Edebiyyat.az » Ədəbi tənqid » VAQİF OSMANOV / ATAQAM – XARAKTERLƏR USTASI

VAQİF OSMANOV / ATAQAM – XARAKTERLƏR USTASI

VAQİF OSMANOV / ATAQAM – XARAKTERLƏR USTASI
Ədəbi tənqid
nemət
Müəllif:
22:42, 02 aprel 2020
1 586
0
VAQİF OSMANOV / ATAQAM – XARAKTERLƏR USTASI




Elə ədəbi əsərlər var ki, oxuduqdan sonra onların təsirindən çıxa bilmirəm. Gecə-gündüz oradakı obrazların xarakterini, müəllifin yazı manerasını, hadisələrə müdaxiləsini, təhkiyəsini ürəyimdə götür-qoy edir, əsər haqqında bir cümlə ilə belə rəy bildirməyə cəsarətim çatmır. Ta ki, əsəri yenidən oxumasam “cəsarət”ə gəlmirəm. V. Hüqonun “Səfillər”, M.S.Ordubadinin “Qılınc və qələm”, G. Fəzlinin “Yeddi ulduzlu səma”, T.Drayzerin “Cenni Herhardt” romanları, C. Londonun “Həyat eşqi”, İ.Turgenevin “Mumu” hekayələri, A.Mirzəcanzadənin “İxisasa giriş” kitabı mənim üçün belə şedevrlərdəndir.
Gəray Fəzlinin “Yeddi ulduzlu səma” romanını oxuyanda 22 yaşlı kənd müəllimiydim. Romandakı ikili ömür yaşayıb bir məzarda uyuyan Ayxan - Eldar obrazını insanın mənəvi aləminin zirvəsinə bənzədərək ünvanını dəqiq bilmədiyinm müəllifə “Oxucu düşüncələri”mi yazmışdım. Düşüncələrimdən bir neçə cümləni şair Qasım Qasımzadə Azərbaycan televiziyasının Gəray Fəzlinin yaradıcılığına həsr olunmuş verilişində səsləndirəndə uçmağa qana axtarırdım. Hələ üstəlik Gəray müəllimin cavab məktubunun yaratdığı ovqatı demirəm...
Ataqamın “Oyconbi-qonağa vurulan gəlin” hekayəsini azı 6-7 ay qabaq oxumuşdum. Fikirləşməyin ki, Ataqamı yuxarıda adlarını çəkdiyim qələm və elm adamlarına bərabər hesab edirəm. Bu gerçəklikdən uzaq olar. Amma onun mənəvi-psixoloji hekayəsinin yaşadığımız yüzilliyin sayılıb-seçilən ədəbi əsər kimi ədəbiyyat tarixinə düşəcəyinə inanıram.
Hər bir əsl bədii əsərdə hadisələr cərəyan edən məkanın ab-havası, orada yaşayan xalqın milli xüsusiyyətləri və ruhu, etnoqrafik cizgiləri, adət-ənənələri elə təsvir olunmalıdır ki, həm də öyrənəsən. Qələm adamının bir peşəsi də öyrətməkdir. Görkəmli rus ədəbi tənqidçisi V.Q.Belinskinin gəldiyi nəticəyə görə, kökləri həyatdan su içməyən, həyatı izah etməyən, həyata işıq salmayan əsər yadda qala, yaşaya, öyrədə bilməz. “Oyconbi-qonağa vurulan gəlin”i oxuyuncaya qədər özbək xalqının bir çox milli və etnoqrafik xüsusiyyətlərindən xəbərim az idi...
Məni ən çox maraqlandıran və heyrətləndirən isə bir hekayədəki bu qədər bir-birindən fərqli insan xarakerləri oldu. Sən demə, yazıçı özbək xalqına məxsus mənəvi dəyərləri Oğuz Türklərininkindən az bilmirmiş. Məncə, Ataqam ərəb, həbəş, fransız xalqlarının, lap elə zəncilərin adət-ənənələrinə də bələddir. Ataqam böyük beynəlxalq təkilatlardan birinin Yaxın Şərq və Şimali Afrika üzrə nümayəndəsidir. Axı çox gəzən çox bilər...
