Nuridə İsmayılova - Ana dili ilə bağlı
Azərbaycan xalqı dünyanın ən xoşbəxt xalqlarından biridir. Çünki müstəqil dövlət dili olan Azərbaycan dili var. Milli varlığımızın təcəssümü olan, tarixin enişli-yoxuşlu yollarından üzüağ çıxan bu dil özündə nələri əks etdirmir?! Dədəm Qorqudun boy boylayıb soy soyladığı, Qazan xanın qara donlu kafirlərə qarşı tədbir tökdüyü, 14 yaşlı Şah İsmayılın bir şəhərdən başlayıb bir imperiyaya çevirdiyi dövlətin, Koroğlunun xalqdan bəslənən qəhrəmanlığının dili məgər bu dil deyilmi?! Xan qızı Natəvanın könül oxşayan lirikasından tutmuş yaralı misraları ilə Arazın üstündən körpü salan Şəhriyarın dilidir bu dil. 90-cı illərdə səsi boğulan bir millətin 2020-ci ildə dünyaya hayqıran sədasıdır bu dil! Lap körpəliyimizdən bu dillə yoğrulmuşuq. Hələ anamızın şirin laylalarında sevmişdik bu dili. Həmin laylaların sədası ilə böyüyən uşaqlar idi ki, səngərdə də bu dildə bir gözəl nəğmə ifa edir və bu nəğmənin sədaları altında irəli gedirdilər.
Ana dilimiz müqəddəsdir və heç bir qüvvə onu Azərbaycan xalqından qopara bilməz. Çünki başqa xalqların əsarəti altında olanda bu xalq doğma dilini nə çətinliklərlə qoruyub saxlamışdı. Nə üçün? Müstəqil Azərbaycan üçün! Bu günümüz üçün! Onlar əsrlər boyu çətin ictimai-siyasi proseslər dövründə bu dili qorudularsa, biz niyə müstəqil dövlətimizdə bu dili qorumayaq?! Qorumalıyıq, o keşməkeşlərdən məğrur çıxan dilimizi qorumalıyıq! Nə xoş bizə ki, ilk məktəbə ayaq basdığımız gündən Ana dili öyrənirik, nə xoş bizə ki, doğma dilimizdə olan zəngin ədəbiyyat xəzinəmiz var... Bunlar adi şeylər deyil. Bunu başa düşmək üçün tarixin tozlu səhifələrini vərəqləmək kifayətdir. Elə Çar Rusiyası dövründə Azərbaycan dilində milli mətbuat nümunəsi yaratmaq üçün görkəmli şəxsiyyətlərimiz nələr etmirdilər?! Məgər biz də Cəlil Məmmədquluzadələrin, Həsən bəy Zərdabilərin övladları deyilikmi?! Bu yerdə Cəfər Cabbarlının “Oqtay Eloğlu” faciəsində Oqtayın “Yaşamaq istəyirsək, yaratmalıyıq” fikrini “Yaşamaq istəyirsək, qorumalıyıq” kimi demək olar. Bəli, bu yalnız ayrı-ayrı fərdlərin yox, bütün cəmiyyətin məsuliyyətidir. Çünki, məlum olduğu kimi, bir millətin özünü məhv etmək üçün dilini məhv etmək kifayətdir. X.R.Ulutürkün də dediyi kimi:
Öz dilini sən qala bil!
Qərbə, şərqə işıq salan
Füzulini sən qala bil!
Sağdır dilim,
Demək, sağdır şərafətim, ləyaqətim.
Sağdır, demək,
Milyard yaşlı məmləkətim.
Deməli, milyard yaşlı məmləkəti bir anda məhv etmək də bizdən asılıdır, üstəlik neçə milyard illər yaşatmaq da... Niyə də yaşatmayaq? Biz dilimizi unudub başqa dillərə üstünlük versək, Xətainin süqutuna qəhqəhə çəkmiş, 90-cı illərdə “Azadlıq” deyə meydana axışan xalqın bağrını qana döndərmiş olmarıqmı?! Qərbə, şərqə işıq salan Füzulimizi, gecələr yatmayıb bizə laylay deyən anamızın avazını, qəzəbi ilə xilafəti parçalayan Babəkimizi, əsrlərin zərbələrini, sevincini, kədərini özündə əks etdirən Qız qalasını və daha nələri məhv etmiş olarıq?
Dilimizi qorumaq üçün onun bütün incəliklərinə bələd olmalıyıq. Peşəsindən, təhsil səviyyəsindən asılı olmayaraq, hamı öz dilini bilməlidir. Bəlkə də, dilində müəyyən qədər yad sözlərə üstünlük verən bir insan və ya kollektiv bunun ciddiliyinin fərqinə bir o qədər varmır. Amma bütün alovlar kiçik qığılcımlarla başlayır. Bu kollektiv bütün cəmiyyətə təsir etsə, yavaş-yavaş dil unudular, dilini unudan cəmiyyətin isə tarixi və gələcəyi olmur. Görkəmli ədibimiz Cəlil Məmmədquluzadənin belə bir kəlamı var:”Dirisiylə rusca, ölüsüylə ərəbcə danışan millətik”. Bugünkü dövrdə bu problem həmin dövrdəki qədər ciddi olmasa da, var. Dilində yad sözləri çox işlədib bunu üstünlük hesab edənlər cəmiyyətimizdə kifayət qədərdir. Amma sevindirici hal odur ki, bu halı qınayanlar da var. Bu qınaq göstərir ki, vaxtilə vətənpərvər şəxsiyyətlərimizin səyləri boşa çıxmayıb. B.Vahabzadənin:
Ey öz doğma dilində danışmağı ar bilən
Bunu iftixar bilən
Modalı ədəbazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Qoy bunlar mənim olsun,
Ancaq vətən çörəyi,
Bir də ana ürəyi
Sizlərə qənim olsun.
