Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - CÜMHURİYYƏT QİYBƏTÇİLƏRİNƏ BƏDAHƏTƏN CAVAB (Hekayə)

AZAD QARADƏRƏLİ - CÜMHURİYYƏT QİYBƏTÇİLƏRİNƏ BƏDAHƏTƏN CAVAB (Hekayə)

AZAD QARADƏRƏLİ - CÜMHURİYYƏT QİYBƏTÇİLƏRİNƏ BƏDAHƏTƏN CAVAB (Hekayə)
Proza
admin
Müəllif:
16:06, 13 yanvar 2025
15
0
AZAD QARADƏRƏLİ - CÜMHURİYYƏT QİYBƏTÇİLƏRİNƏ BƏDAHƏTƏN CAVAB (Hekayə)

                      


 

 

                                                                                       Professor Nəsib Nəsibliyə

 

 

            Ömrünün gənclik illəri Sovet dövrünə düşdüyü üçün özünü şanssız adam sayırdı.

            “Neynəmək olar? Valideynlərini, bunun ardıncan milliyyətini, dinini və doğulduğun ölkəni seçmək hüququn yoxdur. Demək, hər bir adamı doğuluş anında şanssızlıq gözləyə bilər. Qalır, sonrakı mərhələdə mübarizə aparıb, sənə sırınanlardan canını qurtarasan, tamam ayrı bir yol seçəsən. Bu da hər adama müyəssər olmur... Ağır, üzücü bir yol var qarşında...” (Onun sonralar yazacağı əsərlərindəndir bu sətirlər.)

           Orta məktəb illərində, ali məktəbə imtahan verəndə, imtahandan kəsilib bir il Bakıda fəhlə işləyəndə, elə ali məktəbdə oxuyanda da onun həyatı rəvan keçməmişdi. Hər dəfə bir müəllimlə, yaxud bir vəzifəli adamla aralarında mübahisə düşür, təhqir olunduğu üçün cavab qaytarırdı ki, bu da onun həyatında silinməz iz qoyurdu. Ən başlıcası isə mövcud quruluşa qarşı nifrəti daha da artırdı.

            Heç yadından çıxmır. Səkkizdə oxuyurdu. Tarix müəllimi Stepan Razindən danışarkən Razini bir qəhrəman, çarizmə qarşı amansız mübariz kimi nümunə göstərəndə o da yerdən fəxrlə dillənmişdi:

            -Qaçaq Fərzalı kimi...

            Pəh! Müəllim itin başını almışdı ağzına, babasının sözü olmasın. 

            -Nə?! Qaçaq Fərzalı?! O qəhrəman deyildi, bandit idi! Sovet hökümətinə qarşı vuruşurdu. Bunu sənə kim öyrədib?! Babanmı?! Elə sənin baban da onun quyruğu idi... Svolıç köpəy uşağı! Ünsürlər! Kraxoborlar! Kulaklar!...

            Daha nələr demədi o tarix müəllimi?!

            Oğlan qulaqlarınacan qızardı. Və müəllimdən intiqam almaq üçün fürsət axtardı. 

             Növbəti dərsdə məktəbin xidmətçisi Gülnaz arvadın həyətdə otlayan hindüşqalarının qəttəzə poxunu dəvədabanı yarpağının arasına bükmüş, gətirib qoymuşdu müəllim stulunun üstünə. Qoca tarix müəllimi gəlib stula çökən kimi Sədrəddini çıxartmışdı ki, dərsi danışsın. Sədrəddin də itoynadanın biri idi, dərs danışmaq əvəzinə pıqqıldayıb gülmüş, kişini şübhələndirmişdi. Yəqin ki, yavaş-yavaş adamın yuxa yerinə yayılan hündüşqa nəcisinin qoxusu da onu vurduğundan tez ayağa qalxıb əli ilə dalını siləndə əli nəcisə batmış, “bıy sizin nəslinizin ağzını...” deyib, dalısını gətirmədən çıxıb müəllimlər otağına getmiş, az sonra direktorla qayıtmışdı. Və elə ilk həmlədə onun qulağından yapışıb qabağa çıxartmış və bağırmışdı:

            -Vot, vot, bu kulak balası eliyib, əlimin içi kimi bilirəm! – demişdi.

            Direktoru da gülmək tutmuş, onu tarix müəlliminin əlindən almağa çalışaraq demişdi:

            -Əşi, bu yazıq hardan kulak balası oldu?! Kasıb ailənin uşağıdır axı... Özü də, a kişi, altmış səkkizinci ildi e, indiyə kulak kalar?!

