Maks Friş - Xarakter
“…Məzuniyyət zamanı qadınla bir müstəsna hal kimi səhər yeməyi yemək – buyurun, eyvanda qəlyanaltı edək, amma üç həftədən çox yox; düzünü desəm, bundan bircə gün də çox dözə bilmərəm, o da məzuniyyət vaxtı, yəni məşğul olmağa bir iş yoxkən, amma uzağı üç həftədən sonra öz turbinlərimdən ötrü darıxmağa başlayıram; qadınların səhər ləngliyi – buna heç bir kişi tab gətirmək gücündə deyil; qadın səhər yataqdan qalxan kimi güldandakı gülləri haqqında çərənləməyi yaxşı bacarır…Yox, yalnız islaholunmaz ikiüzlülər buna dözməyə hazır olduqlarını deyə bilərlər. Bilaixtiyar Ayvini xatırladım. “Ayvi”nin tərcüməsi sarmaşıq deməkdir, mənə görə bu, bütün qadınların ümumiləşdirilmiş adıdır…Yox, mən tək olmaq istəyirəm! İki nəfərlik otağın görkəmi, – mehmanxanalardakı ikiotaqlı nömrəni demirəm, oradan qaçıb aradan çıxmaq asandır, – bəli, məhz daimi yaşayış üçün ikinəfərlik otaq mənimçün o qədər dözülməzdir ki, ciddi-ciddi düşünməyə başlayıram: bəlkə Xarici legiona yazılsam, yaxşı olar…
…Mən arsız deyiləm. Yalnız həmişə ayıq adamam, amma buna qadınlar dözmürlər. Ayvinin dediyi kimi vəhşi də deyiləm, heç vaxt nikahın əleyhinə çıxmamışam, çox vaxt qadınlar özləri mənim nikah üçün yaramadığımı düşünürlər. Daim hansısa hissin təsiri altında ola bilmirəm. Tək olmaq – mənim üçün məqbul olan yeganə həyat tərzidir, çünki qadınları bədbəxt eləmək istəmirəm, qadınlar isə özlərini bədbəxt etməyə çox meyllidirlər. Boynuma alıram: tək olmaq – heç də həmişə şən yaşamaq deyil, həmişə lazımi formada olmursan. Amma indi öz təcrübəmdən bilirəm ki, biz formada olmadığımız anda qadınlar da öz formasını itirməyə başlayırlar. Onlardan ötrü darıxan kimi dərhal ittihamlar başlayır, onları daşürəklilikdə günahlandırırıq. Belə hallarda mən tək darıxmağa üstünlük verirəm…Ömrümdə ən xoşbəxt dəqiqələr – dostlarımı tərk edib, öz maşınıma mindiyim, qapını örtüb mühərriki işə saldığım, radionu açıb maşının alışqanında siqaretimi yandırdığım və qaza basdığım dəqiqələrdir. Hətta kişilərin arasında olmaq da məni həmişə yorur. O ki qaldı, pis əhval-ruhiyyəyə, dediyim kimi, buna elə də əhəmiyyət vermirəm. Bəzən birdən tamam süstləşirsən, amma sonra yenə özünü ələ alırsan. Yorğunluq əlamətləri! Dəmirdəki kimi. Mənim fikrimcə, hisslər yorğunluq əlamətlərindən başqa bir şey deyil – hər halda məndə belədir. Süstlük dəqiqələri olur. Bu zaman özünü tənha hiss etməmək üçün nə qədər məktub yazırsan yaz – xeyri yoxdur, heç bir köməyi olmayacaq. Bununla heç nəyi dəyişmək mümkün deyil; sonra yenə boş mənzildə yalnız öz addım səslərini eşidəcəksən. Ən pisi isə budur ki, radioda kiminsə səsi patent almış it yemini ya da quru mayaları tərifləyir – nə fərqi var! – sonra şirin yuxular arzulayıb susur, amma hələ gecə saat ikidir. Bu zaman adamın köməyinə cin çatır – hərçənd, mən cin xoşlamıram, – küçədən səslər, maşın siqnalları, yeraltı yolların cınqıltısı, təyyarənin uğultusu eşidilir, amma nə fərqi var. Bəzən də dizimin üstündə qəzet, sönmüş siqareti xalçanın üstünə salaraq elə kresloda yatıram. Özümü ələ almağa çalışıram. Nə üçün?..Əlimdə xoşlamadığım cin dolu stəkanı tutub dayanıram və içirəm; ona görə dayanıram ki, mənzildə addım səslərini eşitməyim – özümün addım səslərini. Bütün bunlar qətiyyən faciəli deyil, sadəcə bir az ağırdır, çətindir, öz-özünə “gecən xeyrə qalsın” deməyəcəksən ki…
Amma doğurdanmı buna görə evlənmək lazımdır?..”
“Homo Faber” romanından