misralarını deyənlər və mənasını dərk edənlər indi, həqiqətən, çoxdur. Hansı ki onların qəlbində, ruhunda ancaq Vətən sevgisi hakimdir və bu sevgi onları məcbur edir ki, ətrafdakıları da buna təhrik etsinlər. Nə qədər ki cəmiyyətimizdə belə insanlar var, deməli, Ana dilimiz yaşayır, dilimiz yaşayırsa, Vətənimiz də yaşayır.
Belə bir aforizm var: ”Elmi beşikdən qəbrə qədər öyrənmək lazımdır”. Bəs biz bu elmi hansı dildə öyrənirik? Əlbəttə, Ana dilimizdə. Deməli, dilimizin bizə verdiyi faydalar da sonsuz saydadır. Sual oluna bilər ki, bir fars sənətkarının farsca şeirini öyrənən azərbaycanlı? O da oxuduğunu öz dilində dərk edərək öyrənir. Onda dilimizin bizim üçün dəyərini belə ifadə etmək olar: böyük sənətkar Hafiz deyirdi ki, əgər o Şiraz gözəli mənim qəlbimi ələ ala bilsə, onun bir hindu xalına Səmərqəndlə Buxaranı verərdim. Bu qədər xalq isə Ana dili vasitəsilə bütün dünyanı dərk edir və fikrini bütün dünyaya çatdırırsa, bu dil üçün neçə Səmərqənd, neçə Buxara vermək lazımdır!
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir… onu gözlərimiztək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.
(B.Vahabzadə)
Bəlkə, dilimizi gözümüz kimi qorumaq ifadəsi belə azdır. Axı gözümüzü itirsək, yalnız görmərik. Amma eşidərik, danışarıq. Amma dilimizi itirsək, varlığımızı itirib başqa xalqların tabeliyinə keçərik. Həmin vaxt yaranan vəziyyəti isə Sabirin aşağıdakı misraları ilə ifadə etmək olar:
- Görmə! – Baş üstə, yumaram gözlərim.
- Dinmə! – Mütiyəm, kəsərəm sözlərim.
- Bir söz eşitmə! – Qulağım bağlaram.
- Gülmə! – Pəkey, şamu səhər ağlaram.
Deməli, gözümüzü itirəndə ancaq kor oluruqsa, dilimizi itirsək, kar, kor, lal olmalıyıq. M.Şəhriyar bu misraları əbəs yerə yazmayıb:
Dil açmada karlıq da gedər, korluğumuz da,
Çün lalllığımız doğmuş idi karlığımızdan.
Göründüyü kimi, bu məsələyə ədəbiyyatımızda çox toxunulub. Və hamısından çıxan nəticə eynidir.
Necə ki biz bu fikirləri bu gün oxuyuruq, çalışmalıyıq ki, gələcək nəsillər də bu fikirləri unutmasınlar. Bəlkə, illər, əsrlər sonra dil məsələsi ilə bağlı ölkəmizdə heç bir problem olmayacaq, bəlkə, Vətənimizin həyatı dərk edən uşağından yaşlısına qədər hamısı dilimizi gözəl biləcək və fəxrlə bu dildə danışacaq. Əgər o gün gələcəksə, nə xoş xalqımıza!
Əslində bu xalqı asanlıqla sındırmaq da olmaz. Ü.Hacıbəyli “Nəyimizin vaxtıdır?” adlı məqaləsində yazır ki, qorxuram ki, bizim işığımız tez sönər. M.Ə.Rəsulzadənin ona belə bir cavabı olur:” Əgər bu millət minlərlə bivec mirzələrin içində M.F.Axundov kimi bir əjdaha, minlərlə baqqal içində Sabir yetişdirdisə, bu millətin işığı heç vaxt sönməyəcək”. Amma yenidən dilimizin və dilimizin timsalında xalqımızın başına eyni müsibətlərin gəlməməsi üçün keçmişimizi unutmamalıyıq! Və fəxr etməliyik ki, ağır günlərin sınağından çıxıb gəlmiş dilimizi yaşatmaq və gələcək nəsillərə ötürmək üçün bütün imkanlarımız var! Boynumuza düşən ən böyük məsuliyyət bu imkanlardan düzgün istifadə etməkdir. Kim bilir, bəlkə də, dilimizin yaşaması üçün göstərdiyimiz xidmətlərin sayəsində gələcəkdə bizim də adımız çəkiləcək. Əgər bu dəryada bir damla ola biləcəyiksə, özümüzü dünyanın ən xoşbəxt insanları hesab edə bilərik!