            Direktorun soruşdurmasına elə də ehtiyac qalmadı. “Kulak balası” hər dəfə “5” alanda “4”-dən artığına gücü çatmayan Qara Durna əlini qaldırıb o nəcisi stula onun qoyduğumu dedi.

            Direktor  oğlana bir yağlı sillə çəkib çıxıb getdi. 

            Dərsdən sonra müəllimlər otağında məhkəmə quruldu. Tarix müəllimi dirəşmişdi ki, bu “kulak balasını” məktəbdən qovmaq lazımdır. İnsafən direktor tərəfini tutdu:

            -Qovaq deyirsiniz, qovaq. Amma bir iş də var axı... Səhər-birisüyün tur olacaq rayon mərkəzində... Bu uşağı qovsaq, kimi göndərəcəyik olimpiadaya? Genə bu gedib üzümüzü ağ eliyir...

            Beləcə, ona şiddətli töhmət verməklə kifayətləndilər...

 

                                                           ***

 

            İnstitutda oxuyanda partiya tarixi fənnindən “4” aldı. (Bunun da kökündə ayrı mətləb dayanırdı. Təzəcə yazmağa başladığı ilk  hekayələrindən birində dəmir yolları ilə böyük vaqon-çənlərdə daşınan Bakı nefti barədə yazmışdı və o yazını oxuyan müəllimlərindən biri müəllimlər otağında onun hekayəsini tərifləmiş, üstüörtülü şəkildə o vaqon-çənlərə də işarə vurmuşdu. Və mühazirə zamanı həmin partiya tarixi müəllimi “bəzi antipartiya mövqeli tələbələrin ağzına gələni yazmasından” ötəri bəhs etmiş, bunu trotskiçi elementlərin təsirinə düşmək adlandırmışdı. Sonra da həmin qoşa saatda tamamən Trotski və trotskiçilərdən danışmış, onun antisovet fəaliyyətini öz aləmində ifşa etmişdi. Gənc “yazıçı” Trotskinin balta ilə öldürüldüyünü getdiyi ədəbiyyat dərnəklərində eşitmişdi – düzdür, hələ Sovet rejiminin dağılacağı günə azı 20 il vardı, amma artıq imperiyanın sütunları laxlamış, 15 respublikanın hamısında aydınlar imperiya siyasətinə qarşı əsərlər yazmış, çıxışlar etməyə başlamışdılar ki, bu da Azərbaycandan da yan keçməmişdi - və yataqxanaya qayıdan kimi “Vaqon-çənlərdə daşınan ruhumuz şəkli” cümləsini işlətdiyi hekayəsinin yeganə əlyazmasını yandırmış, qorxudan həmin gecə xəstələnmiş, qızdırması qalxmış, dodaqları uçuqlamış, xəstəxanaya düşmüşdü.)

            Ali məktəbdə oxuduğu illərdə yeganə “5” almadığı məhz həmin partiya tarixi fənni idi. Qalan bütün imtahanlardan qiymətləri “əla” idi. Əslində, o bu fənni heç sevmirdi. Evlərində babası, nənəsi  dayıları Qaçaq Fərzalını, onun bacısı oğlu Saleh kişini tarix müəllimi demişkən, “vraq narod” çıxartmışdılar. Fərzalını güllələmiş, Salehi isə Qazaxıstana sürgün etmişdilər. Babasıyla nənəsi oturub-durar, Stalinə, Sovet hökümətinə söyərdilər...

            O həmin fəndən “4” almağı hələ öz aləmində artıq hesab edirdi...

            Həmin partiya tarixi fənnini  keçən müəllimin çuğullaması ilə az qala institutdan qovulacaqdı...

            (“Təqaüd alan günü yığışıb bir balaca məclis qurmağımız vardı. Bir dəfə də belə bir gündə yeyib-içmiş, tərslikdən dərsə getmişdik. Və mən dərsdə şuluq salmışdım. Məsələ böyüyüb rektoracan gedib çıxmışdı... Hətta qovulmaq əmrim də hazırlanmışdı. Yaxşı ki, dekanımızın işə qarışmasıyla məsələ həll olunmuşdu. “Bu uşaq fakültənin üzünü ağ eləyir. Əlaçıdır. İndi bir səhvdir, olub. Gəlin bir töhmət verək, bağışdayaq” demişdi. Əlbəttə, yazıq anamın da nə qədərsə rüşvət verməsindən sonra qovulmaqdan xilas olmuşdum... Və sonradan bilmişdik ki, partiya tarixi müəllimimiz də o kafedə imiş və bizim yeyib-içməyimizi o dekan müavininə xəbər verib.” Bu sətirlər də ordandı.)