Hekayədəki bəzi sözləri və söz birləşmələrini özbək xalqının milli mənsubiyyətinin göstəricisi, etnoqrafik cizgiləri,Türk dünyasının bir budağının dilinin zənginliyi kimi qabardaraq nəzərə çarpdırıram: sarısunqul saqqal, təvərə papaq, butalı araqçın, ağ butalarla bəzənmiş, ətəyindən qırmızı qotazlar sallanan çarşab, sinəçula, çovustan, tapçan, kurpaça,çurpo (yemək növü), kərmə, arxın çiləkəni, yağışın çiləyi, bayağın bulaq, qabanın burunsağı, ləj düşmək, məhlimləmək, düdəmə, cürücə, həncama, aralarına qarğı yamanmış əyri-üyrü armud ağacından qayrılmış qapalaq və s.
Ədəbiyyat nəzəriyyəsinə görə,bədii əsərdə təsvir edilən bu və ya başqa surətin həyat hadisələrinə yanaşmaqda hərəkət və davranışında, başqalarına münasibətdə təzahür edən fərdi xüsusiyyətlərinin məcmuyuna xarakter deyilir. Xarakter nədir? Bir şəxsin başqasından fərqi. Adamların hərəkət və davranışı arasındakı fərq, spesifik əxlaqi və mənəvi cəhətləri onların xarakterini müəyyənləşdirir. Burada insanların yaşadığı mühit də mühüm rol oynayır. Mühit insan yetişdirən amillərin önəmlisidir. İnsanın varlığı da, təbiəti də mühitlə bağlı olur.
Hər bir ədəbi əsərdə hadisələrin iştirakçısı, hərəkətverici qüvvəsi insandır, onun müsbət və yaxud mənfi obrazıdır. Fərqi yoxdur, əsərin məzmunu, süjet xətti, kompozisiyası necə qurulmuşdur. Yazıçı, ədəbiyyatşünas, tənqidçi Elçinin fikridir: “Milli xarakter, hətta dedektiv kimi “əyləncəli” bir janrın da bədii səviyyəsi üçün müəyyənedici rol oynayır”.
Ataqamın hekayəsinin məzmununu, yaratdığı hissləri altı obrazın daxili dünyasına yazıçının təxəyyülü və təkiyəsi ilə səyahət edərək incələmək kimi adi olmayan qərara gəldim. Bilmirəm alınacaqmı? Görək də..
1.OYCONBİ. Kimdir Oyconbi? Qonağa vurulan gəlin. “İri, mavi gözlü, ağ butalarla bəzənmiş ətəyindən qırmızı qotazlar sallanan yaşıl çarşablı, buynuzli İsgəndərdən qalma” bəxtiqara özbək qzı. Vurulduğu 27 yaşlı, özündən üç yaş böyük qonağı “uşaq” bilən, eybəcər, ləyaqətə qənim adət-ənənəlirin quluna çevrilib, diz çöküb qonağın ayağını yumağa məhkum edilən, amma “özü kirli ayaqda gəzən, Ukraynada uzun illər avaralanan” əri uzaqlardan “çıxsın getsin evinə” ultimatumunu versə də, “kimdi məni qəbul eləyən? Bizim kişlakda qotur qatıra ərsiz arvaddan çox hörmət edirlər ehkamına söykənib həyatın üfunətli dibinə bənzəyən bir xaraba çovustanda əzablar içində tənhalıqdan gah üşüyən, gah da yanıb-yaxılan hüquqsuz el gözəli. “Ərim qaban idi, mənə bircə dəfə də xoş söz demədi. Timurçin aka da elədi, xəlvətə düşən kimi yanbızımı çimdikləyir. Bir dəfə sərinci başına çırpmışam, indi məndən gen gəzir” pıçıltıları ilə vurulduğu qonağa dərdlərini danışa-danışa yüngülləşən, özünü anlayan həmsöhbət tapdığına güman edən, ürəyində ona rəğbət, sevgi oyanan, sevgisinə müsbət reaksiya vermədiyinə görə ona da “qaban” ayaması qoyan, sevgisi də özü kimi yetim bədbəxt sevgi acı. Qonaqla ərklə davranıb, onu qıcıqlandırıb özünə cəlb etməyə nail olacağına inanaraq qalib