Ələsgər Əhməd - ...Sağlam rəqabətdə ola bilər, amma rəqabət edəcək yazan yoxdur. Nə qədər yazı var, ortaya çıxarmıram. Məni həvəsləndirmirlər, qarşı-qarşıya gələ biləcək adam tapa bilmirəm...
-Ələsgər Əhməd xoş gördük. Şairin ən böyük arzusu nədir?
-Xoş gördük. Arzu deyəndəki, məqsədlərim var. Onlar da özüm üçün deyil. Adı olub, özü olmayan "oxucu" üçündür. O düşünməlidir, həyacanlamalıdır, beynini yormalıdır. Bir sözlə ucuz eyforiyadan başqa, bütün fərqli hisslər.
-Sənin şeirlərində plagiat izləri varmı?
-Olmayıb, olmayacaqda. O qədər yoxdur ki, bunu həzm edə bilməyən "plagiat qurbanları" biri-birinə aidiyyatı olmayan misralarla ittiham edirlər. Üstəlik, çox çirkin şəkildə. Plagiat istedad məsələsidir. Hara qədər yaza bilirsən, odur. Düşündüyün misradan böyük yazmaq istəyirsənsə, hardasa plagiat uğurları olacaq. Niyə uğurlu? Bizimkilər biri-birilərinə o qədər yaxşı təkrarlayırki, oxucu hamısına əla deyir. Yəni, eyni mövzular həddindən artıq çoxdur. Həm də ikinci dəfə işlədilən fikir, orijinal formatından da betər olur. İkisi də uğursuz. Bəli, bir kütlənin oxuması, uğurlu və istedadlı yazmağına dəlalət gətirmir. Səni illər, mətnlər, eqon, neocorteksin vicdanına təqdim edir. Onda bilirsən sən hardasan.
-Bəzən kəskin fikirlərinlə seçilirsən. Digər şairlərdən nə istəyirsən?
-Şeir istəyirəm, şeir. Sağlam rəqabətdə ola bilər, amma rəqabət edəcək yazan yoxdur. Nə qədər yazı var, ortaya çıxarmıram. Məni həvəsləndirmirlər, qarşı-qarşıya gələ biləcək adam tapa bilmirəm. Action yaratmırlar. Zəiflikləri aşırı dərəcədə çoxdur, gücsüzləşdirirlər məni. Yaşlı və gənc nəsildən yaxşılar sözsüz ki, var. Onlarla döyüşməyim, dostluğu məğlub edər.
-Kitab oxumaq, sevişmək, yoxsa şeir yazmaq?
-Üçü də maraqlıdır, ehtiyacdır. Amma kitab oxumasan, nə şeir yaza bilərsən, nə də sevişməyin "ruhən" olar.
-Çox işlənmiş mövzulardan qaçmağının səbəbi nədir?
-Proyektinin birinci müsahibi olmazdım. Bilmirəm açığı, özümü məcbur etmirəm. Qeyri ixtiyarı yazılır. Beynim artıq özünü belə funksiyanallaşdırıb. Yazıram, bitirirəm. Bir aydan sonra oxuyuram, təəccüblənirəm. "Bu nədir", "bunu necə yazmaq olar"- təlaşımdır bir növ məni dərinləşdirən.
-Poeziyamızı necə dirçəltmək olar?
-Məni və mənim oxuduqlarımı oxuyaraq. Bu çox eqoist səslənə bilər, olsun. Amma mənim istedadımı vicdanıma qoyub, danışıram. Bəlkə də tək-tük adamlardanam ki, poeziya ilə tanınmaq yox, poeziyanı tanıtmaq istəyirəm. Sənə bir şey deyim, yaxınlarda gözəl işlər olacaq.
-Azərbaycan poeziyasında sənin şeirlərin hansı yeri tutur?
Bu suala oxucu fikirləri ilə cavab verəcəyəm. "Sizin fundamental istedadınız var, şeirləriniz 10 il sonrakı beyinlər üçündür". "Şeirlərinizi yola vermək olmur. Başa düşmək üçün 2-3 dəfə oxumaq lazımdır." "Sizi oxuyanda, beyninizi sevir adam". "Sizin şeirlər xaotikdi, heç vaxt səliqəyə salmayın" və. s. Hardadır bilmirəm, arada öz əlim də çatmır, toxunmağa.
