Edebiyyat.az » Proza » Fərid Muradzadə - Babildə qaranquş yuvası

Fərid Muradzadə - Babildə qaranquş yuvası

Fərid Muradzadə - Babildə qaranquş yuvası
Proza
admin
Müəllif:
18:10, 29 mart 2025
226
0
Fərid Muradzadə - Babildə qaranquş yuvası




Dəyərli yazıçı dostum Elvin Rizvangilə 


Müharibə dövrünün döyüşlərdə, qan-qadanın içində yoğrulub bərkimiş sərt qanunları, ölüm xofu, insanın sağ qalmaq uğrunda mübarizəsi,bir ömürlük psixoloji zədələri sülh dövrünün isə firavanlığı, asudəliyi, quruculuğu,abadlığı, yaradıcılığı, əmin-amanlığı kimi təsdiqlənmiş özünəməxsus qaydaları var. Divarları güllə və mərmi qəlpələrindən dəlik-deşik olmuş  yenicə daxil olduğu kiçik məhəllə mənzilində onun ilk diqqətini çəkən səliqəli şəkildə bir kənarda yığılmış yağlı boyalar , fırçalar və rəsm kağızları oldu. Heybətli döyüşçü uşaq marağı ilə tamarzı insan kimi rəsm ləvazinatlarına baxırdı. Uzun saçları enli çiyinlərinə tökülmüş ucaboy döyüşçü neçə illik yoldaşı olan silahını kənara tullayıb dağılmış, yaralanmış, yaralı uşaq arzuları kimi ayağı qırıq, üstündə güllə yerlərindən sıxıcı "bəzəkləri " olan yığcam kətilə çökdü. Bir andaca rəng qutularını açıb fırça ilə kağız üzərinə şəkil çəkməyə başladı. 

Niyəsini özü də bilmirdi, amma nədənsə ağappaq kağızın üstünə bahar müjdəçisi olan qaranquş şəkilləri çəkirdi. Az sonra o rəsm dünyasına qərq oldu. Rəssam xarabat içində xoşbəxtlik yaradırdı.Yağlı boyalara batırdığı fırça möhtəşəm bir yaz görüntüsü təsvir etmişdi. Tumurcuqlayan ağaclar, yamyaşıl çəmənlər, üfüqdən boylanan qızılı günəş şəfəqləri, gözəl bir bağçanın içində təsvir olunan kənd evi və eyvanda yuva qurmuş haçaquyruq qaranquşlar... Bu vəhşət içindəki insanın zəngin iç dünaysının təzahürü idi. Bu tablo bir insanın deyil milyonlala insanın ürəyində yığılıb qalmış acı həsrətinin al-əlvan arzuları idi. Onun daxilində bir quruculuq  hissi vardı. İnsan əli ilə viranəyə dönmüş torpaqları abadlaşdırmaq istəyi idi onun kağız üzərində təsvir etdikləri. Qaranlıqda çıraq idi onun quruculuq arzuları. Neftlə zəngin bu torpaqlar neftdən çox qan qoxuyurdu. Qara qızıl qan qırmızı fəlakətə çevrilmişdi. Buralar vətəndaş və dini təfirqə fonunda hərb meydanına döndərilmişdi. Altmış il ölkəni çapıb-talayan BƏƏS partiyasının son nümayəndəsi ölkəni başlı-başına buraxıb qaçmışdı. Hər yer səfalət içində idi.Ölkədə xaos hökm sürürdü, lakin yenicə hakimiyyəti ələ keçirən müxalif qüvvələr işıqlı gələcək barədə vəd verirdilər. İllər sonra bir-birini didən , firqələrə, didişən qüvvələrə çevrilən, müxtəlif xarici qüvvələrə qarşı mübarizə aparan xalq nəhayət verilən vədlərin qarşısında silaha yox,  inama sarılmağa başlamışdı. Insanlar xoş rifaha can atırdılar. Bir neçə gün ərzində elə bil ölkədə nəsə dəyişmişdi. İnsanlar sosial rifahın yaxşılaşdırılması üçün səy göstərirdilər. Elə o da cani-könüldən səy göstərirdi. 

