AZAD QARADƏRƏLİ - “AĞLA İNCƏ-İNCƏ...” (hekayə)
Elina üçün bir ağız ağı
Havadan yanıq məftil iyi gəlirdi. Elə bil hardasa qısaqapanma olmuş, şunurların rezini tüstüləmiş, məftillər də yanıb qızarmış, rezin qoxusu məftil qoxusuna qarışmışdı. Ya da mis, aliminium satanlar hardasa tapdıqları şunur-məftil qırıntılarını yandırırdılar.
Amma az sonra öyrəndim ki, bunların heç biri deyilmiş. İş yuxarıdaymış. Maqnit seli varmış və bu da yerdəki havanı da, insanları da vəlvələyə salmışdı.
Belə havalarda, adətən çölə çıxmıram. Amma daha çıxmışdım və əllərimi arxadan qoşalayıb belimə qoyaraq yeriməyə başlamışdım. Az sonra havadan lax yumurta, ya da köhnə sirab qoxusu da duyuldu və düşündüm ki, gərək geri dönəydim, yoxsa bu hava bir azdan özünü batıracaq...
...“Salam allahındır. Gərək onu heç kimdən əsirgəmiyəsən. Lap çörək kimi, hava-su kimi... Elə şeylər var, heç insana aid deyil, allahdangəlmədir. Yaxşılıq, gözütoxluq, paklıq... Bunlar insana allahdan keçib. Salam da elədir. Gərək onu heç kimdən əsirgəməyəsən. Boş evə girdinmi, ora da salam ver. Noolsun ki, boşdur. O boşluğun da bir əyəsi var... Salamı əsirgəməzlər...”
Babamın sözləridir. Kişi yüz yaşadı. Qəddi əyilmədi. Dili dolaşmadı. Qulağı eşidən oldu, gözü görən. Deyirdi, bunlar da Allahdandır...
İndi Bakının ucqar qəsəbəsinin bu dar dalanıyla gedə-gedə babam yadıma elə-belə düşməyib. Neçə vaxtdır həkimlərin məsləhətiynən gündüz saat 12-dən birəcən təxminən iki kilometrəcən məsafəni ayaqla qət etməliyəm. Mən də bizim evdən qəsəbənin baş küçəsinə, ordan da bu uzun dar dalanacan gəlir, parka enib bir az dincəlir və qayıdıram. Hər dəfə bu dar dalana girəndə səksəkədə oluram. İndicə o, qabağıma çıxacaq!.. Və mən məcbur olub ona salam verəcəm. Və adam salamımı alıb az qala baş əyərək yanımdan ötüb keçəcək. Və beş addım atmamış ilk qabağıma çıxan adam deyəcək:
-Siz niyə ona salam verdiniz?! Axı o...
Qulağımı əllərimlə tutub keçəcəyəm...
Adın tut, qulağını bur – bu deyimdən zəhləm getsə də, deyilib, mən də deyirəm - budur, o adam dalandan üzübəri gəlməkdə. Mənəcən iki yerdə döngə var, bəlkə də onların birindən dönməlidr, amma dönmür, düz üstümə gəlir. Salamımı almalıdır axı...
-Salamın əleyküm...
-Əleyküm salam... – Baş əyib dayanır. Dayanır, əyilmiş qəddini düzəldir, “yazı-pozu” ilə dolu sifətinə bir azacıq təbəssüb qonur. (Hiss olunur ki, bu sifət uzun zamandır təbəssümə möhtac qaldığı üçün yadırğayıb ona. Bəlkə buna görə, təbəssüm özününkünə oxşamır, elə bil başqa bir adamın sifətindən alıb bu çil-çopur sifətə sürtüblər astar alçlnı divara üzdən qabaq sürtən kimi.) Əlini uzadır və mən də məcbur qalıb bu naqolay uzanan əli tuturam.
-Nə əcəb bizim bu dar dalanla yürüyürsünüz?
-Nə bilim?.. Həkimlər məsləhət bilib yeriməyi... Azı iki kilometr yeriməliyəm... Maşın yolu toz olur... Buralarda ən sakit yersə sizin dalandır... Qurtaracağında da park var axı... Orda da bir az dincimi alacam...
-Hə, biz də bura yeni gəlməyik... Rayondakı ev-eşiyi satdım, gəldim bu yaşımda oldum şəhərli... Allah adamın sohrakı ayıbınnan saxlasın...
Dalanın başında adamlar iki bir, üç bir toplaşaraq bizə baxırlar. Elə baxırlar, az qala gözlərilə yeyəcəklər ikimizi də. Barmağı ilə məni göstərəni tanıdım. Bir il əvvəl gəlmişdi bizə, oğlunu şərləyib tutmuşlar. Mənə ərizə yazdırdı. Bilmədim axırı nə oldu.
Danışa-danışa gəlib adamların yanından ötürük. Kişi deyəsən məndən ayrılana oxşamır. Daha bu adamla dərinə getmək istəməsəm də, aramız açılıb. Ona görə soruşuram:
-Niyə gəldiniz ki? Kənddə problemmi oldu?
