Edebiyyat.az » Təqdimat » Ryu Murakami haqqında

Ryu Murakami haqqında

Ryu Murakami haqqında
Təqdimat
nemət
Müəllif:
11:58, 29 mart 2020
1 316
0
Ryu Murakami haqqında





“Beş nömrədəki qadının boğazı kəsiləndə, qəribə olsa da, heç qan axmamışdı, amma yarığın içində qaramtıl, qırmızı, yaş bir şeylər aydın görünürdü. Bu, adi halda görə bilmədiyimiz, lakin hər zaman dərinin altında gizli qalan bir şeydir. Ancaq biz həmin kütlənin insana aid bir parça olduğunu hardansa öyrənirik və bunu tam çılpaqlığı ilə görəndə sonrakı hərəkətimiz haqqında qərar vermə qabiliyyətimizi itiririk. Gerçəkliyin əslində özünü göstərmədiyi bir dünyada yaşadığımız üçün… Beş nömrədəki qadının boğazındakı yarıqdan qan aram-aram süzülməyə başladı. Qan elə bil qırmızı deyil, qara idi. Saşimi yeyərkən istifadə etdiyimiz soya sousuna oxaşyırdı.”


Ryu Murakami (orijinal “In the miso soup”)
Vəhşət, şiddət, seksuallıq və yeraltı dünyasının yazarı Ryuunosuke Murakami (村上 龍). Onun əsərlərində cinayətlər “anatomik mümkünat” çərçivələri içinə sığmaq məcburiyyətində deyil, olaylar məntiqi ardıcıllıqları izləməli və ya insan hissləri Rusiya klassiklərindəki kimi, bizim üçün hər şey yerli-yerində görünənə qədər uzun-uzun anladılmalı deyil. Ryu Murakami gerçəkliyi saymır, amma ona meydan oxumaq kimi bir həvəsi də yoxdur. R.Murakami sadəcə başınızı o qaramtıl, qırmızı mayenin içinə salmağınızı və əsər bitənəcən qəribə, yapışqan maddənin içində nəfəsinizi tutub gözləməyinizi istəyir. Oxumağa davam etdikcə, başınız yumşaq maddənin içinə daha çox batır: Murakami isə qırılan sümükləri, qorxu dolu çığırtıları, beyin gəmirən şübhələri, melanxoliya və izolasiyanı sizin üçün daha aydın şəkildə təsvir etməyə başlayır. Əsər bitdikdə qaramtıl mayedən başınızı çıxarıb üzünüzü yuyursunuz və məsələ bitir. Oturub “burada yazar nə demək istəyir?” kimi mənasız suallara baş yormağınıza ehtiyac yoxdur. Çünki Ryu Murakami ədəbiyyatla məşğuldur və ədəbiyyat incəsənətin bir növü kimi, müasir insanın ağzına almağa ən çox utandığı şeyi hədəf qoyur – həzzi, zövqü.
Etdiyimiz bütün işlərə don geyindirməyə çalışırıq, iş, təhsillə bağlı müsahibələrə gedirik və onlar bizim bütün hobbilərimizə “niyə?” sualı verirlər. Biz də çırpınaraq “niyələri” əsaslandırmağa çalışırıq. Sadəcə sevdiyimiz, zövq aldığımız, ürəyimiz istədiyi üçün belə etdiyimizi deməyə qorxuruq. “Vaxtımızı səmərəli keçirtmək”, – bu ifadə beynimizi çox işğal etmiş kimi görünür. Belə ki, biz zövq almağı vaxt itkisi hesab edirik. Amma Ryu Murakami bizə zövq almağı yenidən xatırladır. Bizi tapmacalar, suallar və zəka oyunları ilə yormur, bütün həyatımızı tutmuş davamlı “analiz etmə” çılğınlığını incəsənətin də içinə qoymur. Məntiq həyatımızın hər nöqtəsini işğal etmişkən, Ryu Murakami bizim kitab rəfimizdə romantik bir nəfəslik kimi durur. Murakaminin “necə?!”, “nə üçün?” suallarına özünü bəyənmişcəsinə burun qıvıran üslubu insanda həyacan oyadır… Bu həyacanın yaşlı memarının həyatı ilə tanış olmaq istəyərdinizmi?
Uşaqlıq və yeniyetməlik illəri