görkəmi ilə qürrələnən, danışdığı ibrətamiz rəvayətlə ona qarşı ünvanlanan qanmaz, savadsız, nadan, gerizəkalı, dardüşüncəli, kobud, qaba kimi qənaətləri alt-üst edən, “arxamı sənə çevirmişəm, bağışla” nəzakətli, “ərin səni niyə atıb qaçıb sualına “yumru daşlar yosun tutmaz, yəqin ondandı” cavabını verən müdrik insan. Quduzlaşmış şəhvətinin müti qulu olub hətta iyrənc “sevgi oyunu”na razı olan Babakulovu otağın işığını söndürüb- yandırmaqla əl meymunu kimi oynadan, qonağa Babakulovla necə məzələndiyini, alçaltdığını nümayiş etdirən, vacib anda ona “dur, rədd ol!” komandası verərək “zəfər” çalan çoxbilmiş “məşuqə”. Bu ucqar kişlakda, “hamı özünü haqlı sayan, həmişə dava-dalaş olan bu evdə” - kiflənmiş, miflənmiş, çirkablar içində boğulan mini cəmiyyətdə özünü “ən ağıllı, ən gözəl” saymağına, “hamının özünü günahkar saydığından umu-küsü olmayan ata evindəki” xoşbəxt günlərinin nostalji hisslərinə, həsrətinə, “ərindən uşaq istəmədiyinə, bu evdə murdar olmayan bircə mənəm!” əminliyinə, azadlığını, sevgisini, ismətini qorumaq naminə mücadilədə hər işi-hətta qatilliyi bacardığına haqq qazandırdırdığım “canından yasəmən qoxucu gələn” yarımmüqəddəs varlıq. Sonda “sapsarı bir qız doğub, bəbəsini doğum evindən götürüb” bütün daşqəlbli, laqeyd bəşər övladları yaşayan çirkin cəmiyyətdən qaçıb azadlığı, ana məhəbbəti və “sapsarı körpəsi” ilə qucaqlaşan, xoşbəxt olduğunu ilahi işıq kimi gördüyüm ANA. “Parçaya büküb qutuda göndərdiyi qırmızı naxışlı, şirmayı saplaqlı bıçaq”la sevgisinə sadiqliyini bir daha təsdiqləyən, quduz ehtiraslı Timurçindən uşaq doğduğunu həqarət saydığından uşağın atasının vurulduğu qonaq oduğuna özünü və tanıdıqlarını inandırmağa çalışan ləyaqətli İNSAN.
2.QONAQ. “Sən ərli qadınsan, məndən nə istəyirsən, mən neyləməliyəm, sənə xoş söz deməliyəm?” sualları içində vurnuxan, Oyconbinin şıltaqlıqlarına dözməyə məcbur olan, “məni belə öyrətmişdilər: çörək yediyin yerdə sevişmə, sevişdiyin yerdə çörək yemə” öyüdünü unutmayıb, “artıq hərəkət etməyəcəyinə” söz verən və sözünün üstündə əsl kişi kimi möhkəm dayanan, “yox, ayağım təmizdi, tezdən çimmişəm, yumaq lazımdısa odeyy, bulaqda yuyaram” imtinasıyla Oyconbini alçaltmağı özünə ar bilən, belə “adət”dən, mentalitetdən iyrənib ögüyən, tüpürən, bu xoşagəlməz prosedurdan yayınmağa çalışan, amma bacarmayan, “sözə baxmadığı”na görə gəlin tərəfindən baldırına dırnaq batırılanda diksinən, Oyconbiyə nəhayət bir dəfə “qızılgül hər yandan xoş ətir saçır” xoş sözünü-tərifini söyləməyi özünə borc bilən, amma “qonaq qaldığı evi murdarlamağı” ağlına belə gətirməyən, Oyconbinin ondan qız istəməsinə rəğmən, şəhvətinin kürəyini yerə vurmağa özündə güc tapıb, intim əlaqədən imtina edən, bununla belə gəlinin “Babakulova təslim olmasını görmək , eşitmək istəməyən, Oyconbinin ondan “batmadığı günahına” görə qisas aldığını düşünsə də özünü haqqlı sayan, təkcə vicdanı yox,bütün mənəvi keyfiyyətləri insanlığa örnək olan İNSAN, əsl kişilik mücəssəməsi.