-Nə bilim, problem mənnən yan keçmədi ki...
Dalandan çıxmağa az qalmış qulağım arxadan bunları çaldı:
-Ağsaqqal da qoşulub bu lülüşə... Salamına heyfi gəlmədiyi bəs deyil, hələ əl tutur, söhbət edir...
Dönüb baxdım. Mənə ərizə yazdıran kişi idi. Dilimin ucuna gələn sözü güclə qaytardım: “Ay namərd, bu adamın gəldiyi beş-on gün deyil, lülüşlüyünü hardan bildin?!”
-Arvadım qoşuldu bir cavan oğlana getdi, bir il sonra qayıtdı... İstədim qoymayam evə, yazığım gəldi... Yaşım əllini keçib... Təzədən evlənən deyiləm ha... Dedim, tay gəlmisən, qaxıl otur xarabanda, qızlarının başın dara, paltarların yu, yeməklərin bişir...
Parkda skamyada oturduq. Maraqdan ölürdüm. Havadakı qaz iyi-zad da yadımdan çıxmışdı.
-Üç ildir qayıdıb gəldiyi, mən ona ərrik eləməmişəm... Yəni, qardaş-bacı kimi bir damın altda qalırıq... Neynim, üç qızımız var, su sonası kimidilər... Onlara görə qəbul elədim onu... Bir də...
Kişinin üzündəki “yazı-pozu” onu ələ verir – təxminən bunları oxuyuram ordan: “Bir də ki, mən onu sevirəm axı...”
-Yaxşı, bəs rayondan niyə çıxdınız?
Ağrıdan qıvrılan adam kimi içinə yığılır, kirpi kimi yumurlanır və handan-hana açılıb deyir:
-Kənddə yaxşı təsərrüfatım, ev-eşiyim vardı. Bağ-bağatım, sürüynən mal-heyvanım, taxıl sahəm, biçənəyim... Hər şeyim vardı. Bağın məhsulunu qapımda çəkib alırdılar. Hər il on mal satırdım. Südümüz, qatığımız, pendirimiz aşıb-daşırdı. Allah bəsdi deyincə vermişdi... Arvadın bir axmaqlığı hər şeyimizi məhv elədi. Daha məndən mal almadılar. Süd-qatığımızı bazarda da alan olmadı. Taxıl zəmilərimi, biçənəyimi mal-heyvanla otardılar. Mənə açıq-açığına oğraş kimi baxırdılar. Gədələr qızlarıma söz atırdılar. Hətta bir düdük oğlan qapımızacan gəlmiş, qızlardan birinin qoluna əl də atmışdı. Tüfəngi götürdüm, vuram, əlim qalxmadı. Qorxdum ki, tutulacam, qızlarım qalacaq sahibsiz... Ona görə ev-eşiyi, mal-heyvanı dəyər-dəyməzinə satdım, çıxdım ordan...
Əslində, adam yaraşıqlı, boy-buxunludur. Amma elə bil sir-sifətini, boy-buxununu gizlətmək üçün içinə çəkilir. Yox olmaq, görünməmək istəyir.
-Bir ildə üç yer dəyişmişik. Hara gediriksə, dərdimiz özümüzdən qabaq gedir. Sanki kimsə bizdən qabaq gəlib düşdüyümüz məhəllədə bizi tanıdıb gedir. Salam vermələri cəhənnəmə, salamımı belə almırlar. Hətta şəhərdə oğraşın yerinə təzə ad qoyublar mənə: raqonoseç... Bilmirdim mənasın. Baxdım lüğətə, papağım başımnan düşdü... O papağı mən çoxdan günə vermişəm onsuz da...
Adam danışdıqca ürəyim ağrıyır. Başa düşdüm ki, bir şey eləməsəm, yazığı bu məhlədən də perik salacaqlar.
-İndi şəhərdə nə işlə məşğulsunuz? Axı ailəni dolandırmaq üçün nəsə etməlisiniz?..
-Mən çox şey bacarıram. Qoysalar, başımın çarəsini qılaram... Əlimdən hər iş gəlir. Misgərəm, qalayçıyam, dülgərəm... Kənd adamı olmağıma baxma, şəhər işlərini də bacarıram: santexnik, elektrik, malyarlq... Bir də ağacdan maraqlı fiqurlar da düzəldə bilirəm... Burda, parkın başında bir dükan kimim var, baxmaq istəyirsiniz?
Şıq-şıq sallofan torbanı köksünə sıxaraq sanki “nə olar, etiraz etmə” deyir gözlərilə. Çox inamsız olan bu gözlərdən hədsiz kədərlə bərabər, bir güclü enerji də axır. Bu kədərlə o sonsuz enerjinin qarışığından isə atom reaktorını işlətməyə yetən alov gördüm. Adını unutduğum bir nüvə mütəxəssisinin çıxışından eşitdiyim sözlər yadıma düşdü: “İnsan qəlbindəki enerji atom enerjisindən güclüdür. Ona görə də insanlarla ehtiyatlı olun. Ən qorxunc partlayış atom bombsının törətdiyi partlayış deyil, daha qorxuncu insan ruhunun partlamasıdır. Onların səbri böyükdür. İnsan səbrinin daralması, ən güclü partlayışa səbəb olar ki, bu da yer üzünün məhvinə gətirib çıxarar...”
