Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - GÖY PLAŞLI ADAM (Hekayə)

AZAD QARADƏRƏLİ - GÖY PLAŞLI ADAM (Hekayə)

AZAD QARADƏRƏLİ - GÖY PLAŞLI ADAM (Hekayə)
Proza
admin
Müəllif:
13:32, 30 mart 2025
121
0
AZAD QARADƏRƏLİ - GÖY PLAŞLI ADAM (Hekayə)




                                     Yaşadığı mənzildə kimsəsiz ölən, cümuriyyətin ilk tarixçisi, 

                                                               heç vaxt əziz olmayan  Mövsüm Əliyevin  əziz  xatirəsinə*




    Elə dərin düşüncələrə dalmışdı ki, elə bil bizi görmürdü. Balaca boy-buxununa darlıq edən zəngin iç dünyası onu çoxlarından uzaqlaşdırsa da, mən adamdan qopa bilmirdim.

    Əynində düm göy rəngdə plaş vardı. Yaz, payız, qış onun içində olardı. Yaxşı bəslənməyən vücudu, ucuz siqaret çəkməyi, ütüsü pozulan şalvarının solmuş rəngi deyirdi ki, tənha güzaran keçirir, dolanışığı aşağıdır. Üstəlik, daim qarşısındakından qaçırdığı gözləri onun güvənsiz həyat yaşadığından xəbər verirdi...

    Amma bütün bunlara rəğmən onun iti hafizəsi, düzü yazan qələmi və sərbəst mühakiməsi vardı. İndiyəcən kimsənin girmədiyi arxivlərdən Cümhuriyyət dövrünə aid nə vardısa yığıb-yığışdırmış, tapıb araşdırmış, yazıb ortaya qoymuşdu. Bizim dərgimiz işə başlayandan baş redaktorumuz onu axtarıb tapmış, mənimlə tanış etmiş və tapşırmışdı ki, Rəsulzadə, Cümhuriyyət dövrü haqqında onun gətirdiyi yazıları balaca göz gəzdirəndən sonra yığılmağa verim. 

    İlk tanışlığımız zamanı onun adını eşidən kimi dik ayağa qalxdım, əlimi uzadıb dedim:

    -Oooo! Nə gözəl insanla görüşürük! Mən sizin “Odlar yurdu”ndakı bütün yazılarınızı sevə-sevə oxuyardım! Rəsulzadı, Xoyski, Yusifbəyil və başqa cümhuriyyətçilərimiz haqqında məqalələrinizi gözümə təpərdim... A kişi, siz bu xalqın ən əziz adamısınız e... Düzü, mən sizi belə sadə biri təsəvvür etmirdim...

    Gözlərində bir ümid işığı yandı. Deyəsən, ona heç belə tərif deyən olmamışdı.

    Və birdən o ümid işığı öləzidi. Cibindən ucuz filtirsiz siqaretini çıxardıb yandırdı və xırıltılı səslə dedi:

    -Həri... Əziz... Əziz ha!.. Rəsulzadədən yazan nöşün əziz olsun ki?..

    Sonra durub gəldiyi kimi də çıxıb getdi.

    Baş redaktor harasa çıxmışdı və geri döndüyündə onun getdiyini görüb hirsləndi:

    -Niyə onu saxlamadın mən gələnə qədər?! Yazı zad vermədi ki?..

    Başımı buladım və o əziz adamın ağrıyan yerini duymağa çalışırmış kimi içimi çəkdim:

    -O özü başdan-başa yazıdı... Əziz ola bilməyən əziz adamdı...

    Baş redaktor mənə tərs-tərs baxıb otaqdan çıxdı.

    Sonra bir dəfə də gəldi. Bu dəfə kefi kök idi. Gülə-gülə dedi ki, bir nəfər tapmışam yuxarılarda, söz verib Sibirdən daş gətirdəcək, Əmin bəyin heykəli üçün!

    (Pis dövr idi. Şər imperiyası dağılmış, azad olan respublikalar bu qorxunc azadlıqla nə edəcəklərini bilmirdilər. Orta Asiyanın türk dövlərlərinin işi lap çətindi. Rusiyanın çəmbərində necə azad olmaq olardı axı?! Üstəlik, bu respublikalarda əhalinin böyük əksəriyyəti rusca danışır, hətta bəziləri öz dillərini belə bilmirdilər. Azərbaycanın işi hamısından ağırdı: adına yanlış olaraq Ermənistan dediyimiz Hayestan silahlanaraq üstüməzə gəlmiş, Dağlıq Qarabağ deyilən ərazimizi əlimizdən almağa çalışırdı. Bununla kifayətlənməyib, bir neçə rayonumuzu da işğal etmişdilər havadarları rusların köməyi ilə. Aclıq, səfalət, işsizlik qapıda idi. Buna baxmayaraq Azərbaycan insanı azadlığa, milli bayrağa könül vermiş, gənclər könüllü orduya gedərək ermənilərlə döyüşmüş, yenə də döyüşürdü... 

