Edebiyyat.az » Ədəbi tənqid » Könül Nuriyeva - Gerçəkliyin bəlası ( tarixi publisistika)

Könül Nuriyeva - Gerçəkliyin bəlası ( tarixi publisistika)

Könül Nuriyeva - Gerçəkliyin bəlası ( tarixi publisistika)
Ədəbi tənqid
nemət
Müəllif:
19:11, 20 may 2020
2 264
0
Könül Nuriyeva Gerçəkliyin bəlası. ( tarixi publisistika)





Gözləri ayrı- ayrı adlandırmaq mümkün olsaydı, birinin adını gerçəklik, o birini bəla qoyardım. Bu gözlərin sahibini isə tarix adlandırardım.

Əhalisi   1820- ci ildə  iki min  beş yüz nəfər olan  Bakı müsavat, proletar, sovet, erməni,  soyqırım, işğal, faciə  sözlərini özünə yaxın buraxmaq istəmirdi.  “ Öz əməyi ilə dolanan fəhlə” proletar kəlməsi ilə eyni mənaya gəlirdi,  bu istiqanlılığa baxmayaraq Bakının   özünə yad olan terminlərə allergiyası vardı.

Siyasi, iqtisadi, sosial  vəziyyətləri kənara qoyaraq, Bakının mədəni halına sehrbaz çubuğu ilə toxunmaq istəyirəm. 1880- ci ildən sonra  şəhərdə   “ rus- tatar məktəbləri” açılırdı. Çarın   ruslaşdırma ideyalarına qarşı   yaranan cəmiyyətlər  milli tərbiyəyə xidmət etməli idi. 1901- ci ildə  Z. Tağıyevin qız gimnaziyasını açmasından sonra,   “ Səadət” məktəbi də yaradıldı.  Türk kapitalistləri  qəzet, jurnallara yardım edir,  xaricdə oxuyan tələbələrə pul göndərirdilər.

Üsuli- cədid məktəblərində rus dili ayrı fənn kimi öyrədilirdi. Şamaxıda S.Ə Şirvanin məktəbi   belə adlanırdı.  

Məktəblər, ziyalılar, nəşriyyatlar, kitabxanalar artıqca,  bədii əsərlər yazıldıqca  əhali özünün savadsızlığını dərk edirdi. Başdan iylənən balıq misalındakı kimi,  idarəetmə güclü və  öz mənafeyini güdən əllərdə idi.  “ Böyük qardaş bizə baxırdı”.

1905- ci ildə  milli hərəkət tərəfdarı olan M. Bağırzadə  adlı tacirin köməkliyi ilə Tiflisdə  C. Məmmədquluzadə  və  Ömər Faiqin başçılığı ilə  “ Qeyrət” nəşriyyatı yaradıldı.  Tarixi xronologiyanı, adları çoxunuz bilirsiniz,  qeyd etdiklərimdə incə nüanslar var. Üzdə görünənlərin, tarixin yaddaşında qalanların deyil,  fədakar insanları görmyinizi istəyirəm.  Bağırzadə kimi, adları tarixin qaranlığında unudulan tacirlər, orta imkanlılar, ümumi işin xatirinə köməyini əsirgəməyənlər bu gün də var. Niyə  onlar unudulur? Tarixin gercək bəlalarından biri budur.

**

Tənqid ədəbiyyat və tarixi birləşdirən  vasitədir. Deyərdim ki, əsas vasitədir. Tarixi şəxsiyyət  və ədəbi şəxsiyyət qədər kimlər tənqid olundu ki?!

Bakı palçıq vulkanlarına oxşayırdı.  Mənə görə,   bu şəhər iki əsr, beş əsr  əvvəl və bu gün də eyni vəziyyətdədir. Daxili  qaynar, ilhamlı, yaradıcı. Xaricdən sakit, bir az çəkingən və gözləmə mövqeyində olan.

Ədəbi tənqidin hər zaman boynu qısıq olub. Ağzını açan kimi güllələyiblər, ya gecə ikən evindən aparıblar, ya əqidəsindən döndəriblər. Bəlkə ona görədir ki, biz tənqidə dözə bilmirik.  Qəlbimizə dəyir,  əks təsir sindromu yaradır bizdə. Evdə bişməyib, qonşudan gəlməyib ki.  Həmişə düşünürəm ki, nəzmin, şeriyyatın  orta əsrlərdəm bəri bu günümüzdə  səviyyəli olmasının səbəbi nə?

