Edebiyyat.az » Teatr » “ALMAZ” YENİ ZAMAN MÜSTƏVİSİNDƏ

“ALMAZ” YENİ ZAMAN MÜSTƏVİSİNDƏ

“ALMAZ” YENİ ZAMAN MÜSTƏVİSİNDƏ
Teatr
Necef Esgerzade
Müəllif:
20:13, 09 dekabr 2019
3 634
0
Cəfər Cabbarlı - 120

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi C.Cabbarlı realist sənətkar olduğu üçün cəmiyyətdəki dərin ziddiyyətləri və mürəkkəb insan münasibətlərini kəskin konfliktlərdə, ideyaların toqquşması şəklində təsvir edirdi. O, müsbət qəhrəmanı ideallaşdırmır, səhv və qüsurları ilə birlikdə göstərirdi. Onun  30-cu illər dram yaradıcılığında sosial-sinfi konfliktin mərkəzində duran bolşeviklərlə hakim siyasi ideologiyaya qarşıduranların mübarizəsi bədii cəhətdən dolğun işləndiyi üçün bu gün də öz aktuallığını itirmir. 
Cəfər Cabbarlının “Almaz” pyesi 21 yanvar 2017-ci il tarixində Akademik Milli Dram Teatrında yenidən tamaşaya qoyuldu. Onu da deyək ki, bu dəfə pyesin rejissor yozumu çox gözlənilməz və fərqli oldu. Beləliklə də, bu pyes yenidən aktual mövzuları qabartmağa qadir oldu: Almaz-azərbaycanlı qadın, qadın qəhrəman kimi yeni orijinal müstəvidən çözüldü.
Ümumiyyətlə, hər bir pyesin həyati keyfiyyətlər qazanması üçün bir-birinə əks olan iki istiqamətdə-həyata ictimai baxışla individual baxış istiqamətində daim münaqişə-hərəkətin olması labüddür. Bu hərəkət Cəfər Cabbarlı yaradıcılığında, o cümlədən, “Almaz” pyesində aydın formada gözə çarpır. O, bizim diqqətimizi konkret bir insanın emosiyalarına toplayaraq (məhz Almaza!) müəyyən bir sosial qrupun ictimai baxışını üzə çıxardır. Bu pyesdə həyatın zahiri və iç, tərəflərinin bir-birilə qarşılıqı əlaqəsi və bir-birinə qarşılıqlı nüfuz etməsi də var ki, bu qarşılıq pyesin məzmununu olduqca zəngin edir. 
Qeyd edim ki, “Almaz” tamaşasının quruluşçu rejissoru  və rəssamı Xalq artisti Azər Paşa Nemət, rejissorları Anar Sadıqov və  Əlif Cahangirli, elmi məsləhətçisi akademik Nizami Cəfərov, bəstəkarı Xalq artisti  Siyavuş Kərimidir.Yeni səhnə redaksiyası  Əməkdar incəsənət xadimi Əli Əmirliyə məxsusdur. 
Xatırladaq ki, bu əsərin hələ ədibin sağlığında 1931-ci il 13 aprel tarixində  tamaşaya qoyulması (quruluşçu rejissorlar A.Tuqanov və  C.Cabbarlı, bəstəkarı Ə.Bədəlbəyli) Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən bir hadisə idi. Sözügedən tamaşada Almaz obrazını Sona Hacıyeva  ifa etmişdi. 1931-1932-ci illərin ən yaxşı tamaşaları məhz aktual məzmunu, ideya dərinliyi və milli formasının özünəməxsusluğu ilə seçilirdi.  Bu mənada “Almaz” tamaşasının (ilk dəfə 1931-ci il aprelin 13-də göstərilmişdir) teatrın həyatında prinsipial əhəmiyyəti olmuşdu. Tamaşanı rejissor A.Tuqanov pyesin müəllifi ilə birlikdə hazırlamışdı. Tamaşa bitkin, konkret quruluşu ilə yadda qalmışdı. Hətta konstruktivizmin müəyyən təsir göstərdiyi tərtibatla da hadisələrin sərt xarakteri, konfliktin dramatizmi, qəhrəmanın çətin və mürəkkəb taleyi arasında uyğunluq tapılmışdı. Əlbətdə ki, bu tamaşanın məzmunu, tamaşaçıya göstərdiyi təsirin dərəcəsi məhz sovet adamının xarakterindəki cizgilərin qabardılmasından qidalanırdı. Tamaşa sosializmin qələbəsi mövzusunu bir kənddə baş verən konkret tarixi hadisələr kontekstində aça və təqdim edə bilirdi.