 

                                                           ***

 

            -Biz “Türkçülük çalışmaları” adlı bir konfrans düzənləmişik. Düzdür, əsasən, iştirakçılar tarixçilərdir, amma sizin kimi aydınların da oarada iştirakı və çıxışı bizi məmnun edər...

            Əski tarixçi dostlardan idi zəng edən. Çox mədəni, yer bilən, sözü vaxtında, yerində deyən, savadlı və vicdanlı tarixçilərdən idi. Üstəlik də, reputasiyası kirlənməmişdi bu illər ərzində. Belə zamanda belə təmiz qala bilmək hər adamın hünəri deyil. Hər mənada bu adama simpatiyası vardı. “Axı mən tarixi mövzularda yazmıram...” sözünü dilindən qaytardı və razılaşdı. 

            Əvvala, sırf tarixi romanlar yazmasa da, bir çox romanlarında paralel mövzulara – tarixi mövzularla müasirliyin qarşılaşdırılmasına cəhdlər etmişdi və deyəsən, pis də alınmamışdı. İkincisi isə, bəzi hekayələri var ki, sırf tarixi mövzular üzərində qurulub; düzdür, onlarda da müasirlik elementləri var, amma hər halda o mətnlər birbaşa Mahmud Kaşğarlının, Əli bəy Hüseynzadənin, Bəkir Çobanzadənin və bu kimi türçülük fədailərinin gizli qalmış həyat dəftərlərini oxucularla birgə vərəqləməyə çalşmışdı...

            Hətta və hətta Rəsulzadəyə, Elçibəyə ayrıca kitab həsr etmişdi... O hekayələr kitabının oxucusu az olsa da, o azlara görə və o hekayələrə görə özünü çox şanslı hesab edib həmişə...

            

                                                           ***

 

            ...Konfrans bir özəl universitetdə keçiriləcəkdi. Bura getmək onun üçün bir qədər namünasib olsa da, söz vermişdi, getməliydi. Üstəlik, bir neçə gününü sərf etdiyi on beş səhifəlik məruzəsi də vardı axı...

            Bu universitet ölkənin ilk özəl ali məktəblərindən idi. Radioada çalışdığı illərdə bir neçə dəfə burada olmuş, həm rektordan, həm tələbələrdən müsahibə almış, verilişlər hazırlamışdı. Sonra elə oldu ki, universitetin nəzdində orta məktəb də açıldı və bu məktəbin şagird və müəllimləri onun verilişlərinin daimi iştirakçıları oldular...

            Amma və amma! Haqq sözün qulu olduğu üçün həmişə başı ağrıyan bu adam yenə düz sözün güdazına getmişdi...

            “Gözüm saytların birində qəribə elana sataşdı. Daha doğrusu, elandan çox xəbərə oxşayırdı. Nə yazıq ki, indiki saytların çoxunda xəbərlə elanı qarışıq salırlar. Nə isə, orada yazılırdı ki, İstanbulda Azərbaycan ədəbiyyatına dair konqres keçirilib. Konqresdə filankəs şeir mövzusunda, bəhmənkəs roman mövzusunda, həmin bu özəl universitetin rektoru isə Azərbaycanda hekayə mövzusunda məruzə edib...

            Gözlərimi ovuşdurub, yazını bir də oxudum. Tam tamına belə idi!

            Ay başına dönüm, bu rektorla salam-kalamım olsa da, onun niyə belə bir iş tutduğunu anlaya bilmirəm?! Sən riyaziyyat üzrə alimsən, bir özəl universitetin yaradıcısısan, düzdür, hərdən şeir-zad da yazırsan, amma bu axı hekayədir! Sənin hekayə ilə nə işin var?! Orada deməzlərmi ki, niyə atın qabağına sümük, itin qabağına ot qoymusunuz?!

            Mən nadinc adamam, ay balam!

            Mən, hətta mənə min dəfə yaxşılıq eləmiş bir adamın böyük günaha batdığını gördümsə, dözmürəm, onun o günahını üzünə vururam...

