Edebiyyat.az » Proza » Frans Kafka - Atama məktub (bir hissə)

Frans Kafka - Atama məktub (bir hissə)

Frans Kafka - Atama məktub (bir hissə)
Proza
nemət
Müəllif:
17:34, 12 fevral 2019
1 522
0
Frans Kafka - Atama məktub (bir hissə)





Sənin son dərəcə gözəl, çox nadir, sakit, mehriban, xeyirxah bir təbəssümün var, onu görən özünü xoşbəxt hiss edə bilər. Uşaqlığımda o təbəssümü mənə göstərdiyin yadıma gəlmir, ancaq, yəqin ki, göstərmiş olarsan. Niyə də göstərməyəydin, axı onda günahsız bir uşaq idim, mənə böyük ümidlər bəsləyirdin. Yeri gəlmişkən, belə xoş təəssüratların da çox xeyiri olmadı, əksinə, özümü daha çox günahkar hiss etməyə başladım, dünya mənə daha da müəmmalı göründü. Ancaq faktlardan, həmişə davam eləyən şeylərdən danışsam yaxşıdır. Bir tərəfdən özümü təsdiq etmək, qismən də qisas almaq üçün tezliklə səndə gördüyüm xırda-para gülünc hərəkətləri müşahidə etməyə, onları üst-üstə gəlməyə, şişirtməyə başladım. Məsələn, vəzifəcə o qədər də böyük olmayan adamların səni qamaşdırması... Onlardan saatlarla danışmağın... Tutaq ki, hansısa müşavirdən ya da ona bənzər adamlardan... (Bir yandan da, ürəyimi ağrıdırdı ki, sən, yəni, mənim atam, öz qiymətini qaldırmaq üçün belə mənasız söhbətlər edir, bununla öyünür). Ya da görürdüm ki, ədəbsiz sözlərdən, onları ucadan deməkdən xoşun gəlir, sonra da elə gülürsən ki, guya lap gözündən vurmusan, ancaq o cür danışmaq əslində bayağı bir ədəbsizlik idi (həm də sənin necə güclü olmağın haqqındakı təsəvvürlərimi korlayırdı, məni utandırırdı).
   Əlbəttə, bu cür müşahidələrin sayı çox idi və mən də buna sevinirdim, çünki qeybətə, zarafata bəhanəm olurdu. Bəzən bunu başa düşərək əsəbiləşirdin, kinlilik, hörmətsizlik hesab eləyirdin, ancaq inan ki, bunların hamısı özümü qoruyub saxlamaq üçün tapmış olduğum yararsız vasitələr, zarafatlar idi. Elə zarafatlar ki, onları allahların, şahların haqqında da danışırlar... Elə zarafatlar ki, kiməsə olan dərin hörmətini azaltmır, əksinə, həmin hörmətin tərkib hissəsinə çevrilir. Yeri gəlmişkən, sən də mənim qarşımda eyni vəziyyətə düşəndə, özünü bir növ müdafiə etməyə çalışırdın. Adətin üzrə başlayırdın ki, mənim kefim həmişə kök olub, mənimlə həmişə yaxşı
rəftar olunub... Bunlar düzdür, ancaq inanmıram ki, o vaxtkı vəziyyətlərdə mənə çox kömək etmiş olsunlar. Düzdür, anam mənə qarşı hədsiz dərəcədə mehriban idi, ancaq mənə elə gəlirdi ki, bu mehribanlıq səninlə pis münasibətdə olduğuma görədir. O, özü də bilmədən sürəkçi rolunu
oynayırdı. Bəzən elə inanılmaz vəziyyətlər alınırdı ki, sənin tərbiyə üsullarının yaratdığı tərslik, dönüklük, hətta nifrət, bəlkə də, mənə özümü toplamağa kömək edərdi, ancaq anam öz mehribanlığı, ağıllı danışığı (mənim qarmaqarışıq uşaq aləmimdə o, ağıl mücəssəməsi idi), tərəfkeşliyi ilə onları yumşaldırdı və mən yenə də sənin təsir dairənə qayıtmalı olurdum, ancaq ola bilsin, bu dairədən uzaqlaşardım, mənə də yaxşı olardı, sənə də... Bəzən də barışmırdıq və onda anam səndən gizli məni müdafiə edirdi, gizlincə nəsə ötürürdü, nəyəsə icazə verirdi, axırda yenə də sənin qarşında yalançı kimi, günahkar kimi qalırdım, yenə tir-tir əsməyə başlayırdım və belə çıxırdı ki, heç nəyə yaramadığımdan haqqım çatan şeyləri də əldə eləməkçün dolayı yollardan istifadə etməliyəm. Əlbəttə, sonralar özümə görə haqqım çatmadığı şeyləri bu yollarla əldə etməyə adət elədim və beləliklə də özümü daha çox günahkar hiss etməyə başladım. Bu da həqiqətdir ki, məni heç vaxt əməlli-başlı döyməmisən. Ancaq qışqırmağın, qıpqırmızı pörtməyin, çiyinbağılarını tələsik çıxarıb stulun başına keçirməyin döyməkdən də betər olurdu. Elə bil, kimsə asılmalı idi. Əgər doğrudan da asılırdısa, deməli, ölürdü və hər şey də qurtarıb gedirdi. Ancaq kimisə asmağa onun gözünün qabağında hazırlaşırsan və o da bunları görür,