Akademik Milli Dram Teatrı sözügedən pyesə 1936-cı ildə (rejissor Ağəli Dadaşov, rəssam Nüsrət Fətullayev, bəstəkar Əfrasiyab Bədəlbəyli), 1943-ci ildə (rejisssor Səftər Turabov, rəssam İsmayıl Axundov, bəstəkar Səid Rüstəmov, Almaz-Barat Şəkinskaya), 1957-ci ildə (quruluşçu rejissor Əliheydər Ələkbərov, rəssam Nüsrət Fətullayev, bəstəkar Səid Rüstəmov) ard-arda müraciət etdi. 1957-ci ildə hazırlanan “Almaz” tamaşasında Almaz obrazını Leyla Bədirbəyli yaratmışdı. Əminliklə demək olar ki, dərin ictimai  fikir ifadə edən bu pyes uzun zaman milli aktyor və rejissor nəslinin yetkinləşməsində önəmli rol oynadı. Bu əsər indiki quruluşla beşinci dəfədir ki, (1931, 1936, 1943, 1957, 2017) tamaşaya qoyulur.
Yeni dövrün, 2017-ci ilin səhnə quruluşunda Xalq artisti, rejissor Azər Paşa Nemətin təqdim etdiyi “Almaz” - yeni dövrün “Almaz”ı səhnədə qətiyyətli bir qadının timsalında QADINın iç dünyasını sərt psixologizmi və fəlsəfi dramatizmi ilə sərgilədi. Tamaşanın quruluşçu rejissoru Azər Paşa Nemətin quruluşunda təqdim etdiyi ALMAZ-Qadın öz duyğusal aləmi və ruhi-mənəvi yaşantısı ilə fərqli bir yozumu realizə edir. Rejissor “Almaz” tamaşasında qadının emosional yaşantılarının tam və dolğun formada ifadə edilməsi üçün maksimum imkanlar yaradır. Quruluşçu rejissor Azər Paşa Nemət özünəməxsus tərzdə qadının ruhsal dünyası və mənəvi yaşantısını ictimai-psixoloji müstəviyə çıxarır. 
“Almaz” tamaşasına “Teatr və Zaman” baxım bucağından yanaşdıqda görürük ki, pyes hər zaman aktual olan ciddi sosial problematika üzərində qurulmuşdur. Bəşəriyyətin əbədi mövzularından olan QADIN və ictimai borc, qadına riyakar, qeyri-insani münasibət tamaşanın ana xətti kimi anlaşılır. Burada Almaz (Məsmə Aslanqızı) keçmiş zamanın ədəbi qəhrəmanı bu gün də qəhrəman olmaq iqtidardadır. Çünki ki, dəyişən ZAMAN, kamilləşən isə İNSANdır. XXI əsrin teatr məkanında rejissor təkcə Almazı deyil, Almazı əhatə edən qaragüruh kütləni bu günki Zaman və İnsanlarla üzbəüz qoyur. Bir tərəfdə Almazın-aktrisa Məsmə Aslanqızının fərdi-daxili təkamül ideyası, digər tərəfdə Almazın özünü sonucda sönməyən işığa aparan katarsis prosesi var. 
Azər Paşa Nemətin ustadcasına yaratdığı “Almaz” tamaşasında Almazın iç dünyasında qadın təkliyi, tənhalığı tüğyan edir, gündəlik, real həyatın bozluğundan yorulan, adi məişət tərzinin yaşantılarından bezən qadının xarakterik cizgiləri,   mənəvi aləmi, onun həqiqət axtarmaq uğrunda apardığı mübarizədə bəsitlikdən qurtulmaq çabaları aydın əks olunur. 
Tamaşada bir kənd qızı olan gənc Almazın (Məsmə Aslanqızı) təhsil aldıqdan sonra boya-başa çatdığı kəndinə qayıtması və orada hər bir yeniliyə, maarifə, mədəniyyətə düşmən kəsilən Hacı Əhməd kimi (Nurəddin Mehdixanlı) insanlardan qorxmadan mübarizəyə girişməsi tamaşanın əsas ideyasının parlaq tərzdə təcəssümünü sərgiləyir.  Maarifçilik ideyasının daşıyıcısı olan Almaz ucqar kəndə yenilik ideyaları yaymaq, orada maarif, mədəniyyət toxumları səpmək məqsədi ilə gəlmişdir. O, Aftil (Hacı İsmayılov) kimi yoxsul bir kəndliyə dəstək çıxır, ona yeni Zamana aparan yolda maneyələr yaradan Hacı Əhmədə və onun əlaltıları olan Mirzə Səməndərə (Rafiq Əzimov), İbada (Kazım Abdullayev), Baloğlana (Əli Nur), Şərifə (Sabir Məmmədov), Balarızaya (Əjdər Həmidov), Ocaqquluya (Ayşad Məmmədov), Kərbalayı Fatmansaya (Firəngiz Mütəllimova) qarşı mübarizənin zəruri olduğunu bildirir. Almaz-Məsmə Aslanqızı eləcə də Aftil və Yaxşı (Rada Nəsibova) kimi insanlara daim kömək əlini uzadır, öz həyatını təhlükə altına qoyaraq, Yaxşının uşağını evində saxlayır, onun öz balası olduğunu kənd sakinlərinə bildirir. 