Axı elə orta əsrlərdə nəsr nümunələri də kifayət qədər  çox idi, bu gün də çoxdur. İnsanın içini titrədən nəsr yoxdu desəm, xarici yazarlar kimi Azərbaycan nəsri  yaxşı mənada cazibəli dağıtmaq effekti vermirsə, bunu etiraf etməliyik. Bu elə tənqidin, məhz özünü tənqidin  bir hissəsidir.

1840- cı ildə   M. F . Axundov  Vaqif və Zakirin  şeirlərindən ibarət antologiya tərtib etmiş , bu kitabda “ sənət sənət üçündür”   fikrini rədd edərək,  “ sənət  həyat üçündür”  ideyasını müdafiə etmiş və  forma üçün mövzunu fəda edən yazıçıları kəskin tənqid etmişdi.

**

“ Kəmalüddövlə məktubları”nda çox sevdiyim bir cümlə var.  “Yeni bir din gətirdiklərini bəhanə edərək , ərəblər ağ ipək üzərində   çox qorxu verən və az ümid göstərən   bir məktub yazdılar.”   Sanki bu  sətirlərlə yazıçı 1920- ci ildə   Qızıl Ordu   tərəfindən işğal gününü  göstərir.  Axundovun tarix və ədəbiyyatın vəhdətindən, muəyyən mənada təzadından bəhs edən məqalələri   dövrünə görə çox irəlidə idi. “Babilik əqidələri” , “ Jon  Stüart milli azadlıq haqqında “ ,”Yek kəlimə”   buna misal ola bilər. Ədəbiyyatın da tarix səbəbindən  geri düşməsi gerçək bəlanın ikinci səbəbidir. İzah edim; əgər  milli , iqtisadi, siyasi, elmi  sahələr inkişaf etsəydi,  yazının işi   özünü ədəbiyyata  həsr etmək olacaqdı. Axundov və onun timsalında dövrün bütün yazıçıları savadsız qonşunun maddiyatsızlığının,  bixəbərliyinin  dərdini çəkməkdənsə,   ölkənin siyasi geriliyindən məqalə yazmaqdansa,  sırf ədəbi lahiyələrlə məşğul olacaqdılar. Bu ədəbiyyatın dərinləşməsinə gətirəcəkdi.  Bilirəm, mübahisəli fikirdi. Amma bu gün  də,   maddiyyatdan əziyyət çəkən yazıçı ədəbi fəaliyyətini sabaha saxlayır. Çünki öhdəlikləri var, ailə qarşısında.   Çünki ölkənin siyasi , iqtisadi  çətinlikləri birbaşa yazıçının evinə təsir edir. Yazdığı kitaba mane olur. Bu keçən əsrdə də belə idi, indi də. 

**

Geniş mövzu olsa da, sonda tarixlə ədəbiyyatın  estetik tərəfinə toxunmaq istəyirəm.  Polşa   inqilabçısı  S. Konarski   Bakıda sürgündə idi. Sonralar onun asıldığı  dar ağacının kiçik parçalarını  boynundan asan  Polşalı ədəbiyyatçılar tarixin ədəbiyyat üçün dar ağacı olduğu mənasını vermək istəmişdilər ya yox?!

A.Bakıxanov dekabristlərlə yaxından dost idi. Baxmayaraq ki, xan nəslindən idi, amma çar idarəsinə cəsarətli , milli ideyalara  xidmət edən təkliflər verirdi. Onun  “Hind nağılı”  hekayəsi tarixlə ədəbiyyatın ən estetik nümunəsidir.  Yazıçı   Azərbaycana  “ dövlət, haqq, hüquq,  ədalət”  fikirlərini gətirənlərdən birincisi olmuşdur. “ Kitabi- Əsgəriyyə” kimi zərif  əsərin müəllifi, məhz ətrafdakı gərgin vəziyyəti gücü çatdığı qədər sabitləşdirmək üçün  ədəbiyyat dünyasına tarix adlı gücü dəvət etməyə məcbur olmuşdur. 

Ədəbiyyatın dili olmasaydı, tarixi gerçəklik, tarixi fəsadlar aradan qalxardımı?!

“Əgər sən azadlığın məşəsini bilsən və insanlığın  hüququndan xəbərdar olsaydın, belə zülmə və rəzalətə dözməzdin... Sənə ancaq ürək birliyi və istiqamət birliyi lazımdır ki, inqilab edib itaətdən qurtulasan” 

Axundovun bu ədəbiyyat çiçəklərinə bürünmüş tarixi müraciəti , tarixi  bəlaların ədəbi gercəkliklə həll olunmasına, düz olanın üzə çıxmasına, ədalətin aşkarlanmasına ən təsirli nümunədir.

2020.18.5

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)