Qaranquş rəssamın ən sevdiyi quş idi. Hələ uşaqlıqdan həmişə həsrətlə qaranquşları gözləyərdi. Onun üçün bahar ilk qaranquşun eyvanlarındakı ənənəvi yuvasına köçməsi ilə başlayardı. O gün onun qəlbi fərəhlə döyünərdi.Qaranquşlar onun uşaq dünyasına xoşbəxtlik gətirərdilər. İllər keçib yaşa dolsa da rəssam adətinə xilaf çıxmamışdı. İndi nənəsi demişkən daha yekə kişi idi, amma hələ də uşaqlıq illərindəki kimi qaranquşları gözləyərdi. Müharibə insanlar kimi quşları da burdan perik salmışdı.  Qaranquşlar buranı çoxdan tərk etmişdilər. O, illər sonra mənzərəsi insanı dəhşətə salan  boz-bulanıq, dağıdılmış, viranəyə döndərilmiş, qan qoxuyan zəngin, amma səfalət içində can çəkişən  bu yerlərə baxdıqca baharın ilıq günəş şüalarından həzz ala-ala illər boyu əlinə götürmədiyi fırça və boyaları götürüb kağız üzərində al-əlvan bir mənzərə yaratmışdı. Bu mənzərə viranəyə döndərilmiş ölkənin abadlıq simvolu idi. Uzun müddət silah tutan əllər, tətik çəkən kobudlaşmış barmaqlar həsrətində olduğu fırçanı ustalıqla sağa-sola çəkir, ağ kağızın üstünü bəzəyirdi.Rəssam sanki yeni bir səhifə açırdı. Ömrünün döyüşlərdə keçən qaranlıq illərini elə illərin arxasında buraxmaq istəyirdi. Ağ kağız, ağ səhifə yeni tarix, yeni gün, yeni başlanğıc idi.Kağız üzərinə çəkilən şəkillər, ona viranəyə dönmüş ölkənin yenidən qurulmasının rəmzi mənası kimi gəlirdi O, müharibə adamı deyildi, lakin həyatla mübarizə, insanın yaşamaq uğrundakı döyüşkən ruhu, ruhuna hakim kəsilmiş dini inanc bağlılığı və allah sevgisi qədər də müqəddəs vətən eşqi onu silah tutmağa məcbur etmişdi. İndi isə döyüş yoxdur və o əskər deyil. İncə qəlbli, yaradıcı ruhlu, təxəyyülü rənglərin palitrası qədər zəngin, rəngarəng dünyanın içindən gələn rəssam idi. Çəkdiyi rəsmə baxdıqca ürəyi açılırdı. Sanki o dünyanın ən məşhur rəsm əsərini yaratmışdı. Primitiv şəraitdə çəkilən əsər sənətkarlıq baxımından həqiqətən də möhtəşəm idi. İlk başlayanda sadəcə həvəs kimi çəkdiyi əsərə artıq başqa gözlə baxırdı. Bəs bu əsərin adı nə olsun? Azan səsi onu xəyallar dünyasından ayırdı. Ehhh… Gedim namazımı qılım. İnsanlar dəstə-dəstə toplaşıb namaza hazırlaşırdılar. Gedə-gedə hamısının dili allah deyən, amma ibadət formaları fərqli olan icmalara baxırdı və baxdıqca da dəhşətə gəlirdi. Axı illərlə elə bu ölkədə insanlar dini təfirqəyə görə bir-birini qırmadımı?  Bu nədir, ay allah? Niyə biz firqələrə bölünmüşük və nə üçün də hamımız özümüzü haqlı sayırıq? Axı biz hamımız əkbər olan, sübhan olan, rəhman və rəhim olan tək və şəriksiz sənə-allaha ibadət edirik. Allahın bizə ehtiyacı yoxdur. Ona ehtiyacı olan bizik!Bəs Allah niyə belə edir? Axı o ədalətlidir! Axı biz niyə qədim insanlar kimi Allaha ucalan yaxud da ucaltığımız bu körpünün inşasında qürura, mənəmliyə və xudpəsəndliyə yol verdik ki, allah bizi qədim insanlar kimi cəzalandırdı?!  Biz niyə buraları Babilə döndərdik? Babil… ağlına gələn fikir bir andaca bütün ruhuna hakim kəsildi. İbadətə toplaşan insan dəstəsinə tərəf deyil, əksinə geri qaçmağa başladı. Arzuları pərən düşüb perikmiş, uçulub-dağılmış, şüşə kimi çiliklənmiş, qəlbi böyük, cismi kiçik fidan bir uşaqdan ona miras kimi qalmış illərlə həsrətində olduğu fırçalarını, boyalarını və ağappaq rəsm kağızlarını qoyduğu yerə. O yerə ki, o bu gün viranəlikdə adsız şahanəlik yaratmışdı. Və indi rəssam şahanə tabloya ad qoymaq üçün geri qaçırdı. Səhərdən bəri ad tapa bilmədiyi rəsm əsərinə ad tapmışdı. Əlləri titrəyə-titrəyə rəsm əsərinin kənarına imza ataraq yazdı"عُشُّ السَّنونو فِي بَابِل- Uşşu's-senunu fi Babil"-"Babildə qaranquş yuvası "


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)