qarmaq gözləri önündə oynayır, sonra da əfv xəbəri gəlirsə, o, ömrü boyu əzab çəkməli olur. Belə hallar tez-tez olurdu və açıqca hiss etdirirdin ki, mən döyülməyə layiqəm, ancaq sənin mərhəmətin sayəsində döyülmürəm, deməli, bir böyük günah da burdan üstünə gəlirdi. Çoxdan bəri boynuma minnət qoyursan ki, (tək də olanda, başqalarının yanında da və heç vecinə deyildi ki, uşaqlarının neylədiyini hamı bilir), sənin əməyin sayəsində mən ehtiyac nə olduğunu bilməmişəm, sakit, isti yerdə, kef-damaq içində yaşamışam. Yadıma o vaxtdan beynimdə dərin
izlər buraxmış cümlələrin düşür: Yeddi yaşımda əl arabası ilə kəndbəkənd gəzirdim. Hamımız balaca bir daxmada yatırdıq", "Yeməyə kartof tapanda sevinirdik. Isti paltarım olmadığından baldırlarım illərlə yara tökürdü. Lap uşaq olanda, Pizekdə məni bir dükançıya şəyird verdilər. Evdən mənə heç nə vermirdilər, hətta əsgərlikdə olanda, özüm evə pul göndərirdim. Bütün bunlara baxmayaraq, atam mənim üçün həmişə ata idi! Bu gün belə şeyləri bilən var?! Indiki uşaqlar bunu bilir?! Axı heç biri bu çətinlikləri görməyib! Bu gün hansı uşaq belə şeyləri başa düşər?       Bəlkə də başqa bir şəraitdə bu sözlər çox gözəl tərbiyə vasitəsi ola bilərdi, uşaqları atalarının gördüyü çətinliklərə, ehtiyaca dözməyə öyrəşdirərdi, onları həvəsləndirərdi, möhkəmləndirərdi. Ancaq sən bunu heç vaxt istəmirdin, sənin sayəndə vəziyyət artıq dəyişmişdi, sənin kimi fərqlənməyə şərait qalmamışdı. Bu imkanı qazanmaq üçün zor işlətmək, çevriliş etmək, evdən qaçmaq lazım idi (ancaq bu şərtlə ki, buna qətiyyətin, gücün çataydı və ana da öz bildiyi yollarla buna qarşı tədbirlər tökməyəydi). Ancaq sən bunların heç birini istəmirdin, hamısını nankorluq, iftira, özbaşınalıq, satqınlıq, axmaqlıq hesab eləyirdin. Misal çəkməklə, öz keçmişindən danışmaqla, utandırmaqla bizi həm buna sövq edir, həm də hamısına ciddi qadağalar qoyurdun. Yoxsa bəzi xırda təfərrüatlar nəzərə alınmazsa, Ottlanın Tsürau sərgüzəştləri ürəyincə olardı. Axı o sənin doğma kəndinə getmək, işləmək, sənin bir vaxtlar gördüyün çətinlikləri görmək istəyirdi. İstəyirdi ki, işləməkdən sənin kimi ləzzət alsın, sənin kimi atasından asılı olmasın. Məgər bunlar çox pis arzu idi? Məgər sənin çəkdiyin misallara, verdiyin öyüd-nəsihətlərə uyğun gəlmirdi? Yaxşı, tutaq ki, Ottlanın bu niyyəti sonda baş tutmadı, bəlkə də hamıya gülünc göründü, hay-küylü oldu, valideynləri ilə hesablaşmadı. Məgər bu, təkcə onun səhvi idi? Məgər evdəki münasibətlərin, hər şeydən öncə də sənin ona yadlaşmağının burda günahı yox idi? Məgər mağazada işləyərkən o, sənə Tsüraudakından az yadlaşmışdı (necə ki, sonralar özünü buna inandırmağa çalışırdın)? Məgər sənin gücün çatmazdı ki, (bu şərtlə ki, özünü buna məcbur edə biləydin), onu həvəsləndirəydin, məsləhət verəydin, gözün üstündə olaydı, səbrsizlik göstərməyəydin, bu sərgüzəştin də sonu yaxşı qurtaraydı?
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)