Fərid Muradzadə - Məşhər
Məni köhnəlikdən, keçmişdən yazan birisi kimi qəbul etməyin. Mən keçmişin acılı-şirinli xatirələri ilə gününü keçirən birisi deyiləm. Sadəcə hərdən daxilimdəki ,,mən" lə, doya-doya yaşaya bilmədiyim uşaqlığımla, ağrı-acılarla, yoxsulluqla, məşəqqətlə dolu yeniyetməliyimlə, müharibənin, valideynsiz keçirdiyim illərin (onlar var olduqları halda) psixoloji travmaları ilə, maddi durumumu düzəltmək üçün məcburi işləyərək tələbəlik və gənclik həyatından (hansı ki, insan ömründə yalnız bir dəfə yaşanır) özümü təcrid etdiyim, itirdiyim gənclik illəri ilə həmsöhbət oluram. Bu anlarda bəzən o illərdə ya fərqində olmadığım, yaxud da zamanında anlamadığım yaşananlar, dostların, tanışların danışdığı real yaşantılar, şahidi olduğum hadisələr, həyat hekayəmin bəzi məqamları yadıma düşür və bunların bir qismini bacardığım şəkildə qələmə alıram. Hərçənd indi müasir dövr, texnika əsri olduğu üçün mən də yazılarımı kağız üzərinə deyil, birbaşa klaviatura vasitəsi ilə kompüterin, yaxud da telefonun monitorundakı yazı proqramına köçürürəm. Bir tanışımın danışdıqlarının əsasında sizə bəhs edəcəyim əhvalat real həyat hadisələri və təxəyyül məhsulunun vəhdətindən yaranıb...
Dağlar qoynunda səfalı, havası, suyu, torpağı min bir dərdə məlhəm olan ucqar bir kənd vardı. İnsanları saf, mədəni, işgüzar, gözütox, ürəyiyumşaq və səmimi idilər. Səhərləri bir tamaşa, axşamları başqa bir aləm idi bu kəndin. İlin bütün fəsillərində buranın xüsusi bir gözəlliyi olardı. Buz kimi büllur bulaqları, allı-güllü yaylaqları, bərəkətli bağ-bostanları, zəngin meşələri, uca dağları vardı bu kəndin. Mən bu kənddə dünyaya gəlməsəm də valideyinlərim bu kənddən idilər və sonralar mənim 2 yaşım olanda ailəmiz atamın təyinatıyla əlaqədar olaraq yenidən bu kəndə qayıtmışdı. Beləliklə mənim də həyatım 11 yaşıma qədər bu kəndə bağlı olmuşdu. Orta məktəbin 6 ilini bu kənddə oxumuşdum. Çox ziyalı, bilikli müəllimlərimiz vardı. Bu kəndə tanrı bütün təbiət gözəlliklərindən pay vermişdi.
Burada hər kəsin bir özəl ləqəbi-ayaması vardı. Kəndin insanları da yer üzündəki digər insanlar kimi bir-birindən fərqlənirdilər və bu fərqlənmə maraqlı kənd həyatının zəngin çalarlarına özgə bir rəng qatırdı. Həyat çox gözəl idi. O zamanlar bu füsunkar gözəlliyi görə bilməyən, kənd həyatından narazılıq edən insanlar onilliklər sonra təəssüflə, həsrətlə, ürəkağrısı ilə o yerlərin gözəlliklərindən danışacaqdılar. Ancaq danışıq quzunu qurda yedirdər məsəli var. Yaşlı nəslin xatirələrində yaşayan o yerlərdə indi təəssüf ki, dığalar ,,at oynadırlar". Biz isə toplum olaraq seyrçi mövqeyində dayanmışıq.
