda görməyi necə arzu edirdilər... İndi de görüm, hansımızın həyatı daha çətindir?..
Qız əsəbiliklə qəhqəhə çəkir. Torpağa çöküb qumları ovuclayır. Başını tutub yerə çökür. Qum üz-gözünə bulaşır. Oğlan qıza baxır, baxır, göz yaşlarına hakim ola bilmir. İkisi də hönkürtüylə ağlayırlar. Oğlan arxadan yaxınlaşıb qucaqlayır qızı. Bir-birinə sarılıb bir xeyli ağlayırlar. Sonra sakitləşib dənizə baxmağa başlayırlar. Qız birdən gülməyə başlayır. Oğlan:
- Nəyə gülürsən?
-Bizə. Bir vəziyyətmizə bax. Əvvəl dalaşdıq, sonra barışdıq.
-Bütün gözəl münasibətlər davayla başlayır, deyirlər.
Bu dəfə də oğlan gülür:
-Bəs sən niyə gülürsən?
-Adımız... Bu qədər danışdıq, amma hələ mən sənin adını bilmirəm. Adın nədir sənin?
-Dəniz...
-Vay, vay, vay. Dəniz az qala dənizlə qovuşmuşdu, imkan vermədim...
-Hə... Əslində mən bura qəsdən gəlmişdim. Yəni sən olmasan, indi oralarda idim...
Əli ilə dənizi göstərir.
-Hm... Elə mən də elə-belə gəlməmişdim. Amma nə yaxşı ki, gəlmişəm. Yəni gəlmişik, burdayıq. Mənim də adım Xəyaldır, Dəniz. Çox şadam...
-Mən də... Amma üşüdüm. Soyuqdur... Gedim...
-Hə... Uzun müddətdir ki, mən də üşüyürəm.
Oğlan ayağa qalxıb əlini qıza uzadır:
-Deyirəm ki, gəl, birlikdə üşüyək!
Qız əlini ona verib ayağa qalxır. Təəccüblə oğlana baxır...
Aydın səma. Göyün üzü pambıq buludlarla örtülüdür. Dəniz səsi. Həmin qayalıq. Dəniz bu dəfə sakit və masmavidir. Qayalıqda üç nəfər. Uşaq səsi:
-Ata, bura nə qəşəngdir! Nə yaxşı gəldik bura.
Kişi səsi:
-Hə, oğlum, əlini ver. Düşək aşağı. Ora daha gözəldir.
Qadın:
-Ehtiyatlı olun.
-Bilirsən, ananla mən burda tanış olmuşduq.
-Doğurdan? Nə vaxt?
-10 il qabaq.
Onlar dənizin sahilində gəzişirlər. Uşaq çubuqla qumsalda adam fiquru çəkir. Onların gülüş səsləri dənizin uğultusuna qarışır.
Epiloq
Həyat iki nəfərin arasındakı körpüdən keçir. Bu iki nəfər həmin körpüylə bir-birinə doğru da gedə bilər, əks istiqamətə də.