Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - TOXUM (hekayə)

AZAD QARADƏRƏLİ - TOXUM (hekayə)

AZAD QARADƏRƏLİ - TOXUM (hekayə)
Proza
nemət
Müəllif:
20:28, 26 oktyabr 2019
2 106
0
AZAD QARADƏRƏLİ - TOXUM ( hekayə)







                        Məktəb illərində mənə biologiya dərsi keçmiş Abbas müəllimin xatirəsinə




            “Doktor, mən müəlliməm, qazancım danışmaqdan çıxır... Amma dişlərim tökülüb, danışa bilmirəm. Protez də ağzımda durmur... Dedilər, siz diş əkirsiniz... Biz axı yerliyik... Tanıdınız? Bizim kolxoza gəlmişdiniz... Bir yüngülvari qanqaraçılığı da olmuşdu... Gəldim ki, bəlkə əlac eliyəsən...”

            Kişinin yetmişəcən yaşı var. Diş əkdirmək istəyir. Ağzını yoxladım, damaq yoxdur qəti, yeyilib gedib erroziyaya uğramış torpaq kimi.

            “Bəs niyə indiyə qədər protez qoydurmamısınız ki, damağınız bu kökə düşməyəydi?”

            “Bilirsən, pis toxumu heç övc eləməsin... Oğlum ailəsini buraxdı, getdi Rusiyaya... On  ildi nə öldüsünnən xəbər var, nə qaldısınnan... Mən də iki uşaqla arvadını sahibsiz buraxa biməzdim axı... Onun ailəsinə baxdım, imkan eləyib dişlərimi düzəltdirə bilmədim... Uşaqlar böyüyüblər, əlləri iş tutur... İndi də mənim damağım...”

            Kişinin gözləri dolur. Onun bir cümləsi isə məni uzaqlara aparır.

            “Pis toxumu heç övc eləməsin...”


                                                           ***


            Gərək adamın ağlı yerində ola ki, başı çıxmadığı sahəyə girişməyə. Ağıl vaxtı deyildi, it yiyəsin tanımayan çağlardı. Yenidənqurma adıyla köhnəni sökmüşdülər, yenini qurmağa macal yoxdu. Ermənilər də bir yandan kələfimizi dolaşdırırdılar. Diş həkimi, tibb elmləri namizədi, indiki dilnən desək, tibb elmləri üzrə fəlsəfə doktoru  olsam da, Bakıdakı işimi-gücümü buraxıb, yuxarının göstərişinə əsasən, doğulduğum rayona katib kimi işləməyə getdim.

            1991-ci ilin ağır günləri idi. Ermənilər avtomatla sərhəd kəndlərimizi atəşə tutur, adamlarımıza rahatlıq vermirdilər. Bizdə isə ov tüfənglərini də yığmışdılar. Camaat qalmışdı əliyalın. İlk işim camaatdan yığılan ov tüfənglərinin qaytarılması olsa da, bunun elə bir xeyri olmadı. Hamı avtomat istəyirdi. Məcbur olub rəhbərliklə əlaqə saxladım. Onlardan da bir kar aşmadı. Neyləsinlər axı? Ordu yox, silah zavodu yox... Axırda Bakıda yaşayan yerlilərimizi rayona dəvət etdim və onların iştirakıyla müşavirə keçirib vəziyyəti izah etdim. Yekdil fikir bu oldu ki, pul toplayıb rus hərbi hissələrindən silah alaq. 

            Az vaxtda xeyli pul yığıldı. Bir maşın avtomat silahı, patron alıb milis dəstələrimizə və könüllülərə payladıq. Bir az rahat nəfəs aldım. 

           Amma rayonun kənd təsərrüfatında, az sayda olan sənaye obyektlərində vəziyyət daha ağır idi. Kimin əlinə nə düşürdü, oğurlayıb İrana aparırdı. Biri hətta bir saz traktoru Arazdan keçirmək istəyəndə yaxalanmışdı. Bilmirdim polisi cinayətkarlara qarşı yönəldim, ya erməni hərbçiləri ilə mübarizəyə.