Yuxarıda qeyd etdim ki, bu kənddə hər kəsin bir ləqəbi vardı. Məsələn ,,Yetim Əhməd", ,,Bığ Əsdulla" , ,,Qara Mənsur"(qaraşın olduğuna görə deyirdilər) ,,Xoz Əbülfət" ( xoş nəydi bilmirəm), ,, Dəli Məsud" və s. Kəndimizdə ,,Kar Həsrət" adlı bir kişi də vardı. Heç kimlə işi olmayan, bu dünyada yaşayıb bu dünyanın adamı olmayan birisi idi Həsrət kişi. Hərçənd bu ifadəni mən illər sonra Həsrət kişini düşünəndə başa düşdüm. Karlıqdan əlavə bir az da ayağını çəkməyi vardı. Bir sözlə qüsurlu adamdı. Amma Həsrətin ən böyük qüsuru, ən böyük dərdi, başının bəlası həyat yoldaşı olan Aybəniz olacaqmış sən demə . Aybəniz Həsrətin ikinci ailəsi idi. Birinci həyat yoldaşı xəstəlikdən dünyasını dəyişmişdi. Birinci xanımından olan oğlanları böyük olduqlarından əsgərlikdən sonra şəhərdə işə düzəlmiş, işləri yaxşı getdiyi üçün daha qüsurlu atanı da unutmuşdular. Naəlac qalan kişi Qafan şəhərindən olan 33 yaşlı subay Aybənizlə evlənmişdi. Aybəniz təhsilsiz, amma qənirsiz gözəl idi. O yaşa qədər bu cür gözəl bir qızın evdə qalması saman içi eşən, sirr-söz, qeybət boxçası olan bəzi qadınlarda belə təəccüb doğurmuşdu. Amma hardan baxsaq reallıq belə idi. Az bir müddətdə kənd camaatına, adət-ənənəyə öyrəşən Aybənizin Həsrət kişidən 2 gözəl qızı dünyaya gəlmişdi. Uşaqlar arasında 2 yaş fərq vardı. Həsrət xəstə olduğu üçün daha əvvəlki kimi işləyə bilmirdi. Bəzən bir neçə ay işdən çıxır, sonra yenidən işə girirdi. Hamı bir-birini tanıdığı üçün ona hörmət edir, dəstək olmağa çalışırdılar. Həsrət işləməyəndə ailədə çətinlik yaranırdı. Ona görə də ailənin dolanışığı üçün Aybəniz də fermada sağıcı kimi işə düzəlmişdi. Doğrudur, körpə uşaqlarla çətin idi, amma işləməyə də məcburdu. Nə etməli? Son zamanlar Həsrətin də problemləri çoxalmışdı. Kişiyə əsas təsir edib onu bir müddət yorğan-döşəyə salan isə böyük oğlu Mərdanın rayonda evlənib toyuna doğma atasını çağırmaması idi. Həsrət birinci həyat yoldaşını öldürməmişdi ki?! Bu alın yazısı, ömür payı idi. Həsrətdən nəsə ummaq ağılsızlıq və nankorluq idi. Bu fitrətdən qüsurlu adamdan nə ummaq olardı? Amma Həsrət kişi ailəsini dolandırmaq üçün qüsurlu olmağına baxmayaraq işləmişdi, çalışmışdı. Əlləri, ayaqları qabar bağlamış, eşitmədiyi üçün bir işin dalınca bir neçə dəfə getmiş, gecələr şişmiş ayaqları zoqquldasa da heç kimə möhtac olmamışdı. O, iki nankor övladını böyütmüşdü.
15 yaşından rayon mərkəzində peşə məktəbində oxuyan böyük oğluna məktəbə yaxın bir yerdə kirayə ev tutmuş, cib xərcliyini heç vaxt əskik etməmişdi. Hətta Mərdanı hərbi xidmətə yola salanda bir öküz kəsmiş, o, kənddə hər kəs kimi bollu süfrə açmışdı. Amma indi Mərdan ,,kişi " olub kişilər cərgəsinə qatılmış və qüsurlu atasını öz məclisinə ,,yaraşdırmamışdı". Həyat bəzən çox acımasız olur. Amma bu da Həsrətin sonrakı həyatında toya getməli olacaqdı. Heç kim qarşıda nələrin olacağını bilmir. İnsanın həyat yolu müəmmalarla doludur. Bəzən düz bilib inamla yeridiyin yolda bilinməz uçurumlar olur. Bəzən həyatın bir sapdan asılı olur və ümidlərini itirirsən, amma qəfil düşdüyün anda gözəgörünməz sehrli bir əl səni tutur və düşməyə qoymur. Bəzən hər şeydən bezdiyin üçün ölüm diləyirsən, amma yaşamağa məcbur, bəzən isə məhkum olunursan. Eh, həyat, həyat!
