Edebiyyat.az » Təqdimat » Azad Qaradərəli - Han Kangın “Vegetarian” romanı və soyuq düşüncələrim

Azad Qaradərəli - Han Kangın “Vegetarian” romanı və soyuq düşüncələrim

Azad Qaradərəli - Han Kangın “Vegetarian” romanı və soyuq düşüncələrim
Təqdimat
admin
Müəllif:
23:02, 14 dekabr 2024
228
0
Azad Qaradərəli - Han Kangın “Vegetarian” romanı və soyuq düşüncələrim


 

 

SONUNCU NOBEL ÖDÜLÜ ALAN XANIM YAZIÇININ BİR ROMANI BARƏDƏ FİKİRLƏRİM

 

                 (Han Kangın “Vegetarian” romanı və soyuq düşüncələrim)

 

 

 


 

            Qanun nəşrlər evinə hər dəfə yolum düşəndə (külliyyatım çap olunur, ona görə azı iki, üç aydan bir ora gedəsi oluram) kitab satılan yerə də baş çəkir, yeni saydığım kitab, yaxud kitablar alıram. Bu dəfəki kitab payım sonuncu nobel ödülçüsü Cənubi Koreyanın (məhz Cənubi Koreyanın, nədən ki, Şimalın bəxtinə bədbəxtlik quşu qonub – bizi ağ günə çıxardan kommunizm indi orada tüğyan edir) adını tarixə yazan Han Kangın “Vegetarian” romanını oldu.

            Əlimdə çox vacib bir yazı vardı. İki aya yaxın müddətdə başqa iş görmədən yalnız ona vermişdim enerjimi. Düzdür, əsərin sonlarında idim, amma araya xırda-para işlər girsə də, köhnə vərdişimə görə heç nə oxumurdum ki, fikrikm yayına bilər...

            Di gəl, hər dəfə iş masamda yaxın yerə qoyduğum bir neçə oxunası kitabın üstündə dayananda söz etdiyim kitab qadını səslə deyirdi ki, oxu məni!..

            Yalnız yorulandan sonra o kitabı əlimə alıb gündə beş-altı səhifə oxudum. Deyim ki, vərdişim pozulsa da, kitab əlimdəki işimə mane olmadı. Həm də işdən ayrılanda oxuyurdum axı.

            Kitab niyə məni çəkdi?

            Birincisi, Koreya xalqının ailə, məişət ənənəsini mənə göstərə bildi. (Mən bunu vacib sayıram: Parisdə olmağı çox arzulasam da, bu hələ ki, gerçəkləşməyib, zira mən başqa bir Parisi çoxdan gəzmişəm – Hüqonun “Səfillər”inin müşayəti ilə.)

            İkincisi, onların da it ətini ləzzətlə yediyini bildim – bunu təhqir-filan kimi yozmamaq lazım, bu da o xalqın bir məişət nümunəsidir.

            Üçüncüsü, bu xalqda da ailə bağlarının möhkəm olduğuna inandım ki, bu məni sevindirdi. Çünki həmişə bu fikirdə olmuşam ki, bəşəriyyətin yaşam nöqtəsi ailə institutudur. Allah eləməsin, haçan dünyada ailələr dağılacaq, onad bəşəriyyətin ölüm siqnalı veriləcək...

            Nə yazıq ki, bütün şərq xalqları kimi onlarda da kişi mərkəzçiliyi hökm sürmədə.

            Onlarda da ailənin bağı uşaqdır...

            ...Hadisələrin mərkəzi Yonqhe adlı qadının başına gələnlərdir. O bir gün başını qaldırır və görür ki, ət yemək istəmir. Daha doğrusu, gördüyü yuxular buna rəvac verir...

            İşə bax ki, bir insanın verdiyi qərara nə əri, nə ata-anası, bacı-qardaşı, hələ üstəlik ictimaiyyət də hörmət etmir. Hər kəs ayağını dirəyir ki, biz ət yeyirik, Yonqhe də yeməlidir!

            Hətta atası əti güclə qızının ağzına soxur. Yemədikdə ona sillə vurur. Yonqhe isə nəinki ət yemir, hətta bütün bu etirazlara rəğmən, intihara əl atır.

            Ah, intihar! Sən zəiflərin yeganə sığınacaq yerisən!

 

                                   ***

 

            Buracan yazdıqlarım hər hansı bir yaxşı yazıçıda rast gəlinən məsələlərdir.

            Əslində, məni bu kitaba və onu yazan Han Kanga bağlayan çox əlahiddə bir məsələ idi: xanım yazar cəsarətli bir naturalistmiş! Bizim kişi yazıçıların qorxaraq işlədə bilmədiyi söz və kəlmələri, qapalı situasiyaları, sevişmə səhnələrini romanında həzzlə verə bilir...

            Qabaqcadan onu deyim ki, bu yazı ədəbiyyat biliciləri, müasir ədəbiyyatın a-b-sindən xəbərdar olanlar və hazırlıqlı oxucular üçündür. Ona görə də, mənim üç cildlik “Renessans həsrəti” kitablarımdan, habelə romanlarımdan xəbərdar olmayanların oxumaması lazım...

            Yazıçı insanı ağzı bağlı bir sandıq kimi təqdim edir. Bu sandığa açar sala bilməyənlər onunla məhtab olmamalıdır. Əksinə olsa, onda faciə törəyə bilər. Necə ki, törəyir.

