Edebiyyat.az » Ədəbi tənqid » ƏLİSA NİCAT - Pərvanələr niyə özlərini oda atıb yandırır?

ƏLİSA NİCAT - Pərvanələr niyə özlərini oda atıb yandırır?

ƏLİSA NİCAT - Pərvanələr niyə özlərini oda atıb yandırır?
Ədəbi tənqid
nemət
Müəllif:
19:28, 13 aprel 2020
1 652
0
ƏLİSA NİCAT - Pərvanələr niyə özlərini oda atıb yandırır?






(Həkim və gözəl yazıçı Elman Rüstəmova)

Uşaq yaşlarımda Lənkəranda yaz-yay, gecələr eyvanda lampa işığında oturar, söhbət edər, sonra hərəmiz öz yerimizə uzanıb yatardıq. Lakin işığı azaldılmış lampa səhərə kimi zəif işıq saçıb «mürgüləyərdi».
Səhər görərdik ki, lampa ətrafında bir ovuc böyük-kiçik pərvanə yanıb tökülüb.
Onlar qaranlıq düşəndə lampa yanan kimi hər tərəfdən toplaşıb gələr, lampa şüşəsinin ətrafında fırlana-fırlana özlərini isti, yanar şüşəyə dönə-dönə çırpar, axırda qanadları və elə özləri də yanıb yerə düşərdilər.
Lampa hey yanar, pərvanələr də ardı-arası kəsilmədən bir-birlərini əvəz edib ölərdilər.
Niyə?
Bu sual son vaxtlar məni çox düşündürür.
Hələ Şeyx Sədidən bu yana bütün Şərq şairlərinin bir mövzusu da budur.
Niyə bu balaca, gözəl, zərif məxluqlar özlərini işığa, oda çırpıb məhv edirlər?
Şərq şairləri bu hadisənin yalnız zahiri tərəfini qələmə alıb, bu balaca məxluqların işığa – şam işığına aşiq olduqlarını söyləmişlər.
İşığa aşiq olan məxluqlar!
Yox, onlar işığa deyil, bütün canlılar kimi bir-birlərinə aşiqdirlər. Belə olmasaydı, çoxdan kökləri kəsilmişdi. Son əsrdə sayları xeyli azalsa da, hələ yenə çoxdurlar.
İşığa tamam başqa məqsəd, başqa motivlə gəlirlər və bu motiv, bu daxili çağırış, bu heyranlıq cinsi meyldən qat-qat güclüdür.
Kim sənədli filmlərdə balinaların, bəzən də delfinlərin sahilə atılıb öldüklərini görübsə, yəqin ki, bunu heç vaxt unutmur, çünki çox təəccüblü hadisədir. Ətrafda insanlar olanda köməkləşib bu nəhəng məxluqu itələyib yenə okeana salır və balina çox vaxt üzüb gedir.
Pərvanəyə isə kömək etmək mümkün olmur. Nə edirsən, nə qədər qovursan, əl çəkmirlər ki, çəkmirlər. Onlardamı hansı səbəbdənsə intihar edirlər? Yox. Güman ki, bu, intihar deyil, açıq-aşkar cazibəyə, qarşısıalınmaz heyranlığa bənzəyir. Axı bu balaca, zərif və oda davamsız məxluqlar bu işığın təhlükəli olduğunu dönə-dönə hiss edirlər. Bəs niyə əl çəkmirlər? Əl çəkə bilmirlər. Bu instinkt, bu çağırış, bu hiss həyat eşqindən qat-qat güclüdür.
Bəs o nədir?
Fikirləşirəm ki, məni bizim dəbdə olan məşhur yazıçı dəstəsindən fərqli olaraq çayı üzüyuxarı getməyə məcbur edən nədir? Axı vəziyyətimiz ağır olur, çətinliklə yaşayırıq, amma yenə əl çəkə bilmirəm.
Yox, pərvanəni yandıran bu həqiqət eşqi deyil. Bəlkə, güclü, qüdrətli maraq instinktidir, bu parlayan şeyin nə olduğunu dərk etmək, bilmək ehtirasıdır. Bu, ola bilər. Çünki pərvanələr insanlardan çox-çox qədimdirlər və onlar gecə həyatı keçirib milyon illərlə işıq görməyiblər. Axı milyon illər şam işığı, lampa işığı olmayıb. İndi birdən-birə cəmi bir neçə min ildir ki, hardasa evlərdə, ya başqa yerdə nəsə yanıb parlayır və bunun nə olduğunu bilmək həvəsi pərvanələri bu cür hərəkət etməyə məcbur edir.