    Belə bir vaxtda adam gəlib ki, Rəsulzadəyə heykəl qoymaq üçün Sibirdən daş gətirəcəyik...)

    Əl yazısında olan məqaləsini göy plaşının cibindən çıxardıb masaya atdı:

    -Mını Ziya müəllimin kömeyi ilə o vaxt arxivdən çağartmışdım... Yalnız süzdə gede bilər... Musavatın irsini süzə etibar etməy olar. Halal olsun!

    Çay süzdüm. Buğlanan fincana baxa-baxa gülümsündü:

    -Süz Zəngilannan olduz eləmi? Orda da yəxçi cümhuriyyətçilər olub ha! Ba, biri elə Behlul efendi! Zor kişi olub e! Əmin bəyin ən yaxın adamıydı... Cümhuriyyət dövründə ora, Zəngezura qazı teyin olunub... Onnan yazmay olar... Lazımdur...

    Fincanı əziz bir şey kimi barmaqları ilə qucmuş, gözünü soyumaqda olan çaya zilləmişdi. Sanki ömründə ilk dəfə ona belə nəvazişlə çay süzmüşdülər...

    Bu vaxt qapımız tarak-turakla açıldı, öküzə oxşayan biri salamsız-kalamsız  içəri girdi. Böyürə-böyürə əlindəki fincana çay süzüb çıxmaq istəyəndə gözü üzü mənə, arxası o öküzə tərəf oturan qonağı aldı, daha bərkdən böyürdü:

    -Boy, ə Mönsüm, bı sənsən?! Ə, nə yaman rahat otumusan?! Ə, bə məqaləni niyə gətimədin?! Səni öküz vursun! Hələ çayına-zadına bax! Gəl, ə, gəl görüm!

    Baxdım ki, hirsindən əli əsir. Amma Öküzə də bir söz deyə bilmir. İllah da ona bu cür nəvaziş göstərən birinin yanında qəfil korridaya uğraması könlünü yaralamışdı.

    -Yəxci... Gəlləm... – Deyib, ufultuya bənzər  səs çıxardı. Elə bil öküzün buynuzu onun hansısa üstü qaysaqlanan yarasını qanatmışdı. Fincanda buğlanan çayına gözünün ucu ilə də baxmadan qalxdı, sağollaşmadan çıxıb getdi...

    ...Az sonra o Öküz qapını açıb başını içəri saldı, qonağı görməyincə “ə, bə bı ... hara getdi, ə?!”

    Çox namünasib bir ifadə işlətdi və dəhlizdə hara isə qaçmağa başladı.

    Sonralar öyrəndim ki, o Öküz bizim qonaqdan pulla arxiv materialları alırmış. Yazmaqda olduğu elmi işinin əksər materiallarını belə əldə edirmiş...

    

    Bizdə imzasız xırda-para arxiv materialları getdiyi üçün mənim xahişimlə baş redaktor rəhbərlik qarşısında məsələ qaldırmış, ona müəyyən miqdar qonarar yazmışdıq. Bir görəydiniz, o qonararı alanda necə sevinirdi. 

    -Bu, təkcə qonarar degül, həm də Cümhuriyyətə verilən dəgərdir... – deyib gülümsünmüşdü.

    Sonra yeni nömrəmizi vərəqləyib əlimi sıxmışdı:

    -Ba, bu “Müsavatçı yazıçılarımız” rubrikasnı çox bəgəndim... Capparlıdan yazmeyiniz isə lap əla oldu! Bir az barıtunu çox elemisüz, amma belənçik də gözəldür! Sağ olun!

    Mən təəccüblə onun üzünə baxdım, amma dilimə gətirəcəyim cümləni deyə bilmədim. O, arif adam idi. Üzümdən oxudu deyəcəklərimi.

    -Hərü, anladım... Deyirsən ki, mən Capparlı hakkında yazdıqlarıvu ne zaman oxudum? Baş redaktor bəzi yazıları metbeeye getməzden qabaq mənə oxumağa verür... Əlyazmasını oxumuşdum... Davam elə bu rubrikanı... Bir də Məmməd Aran* olub, Türkiyeye mühacirete gedib... Müsavatın başqanınacan qalxıb e!.. Doktor imiş... Zəngilanlıymış hem de... Bir onu soraqla, belke bişey-mişey çıxdu?

    Zəngilanda əski müsavat irsini araşdırmağa başlamış, maraqlı faktlar tapmışdım. Amma bir zəngilanlının Müsavatın başqanı ola biləcəyini heç təsəvvür etməzdim! Bilsəniz, bu əlçatmaz faktı mənimlə bölüşən bu adama  necə valeh olmuşdum?!. 


