Edebiyyat.az » Söhbət » Malik Atilay - Şəxsən mən öyrəşilən, pafoslu vətənpərvərlik şeirləri yaza bilmərəm...

Malik Atilay - Şəxsən mən öyrəşilən, pafoslu vətənpərvərlik şeirləri yaza bilmərəm...

Malik Atilay - Şəxsən mən öyrəşilən, pafoslu vətənpərvərlik şeirləri yaza bilmərəm...
Söhbət
admin
Müəllif:
10:36, 09 avqust 2020
1 830
0
Malik Atilay - Şəxsən mən öyrəşilən, pafoslu vətənpərvərlik şeirləri yaza bilmərəm...




-Xoş gördük, Malik Atilay. Bu gün şairi nə maraqlandırır və nə maraqlandırmalıdır? 
-Öz adımdan cavab verə bilərəm bu suala ancaq. Çünki baxma maraq dairələri fərqlidi. Məni sözdən daha çox maraqlandıran bir şey yoxdu və məncə elə söz maraqlandırmalıdı şairi. "Ruhum bədəndən oynar/ Yadıma sən düşəndə" məsələn bu havadan, bu sözdən, bir insanın bunu deyərkən hansı ruh halında olduğundan daha maraqlı bir şey yoxdu mənim üçün. Şöhrət, imtiyaz, təriflər bunlar gəlir və zamanın ayaqqabısının tozu altında yoxa çıxır haçansa. Amma söz elə deyil. Eşitmisənmi bir şair çoxlu mükafatı ilə oxucunun ağlında qalsın ? Yoxdu elə şey. Qalar bəlkə də amma yazıçı kimi yox maraqlı fakt kimi. 

-Şeirlərində Bakı ab-havası hiss olunur. Məqsədli şəkildə baş verir ya necə? 
-Şeirdə məqsədli heç nə eləmirəm. İstədim ya istəmədim şeirlərim də özüm kimi Bakıda gecəni qarşılayıb, Bakıda gözləyirlər günəşin ilk işıqlarını. Mən Bakıda dünyaya gəlmişəm, Dağlı məhləsində. Orda böyümüşəm, orda futbol oynayıb, sevdiyim qızın binasının qarşında gözləmişəm, orda ilk dəfə dava eləmişəm. Yəni dünənim də , bu günüm də, sabahım da Bakı ilə bağlıdı. Bu şəhəri sevirəm palçıqlı küçələrindən tutmuş dar dalanlarına qədər. Sevməkdən də artıq hiss edirəm buraları bir gün kor olsam əllərimlə daşlara toxunmadan gəzəcək qədər hiss edirəm. Təbii ki, günbəgün artan binaları nəzərə almasaq. Təkcə fiziki varlıqdan ibarət deyil bu həm də mənəvi bir bağlılıq var aramızda. Pamuk üçün İstanbul, Kundera üçün Praqa nədisə mənim üçün də Bakı odu. Misralarla, cümlələrlə dolu sirlər aləmi. Piyada gəzməyi sevdiyimdən bəlkə də ayağımın deymədiyi küçə qalmayıb Bakıda və hər küçədə xəzinə ovuna çıxmış kimi misra gəzdiyim olub. Həm də Bakı da adamdan adama dəyişir məncə kiminçünsə əruzda əsər Xəzri , kiminçünsə hecada mənimçünsə bu şəhərin küləyi belə daima sərbəst misralar üzərində əsir.  

-Nə üçün yaradıcı gənc nəslin çox hissəsi vətənpərvərlik mövzusundan qaçır? 
-Bəlkə də buna səbəb bizdən əvvəlki nəsillərdən olan şairlərin böyük bir qisminin bu mövzuya yaxşı qonarar və vəzifəyə gedən yol kimi baxmağı oldu. Hətta indi də çoxdu belə imzalar. Vətən sevgisindən çox içində boş pafos dolusu epiqon şeirlər olur əsasən. Axı vətəni mütləq 6/5də, mütləq qafiyəli sevməli deyilsən. Küçədə gecələyən adam, kimsəsiz uşaq, qapısı sonuncu dəfə aylar əvvəl döyülən qoca vətənin bir parçası deyilmi ? Bu adamları sevmək və hiss etmək vətəni sevib hiss etməkdi elə... Şəxsən mən öyrəşilən, pafoslu vətənpərvərlik şeirləri yaza bilmərəm. Bunu vətənə olan sevgimə qarşı hörmətsizlik kimi qəbul edərəm ancaq.   