Yorğun olan Aybəniz adətən səhər alaqaranlıqda hələ məktəbə getməyən balaca 4 yaşlı qızı Gülpərini özü ilə fermaya aparırdı. Yarıyuxulu uşaq özünə gələndən sonra artıq ,,dostlaşdığı" bəzi inəklərin balaca şirin buzovları kimi onların altına girərək tərtəmiz inək südündən buzovlar kimi doyunca içərdi. Heyvanlar da artıq ona öyrəşmişdilər. Onlar da normal nəvaziş və qayğı görməyən bu məsum qızcığaza qarşı mərhəmətli olardılar. Onu da bir növ öz ,,balalarından" zənn edərdilər. Toppuş, balaca, məsum Gülpərinin də özünəməxsus bir ləqəbi vardı. Hamı onu ləqəbi ilə çağırırdı. Hətta bəzən öz adı ilə çağrılanda uşaq çaşar, bir neçə saniyəlik çaşqın nəzərlərlə ətrafdakılara baxar və sonda bu çağırışın ona aid olduğunu bilər, eynən də adının Gülpəri olduğunu xatırlayardı. Gülpərinin ləqəbi çox məzəli və anlaşılmaz idi. Ona ,,Pıtı" deyərdilər. Deyilənə görə bu ləqəbi ona anası vermişdi...
‐Mən ölüm, bir az da vuraq. Cəhənnəm olsun ferma da, inəklər də. Ə zalım oğlu, gecənin bu vaxtı heyvanlar da yatıblar e! Nə var o p...x iyi verən fermada?! Dünyanın ləzzəti bax bu rumkadadır. Bir əlli də ataq, sonrasına baxarıq.
‐Ə qağa, bizi satarlar e. Yerin də qulaqları var.
-Sən canın, boş ver bu qorxaqlığı. Ə, satmışıq belə əcəb eləmişik. Bu işi ikimizdən başqa bilən var?
-Yox.
-Deməli bizdən söz çıxmasa kimsə bunu bilməz. Alan da ki, qonşu kəndindəndir. Narahat olma ağzı bütöv adamdır. Həm də mənim yanımda gözükölgəlidir. ,,Sənin sağlığına",‐deyib xalis tut arağını başına çəkdi. Boğazı aşağı nəfəs yollarını yandıra-yandıra mədəsinə tökülən arağın yandırıcı təsirindən gözləri yaşardı. Get-gedə beyinləri dumanlanırdı. Xumarlanmışdılar. Beləcə neçə saat keçdiyini də bilmirdilər. Amma doğrudan da xeyli vaxt idi ki, yeyib-içirdilər. Satdıqları 20 kisə kəpəyin pulu ilə əylənirdilər. Tut arağı bunların beynini tamamən dumanlandırmışdı.
- Ay Asif, bilirsən yadıma nə düşüb?
-Nə düşüb sənin o zayıl yadına?
Bəri gəl deyim. İçkinin təsirindən idi, gecənin bu lal qaranlığında ikisindən başqa kimsənin olmadığı bu yerdə nədənsə sözü dostunun, ortağının qulağına deməyi münasib bildi. Qəfil ikisi də dəli bir şaqqanaq çəkdilər. Bir xeyli güldülər.
-Ə, yadıma düşüb da. Hələ o rayondakı ceyran Rəhimə, canı yanmış yaman şeydir haaa! Adamın sıxıb suyunu çıxarır. Eh, deyirəm indi yenə onun yanında olaydım. Qasımın dedikləri Asifin də ehtirasını cuşa gətirməyə başlamışdı. Dəli bir ehtiras oyanmışdı hər ikisində. Vücudu yanırdı. Daxilində ecazkar bir istək baş qaldırmışdı. O Rəhimənin ,,qonağı" olmaq üçün əvvəlcə kilometrlərlə yol getmək, onun ev telefonuna avtomatdan, ya da poçtdan zəng etmək, münasib olub-olmadığını bilmək lazım idi. Amma bunlar indi əlçatmaz məsələlərdi. Ehtiras odunda qovrulan dostların dəmliyi keçmiş, əvəzində daha dəhşətli bir hiss bədənlərini bürümüşdü.