                    ***


    Gördüm ki, böyük meydandır. Öküzsifət bir adam (əcəba, bu tanış sifəti harda görmüşdüm?) mindiyi öküzü meydana sürdü. Üzü niqablı balacaboy biri də əlində qırmızı parça ortada dayanıb. Öküzsifət adam mindiyi öküzü üzü niqablı adama tərəf sürdü. Öküz buynuzlarını adama vurmaq istəyəndə o, qırmızı parçanı fırlatdı, öküzün buynuzu boşa çıxdı. Bir belə, iki belə, axırda Öküzsifət öküzdən düşdü, əl atıb öküzün buynuzunun birini qopartdı və qaldırıb üzü niqablı adamın niqablı sifətinə  çırpdı. Adamın niqabı sürüşüb düşdü, üzündən qan şorlayıb meydanı basdı. Qanın içində dövrə vuran adam gülümsündü:

    -Alə, mən Sibirdən daş gətirməliydüm, ay namerd, nöş menu vurdun?!

    Baxdım ki, bu, redaksiyamızın əziz qonağı olan adamdır. Qışıqrıb ayıldım.

    Maştağada, alim dostumuzun bağ evində məskunlaşmış qaçqın ailəmiz şirin yuxudaydı. Maşınların səsindən anladım ki, səhər açılmaq üzrədir. Bu axmaq yuxunu da başımdan qovmaq üçün qalxıb hamama doğru getdim. 


                    ***


             İşə gələndə baş redaktor məni görüb başını buladı:

             -Mövsümü tutublar... Tərslikdən yeni nömrənin əlyazması da onda idi... Oxumağa vermişdim... Niyə elə baxırsan? Elə licimsiz olmağına baxma, Cümhuriyyət dövrünü beş barmağı kimi bilir o... Hər nömrəni çapdan qabaq ona oxudurdum... İndi neyləyəciyik? Tərslikdən...

    -Narahat olma, hər ehtimala qarşı, iki nüsxə çıxartdırıram... Senzuraya təqdim etdiyim variant hansısa qovluqda olmalıdır... 

    Baş redaktor sevinə-sevinə mənim daxıldan qovluqları çıxarmağıma baxıb, əlini çiynimə vurdu və rahatlandı. (Hələ tam kompüterləşməmişdik. Kompüterin babası olan o yekəqarın kompüterlərdən bizə də gəlib çıxsa da, nömrəni hələ də makinada yığdırırdıq.) 

    Dostumuzun həbsinə baş redaktor da, mən də çox heyfsiləndik, amma əlimizdən bir şey gəlmədiyi üçün, iş-güc başımızı elə qatdı ki, onu tezliklə unutduq.


                    ***


    Aylar sonra baş redaktor bir gün sevincək gəlib dedi ki, bəs adamı buraxıblar, amma vəziyyəti yaxşı deyil, xəstədir. Gedirəm evinə, həm halını soruşum, həm də görüm pişim-pişimlə nə qoparda bilirəm. (Yazı çap etdirməyi sevməzdi. Cümhuriyyət dövrünü, Rəsulzadənin həyatını beş barmağı kimi bilsə də, baş redaktorumuzun deməsinə görə, bütün arxivləri köçürüb zirzəmiyə oxşar evində saxlasa da, məqalə çap etdirməkdə xəsis idi. Ona görə, həqiqətən onu dilə tutmaqla yazı ala bilirdik.)

    Səhərisi gün Adam özü gəldi. Xeyli sınıxmışdı. Bayırda hava isti olsa da, həmin göy plaşı əynində idi, özü də sonuncu düyməsinəcən bağlamışdı. Saçlarını arxaya daramış, filtirsiz siqaretinə dəm vermişdi. Əlimi uzatsam da, tutmadı. Sağ əlini sinəsinə qoyub şux Bakı ləhcəsi ilə dedi:

    -Büzə orada, düzdür, işgəncə vərmədülər, amma işgəncədən bətər oldu... Amansız bit müharibəsinə tuş gelmişdüy... Qədeş canı, biti əlimizlə sıyığı sıyıran kimi sıyırıb yerə tökürdüy... Ona görə, əlivi tutmadum ki, birdən yolxucu xesteliy-zad olar... Gecəni səhərəcən yatmıram, su içmeyden qarnım dənüzə dönüb... Bu yazını isə götürdüm ki, göz gezdiresen... Kirilnendür... Ver yığsunnar, birlükde baxarux... 

    Süzdüyüm çaydan bir qurtum alıb dedi:

    -Hindi mən bir iri meqale üzerinde işleyirəm... Müsavat firqesinin Türkiyedeki mühacir həyatına dair... Unu süze bir həftiyecen vercəgəm... Amma dolanışıx pisdür, deyin, mənə bir az qonarardan-zattan yazsınnar...