3.ABDUCABBOR KİŞİ. Xırda butalı araqçınlı, yaşı yetmişdən artıq, amma sağlam və gümrah, “yaşıl çayı hoptlada-hortlada gəlininin qarasına danışan”, madar oğlunun avaralanmağını gəlinin “dilbilməzliyinə, susqunluğuna dözmədiyi” ilə bağlayan, rəhmətlik ikinci arvadı Xocəstəni Oyconbini onlara urcah etdiyinə - “bu canıyanmış dayçanı yolqırağı kişlakdan aldığına, onları yaman günə qoyduğuna” görə “əmcəyi qurumuş”u “ehtiramla xatırlayan”, “o fərsiz oğul kaş bir nəvə qoyub gedəydi” təəssüfü ilə qonaqlarla dedi-qodu, qeybət yapan tipik özbək, həm də müsəlman kişisi. Laqeyd, hissləri ölmüş, evinin içində ləyaqətini, şərəfini, namusunu qoruya bilməyən, şəriət qanunlarını “şah” sayan, “gözəlliyinə görə özündən otuz yaş kiçik Xocəstə bibini birinci arvadı, yataq xəstəsi Parand bibinin üstünə alan”, özü isə “ağzına duz səpilmiş ilbiz kimi sönən”, Babakulovun ölümünə görə milisin “guya qaban işi deyil sıxma-boğmasına, çox sorğu-sualına dözməyib ölən” sivilizasiyasiyadan uzaq kişlakın dar düşüncəli sakini.
4.XOCƏSTƏ BİBİ. “Günü qaynana, qazanı buğum-buğum buğlanan, gecələr pəncərənin ağzını kəsdirib, qırçınlı pərdəni aralayıb gözünü Oyconbigilin yatağına dikən”, öz otağının işığı gecələr sönməyən, Oyconbinin “yumşaqca işıq düşəndə yata bilmədiyini deyən gündən onunla ləj düşən”səhər açılan kimi yeni evlənənlərin yatağına -“kurpaça”larına soxulub əlini sürtən, “burnuna tutub iyləyən, hətta bir dəfə dili ilə yoxlayan, heç nə görməyib, otağına çəkilib orda dayanmadan qəhqəh çəkən” qırx yaşlı cavan küpəgirən qarı. Oyconbinin “axşam penisilin şüşəsinə xəlvətcə toyuq qanı yığıb sinəçulasında gizlədərək, səhər yuxudan duranda qanı kurpaçaya calayandan otağında hönkür-hönkür ağlayan, üç gün xəstə yatıb ölən ögey ana, ögey qaynana, darğöz qadın...
5.OYCONBİNİN ƏRİ. Kişidən çox “qaban”a oxşayan, “arvadına heç vaxt xoş söz deməyən madar oğul”, evə gec gəlib “nə yemək varsa basıb yeyən, çox vaxt yatağa şalvarda girən, girən kimi də xoruldayan” hissiz, duyğusuz “düdəmə”, “mal ələməklə -hər səhər nas sümürməklə, günorta qərə atmaqla, axşam anaşa çəkməklə” gününü keçirən, “beyni at təsi çəkməkdən qurumuş” tüfeyli, insanabənzər məxluq...