            Beləcə, götürüb yazdım ki, bu sonuncu məlumatı oxuyub sarsıldım. Əcəba, Anadolulu türkləri deməzmi ki, sizin ölkədə hekayəni anlayan bir ədəbiyyatşünas, ya da elə bir hekayəçi yazar yoxdurmu ki, riyaziyyat aliminə belə əziyyət vermisiniz?!

            İndi mən bu universitetə gedərkən o rektorla üz-üzə gələndə nə edəcəyəm? Mənə nə var ki?! Heç nə olmamış kimi davranaram, bəs o? O da bu cür davranacaqmı? 

            Bax, mənim həyatda belə şanssızlıqlarla boğuşmağım var...” (Yenə və yenə də orada!)

 

 

                                                           ***

            

          “...Söz ona veriləndə əvvəlcədən yazıb hazırladığı məruzəsinə baxmaq üçün gözlüyünü taxmaq istəyəndə gözü zalda əyləşən bir tarixçini aldı. Son vaxtlar bu adamın cümhuriyyətçilər əleyhinə söylədiyi əyiş-üyüş fikirlər yadına düşdü və məruzəsini bir kənara qoyub əsəbi halda bədahətən çıxışa başladı:

        “-Adını tarixçi qoymuş bir Qafar Vasifov var, tarixdən danışanda bizim çayparanın təndirüstü söhbətlərini eləyən küpəgirən qarılar kimi qiybətə daha çox üstünlük verir, nəinki elmə. Elm də deyirəm, bizim tarix elmi hələ ki, elm olub elmlərə qoşula bilməyib, ondan ki, daim ideoloji basqı altında olan bu “elmi” yaradan alimi-biəmllər yazıblar ki, guya onların anası öz ataları ilə deyil, qeyri millətlərdən olan atalarla yatıb-durub ki, o zina əməldən də onlar kimi bic-vələdizina tarixçilər doğulub. İndi bu adı ağıza almalı olmayan  qiybətçi də, təxminən o bic-vələdizinaların züyünü tutur. Bu yerdə rəhmətlik dostum Eldar Baxışın misraları yadıma düşür:

 

            Baxıram eləcə zoğallayırsan,

             Keşiş zurna çalır, sən də keşişin,

             Qara zurnasını sığallayırsan... 

 

       Hə. Bir məsələ qaldı. Atanın üzünə ağ olan oğulları qədimlərdə məmləkətdən çıxardardılar ki, başına qurd-quş yığışmasın, ya da gözünə mil çəkər, bir zindan küçcünə atardılar. Çünki öz halal atası ola-ola əcnəbi ata axtaranların ar-namus qanmadığını yaxşı bilirdilər.

        Tarix elmimizin saqqalsız ağsaqqalları İdrar Sasanov bizi cənuba, Feliks Medvedyev şimala çəksə də, bizim bir ağırlıq mərkəzimiz var – türk oğlu kimi, Qafqazın aborgen əhalisi kimi min illərdir, burdayıq! Şimalda isə Dərbəndimiz, Cənubda Təbrizimiz var. 

        19-cu əsrin böyük qəzəlxanlarından olan Təbriz əhli Əbülhəsən Racinin bu misraları Rəsulzadəni söyməklə pul qazananlara cavabdır sanki:

 

            Hücümi-əşkə çeşmimdən qəmim yoxdu fərağında,

             Mənə neylər bu daşqın, sel, ki dərya tək kənarım var.

            

         Sonda bunu da deyim. 100 ildir Rəsulzadəni Azərbaycan türkü millət atası kimi qəbul edibsə, sənin kimisinin vəzəriyyət oxuması olsa-olsa arı vızıltısına bənzər...”

            Gurultulu alqışlar salonu bürüdü. Baxdı ki, əl çalanlar ön sıradakı qocaman tarixçilər deyil, orta və arxa sıralarda əyləşən tarix fakültəsinin tələbələridir. Hər zaman tarixə “ölü elm” deyən yazıçı, nəhayət bu elmin də əsl sahiblərinin gəldiyini və onların həmin ölü elmi dirildəcəklərinə əminlik hissi ilə gülümsündü, üstündə iri hərflərlə “CÜMHURİYYƏT SEVDALILARI” yazılmış  məruzəsini konfransın katibliyinə verib salondakı yerinə qayıtdı.”

 

                                                                                                          11.01.2025.

 

                        

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)