Ryu Murakami fevral ayının 19-u, 1952-ci ildə Naqasakinin Sasebo bölgəsində həyata göz açıb. Murakami savaşın izlərini daşıyan bölgədə, yoxsul deyilə biləcək bir ailədə həyata ilk addımlarını atıb və öz uşaqlığından danışarkən ən çox, Saseboya əl işi moçi (餅, もち- xüsusi növ düyüdən hazırlanan yapon şirniyyatı) almaq üçün gələn yük maşınlarını, o işçilərlə yaşadığı anları xatırladığını deyir.
Saseboda həyatına davam edən və məktəbə gedən R.Murakami bu dönəmlərdə “Coelacanth” adlı rok qrubu qurur. Bir gün Murakami qrup yoldaşları ilə birgə oxuduqları məktəbin çardağını “işğal edib” digər şagirdlərin ora çıxmasına izin vermirlər. Bunun üzərinə o, üç aylıq ev həpsi cəzası alır. Ümumiyyətlə, bu dövrdə Murakami hippi (ing. hippie) kültürü ilə iç-içə həyat sürür.
Universitet həyatı və film sahəsi
Məktəbi bitirdikdən sonra incəsənətlə bağlı bir iş görmək istədiyini bilməsinə rəğmən, incəsənətin hansı növü ilə məşğul olacağına qərar verə bilməyən Murakami bəxtini yenə musiqi qrupu qurmaqla sınayır. Bununla birlikdə o, “indie” yəni, müstəqil (ingiliscə “independent” sözünün qısaltmasıdır, məşhur kinostudiya, şirkətlərin iştirakı və dəstəyi olmadan ərsəyə gələn filmlər) filmlər çəkmək işinə girişir. Musiqidənsə film sahəsinə üstünlük verən Murakami Tokio İncəsənət Məktəbinin seriqrafiya (ing. serigraphy – çap növü) fakültəsinə daxil olur. Bir il sonra bu fakültəni yarıda saxlayıb, Musahino İncəsənət Universitetinin hekyəltəraşlıq bölümünə daxil olur. Heykəltəraşlıq ilə də uzun müddət məşğul ola bilmir və yenə musiqi həvəsinin dalınca gedib həyatını Kuba musiqisinə həsr edir.
Əbədiyyat və Ryu Murakami

1976-cı ildə Ryu Murakami universitetdə oxuyarkən yazdığı “Əbədi şəffaflığa bənzər mavi” (限りなく透明に近いブルー⌈Kagirinaku tōmei ni çikai burū⌉) kitabı nüfuzlu “Gunzo” (群像) dərgisinin mükafatına layiq görülür. Həmin il, eyni kitab “Akutaqava” mükafatını da alır və beləcə bestsellerə çevrilir. Onun “69”“Eşq və xülyanın faşizmi” (“Ai to gensou no fascism”), “Miso supunun içində” (イン ザ・ミソスープ ⌈In za miso sūpu⌉)), “Topaz” kimi kitabları bir-birinin ardınca “Yomiuri”, “Tanizaki”, “Taiko Hirabayashi” və s. kimi mükafatlar almağa və əks-səda doğurmağa davam edir. “Topaz” kitabının “Eşq və pop” (“Love and Pop”) adlı filmi çəkilir. Murakami tez bir zamanda yeni bir nəfəs kimi yapon ədəbiyyatına öz imzasını atır. Daha çox avropalı tənqidçilər tərəfindən tez-tez yazılarında “məntiqsiz” nöqtələr, “texniki cəhətdən mümkün olmayan” yerlər göstərilsə və qınansa da o, öz üslubu ilə Yaponiya ədəbiyyatında yeni bir cığır açır.
Ədəbiyyatdan kənarda Ryu Murakami
Gənc yaşlarından bir çox sahəyə maraq göstərən Murakami, hələ də bu xasiyyətindən əl çəkməmiş kimi görünür. Buna görə də onun adını ədəbiyyatdan kənar sahələrdə də görmək olur. Məsələn, o, 1991-ci ildə “Japanese Media Mail” internet jurnalını yaradıb və indi də həmin jurnalda baş redaktor olaraq işləməyə davam edir.
2001-ci ildə köhnə savaş bölgələrindən minaların təmizlənməsi hərakatı – “No More Landmines”a qoşulub və bu təşkilatın daxilində dostu Ryuiçi Sakamoto ilə birgə fəaliyyət göstərib.
2006-cı ildə biznes və iqtisadiyyat ilə bağlı Tokio TV-də öz “talk show”sunun aparıcılığını edib.
Onun öz elektron-kitab şirkəti, “Sony” şirkətinin daxilində “Murakami’s” adlı markası, siyasi, tarixi, iqtisadi, sosioloji mövzularda kitabları, bələdçilik jurnallarında yazıları və müəllifi olub çəkdiyi üç filmi – “Oudişon”, “Tokionun çöküşü” (“Tokyo Decadence”), “Sənə görə” (“Because of You”) – var.
Bonus faktlar
– Murakami yapon toplumunun ənənələrinə yetərincə bağlı olmadığını, yerli əhalinin adət-ənənələri içi boş bir ritual kimi yerinə yetirdiklərini və Yaponiyanın Tibet Muxtar Vilayəti (ÇXR), Butanı örnək almalı oluğunu düşünür.
– Amerika prezident seçkiləri dövründə Hillari Klintondansa Donald Trampın qalibiyyətinin daha yaxşı olduğunu demişdi.
– Süni intellekt məsələsi ilə yaxından maraqlanır və bunun yeni bir kitabın mövzusu ola biləcəyini deyir.
– Bir gün oxucusu yeniyetmə bir qızdan kitablarından biri sayəsində intihardan vaz keçdiyinə, – çünki onun kitabını oxuyarkən özünü ümidsiz hiss edən başqa insanların da olduğunun fərqinə varmışdı, – dair məktub alır və bu xatirə Murakaminin ağlında özü ilə qürur duyduğu bir an kimi qalır.
Selcan Yağmur © yapon.az 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)