            Yonqhe onu qətiyyən dərk etməyən biri ilə ailə qurub. Halbuki bacısının həyat yoldaşı olan sənətçinin - rəssamlığın video ilə birləşməsindən yaranan yeni sənət növü ilə məşqul olan birisi ilə onunku daha yaxşı tutur. Hətta onun modeli olmaq təklifini qəbul edir. Hətta...

            Hətta onlar sevişirlər və bu onların faciəsinə çevrilir. Çünki şərqli təsəvvüründə tabu olan qaydaları pozmuşdular.

            Nəticədə, Yonqhe dəlixanaya düşür, bacısının əri olan sənətçi isə, sadəcə yoxa çıxır, qeyb olur desək, daha düz olar.

            Yonqhenin yanbızında uşaqlıqdan monqol ləkəsi* varmış. Və bu ləkə model olarkən bacısının ərinin ağlını başından alır. Bu ləkə həm də sirli birisinin bağlı sandıqdakı bilinməzliklərindən xəbər verir. O sandığa açar sala bilməyənin əlində o sandıq da, onun sirri, sehri də heç olur...

            Zənnimcə, bu “monqol ləkəsi” anlayışı məşhur “ağ qarğa” ifadəsinin, bir növ başqa tərzdə ədəbiyyata gətirilməsidir. Başqaları kimi ola bilməyən, seçilən və buna görə də cəzalandırılan qəhrəmanın kodunun müəllif tərəfindən deşifrə edilməsidir.

            Yazıçı xanım insan bədəninin gözəlliyini qələmlə yarada bilməyin ustasıdır. Zənnimcə, bu naturalist düşüncə bəşər övladının nicatıdır.

            İnsan oğlu zövq ala biləcəyi gözəlliyə deyil, qarnını və cibini dolduracağı rəzilliklərə əyilir.

            Halbuki insan oğlu zaman-zaman təbiətə - bulağa, gülə, meyvə ətrinə, quş səsinə və... və təbiətin ən gəzəl varlığı qadına əyilib...

            Nə yazıq ki, bu gün insan oğlu əyilə biləcəyi bütün varlıqları məhv etməklə məşquldur...

            Bu dünyanı xilasın yolu qadından – dişidən keçir.

            Ətyeyənlər bunu anlamasalar, öz sonlarını gətirəcəklər...

 

                                               ***

 

            Əsərdə bir yuxu reallığı da qırmızı xətlə keçir. Yuxu, əslində bizim düşündüyümüz kimi gecənin cızdığı xəyali bir təsvir deyil. Yuxu (yuxu görmə) gündüz edə bilmədiklərimizin əksidir. Yuxu, həm də bir avantüradır – insan oğlu bunun hüdudlarını cıza biləndə sənət, bilməyəndə faciə baş verir. Sənətlə faciə iç-içədir. (Əlbəttə, əsərdən bu nəticəni adi oxucunun çıxara bilməsi, bir qədər müşkül ola bilər. Zira təhtəlşüura qısılan insan ağlını işlədə biləndə güclü olur. Kursivlə verdiyim iki cümlə təkcə əsərdən çıxardığım nəticə deyil. Bu fikir mənim öz duyğularımdan qaynaqlanır – qəddini düzəldib iki ayaqla gəzən insan,  əmək aləti icad edən, ev tikə bilən, ailəni yaradan, sözü icad edən, yazını kəşf edən insan, mənə görə avantüristdir – rəssamdır, yazıçıdır, bəstəkardır və alimdir, çünki o yuxunu reallığa çevirməyi bacarıb!)

            Əsərdə bir sonsuzluq da duyulur – şaxtalı havada zəif gün işığı süzülən kimi. Yonqhenin ölə bilməməsi insan sonsuzluğunun göstəricisidir. Bacısı oğlu Siu qəribə yuxu görür:”...Səmaya baxdım. Bir quş uçurdu. Quşun “Anan mənəm...” dediyini eşitdim.”

            Belə sonsuzluğa, bəzən Borxes sonsuzluğu da deyirlər. İnsan heç vaxt ölmür. Sadəcə, bizim göz yaddaşımızdan silinir, duyğularımızın hafizəsində isə quş kimi də olsa yaşayır.

 

 

                                               ***

            “İnsanın xislətində öldürmək, dağıtmaq instinkti mövcuddur” deyən Lyosa necə də haqlı idi. Ətyeyənlərin ət yemədiyi üçün öldürdükləri Yonqhe dişi dünyanın bir müdafiəsiz nümunəsidir. Sən səni doğanı – ananı (bu, həm də böyük mənada dünyadır!) sənin kimi düşünmədiyi üçün öldürməklə özünü də, ailəni də, cəmiyyəti də, elə dünyanı da öldürürsən...

            “Vegetarian” qadın haqqında nəğmədir.

            Bu nəğməni hər kəsin oxuması gərək...

 

                                                                                                                      04-14.12.2024

------------------------------------------------------------------------------------

*Göyümtül ləkə olaraq insanın bel və arxa nahiyyələrində rast gəlinir. Bu, əsasən melamin piqmentinin derma qatına yığılması ilə əlaqədardır. Bu adın verilməsi, əsasən ilk dəfə monqol uşaqlarında aşkarlanması ilə əlaqədrdır.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)