Edebiyyat.az » Təqdimat » Türkanə Əsədovadan yeni kitab.

Türkanə Əsədovadan yeni kitab.

Türkanə Əsədovadan yeni kitab.
Təqdimat
admin
Müəllif:
12:27, 05 noyabr 2022
1 613
0
Türkanə Əsədovadan yeni kitab.




Mənim üçün üzülmə


Mənim üçün üzülmə,

Mən ki səni üzənəm.

Hər sözündən inciyib

Hər sözündən küsənəm.


Mən zalımam, sevgili,

Çıxıb gedəcək qədər.

Özü Leyli olmayıb 

Məcnun edəcək qədər.


Aydın səhərlərinin

Dumanlı gecəsiyəm.

Mən necə gəlmişəmsə

Elə də gedəsiyəm.


Gözündəki yağışda

Boğulmaqdan qorxuram.

İçində hər gün ölüb

Doğulmaqdan qorxuram.


Qorxuram qəzəbinə 

Tuş gəlməkdən bir ömür.

Mən getməkdən doymayam

Sən ölməkdən bir ömür.


Nolar,ümid etmə ki,

Bir gün qayıdacağam.

Mən sevmək bacarmayan

Sevilməyə qoçağam.



Ölən sevgiliyə məktub


Yenə də çarəsiz yazıram sənə

Yenə də dərdinə dözmək incidir

Torpağın altında sən ola-ola

Torpağın üstündə gəzmək incidir


Mən ki gedişindən gileylənmirəm

Getmək də ölümlə bir günə düşər?

Məktubun yanında yer elədim ki,

Bəlkə də qayıtmaq könlünə düşər.


Torpağın altına əkdin sevgimi

Mən hələ bəhrəsin yeməmişdim ki.

Deyəndə qara rəng yaraşır sənə

Torpağın rəngini deməmişdim ki.


Axı üşüyərsən torpaq üşüdər

Soyuq torpağamı  qarışa bildin?

Sən torpaq altında soyuyan gündən

Mən niyə  bu qədər alışa bildim?


Hələ də sən gedən gündə qalmışam

Deyəsən torpağa qarışır zaman.

Sən bu dünyadan gedəndən bəri

Dünyaya gəlməyə peşmanam inan.



 Torpağın yeddinci qatı


Sonuncu zəngində demişdin gözlə

Boylanıb qalmışdı  gözüm küçədə

Dünən axşam üstü saat səkkizdə

Tabutda ötmüsən bizim küçədən


Dedilər ruhudu  yollanan  göyə

Məni tənha qoyub tərk edən günü

Səni öz qoynunda gəzdirir deyə

Göylər bayram edib sən gedən günü



Bəlkə də torpaqda gizlənir ölən,

Bilirəm soyuq daş altındasan sən.

Niyə bu qədər uzaqsan, görən

Torpağın yeddinci qatındasan sən?


Gecələr yoxluğun olmaya təki

Sənsizlik oyuncaq etməyə məni.

Bu dünya harda dağılmışdı ki,

O dünya qoynuna çağırıb səni.


Ayrılıq qəmini yeməmiş gedib

Bilirəm sən indi mənsiz dardasan

Bəlkə də əlvida deməmiş gedib

Məni gözləyirsən indi hardasa



Bircə yolum ola, olmaya sənsiz

Kaş gələm birlikdə ölümdən doyaq.

Axı bir yastığdan qopmamışıq biz

İndi bir torpağa necə baş qoyaq?

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)