-Eşq acısı, sevgi acısı və yazmaq acısı. Hansını seçərsən və nə üçün? 
-Özümdə aşiqliyə çatmış bir ruh hiss etmirəm ona görə eşq acısı bilmərəm. Qalır sevgi və yazmaq acısı... Əslində yazmaq acıdan çox bir təlabatdı bəzən yazmayanda nəfəsim daralır,narahat oluram əgər bunlara acı demək olarsa onda yazmaq acısı. Amma lazım olanda yazmaq üçün özümü dəhşətli sevgi acısı içində olduğuma təlqin edirəm. Yəni bəzən yaşamadığım şeyləri yaşamış kimi düşünüb empatiya qururam bu hərdən o qədər gerçəkci olur ki, məsələn çiyinlərində qanad döyməsi olan qadından danışdığım şeirdən sonra o qadını küçədə bir neçə dəfə gördüyümü zənn etdim. Reallıq budu ki, elə bir qadın yox idi onu mən yaratmışdım həm də o qadın hər yerdə idi çünki yüzlərlə qadının hərəsindən bir şey götürüb onu yaratmışdım. 

-Yaradıcılığında poeziya prozaya hazırlıq prosesidir, yoxsa müstəqil şəkildə davam edə bilər? 
-Poeziya mənim üçün ədəbiyyatın özüdü. Özülüdü. Təməli möhkəm edəndən sonra neçə mərtəbə artırırsan artır da. Düzünə qalsa qarşıdakı ən azı 5 il ərzində proza barədə düşünmürəm. Bəlkə də daha çox. Amma bu da o demək deyil ki, nəsrdə heç nə yoxlamıram. Olur arabir bir hekayə yazıram ya stilini cızma-qara edirəm, bəzən vaxtım olanda "roman yazsam necə yazaram, hansı stildə, hansı sujet xətti ilə" düşünüb bir çox şey yazmışam. Hamsı yarımçıq olsa belə. Sadəcə onlara hələ "mənim" deyə bilmirəm. Son 1 əsrdə dünyada roman "boom"u yaşanır və bu da elə təəssürat yaradır ki, şeir insanların içindəki gücünü itirir. Məncə belə deyil. Şərqdə heç belə deyil. Şərqli kövrəkdi əsrlər belə ötsə bir yanıqlı bəstəyə kövrəlib, bir həsrətli misraya bütün xatirələrini gözünün önünə gətirər. Bununla təbii ki, şeirin işinin insanları kövrəltmək olduğunu demirəm. Amma ürəkdən qopan ürəyə yatar da, ürəyə yatan şey də ürəkdən nəsə tərpədər və hardan baxırsan bax hamının ürəyində toxunsan ağlamağa hazır bir uşaq var. Şeir bu uşağın nazıyla oynayır nəsrsə həyatın sərtliyini qoyur onun qabağına. Şeir canlı orqanizm ya da dəlilikdi mənim üçün bu ikisi arasında 4 ildi seçim edə bilmirəm amma nəticə olaraq özümü həm özüm kimi hiss edirəm həm də daha içdən ifadə edirəm poeziyada.


-Ən sevdiyin şeirindən iki bəndi izah edə bilərsən?
-Yoxsa şeir bütünlüklə bir mənaya köklənir ? Bir mənaya köklənir. Nə qədər içində fərqli fraqmentlər də olsa hamsı şeirin əsas fikrinə xidmət edir və vahid bir sistem təşkil edir. Bu sual bir az da çətindi. Ən sevdiyim şeirim deyə düşünəndə yox-yox 7 şeir gəldi ağlıma. Hələ qaldı ki, ordan iki bənd seçmək. Şeirlərim övladımdı şablonuna keçmirəm amma zəifi və güclüsü ilə hər şeir bir ağrının səsidi, ayırmaq çətindi.

-Kitab mütaliəsi yazmağa mane olurmu?
-Əksinə mütaliəsizlik mane olur. Gün ərzində ən azı 70 səhifə kitab oxumasam həmin gün yaza masamla aramda soyuqluq yaranır. Folkner deyir ki "cəfəngiyat yazmamaq üçün cəfəngiyat da oxumaq lazımdı". Necə olursa olsun yazmaq üçün oxumaq lazımdı. Bu bir tərəfdən də içində yığılıb qalan hisləri sözə çevirib, onları qıcıqlandırıb vərəğə tökməyə kömək edir. Şəxsən yazmadığım gün yox oxumadığım özümü çox narahat hiss edirəm sanki bir günümü heç vaxt bir də keçməyəcəyim küçədə itirmiş kimi. Bəlkə hal-hazırda ən böyük problemdən biri də budu istər şairlərin böyük qismi,  istərsə də oxucuların yerli və dünya ədəbiyyatı daxil 10-15 şairin arasında barabana salınmış dələ kimi qaçırlar. Bu barabanı durdurmaq isə yeni müəllifləri tərcümə edib yayınlayacaq nəşriyatlardı. Oxuduqca şair öz səhvini görür, oxucu zövqünü formalaşdırır. Həyatı boyu insan üzü görməyən adam üçün əynindəki paltar ən gözəlidi onsuzda. Ciddi bir şey yazıb o paltarın ən gözəli olmadığını başa salmaq üçün oxumaq lazımdı.

-Dolğun cavablar üçün təşəkkür edirik. Yaradıcılığınızın zirvəsinə gedən yolda sənə uğurlar arzulayırıq.
-Təşəkkür edirəm maraqlı suallara görə.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)