         Təsərrüfat sahəsində ilk gördüyüm işlərdən biri taxıl zəmilərinin bərpası oldu. Vaxtilə taxıl altında olan sulu və dəmyə qara torpaqlarda indi tütün, kələm, şəkər çuğunduru, kartof və üzüm əkirdilər. Üzümü ləğv eləmək çətin idi, amma ilk olaraq tütün sahələrini çevirttirib taxıl əkməyi tapşırmışdım. Təkcə “Geroy Nəzər” deyilən sədrin başçılıq elədiyi kolxozda bizə müqavimət göstərirdilər. Bu adamın bir qolu yox idi, amma ağzından od tökülürdü. Pambıq əkilən zamanlarda Sosialist Əməyi Qəhrəmanı adı almışdı. Deyirdilər ki, rayonun indiyəcən rəhbəri olmuş bütün katiblər ondan tük salırmışlar. Tərs olmaqla bərabər, bir az da ağızdan yava imiş. Qadın-qoca demir, lətərcin söyüşlərə qonaq eləyirmiş hamını.

            Nəysə, xəbər gəldi ki, tütün yerini şumladıb, camaatın gözü qabağında taxıl səpdirib, amma taxıl əvəzinə tütün çıxıb... bax, belə. Özüm o kəndə gedəsi oldum. 

            Bir qadın ayağa qalxıb dedi:

            -Ay yoldaş katib, biz sizin tapşırığınızla payızda taxıl səpdik, amma yazda gedib gördük ki, buğda əvəzinə tütün çıxıb... Hə vallah...

            Sədr ucadan qəhqəhə çəkdi, salona bir gülüşmə düşdü ki, bir anlığa nə edəcəyimi bilmədim.

           Özümü ələ alıb ayağa qalxdım:

            -Bildiyiniz kimi, biz müstəqil olmuşuq. Müstəqil ölkənin ilk işlərindən biri taxıl ehtiyatı yaratmaqdır. Biz isə günlük taxıla möhtacıq. Ona görə də köhnə zamanlardakı zəmi yerlərini bərpa etməliyik. Sizdə isə rayon partiya komitəsinin qərarına etinasızlıq göstərilir... 

            Sədr saymazyana ayağa qalxdı. Tək əlini qaldırıb baş barmağını mənə tuşladı:

            -Yoldaş katib, etinasızlıq-filan olmayıb. Sadəcə bizdə allahın dolaşdırması olub. Taxıl səpmişik, tütün çıxıb...

            Kişi güldü və bütün kolxozçular təzədən gülüşdülər. Mən hirslə əlimi stola çırpdım:

            -Bu nə biyabırçılıqdır?! Sabahdan  sahələri təkrar şumlayın, mala çəkin, kultivasiya işlərini aparın, səpinə mən özüm gələcəyəm!

            Sədr yenə güldü, amma bu dəfə açıqca mənə istehza edirmiş kimi:

            -Yoldaş katib, bax deyirəm, bu allahın işidir... O gözəgörünməzin işinə əl aparmaq isə... Axı tütün elə çıxıb ki, elə bil mıncığı sapa düzmüsən... Sirri-xudadı bu. Gəlin o yaşıllığa qıymayaq... Həmin sahəni şitilliyə çevirək, üstünü klyonka ilə örtək, yazda köçürək sahələrə... Hələ o biri rayonlara da şitil satıb, qazanc da əldə edə bilərik... Mejdu proçim, müstəqillik deyil, mən müstəüilliyi belə görürəm... Kefim istəyər tütün əkərəm, istəyər taxıl... 

            Bayaqkı qadına üzümü tutub dedim:

            -Xalacan, de görüm tütünü sahəyə taxılı səpən kimi səpirlər?

            Qadın yaşmağını aralayıb qızardı, sədrə baxıb yasaladı:

            -Yox, həylə eləmirlər... Qabaqcadan şitilliyə səpirlər tütünün toxumun... Sonra apreldə, mayda şitilləri sahələrə köçürürlər...

            -Bəs deyirdin sahəyə taxıl səpmisən, tütün bitib, Qasımov!? – Qezlə sədrə qışqırdım.

            Deyəsən ox hədəfə dəymişdi. Yerində donquldanan sədrin boğazı qurumuşdu. Adi bir diş həkimini bağlayacağını zənn edirdi, amma yanılıbmış.