6.TİMURÇİN BABAKULOV. “Sarısunqul saqqallı, sarımtıl seyrək bığlı, üzündə aşırı qabarıq cizgilərin yaratdığı sarkastik ifadəli, çətinə düşəndə başala barmağını baş barmağına yaylayıb palıdı təvərə papağının dimdiyinə çırtma vuran, fındıq gözlərini qıyıb qımışaraq” bic-bic günəbaxan yağını “mənə ver” sözlərini xüsusi vurğuyla, ədayla qabardan, evin gəlininə “buynuzlu İsgəndərdən qalma maldı, qonduğu budaqdan qopara bilmirəm, vermir, amma gecələrin birində qanadlarını sındıracağam, hələ yetişməyib” inamına söykənib vəhşi nəfsiylə baxıb ağzı ac canavar kimi sulanan, “gəlinin içinə gedən bütün yolları ancaq özünün yoracağına” and içsə də, arzusu ürəyində çürüyən, şorgözlüyünə, çörək yediyi süfrəyə nankor münasibətinə, ehtirasına yiyə dura bilmədiyinə görə başına sərinc çırpılan, dizləri üstə çöküb Oyconbiyə yalvaran, hətta gəlinin qeyri-təbii “sevgi oyunu” təklifini qəbul edən, sonra da Oyconbinin “hər ilan siçan dəliyinə girməz, görünür bizim ellərin ilanı deyilmiş” rişxəndinin qarşısında büzüşıb siçana dönən ləyaqətini itirmiş tatar oğlu. Ovçu Pirim yox, Gopçu Pirim kimi qabanı və onun körpə balasını necə aşırdığını ağızdolusu goplayan, buzovu öldürmək peşmançılığı yaşayan, sonda “o cızdağıçıxmışın işləyi olduğunu əlinin içi kimi bilən”, gəlinin “qonaq buzovu öldürdü” “nəğmə”sini və “rekviyemə bənzər qəhqəhəsini dinləyib qulaqlarını şəkləyən” özündənrazı sürücü -“ovçu”. Qonağın “Oyconbimiz təndir yapır” atmacasına təşəxxüslə “asta ye, boğazında qalar” xəbərdarlığını etsə də, “insanlıq o ayı balaları, qaban balaları kimi yetimdi” düşüncəsiylə təsirlənən, sonda Oyconbinin nifrətinin, qisasının və özünün quduz tamahının qurbanına çevrilən şərəfsiz meyit...
F.Bixterin bu deyimi necə də dəqiqdir: “qadın ya sevər, ya da nifrət edər, ortası yoxdur”. Və bir də A.Dodenin fikrinə görə, sevən qadının fədakarlığı ölçüyə gəlməz. A.Düma isə sözünü lap “onluğa” vurur: “qadının sevmədiyi kişiyə heç yazığı gəlməz”. Minobonuyla göndərilən qutuda parçaya bükülü qırmızı naxışlı, şirmayı saplaqlı həmin ət bıçağı əslində “teleqram” idi: “qisas qiyamətə qalmaz. Mən sevgimə sadiqəm. Oyconbi”...
“Oyconbi-qonağa vurulan gəlin” hekayəsində cərəyan edən hadisələri süjet xəttinin ekspozisiyasına, kompozisiyasına və kulminasiyasına görə beş hissəyə bölərdim: günəbaxan yağı, ət doğrama zamanı söhbətlər, Babakulovun uğursuz gecə görüşü, sapsarı qız və qutuda göndərilən bıçaq.
Əsl yazıçı həm də əsl psixoloq olmasa yaratdığı obrazlar vaxtsız doğulan uşağa bənzəyər, hansı əzasındasa natamamlıq olar. Ataqamın bir hekayədəki müsbət və mənfi xislətli altı insan obrazında natamalıq görmədim. Hər obraz öz ampluasında səmimidir, yaddaqalandır, bütövdür. Elçinnin : “yazıçının yükü daha artıqdır: onun həm ürəyi, həm də başı olmalıdır” düşüncəsində böyük hikmət yaşayır...
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)