Edebiyyat.az » Proza » Q. Skirbekk, N. Gilye - Fəlsəfə tarixi (bir hissə)

Q. Skirbekk, N. Gilye - Fəlsəfə tarixi (bir hissə)

Q. Skirbekk, N. Gilye - Fəlsəfə tarixi (bir hissə)
Proza
nemət
Müəllif:
19:56, 11 fevral 2019
1 893
0
Q. Skirbekk, N. Gilye - Fəlsəfə tarixi (bir hissə)
   



 

   Demokrit Sokratın tam əksinə olaraq «demokratiya
şəraitində yoxsul olmaq, zülm şəraitində xoş həyatdan daha yaxşıdır»,
- deyirdi.
    Demokratiyanı əslində azad cəmiyyətin özünütəşkil prinsipi
kimi görən Demokrit Qorgidən fərqli olaraq azad cəmiyyəti yalnız
qanun qarşısında bərabərlik prinsipi üzərində mümkün hesab edirdi:
adamlar o halda azad ola bilirlər ki, bütün qanun və qaydalara dəqiq
riayət edilir, bütün vətəndaşların bərabərliyi və yekdilliyi üçün şərait
yaradılır.
Bununla belə, Demokrit insanlar arasında təbii bərabərsizliyin
də mövcud olduğunu etiraf edir. Lakin Demokrit təbii bərabərsizliyin
əsasını mənşənin nəcabətli olub-olmamasında deyil, bilik və
bacarıqların az və ya çox olmasında görür. Demokrit elə bu səbəbdən
də belə hesab edir ki, dövlət orqanlarında nadanlar, kütbeyinlər deyil,
mənşəyindən asılı olmayaraq, başqalarından zehni qabiliyyətləri, bilik
və bacarıqları ilə seçilənlər yerləşdirilməlidirlər. Demokritə görə,
dövlət zadəganlara ilahidən verilən bir pay deyildir.
Demokritin fikrincə, dövlət, ümumiyyətlə, ilahi mənşəli
olmayıb, insani mənşəlidir: Dövlət vətəndaşların ümumi mənafeyinin
təcəssümü olmaqla heç bir kənar qüvvə tərəfindən deyil, insanların
özləri tərəfindən yaradılmışdır. Siyasət yalnız adamların uzun sürən
mübarizəsinin məhsuludur və yalnız insan səylərinin nəticəsidir.
Siyasət sənətdir. Böyük sənət olsa da, yalnız sənətdir.
Demokritin siyasi baxışları elə öz sözlərindən də göründüyü
kimi demokrat xarakterli idi. Lakin Demokrit demokratik siyasi
doktrinanın təkcə tərənnümçüsü deyildi. O, demokratiyanın fəlsəfi
prinsiplərinin və ontoloji əsaslarının da yaradıcısı idi. Demokrit
atomistikası, həm də demokratiyanın belə bir ontoloji əsası oldu.
Lakin atomistika təkcə demokratizmin deyil, həm də və ondan
da daha öncə determinizmin və materializmin fəlsəfi əsası oldu.
Başlıca ideyaları Demokrit tərəfindən verilən atomistika
Anaksimandrın arxe haqqında, pifaqorçuların hədsiz və hədli varlıq haqqında təsəvvürlərinə, həmçinin də, çox yəqin ki, qədim hindlilərin
nyaya təliminə söykənir. Onu da qeyd edək ki, tarixi mənbələrdən ümumən məlum olduğu kimi atomistika təliminin yaradılmasında
Demokritlə yanaşı onun müəllimi Levkippin də müəyyən əməyi olmuşdur.
Materializmin ontoloji prinsiplərinin müəyyənləşdirilməsi problemi atomistikada varlıq və yoxluq anlayışlarının korrelyativ təhlili fonunda həll olunur. Bu təhlil öz başlanğıcını dünyada təkcə varlığın deyil, həmçinin yoxluğun da həqiqətən mövcudluğu müddəasından çıxış edir. Yoxluq varlığın kiçik və bölünməz hissəciklərini bir-birindən ayırır. Varlığın bu kiçik və bölünməz hissəciklərini Demokrit atom adlandırır, yoxluq anlayışı altında isə
