Azər Qismətin Ağdamdan hazırladığı reportaj.
Təqdimat
Azər Qismətin Ağdamdan hazırladığı reportaj.
İlk dəfə 6-cı sinifdə oxuyanda ağdamlı görmüşəm. Qaraşın adamlar idi. Ya günəş yandırmışdı, ya doğrudan da qaraşın doğulmuşdular, bilmirəm. Dayım Eldəniz onları nənəmgilə gətirmişdi. Nənəm Bikəxanım “xoş gəlmisiz” deyib mətbəxə keçdi ki, çay-çörək hazırlasın. Pıçıltı ilə dayımdan soruşdu ki, “bunlar kimdir”. Dayım dedi ki, “maşın ustalarıdır, gətirmişəm müştərilərim çoxalsın”.
O iki ağdamlı uzun müddət nənəmgildə qaldılar. Dayım proflaktoriya işlədirdi, özü də usta idi, əlinin qızıl olmasına görə rayonda ad çıxarmışdı. Görünür, gəlirini artırmaq istəyirmiş. Axşamlar yorğun gəlib “ceyran” sobasının yanında çöküb qalardılar. Baməzə idilər, həm də çılğın danışırdılar. “Peredok” belə getdi, “filtr” elə gəldi, bir sözlə, danışdıqları maşından idi. Onlar gələndən dayımın gəliri artdı, pullarını da qəşəng verirdi ki, narazı qalmasınlar. Altı aydan sonra getdilər. Ya evdən çağırmışdılar, ya da gedib orda öz proflaktoriyalarını açacaqdılar. Getməzdən əvvəl verdiyim suala hələ də gülürəm. Soruşmuşdum ki, “sizdə bütün evlərin damı ağ rəngdə olur?” Cavab belə olmuşdu ki, “o adamların damı ağdır ki, ağ gündə yaşayırlar”. Hardan biləydilər ki, üstündən neçə il keçəndən sonra ağ həyatları qara rəngə boyanacaq. Bunu deyən uzunsov sifətli, ovurdları batmış ağdamlı idi. Sonra televizordan Qədir Rüstəmovu gördüm. Onun da ovurdları batmışdı. Və alt şüuruma belə fikir hakim kəsildi ki, bütün ağdamlıların ovurdları batıq olur. Universitetdəki Şən və Hazırcavablar Klubunda konsertlər verəndə orda bir ağdamlımız vardı, ya təsadüfən, ya nədənsə, onun da ovurdları batırdı, sifəti uzunsov idi. Bu yaşımacan harda elə sifət quruluşlu adam görürəmsə, düşünürəm ki, yüz faiz ağdamlıdır.
İkinci Ağdam barədə təəssüratım 1987-ci ildə yaranmışdı. Atam təsərrüfatlararası tikinti idarəsində baş mühəndis idi. Hansısa inşaat məsələsinə görə Ağdama yola düşdü, məni də apardı ki, “gedək, Ağdamı da görərsən”. Orda çay evində çay içdik. Yuxarıdan şəhəri seyr edirdim, atamla ağdamlı həmkarı tikintidən danışırdılar. O çay evində elə pürrəngi çay dəmləyərdilər ki... Neçə çaydan içdik, mixəkli, kəklikotulu, bir də sarı çiçəkli. O çaydan yalnız 20 il sonra Tovuzdakı dəmiryol idarəsinin yanındakı çayxanada içdim, amma Ağdamdakının yerini vermədi.