            Təkcə bu kolxozda deyil, rayonda və hətta respublikada tanınmış müəllim olan Həsən müəllim ayağa durdu, pencəyinin yaxalıqlarını düzəltdi, sanki bununla mənə yaxasından asdığı “SSRİ Xalq Müəllimi” döş nişanını göstərirmiş kimi döşünü qabağa verib adama toxunan səslə:

            -Əvvəla rayonumuza xoş gəlmisiniz. İkincisi, bura da sizin ata yurdunuzdur, öz yerlimizsiniz. Üçüncüsünə qalanda, bir rəvayət var. Deyir, bir vilayətdə bərk quraqlıq olur. Əhalinin dəmyə taxıl zəmiləri yanıb tələf olur. Aclıq qapını kəsir. Yeməyə isə bir parça çörək belə yoxdur. Körpə uşaqların acınnan zarıyan səslərini eşitməmək üçün vilayətin başçısı qulaqlarını qapayır. Az miqdarda taxıl ehtiyatını əhaliyə paylasa, növbəti ilə toxumluq olmayacaq... Bu kimi çalıq-balıq suallarla allaha yalvarıb nicat istəyən vilayət hakimi səhəri dirigözlü açır. Amma arada bir mürgülədiyi zaman gördüyü yuxu da yadına düşür. Bir ağ əbalı qoca yuxusuna girmişdi. Qoca əlini sulu torpaqlara tuşlayıb demişdi:”O torpaqlarda boranı əkdir. Anbardakı ehtiyat taxılını isə hər günə böl, payla camaata. Yazı, yayı pencərə qatıb yesinlər, acından ölməsinlər...

            Hakim “pənah allaha” deyib, müdrik qocanın yuxuda ona dediyi kimi edir. Vilayətin əhalisi sulu torpaqlarda yazlığa boranı əkir, hakimin anbardan verdiyi gündəlik taxılla yazı, yayı ölmədiril çıxardır. Payıza dönəndə isə... Daha anbarda bir girvənkə də buğda qalmamışdı...

            Bir payız səhəri  hakimin qulağına həyətdən sevinc-şadlıq səsləri dəyəndə pəncərəyə yanaşır və görür ki, camaat sarayın qabağına yığışıb oxuyub-oynayır. Hakim qorxur. Elə bilir ki, əhali havalanıb. Amma vəzir onu əndişədən qurtarır: kənd əhli sulu torpaqlarda əkdikləri boranı-balqabaq sahəsindəki boranıları, balqabaqları kəsərkən içindən qarğıdalı tökülüb. Vilayət əhlinin bir ilinə çatacaq qədər qarğıdalı çıxıb boranı sahələrindən. “Qarğıdalı yaman günün çörəyidir” deyimi o illərdən qalmadır... İndi ay yoldaş katib, gəl daşı ətəyindən tök, tütün çörəkli sahədir... Bəlkə bu allahın möcüzəsidir elə? Tütün bitib, bitib də, qoy bu il də tütün becərək, gələn il allah kərimdir...

            Hirslə əlimi yellədim:

            -Müəllim, bilirəm, tütün gəlirli sahədir. Sizin kəndlərdə adamlar gümrah yaşayır, yaxşı ev-eşik tikiblər, hər evdə maşın var... Bəs o xəstə uşaqlar? Bəs hər il uşaq salan zahı qadınlar? Tütün pul gətirsə də, çoxunuz o pulu dava-dərmana verirsiniz... Bura gələndə mənə məlumat verdilər ki, sənin oğlun on ildir ailə qurub, uşaq üzünə həsrətdir gənc ailə... Bəs bu dərdi hara yazaq? Bilin, mif-dastan zamanı keçib, xalqa çörək lazımdır. Rusiya, Ukrayna, Qazaxıstan daha taxıl göndərmir. Gedin, traktorlara kotanları qoşun, tütünü çevirin gecəynən. Sabah özüm də gələcəyəm... Qonşu kolxozların da traktorlarını, kotanqarışıq bura göndərəcəyəm. 


                                                           ***

            Toxumluq taxıl taylarının ağzını özümün iştirakımla bağladılar və möhürlədik. İki gün sonra səpin başladı. On hektaracan sahənin səpini bitən kimi mən rayona qayıtdım. İkinci katibi isə işin üstündə qoydum.

            Bir həftə sonra kolxoza təhkim olunan Aqropromun sədri alataş gəldi raykoma və qəbuluma girib az qala ağlaya-ağlaya dedi:

            -Yenə eyni şeydir... Taxıl yerinə tütün çıxıb!...