    O çayını qəndsiz içdi, sonra aparıb qarşıdakı əlüzyuyanda fincanı yudu, yerinə qoyub çıxıb getdi...

    Qonşu otaqda oturan Fuad bəy** bizim otağa gəlib nə isə soruşdu. Mənim fikrim gedən alimdə qaldığından nə dediyini tuta bilmədim. Ahıl kişi fikirli olduğumu görüb gülümsündü:

    -Yəqin Mövsümdə qalıb fikriniz. Mövsüm bu zəmanənin adamı döyüg ki. Heyf. Qədrini bilmədilər. Cümhuriyyət yolunda bütün həyatını qoydu. Çifayidə? Nə ailəsi, nə öyü, nə pul-parası, nə əyin-başı var... Əynindəki plaşı görürsünüz? Türkiyədə olanda alıb. Deynən nöşün bunu alıb o boyda İstanbuldan? Mənə dediyi sözə baxın, sən allah:”Fuad bəy, bu plaşın rəngindəki göy-mavilik türklüyümüzün simgəsidir – bir, ikincisi də bayrağımızın bir atributudur. Üçüncüsü də ora – Türkiyə malıdur! Nazim necə demiş: ”Məmləkətim! Nə kasketim kaldı sənin ora işi, Nə yollarını taşımış ayakkabım, Son mintanım da sırtımda paralandı çoktan – şilə bezindən”. Ona görə, bu plaşı ölüncən çağartmayacam əynimnən!”

    Fuad bəy niyə gəldiyini unutmuşdu sanki. Bir xeyli fikirli halda pəncərədən Sərhəd Qoşunlarının binasına baxdı, birdən nə düşündüsə, əlindəki vərəqləri mənə uzadıb dedi:

    -Hə, bu yazını redaktorunuza verin, özü istəmişdi... Mövsümnən isə istifadə edin... Gedəndə arxasıncan baxdım, halı yaxşı deyil... Cümhuriyyətin yeganə bilicisidir...


                          ***


    Sonra onu görmədim. Baş redaktor da Polşaya işgüzar səfərə getmişdi. Qayıdanda həyəcanlı halda dedi ki, Mövsüm gəlməmişdi?

    -Yox, dedim. 

    Tülyan qapıdan çıxdı. 

    İki gün sonra gəldi. Bıçaq vursan qanı çıxmazdı. 

    -Neçə günmüş ölübmüş... Qalıb içəridə, yalnız qonşular işə qarışannan sonra polis gəlib, mənzil idarəsindən gəliblər... Aparıb Qurd qapısında basırıblar. Evindəki o boyda arxivi də çölə atıblar. Gedib zibilliyə baxdım ki, bəlkə orda nəsə qalar, heç nə yoxdu...

    -Bəs qəbri?

    -Öyrənmişəm... Birlikdə gedərik...

    Gedə bilmədik. Çünki mən dərgidən ayrıldım. Baş redaktorla da görüşə bilmədim daha. Sonra o da illər sonra faciəli surətdə həlak oldu...

    O böyük alimin qəbri beləcə, it-bata düşdü...

    Hanı, bəs Sibirdən daş gətirəcəkdi?..


            ***


    Bu yazını bitirə bilmirəm neçə vaxtdır. Son nöqtəni qoymaq müşkülə dönüb. Sanki o böyük alim gəlib əlimi tutur, tələsmə deyir...

    ...Bu günlər sevindirici xəbər almışam. Mövsüm bəyin məzarının yerini gənc bir araşdırmaçı tapıb! Söz var ki, qəbirin üstünü götürəcək, ad, soyadını baş daşına yazacaqlar...

    ...Sibirdən gələsi daşdan isə hələ də xəbər-ətər yox...


                                        28.03.2025

    





-------------------------------------------------------------------------------------------

*Oxucum! Bilirəm ki, “heç vaxt əziz olmayan” kəlməsinə görə məndən inciyəcəksən.  Və düşünəcəksən: “Bu adam niyə xalqımızın möhtərəm tarixçisi haqqında belə yazıb?!” Məsələ ondadır ki, doğruları yazdığı üçün Mövsüm bəyi, nəinki sevmədilər, hətta bit-birəyə yem etdilər, acından öldürdülər. Və elə mən də o doğru adamlardan yazdığım üçün sevilməm. Heç sən də əziz deyilsən, oxucum! Biz öz məmləkətimizdə heç zaman əziz olmadıq, nə yazıq...

**İllər sonra ustadın xahişini yerinə yetirərək “Zəngilanlı Məmməd Aran və İlyas Əfəndiyev” adlı yazı yazdım və o yazı 

https://qaradereli.blogspot.com-da və “Məndən sonra” memuar romanda yer aldı.

***Müsavat İrsi komissiyasının sədri Fuad Zeynallı.    

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)