Mən ağdamlı deyiləm. Dişləmədən yaranan qaşıntıdan bir həftə özünə gəlmədiyin iri-iri ağcaqanadlar olan, ayaqqabındakı sarı palçığı ən sürətli axan çayın da yuyub aparmadığı Sabirabaddanam. Ağdam barədə ağdamlıdan bir çıqqan da gözəl yaza bilmərəm. Həm də ixtisasım telejurnalistika olduğundan qısa danışığa üstünlük verənin biriyəm. Yaxşı ki, neçə saatlıq yolda Vüsalə Mahirqızı, Elman Babayev və Elnur Məmmədli ilə yaxında əyləşmişdim. Ağdama qədər söhbət etdik. Ağdama çatanda daha söhbət edə bilmədik. Çünki fikrimiz şəhərin xarabaqlıqlarında qaldı. “Qaldı” desəm düz olmaz, gözümüz axdı o xarabalıqlara. Və ucsuz-bucaqsız xarabalıqlara baxdıqca dövlətimə ürəyim yandı ki, quruculuq işini hardan başlayıb harda qurtaracaq? Adam düşünürdü ki, bəlkə bu dağıntıların bir sonu olar, amma qurtarmaq bilmirdi. Gözüm azacıq doldu. Erməni azərbaycanlının mənəviyyatı, mənliyi ilə oynamışdı. Dünyanın ən güclü texnologiyası insan gözünün gördüyünü əks etdirə bilməz. Hər adam öz gözləri ilə görməlidir o xarabalıqları, bunu yaxından duymalıdır. Evlərin şiferlərini söküb aparıblar. Baxıblar ki, ev çay daşından tikilib, ona dəyməmişdilər, ancaq qəşəng mişar daşından olan evləri bünövrəsinə qədər say-seçmə edib daşımışdılar. Ağdamın digər rayonlardan fərqi həm də burdakı evlərin 2-3 mərtəbədən tikilməsi olub. İnşaat işlərində müasirliyə can atıblar. Yerli qoca danışırdı ki, burda bəzi imarətlərdə lift də quraşdırılıbmış. Təsəvvürə gətirmək çətindir ki, bütün bunlar sovet rejiminin qadağası içində baş verib.
Yol kənarında “Zaparojets”, “Jiquli” maşınlarının ancaq karkasını görmək olardı, içini tamamilə söküb aparmışdı ermənilər. Nar ağacları isə üstündəki çürümüş barla yetim qalmışdı. Ermənilər hər il burdan yeşiklərlə nar aparıblar. 44 günlük müharibə nar mövsümünə düşdüyündən, bu dəfə narları apara bilməmişdilər. Allahverdi Bağırovun qəbrini ziyarət edəndən sonra beş-altısını yığdım, ikisinin dadına baxdım. Çox yeri çürümüşdü, salamat yerindən daddım, yurdun narı da dadlı idi. Belə narı olan rayona qıymaq vallah olmazdı, billah olmazdı. Elə o narlardan avtobus tərəfə gələnlərə verdim ki, dadsınlar. Bəzən vətən torpağının dadını onun meyvəsində taparsan.
Cümə məscidinə gedən yolda qızıl dükanı, üzümçülər binasının xarabağlığının qarşısından keçəndə nəzərimi paslı avtomat telefon cəlb etdi. Neçə-neçə ağdamlı oğlan qızlara zəng edib, qəpik qurtaranda yoldan keçəndən istəyiblər ki, qəpiyiniz olmaz ki? Həmin xoşbəxt gənclərin həyatına barıt qoxusu yayıldı. O oğlanlardan neçəsi şəhid oldu, qızlar didərgin düşdü, saçları vaxtsız ağardı. Qəpiklərin qurtarmasından kəsilən telefon danışıqları həyatlarını da beləcə yarımçıq kəsmişdi. Ağdamlı qoca dedi ki, “o vaxtlar respublikada hər qızıl dükanının qarşısında belə avtomat telefon quraşdırardılar. Kimsə oğurluq qızıl gətirəndə satıcılar tez çıxıb milisə xəbər versinlər. Amma axşamlar qızıl dükanı bağlanardı, gedib istədiklərimizlə danışardıq. Bir də növbəti günün qürub çağını gözləyərdik ki, qaçaq avtomat telefona”. O qocanın gözləri dolmadı. Yəqin dolmağa başqa pis xatirələri çox idi. Pis xatirə təkcə qocanın gözlərinə yox, Cümə məscidinin divarına da hopmuşdu. Bu divar Xocalıdan gətirilən meyidləri görmüşdü, ağlayan doğmaların harayını çəkmişdi içinə. Yaşamışdı azdır, divarlarına hopmuşdu. İndi qələbədən sonra az qala divarında gizli güllər açmışdı sevindiyindən. Təkcə adamlar sevinmir ki...
Ağdamdan çıxanda bir ovuc torpaq götürüb selafona bükdüm. enli gödəkçəmin cibinə qoydum. Anama dedim ki, “Gəncəyə getməmişdim, Ağdamdan gəlirəm”. Əvvəldən deməmişdim ki, minadan partlayacağım üşəntisini yaşamasın. Torpağı çıxardım. Anam torpağa baxıb dedi ki, “nə qara torpaqdır, elə et ki, soxulcanları evə düşməsin”. Diqqətlə baxdıq, soxulcan yox idi. Anam dedi:
-Deyəsən ermənilər torpağın soxulcanını da çıxarıb aparıblar.
Fikrə getdim.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Əlabbas Bağırov - Köhnə kişi