6-7 kvadrat metrlik bir yerdir. Qabağında bıçaq itiləyən alət, mis qab-qacaq, və bir-iki taxta heykəl fiquru var. Heykəlçiklərə ötəri baxıb içəri girirəm. Sanki sehirli bir aləmə düşürəm. Taxtadan düzəldilmiş rəflər başdan-başa taxta heykəllərlə doludur. İnək heykəlləri, çöngə, dana, öküz, keçi, qoyun, qoç fiqurları... Atlar lap çoxdur. İnsan da var, ancaq heyvanların fonunda, süjetli fiqurlardadır insan.
-Bunlar əladırlar ki?! – Heyrətlə dillənirəm. Adam başını qaldırıb utancaq görkəmlə:
-Əlim təsərrüfatdan üzüləndən sonra, başladım mal-heyvanımın heykəllərini düzətməyə... Neynim, arvadın peyin iyindən, tövlə iyindən xoşu gəlmirdi. Elə bizi atıb getməsinin bir səbəbi də məndən qoyun iyi, tövlə iyi gəlməsi imiş... Sonra öz rayonumuzda bizi yola vermədilər... Gəlib Əli Bayramlıya çıxdıq... İndi adı nədi?.. Hə ora, Şirvana. Orda bu fiqurları düzəltməyə başladım... Sonra gəldik Sanqaçala... Orda da düzəltdim... Bir şey pisdir ki, burda tut ağacları azdır. Gərək pulnan alasan... Mənə tut ağacı lazımdır axı... Bunların hamısını tutdan düzəltmişəm. Həə... Nə bilim e...
-Niyə insan yoxdur?
-Var, niyə? Amma insan təkcə nə edə bilər? Bax, burda insan, at və it var... Üçü bir yerdə... İnsan bu dünyada tək deyil axı...
Dediyi fiquru, bir at heykəli, bir də buğa fiqurunu alıram. Kişi qiymət söyləmək istəmir. “Pulsuz aparın” deyir. Amma mən razı olmuram. Üç fiqura otuz manat qoyub çıxıram və deyirəm:
-Sən bu bıçaq itiləyəni də götür, gedək bizim məhləyə. Çağıraram qonşuların, elə bizm də bıçaqlarımızı itiləyərsən.
-Olar yəni? – Təəccüblə soruşur.
-Olar, niyə olmur...
-Yaxşı. Qoy dükanı bağlayım....
***
-Onu sən çağırmısan?
-Kimi?
-Nə bulim, hərə bir söz deyir... Deyirlər yaxşı ailə deyillər... Uşaq-muşaq Peysər deyir... Bıçaq itiləyir, nə qayırır, bilmirəm...
-Ayıbdır, uşaq-muşağın sözün ağzına alma. Qələt eləyirlər! Normal adamdır. Əsil sənətkardır... Əlindən hər iş gəlir. Bıçaqları ver görüm. – Arvada təpinib bıçaqları da götürüb çıxıram. Yazıq boynuburulu dayanıb bizim həyətin ağzında. Evə çağırsam da, gəlmir. Dəzgahını elə buradaca qurur və başlayır işə.
Heç iyirmi dəqiqə keçməmiş, qonşular tərəddüdlə də olsa bıçaqlarını gətirirlər. Kişinin rəngi-rufu yerinə gəlib. Ayaqlarını pedala basıb işlədikcə ona baxır və düşünürəm:”Bax, insan budur. O hər şeyə qadirdir. Birini çöpləyib dəli də edər, adam kimi yanaşıb iltifat da göstərər.”
***
Təxminən bir həftə sonra gördüm onu. Rəngi qaçmış, gözlərinin altı şişmişdi. Ağzımı doldurub nə baş verdiyini soruşmaq istədim, özü başladı.
-Kiçik qızım məktəbdə sinif yoldaşları ilə mübahisə edib... Bütün sinif üstünə gəlib. Bu da dözməyib, damarlarını sinifdəcə doğrayıb... Direktor da, sinif rəhbəri də, müəllimlər də deyirlər ki, günah bizim qızdadır. Guya oğlanlarla gəzirmiş... Şeir dəftəri varmış... Nə vaxtdan şeir yazmaq cinayət olub axı?..
Əlini döş cibinə aparır, bir kiçik vərəq çıxardıb mənə uzadır:
-O dəftərdən qopan bir vərəqdir... Sevgi şeiridir...
Vərəqi alıb oxuyuram:
Mən ölsəm, bağışla,
Səni sevə bilmədim layiqincə.
Qəbrim üstə gəl, ağla incə-incə.
Ətim ürpəşir. Güclü zərbə almış adam kimi yerimdə səndirləyirəm. Kişi isə vərəqi alıb uzaqlaşır. Arxasınca çağırmaq istəsəm də, səsim çıxmır. Adamın adını da soruşmadım.
30.10.2019