-Şair sevəndə qələmi yerə qoyur(obrazlı desək), yoxsa daha çox şeir yazır?
-Bu sevmək üçün şeir yazan, şairlərə aiddir. Sevgi şeirdən üstün deyil. Ola bilər, hansısa xanım (və ya bir çox xanımı) cəlb edəsən deyə yazasan. Sadəcə o deyil. Yaradıcılıq qadından asılı olacaqsa, onu yaratma.
-Şeirin hansı üslubu daha çox sevilir?
-Dünya ədəbiyyatında "yazılabilən", Azərbaycanda isə "ənənəvi" üslubu. Ölçünün, vəzinin, formanın fərqi yoxdur. Mən şeirdə həm əruz, həm heca vəznindən istifadə edib, sərbəst mətn ərsəyə gətirmişəm. Sözümün canı-sərhədləri zədələnmədən aş.
-Poema yazmağı düşünürsən?
-Heç vaxt düşünməmişəm. Köhnəlmiş şeylər məni cəlb etmir. Mənim öz üslubum, öz yolum var. Buraxın digər işləri "satılmışlar" görsün.
-Suallara dolğun cavab verdiyin üçün sənə təşəkkürümüzü bildiririk. Yaradıcılığında yeni zirvələr aşmağına ümid edirik.
-Təşəkkürümü bir şeirimlə bildirirəm:
Texniki qüsurlar
Sənə,
ürəyin boyda təşəkkür edirəm
Dostlarımı mənimlə tanış etdiyin üçün
Ənazından üçünün,
ağlından səni sevmək keçirdi
Dostlarımı səhv seçməkdən başladı
Ucuz kafelərdəki
-bahalı borclarım-
-divardakı yazıları təmizləməyim-
-cizgi filmləri izləməyim
Anamın qarğışı, atamın nifrəti
Bütün müvəffəqiyyətləri yaşadım,
müvəqqəti.
Körpülər qorxudan yıxılırdı
Ordan ayaqsızlar demək, keçirdi.
Sənə də yazığım gəlir,
ayaqlarını burda qoyub, getdiyin üçün
Bu gün də,
romantikadan başqa hər şey bacarıram
Hamıdan fərqli "unutmuram"
Görüşlərdə təkcə,
gözümün içinə baxmağın yox,
Büstlərin göyərçinlərə daş atmağı da,
İki addım o tərəfdə,
kostyumlu kişinin,
manatını dilənçiyə xırdalatmağı da,
gözümü döyəcləyir
Səmimi müzakirələrdən
çəkilirəm, adgünüşəkilləri kimi
Hislərim bir aydan bir gicləyir
Diktaturanın hökm sürdüyü ölkələrin,
piyada millət vəkilləri kimi
Çox yaxşı bilirsənki,
adıma görə, siqnal səsindən zəhləm gedir
Tərslikdən də,
hər günümüz tıxacdı
Məni həzm edə bilməyənlər,
səni dada bilməyənlər acdı
Bizi bir süfrədə görənlər,
iftar açmasalar da toxdu
Dekart deyir,
"düşünürəmsə, deməli varam"
Mənsə belə düşünürəm,
"məni düşünməyənlər, yoxdu"
Məni düşündüyün üçün, minnətdaram!
Və bunu da bilirsən
İzlədiyimiz sevgi filmlərinin,
ayrılıq hissələri:
Qısqanc sponsor reklamlarıdı
Gözümün işığı da, sönür axırda
Hal-hazırda,
bundan duyğusal nəsə tapa bilmirəm
"
Rast ki, xərçəng xəstələri həyatın,
ən unutqan sağlamlarıdı,
xəstələnməyə başlayım
Həkim ol
adın da, Pol Raski"
Bir də ki,
"kukla kimi qızdır"dediklərimiz
böyüyüb, qadın kimi - kukla oldular
Adım kimi əminəm.
Başqa gecələrdə unuduldular
Bir gecəlik,
geyindikləri gecəliyin sayəsində sevildikcə
Ağ rəngli parçalar
qırmızı rənglə şərəfə,
Qollarının biri bir tərəfdən,
ayaqlarının biri o biri tərəfə çevrildikcə
yoruldular, Lia
Bugündən etibarən,
şəkillərimizi çəkən,
bütün fotoqrafların sənəti:
foto-xoreoqrafiya