-Ə, dur gedək görək o xarabada nə var nə yox?
-Gedək, deyə Asif dərindən köks ötürdü.
Fermaya çatanda səhərə yaxın idi.
Xəfifcə əsən meh meşələrin, güllərin, çiçəklərin, bağ-bostanlardakı meyvə‐ tərəvəzin ətrini ətrafa yaymışdı. Yovşan, kəklikotu, yarpız qoxusu adamı valeh edirdi. İçəridə taqqıltı gəlirdi. Durub qulaq kəsdilər. Yox, bu heyvan davranışı, heyvan hənirtisi deyildi. Birağızdan, -,,kimsən"‐ deyə soruşdular.
-Mənəm, Aybəniz.
-Bu vaxt burda nə gəzirsən?!
-İnəkləri sağmağa gəlmişəm.
-Bu vaxt niyə gəlmisən?!
-Qızım narahatdır. Ona görə də tezdən gəldim ki, işi tez bitirib evə qayıdım.
Tövlənin açıq qapısından içəri dolan bahar mehi Aybənizin üzünə tökülmüş tellərini tərpədirdi. Aybəniz özünə sığal verməmişdi, amma bu an onun vəhşi gözəlliyi insanın ağlını başdan alırdı. Naxələf dostlar səhərə yaxın gördükləri bu gözəlliyin qarşısında içkili və ehtiraslı beyinlərindən keçənləri bir-birinin üzündən oxudular. Onların üzünə, bədəninə zillənmiş acgöz baxışları Aybənizi qorxutmuşdu. Aciz, köməksiz, özünü müdafiə etməsi üçün heç nəyi olmayan qadının ürəyi uçunurdu. Aybənizin gözlərinə baxan Qasım bir anlıq ayılan kimi oldu.
-Asif, bu olmaz e, bu bizim kəndçimizdir.
-Nə kəndçi?! O, bizim kənddən deyil, unutma! Kənara çəkil. Ehtiras Asifi dəlilik həddinə çatdırmışdı.
Bütün gücü ilə özünü müdafiə etmək istəyən qadının çırpıntısı və yalvarışları getdikcə Asifin ehtirasını bir az da artırırdı. Qadının mədəsinin üstündən vurduğu yumruq onu halsızlaşdırdı. Artıq nə danışa bilir, nə də müqavimət göstərirdi. Qasım keyləşmişdi. Elə bil kinoya baxırdı. İrəli atılıb Asifi qadından kənarlaşdırmaq istəyirdi. Lakin bir andaca hər şey dəyişdi. Asif ,,ədəb-ərkanla" Aybənizin xalatını əynindən çıxardı. Bir neçə saniyə ərzində onu lümlüt soyundurub samanla dolu enli axura uzatdı. Aybənizin iniltisi Asifin ehtirasdan çıxardığı qəribə səslər Qasımın da ehtirasını artırdı. Növbə onun idi. Erotik filmə baxıb qızmış gənc kimi qadının üstünə atıldı....
-Dur geyin, get inəkləri sağ! Bir kimsəyə də bu barədə danışma. Onsuz da sənə inanmayacaqlar. Çünki bu kənddə indiyə qədər belə bir şey olmayıb. Əsla inanmazlar. Dur, az gözünün qorasını axıt. Biz çox razı qaldıq. Yəqin ki, sən də bizdən razı qalmısan. O kar, şikəst kişidən nə həzz alırsan? Cavansan, bizi gör, sən də biz də kef içində yaşayaq.
Namusu, şərəfi tapdanmış, heysiyyatı ayaqlar altına düşmüş, çarəsiz durumda olan qadın səssizcə göz yaşı axıdırdı. Onun yanağı boyunca axan büllur kimi səssiz göz yaşında dünyaya sığmayan bir qadın hayqırtısı, itirilmiş qadın ləyaqətinin, qadın paklığının yerdən göyə şikayəti toplanmışdı. Ala inəyin altındakı yarımçıq süd vedrəsinə baxa-baxa ağlayan Aybəniz qəfil ayağa durdu. İnəyə yaxınlaşaraq vedrəni götürüb yerə əndərdi.
