Edebiyyat.az » Ədəbi tənqid » Nemət Mətin - Arzular

Nemət Mətin - Arzular

Nemət Mətin - Arzular
Ədəbi tənqid
admin
Müəllif:
20:11, 03 iyun 2020
1 621
0
Nemət Mətin - Arzular

 

 

 

Sərçənin tovuza yazığı gəlir ki, elə ağır quyruğu var. R.Taqor

 

 Neçə gündür məni düşündürən, ağlımdan çıxmayan bir fikir var. Elə bir fikirdi ki, beynimi yorur. Təəssüf hissi ilə düşüncələrimdə itib batıram. Məsələ nədir?! Arzuların günü-gündən kiçikləşməsi. İnsanlar nə vaxt belə zəiflədi? Bəşəri olmaqdan əl çəkib, xırda-xuruş işlərə baş qoşdu insan. Özündən qaçdı. Təbiətdən uzaq düşdü. 

 Əvvəl yeni yerlər kəşf etmək arzusu var idi. İndi yeni smaylikin əlavə olunması arzusu var. Sosial şəbəkələr qədər çərçivələndik. Əvvəl gəmilərdə səyahət edirdilər. İndi xüsusi cihazlarla onlayn oyun oynayırıq. Süniləşdik, balacalaşdıq. 

 Arzular maaddiləşəndə insan heyvaniləşir. Ən böyük ev, ən böyük maşın, ən yüksək vəzifə sevdası ilə yaşayanların qarşısına çıxmaq mümkün deyil. Öz arzusuna çatmaq üçün səni ayaqlayıb keçər. Nə qədər pulsevər tanıyıram. Deməli, onlar nə edir?! Pul az xərcləsin deyə, heç kimlə dostluq eləmir. İşdən evə, evdən işə ayaq döyür. Yalnız pul tələb olunmayan yerlərə gedir. Boğazından kəsib döşəyin altına yığır.   Biz heç xərcləməyi də bacarmırıq. Ürəyə rahatlıq gətirəcək işlərdən uzaq düşüb, bizi əsəbləşdirən, robotlaşdıran işlərdə çalışırıq. 

 Saf adam görəndə sevinirəm. Qeyri adekvat düşüncə ilə seçilirlər. Məsələn, bir işdə işləyəndə iki nəfər maşınlara nəzarət edən işçi var idi. Biri cəmi bir gün işlədi. Onun kimi saf adam hələ qarşıma çıxmayıb. Deməli, köhnə işçi ona tapşırır ki, qaraja getməyən maşınların açarlarını üstünə qoy. Yiyəsi gəlib rahat getsin. Bir saatdan sonra baxırıq ki, açarlar maşınların içinə qoyulmaqdan üstünə qoyulub. 

 Raskolnikov cavan yaşında özünü Napoleon kimi sərkərdəyə oxşadırdı. Ovod edam zamanı tüfənglərdən açılan atəşdən qorxmurdu. Sergi ata günaha batmasın deyə barmağını kəsirdi. Don Kixot dəyirmanı əjdaha görürdü. Özünü cəngavər hiss edirdi. 

 Elə götürək müəllifləri. V.Hüqodan qorxurdular. Adaya on beş ay müddətinə sürgün olunmuş, həbsdə də yatmışdı. Dostoyevski də sürgündə olub, C.Cabbarlı kimi. Yazıçının, şairin qələmindən qorxublar, çəkiniblər. Onların qələmi arzularına xəyanət etməyib.

 Beş-üç manat qazanmaq üçün başını aşağı sal işlə. Öz işini qurma mayanı batırarsan. Ağlın olsun, maşın al, at ayağının altına. Arzular verdiyin məsləhətdən uzağa getmir. Həyat amalı seks və yeyib-içməkdən o tərəfə keçməyən insanların arzusu da özlərinə oxşayır. Nəsə düzəltmək, nəsə yaratmaq istəməzlər. Dağıtmaq və yenə də dağıtmaq. Divar göstər aşırsınlar, büdcə ver talasınlar. 

 Arzuların sərhəddi yoxdur. Adam tanıyırdım, ən böyük arzusu qızının toyuna Selena Qomezi dəvət etməkdir. Gəlib bir-iki ağız oxusa, bəs edər... Nə vaxt ki, arzularımız böyüyəcək, bax, onda böyük işlər görəcəyik. Rəsulzadə kimi bütöv Azərbaycan dövləti qurmaq arzusu reallığa çevriləcək...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)