“Almaz” tamaşasında əsas personajlardan biri də Hacı Əhməddir ki, bu obrazı xalq artisti Nurəddin Mehdixanlı yüksək professionallıqla ifa edir. Bu obrazın Rza Təhmasib, Əli Qurbanov kim görkəmli ifaçıları olub. N. Mehdixanlı da öz sələfləri kimi Hacı Əhməd obrazını müvəffəqiyyətlə tamaşaçılara təqdim edə bildi. Hacı Əhmədi-N.Mehdixanlını tamaşaçı vahimə içində görür. Onu vahiməyə salan kənddə baş verən dəyişikliklər, Almazın simasında yeni Zamanın gəlişidir. Ancaq buna baxmayaraq, Hacı Əhməd-Mehdixanlı, Balarza və İbaddan fərqli olaraq həyəcanını hiss elətdirmir. N.Mehdixanlının Hacı Əhmədi xəzinə üstündə qıvrılıb yatan ilana bənzəyir. O, bilir ki, yeni həyatda ona yer yoxdur, lakin mübarizədən bir addım da olsun geri çəkilmir. Hacı Əhməd-Mehdixanlı müxtəlif vasitələrə əl atır, Balarızanı, İbadı, Baloğlanı, Mirzə Səməndəri, Ocaqqulunu, Fatmansanı münaqişəyə qoşur və öz canavar təbiətini ustalıqla nümayiş etdirir. 
Tamaşada mənfi personajlardan İbad (əməkdar artist Kazım Abdullayev), Balarza (əməkdar artist Əjdər Həmidov), Şərif (əməkdar artist Sabir Məmmədov) və Ocaqqulu (əməkdar artist Ayşad Məmmədov) da aktyor ifası baxımından maraqlı işlənmiş obrazlardır. Onlar yaxşı bilirlər ki, yeni dünyada onlara yer yoxdur, sonları gəlib çatmışdır. Buna görə də Hacı Əhmədi özlərinə arxa bilir, onun ətəyindən möhkəm yapışır, hər bir sözünü canla-başla yerinə yetirirlər. Başa düşürlər ki, Hacı Əhmədin məğlubiyyəti onların ölümü deməkdir. 
“Almaz” əsərində əsas obrazlarda olan Mirzə Səməndər (xalq artisti Rafiq Əzimov) tamaşa prosesində o qədər də gözə çarpmadı. Kərbəlayı Fatmansanı xalq artisti Firəngiz Mütəllimova ifa edir. Bu obraz F.Mütəllimovanın yaradıcılığında tamam yenidir. Aktrisanın yaratdığı Fatmanisə tamaşaçılar tərəfindən sevgi ilə qəbul olundu.
Aktyor sənətindən danışarkən əsl teatr adamı olan Cəfər Cabbarlının “Bizdə teatro” (1924) məqaləsini [1, s.181] yada salmaq istərdim. Bu məqalə keçən əsrin 20-ci illərinin kontekstində milli teatrın problemlərini gündəmə gətirmişdi. Məqalədə C.Cabbarlı teatrın zəif inkişafının dörd əsas səbəbi üzərində dayanaraq qeyd edirdi: zamanın ruhunu əks etdirən dram əsərləri azdır; yüksək sənət sevgisinə malik aktyorlar yoxdur; səhnəmizdə qadın aktyor yoxdur; səhnəmizdə rejissor yoxdur. C.Cabbarlı eyni zamanda AKTYOR haqqında ümumi fikirlərini şərh edirdi: “Hər şeydən əvvək aktyor canlı bir ədəbiyyatdır. Böyük bir ədibin yuxusuz gecələr boyu çalışıb vücuda gətirdiyi bir əsəri, onun əvvəl kağızlar üzərində qaraladığı fikirləri, gülüşləri, göz yaşlarını aktyorlar alır və özlərində canlandıraraq... bir ədəbiyyat olmuş olur. Və aktyor bir rəssamdır ki, özü öz əsəridir. Başqa sözlə söyləsək aktyor bir rəssamdır. Eyni zamanda aktyor canlı bir şəkildir... O bir şəkildir ki, özü öz yaradıcısıdır.Aktyor bir heykəltəraşdır ki, yaratdığı heykəl yenə özüdür. Aktyor bir musiqiçidir. Eyni zamanda aktyor bir aləti-musiqidir. Daha doğrusu, aktyor bir musiqiçidir ki, çaldığı musiqi aləti yenə o özüdür”.Göründüyü kimi, C.Cabbarlı aktyor sənətinə xas olan başlıca xüsusiyyəti onun sinkretizmini dəqiq cizgilərlə əyaniləşdirmiş və rejissorun, dramaturqun,  bəstəkarın, rəssamın gördüyü işləri aktyor oyununda ustalıqla cəmləmişdir...
Beləliklə, biz Akademik Milli Dram Teatrının səhnəsində görkəmli rejissor Azər Paşa Nemətin quruluşunda və tamaşada maraqlı obrazlar yaradan aktyorların ifasınında yeni, tamam fərqli “ALMAZ”ı gördük. Və bu gün də repertuarda olan “Almaz” tamaşası XXI əsrin Cəfər Cabbarlının sənət dünyasına və dövrünə bir səyahətinə çevrildi. 

Yazdı: Aygün Süleymanova, Teatrşünas
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)