-Bu südün mayası pakdır, mən isə ləkələnmişəm. Mən o inəkdən süd sağa bilmərəm. Sizi isə Allah elə cəzalandırsın ki, ölmək arzulayasınız, amma ölə bilməyəsiniz!
Qımışdılar. Bir-iki gündən sonra özü istəyəcək,- deyib heç nə olmamış kimi səhərin təmiz havasını murdar ciyərlərinə çəkərək oradan uzaqlaşdılar. Evə dönən Aybəniz bir bidon su qızdırıb yuyundu. Uşaqlar oyanmışdılar, yemək istəyirdilər. O, isə əlini Həsrətin halal çörəyinə uzatmaq istəmirdi. Çar-naçar uşaqları birtəhər yedirib özü dilinə heç nə vurmadan yaylıqla alnını bərk-bərk sıxıb yatağa yıxıldı. Göz qapaqlarından sanki daş asmışdılar. Beyni zoqquldayırdı. Ağlamaqdan qan çanağına dönmüş gözünün kökü ağrıyırdı. Neçə saat huşyar olduğunu bilmədi. Handan-hana gözünü açdı. Başına xeyli adam toplaşmışdı. Küt nəzərlərlə ətrafdakıları süzürdü. Döyükmüş gözlərini bir-bir hamının üzündə gəzdirdi. Elə bil o, bu dünyadan deyildi. Hər kəsə təəccüblə baxırdı. Nə edəcəyini, nə deyəcəyini bilmirdi. Qulaqları küyüldəyirdi. Başında olduqca küt bir ağrı vardı. İki‐üç kəndə baxan feldşer də gəlmişdi. Feldşer çox təcrübəli tibb işçisi idi. 30 ildən yuxarı idi ki, feldşer işləyirdi. Güclü müşahidə qabiliyyəti vardı. Qadını müayinə edəndən sonra ona sadəcə bir sakitləşdirici dərman və bir də yuxu gətirici iynə vurdu. Sonra qadına özünü toplamağı və nevropotoloqa müraciət etməyi məsləhət gördü. Feldşerin üzündə anlaşılmaz bir ifadə vardı. O, illərin təcrübəsinə əsaslanaraq belə nəticəyə gəlmişdi ki, qadın güclü psixoloji travma alıb. Ona görə də təcili Aybənizə nevropotoloqa müraciət etməyi məsləhət görmüşdü. Aybəniz isə ancaq ölmək istəyirdi.
Həyat yoldaşındakı qəribə dəyişikliklər təbii ki, Həsrətin gözündən yayınmamışdı. Bir neçə gün ağlına gələnləri özündən kənarlaşdırmaq istəyən Həsrət münasib zaman gözləyirdi. Onsuz da dadı qaçmış, mənasını itirmiş ömründə Aybənizin də hər şeyə bu qədər laqeyd olması, özünə qapanması əlbəttə ki, onu çox narahat edirdi. İntuisiyası nəsə dəhşətli bir şeyin baş verməsindən xəbər verirdi. Axşama doğru qadını sıxışdırmağa başladı. Həsrətin sakit, amma eyni zamanda da dəlisov birisi olduğunu bilirdi. Verilən suallara cavab verə bilməməsi Aybənizi daha da çətin duruma salmışdı. Nəhayət hirsi başına vuran Həsrətin onun ünvanına dediyi təhqiramiz ifadələrə dözə bilməyib göz yaşları içində həyasına boğularaq birtəhər təcavüzə məruz qaldığını söylədi.
-Niyə ilk başdan demədin?!
-......