əslində boşluğu başa düşür və onu məkan ilə eyniləşdirir. Demokritin nöqteyi-nəzərində, atomlar kiçik və bölünməz olsalar da, forma və ölçüləri ilə bir-birindən fərqlənirlər, onlar ayrı-ayrılıqda maddə müəyyənliyinə malik deyillər, maddələri onların müxtəlif kombinasiyaları yaradır. Bu, daimi olaraq hərəkətdə olan atomların toqquşmaları zamanı baş verir, boşluqda hərəkət edən atomlar çoxluğu burulğanları əmələ gətirir, müxtəlif dünyalar bu burulğanlardan yaranır. Demokrit atomistikasında hər bir cisim atomların qərarlaşmasından yaranan bir aləmdir. Deməli, Levkipp-Demokrit atomistikasında əslində bir deyil, iki başlanğıc qəbul olunur: atomlar və boşluq. Atomlar, artıq qeyd olunduğu kimi, bölünməz, dəyişməz və əbədidirlər, daim hərəkətdədirlər. Atomların birləşməsi müxtəlif cisimlərin yaranmasına gətirib çıxardığı kimi, onların bir-birindən aralanması isə cisimlərin məhvinə gətirib çıxarır. Oxşar fikirlərlə qədim hindlilərin nyaya təlimində rastlaşdığımızı artıq qeyd etmişdik. Nyaya təliminə görə, kainat kiçik hissəciklərdən ibarətdir, bütün predmetlər bu hissəciklərin birləşməsindən yaranır. Nyaya təliminə görə, bundan başqa kainatda sonsuz sayda ruhlar da vardır. Bu ruhlar maddi hissəciklərlə birləşmiş və ya birləşməmiş ola bilərlər. Buna bənzər fikirlərə qədim hindlilərin vayşeşika təlimində də rast gəlmək olar. Levkipp-Demokrit təlimində boşluqda hərəkət edən atomlar çoxluğunun burulğanları və onların vasitəsi ilə çoxsaylı və müxtəlif
dünyaları əmələ gətirməsi barədə müddəaya oxşar olaraq qədim hindlilərin Manu qanunlarında bir-birini əvəz edən sonsuz dünyalar haqqında söhbət açılır. Bu, bənzəyişlər, görünür, ondan irəli gəlir ki, Demokrit Şərqdən çox şey öyrənmişdi. Əgər Demokrit atom anlayışını yaratmaqla materializmin ontoloji zəminini müəyyənləşdirdisə, atomu birmənalı xassələrin daşıyıcısı kimi təqdim etməklə həmçinin determinizmin də ontoloji
olaraq əsaslandırılmasına nail oldu. Materializmin və determinizmin ontoloji əsaslarını verməklə, Demokrit eyni zamanda insana əşyavi münasibət fəlsəfəsinin də başlanğıcını qoydu. Personalizmlə daban-dabana zidd olan bu fəlsəfə, əlbəttə ki, insan şəxsiyyətini yüksəklərə qaldıra bilməzdi. O, onu alçaltmalı idi. Demokrit də insanı heyvanın şagirdi elan etməklə bu fəlsəfənin prinsiplərinə, necə deyərlər, sadiq qaldı. İnsanların təqlid
yolu ilə heyvanlardan «çox mühüm şeyləri» öyrəndiyini bəyan edən Demokrit «biz toxuculuq və dərzilik sənətlərində hörümçəyin, ev tikmə sənətində qaranquşların, musiqi sənətində isə nəğməkar quşların – sonaların və bülbüllərin - şagirdləriyik», deyərək öz gümanını «əsaslandırdı». Lakin Demokriti idealın və estetik başlanğıcın düşməni kimi də qələmə vermək düzgün olmazdı. Belə olsaydı, Demokritin Homer poeziyası qarşısındakı heyranlığını necə izah etmək olardı?! Demokrit yazırdı ki, Homer ilahi təbiətə malik olduğundan, nitqin ən gözəlini yaratmışdı. İlahi təbiətli olmadan belə gözəl və müdrik sözləri yaratmaq mümkün deyildir. Lakin gözəlliyin izahında Demokrit, əlbəttə ki, bütövlükdə materialist mövqedə dururdu. O, düşünürdü ki, gözəlliyin son mahiyyəti simmetriyada, ölçüdə, hissələrin harmoniyasında, müəyyən kəmiyyət münasibətlərindədir. Sənətdəki gözəllik isə, sadəcə olaraq, həyatdakı gözəlliyin təqlididir. Bir çox mühüm şeyləri biz elə buna görə də,
təqlid yolu ilə heyvanlardan əxz etmişik. Göründüyü kimi, ilahi təbiətli olma ləyaqətini yalnız Homerə bəxş edən Demokrit insanı alçaldaraq heyvaniləşdirməyə meylli idi, insanı yüksəldərək ilahiləşdirməkdən hər halda uzaq idi.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)