Axı bu nədir yanır, şölə saçır, parlayır?
Ola bilər. Bu versiya çox mümkündür. Amma bəs niyə ölüm təhlükəsi bu marağı söndürə bilmir? Axı dünyada elə bir canlı yoxdur ki, ölümdən, təhlükədən qaçmasın, qorxmasın. Cəsur aslanlar, pələnglər belə, təhlükə görəndə əkilir, aradan çıxırlar.
Balaca, zərif, gözəl pərvanə isə qaçmır, qorxmur və son nəticədə qurban gedir.
Bəs qoca TƏKAMÜL buna necə baxır, buna necə yol verir?
Yox, TƏKAMÜL üçün bu problem deyil. Bir də pərvanələr yaradılanda belə bir məsələnin ortaya çıxacağını TƏKAMÜL heç ağlına da gətirmirdi. Üstəlik, pərvanələrin də sayları saysız-hesabsızdır və sayları da çoxdur.
İnsan və bəzi heyvanlardan başqa bütün canlılar və xüsusilə həşəratlar qaranlıqdan qorxmur. Qaranlıqda da görür, qidalanır və hətta sevişirlər də. Amma bəs niyə işıq, şam, lampa yalnız pərvanələri maraqlandırır? Şüurları azdır, körpə uşaq kimi ağılları kəsmir. Axı körpələr də işığa can atır, hətta əl atırlar. Amma körpə, əli bir balaca yanan kimi ağlayır və bir daha ona əl uzatmır. Pərvanə isə dönə-dönə yansa da, əl çəkmir, yanıb ölməyincə hey fırlanıb özünü oda vurur.
Görünür, bu, maraqdan da güclü bir hissdir. Bəs nədir o?
Dahi Ziqmund Freyd yazır ki, bütün canlılar, xüsusilə insanlar… ölümə can atır. Biz bu barədə çox yazmışıq. Freydə görə, insanlar, daha doğrusu, ilk canlı varlıqlar əvvəlki cansız dövrlərinə – yəni «pakoy», dinclik vəziyyətlərinə qayıtmaq istəyirlər. Çünki canlı olmaq saysız əzab instinktləri ilə müşayiət olunur.
Bu, insanlar üçün şübhəsizdir. Amma axı yazıq pərvanənin bu qədər dərin və mürəkkəb təkamül dövrü olmayıb və instinktləri də bu qədər qəliz və mürəkkəb deyil. Onun ömrü bəzən bir gün, ya bir ay, ən çoxu isə bir yaydır. Nə yaşayır ki, ölümə də can atsın.
Mən həyətdə nanələr, otlar, yoncalar arasında bəzən o qədər kiçik kəpənək və pərvanələr görürəm ki, inanın ki, darı boyda.
Bəlkə, TƏKAMÜLÜN ondan heç xəbəri yoxdur. Amma belələri də işığa gəlib yanırlar.
İşıq onlar üçün nədir?
Axı bu, mənasız hadisə deyil. Təbiətdə, ümumiyyətlə, bütövlükdə həyat mənasız olsa da, onda baş verən heç bir akt mənasız deyil.
Bəlkə, pərvanənin bu ehtirasında bütün sadaladığımızlardan var, bir az maraq, bir az ölüm cazibəsi, bir az insanlarda musiqiyə olduğu kimi anlaşılmaz bir ehtiras! Hər halda, Şərq şairlərinin iddia etdiyi kimi, seks ehtirası deyil. Hərçənd ki, bu da istisna olunmur. Sadəcə, şam və ya maşın farasının erkək və ya dişi pərvanəyə oxşarlığı yoxdur.
Heyf ki, Konrad Lorens kimi böyük təbiətşünaslar bu barədə susublar.
Hər halda, bu hadisə şairlərin poetik mövzusu kimi sərçənin niyə hoppanmasından qat-qat maraqlıdır. Elə deyilmi? Ola bilsin ki, işıqla yayılan ultrabənövşəyi və ya infraqırmızı şüalar və dalğalar bizim çox zəif olsa da, pərvanələrin balaca beynini qıcıqlandırır, ağıllarını alıb onları əsir edir.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)