Əsəbindən yay kimi gərilən Həsrət ox kimi irəli şığıdı. Baltanı qapıb darvazaya sarı yüyürdü. Ürəyi dəhşətli dərəcədə vururdu. Əlini darvazanın dəstəyinə uzatsa da qapını aça bilmədi. Kürəyinin arasından tutan qəfil dəhşətli ağrı onu yerə yıxdı. Ağzı köpüklənməyə başladı. Ardınca yüyürüb özünü ona çatdıran Aybəniz yerdə uzanıb çabalayan, ağzı-gözü əyilən Həsrətə baxanda dəhşətə gəldi. Çığırmaq istəsə də səsi çıxmadı. Yazıq qadın qəribliyini sanki indi hiss elədi. Həsrəti birtəhər sürüyə-sürüyə evə aparmağa çalışırdı. Uşaqların atalarını bu halda görüb qorxacaqlarından ehtiyat edərək qonşu Güldəstə xalanı səslədi. Səs-küyə qonşular tökülüb gəldilər. Güldəstəgil balaca uşaqları oradan uzaqlaşdırdılar. Kəndə hay düşdü ki, Həsrəti infarkt vurub (infarkt keçirib), iflic olub. Həsrətin bütünlükdə sol tərəfi işləmirdi. Üzü elə dəhşətli əyilmişdi ki, gözünün biri görünmürdü. O, canlı meyit idi. Aybənizin gətirdiyi dərmanları belə içmirdi. Dili də tutulmuşdu. Heç nə deyə bilmirdi. 4 gün sonra Həsrət bu yalanlara dolu, amansız dünyaya gözlərini əbədi olaraq yumdu. Ölmədən əvvəl ikicə anlaşılmaz söz dedi
Qasəbəbnəə və asəbbəbənə.
Bunların nə demək olduğunu yalnız Aybəniz bildi. Aybəniz uşaqları qardaşıgilə göndərmişdi. Həsrətin qırxında sonra özü də qardaşının evinə gedəcəkdi...
Səhər heyvanları örüşə buraxıb geriyə dönən Qasım yolunu qısa etmək üçün biçənək yerindən kəsə getməyi qərara almışdı. Günəş yavaş-yavaş nurunu ətrafa yayırdı. Sol tərəf üstə əkin yerlərinə baxa-baxa irəliləyirdi.
-Həəə, bu il məhsul yaman bol olacaq,‐deyib başını çevirəndə gördüyü mənzərədən başının tükləri qabardı. ,,Bismillah", -deyib gözünü yumub açdı. Amma .....
Qollu-budaqlı qoz ağacından asılmış Aybənizin gözlərində həyat nişanələri artıq sönmüşdü. Gözləri böyüyüb hədəqəsindən çıxmış, rəngi qapqara qaralmışdı. Qasım ağlaya-ağlaya qadının cansız bədənini ağacdan düşürdü. O, Aybənizin gözlərində nifrət qarışıq bir məsumluq görmüşdü. Qadının cansız gözləri ona nəsə deyirdi. Səsi tutulmuşdu. Çağırmaq , köməyə adam çağırmaq istəsə də alınmırdı. Nitqi batmışdı. Taxıl zəmilərini qoruyan qarovulçu Mehman kişi heykəl kimi dayanıb zənnlə nəyəsə baxan Qasımı bir neçə dəfə çağırsa da cavab ala bilmədi. Qasım yayın istisində tir-tir titrəyirdi. Bu niyə belə edir,‐ deyib ona yaxınlaşdı və....
Qasım 2 həftə rayon xəstəxanasında yatdı. Evə buraxılandan sonra da təkliyə çəkilib bir küncə qısılaraq xəyala dalar, arada öz-özünə dodaqaltı nəsə danışardı. İki ay sonra Həsrətin ailəsi kimi o kənd də dağıldı. Erməni qəsbkarları o güllü-çiçəkli, bağ-bağçalı, bar-bərəkətli kəndə təcavüz etdilər.
Məcburi köçkün kimi Bakıda məskunlaşan Qasım 3-4 il sonra tamam ,,havalandı". Ləqəbi ,,Dəli Qasım" oldu. Abır-həyasını itirmiş Asif isə az qala itə də tamah salmasından dolayı siflisə yoluxdu. Xəstəliyi elə bir həddə çatdı ki, yara tökməyə başladı. Evdən qovulub küçələrə düşdü. Onun da ləqəbi ,,Xora Asif" oldu. Alçaq əməllərinin bəlasını çəkən iki nanəcib insan ölmək üçün hər gün yalvarırdılar. Amma ölmürdülər. Onların ,,Məşhəri" bu dünyadan başlamışdı.