            Daha bu qədər olmazdı! Ola bilməzdi! Kimsə mənimlə açıq-açığına iyəşirdi.

            Göstəriş verdim ki, həmin yerdə ekspertiza aparılsın. 

             Torpağa səpilən toxumun ekspertizası dəhşət bir faktın üstünü açdı: taxıl səpilməyinə səpilmişdi, amma qaynadılmış taxıl!..

            Sonra o da məlum oldu ki, həmin taxıl toxumunun üstündən tütün toxumu səpmişdilər...

            Bu faktları üzə çıxartmağa, sadəcə o torpaqda doğulmağım imkan vermədi. Bu adamı həbs etdirsəydim, məsələ böyüyəcək, dilə-dişə düşəcəkdi. Qəzetlər yazacaqdı. O qoluyox sədr isə ən azı mənim yerlim, bəlkə də bir soylum idi. İndi otuz min əhalisi olan rayonumuzda yüz il əvvəl heç üç min adam yaşamayıb. Bəlkə də bu sədrin babasıyla mənim babam əmiuşağı, yaxud xalauşağı imişlər... 

            Yadıma illər əvvəl bizim rayonda baş vermiş başqa bir əhvalat da düşdü. “Əhməd əməliyyatı” adı ilə məşhur olan o əhvalat daha dəhşətli imiş. Maarif şöbəsinin baş mühasibi olan Əhməd adlı kişi necə işləyirmişsə, ayın sonunda müəllimlərin maaşını verəndə, o maaşın beşdə biri qədərində artıq pul qalırmış özünə. Tutaq ki, rayonda 500 müəllim var, hərəsi 200 manat maaş alır, bu edir 100 min manat. Bu beşdə biri – 20 min pul Əhmədə qalırmış, əlbəttə heç kimin maaşına toxunmurmuş, sadəcə bunu necə edirmişsə, axırda hesab-kitab düz çıxırmış. Bu, təxminən on iləcən davam edir və iş böyüyüb gedib Moskvaya çıxıb. Bir cuhud müfəttiş gəlib yoxlayıb Əhmədi və axırda məsələni açıb. Gedəndə Əhmədə deyib ki, sən dahi adamsan, amma heyf ki, bu dahi başı belə xırda məsələyə sərf eləmisən...

            Əhmədi tuta bilməyiblər, amma o cuhudun məruzəsindən sonra “kəşf”ini o vaxtkı Xalq Təsərrüfatı İnstitutunun dərsliyinə salıblar “Əhməd əməliyyatı” adı ilə...

            İndi mən o cuhud kimi məsələni gedib yuxarılarda məruzə edimmi? Qorxuram ki, heç mənə inanmasınlar. Bir də bu qoluyox elə-belə adam deyil ha! Həm Sosialist Əməyi Qəhrəmanıdır, üstəlik qolunu torpaq yolunda qoyub – pambıqyığanın elavatoru qolunu dibindən qırıbmış cavan vaxtlarında...

            İndi siz deyin, mənim bu adamla  üz-üzə gəlməyim nə ilə nəticələnəcəkdi? “Bir diş həkimi təsərrüfat adamına uduzdu” desələr, nə olasıdı ki? 

            Sərhəddin o üzündə erməni top-tüfəng yığıb üstümüzə gəlir, bizsə toxumu qaynadıb sahəyə səpirik ki...

            O lətifədə nə təhər deyirdi: “...Bizdən adam olmayacaq, e, olmayacaq...”

            Səhəri istefa ərizəmi yazıb poçtla Mərkəzi Komitəyə göndərdim. Onsuz da qarşıdan qarayel əsirdi. Baltikyanı respublikalarda kommunistlər partbiletlərini Qorbaçovun ayağı altına tökmüşdülər...

            Hə, bizdən adam olmağına olacaq, amma bir az gec olacaq... Toxumumuz xarabdır... Gərək saf toxum tapaq...  Qanımız dəyişməlidir...

            O ki qaldı bu kişinin ağzına diş əkməyə, bunun da implantasiyası mümkün olmayacaq. Nədən ki, diş əkməkçün münbit yer – damaq lazım. Bu ağızda isə o yoxdur. 


                                                                                                                     19.10.2019




Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)