ŞvartsMan - Azərbaycanlılara 5 prizmadan baxış
Paulo Kuelyonun kiçik bir nağılı var. Tam dəqiq yaza bilməsəm də, amma məğzi belədir:
"Bir gün cadugər bir xalqı lənətləyir. Xalqın içdiyi quyudakı suyu tilsimləyir. Kim bu sudan içir, dəli olur. Qısa müddətdə xalq dəli olmağa başlayır. O qədər idarəolunmaz olur ki, krala üsyan edir. Kral və ailəsi isə üsyan edən dəli xalqın əlindən qəsrdə gizlənirlər. Dəli olmuş xalqdan qorxan kral bilmir onları necə idarə etsin. Kral qəsrdən çarəsizsə xalqına baxır. Bu an kralın arvadı deyir ki, gəl gedək, biz də o quyudakı sudan içib dəli olaq. Və elə də edirlər. Kral və ailəsi də dəli olur. Beləliklə, üsyan yatırılır, ölkədə sülh və əmin-amanlıq olur".
“Ailəyə qarşı olan adamı heç vaxt müdafiə eləmə". - "Xaç atası" filmində Maykl Karleoni qardaşına bu sözləri deyir. Çünki bir italyan üçün mafiya mütəşəkkil cinayətkar qruplaşma deyil, ailədir. Kommunizm məğlub olandan sonra İtalyada keçirilən "Təmiz əllər" əməliyyatı nəticəsində məlum oldu ki, ölkənin baş naziri belə mafiya üzvü imiş. Çünki mafiya ailədir. Dövləti qorumaq ailəni qorumaqdır. Bəli, öz ailəni. Bizim indiki siyasi rejimiz də bu cürdür. Ailəni qorumaq üçün dövləti qorumaq məcburiyyətidir. Biz azərbaycanlılar ailəni müqəddəsləşdirdiyimiz üçün hansısa vəzifə, hakimiyyət yiyəsi olanda əsas məqsəd xalqa, dövlətə xidmət yox, öz ailəni, nəslini qorumaq və yüksək yaşayışla təmin etməkdir. Bu hər bir azərbaycanlının qanında var. Sənə həvalə edilən vəzifəni layiqincə yerinə yetirmək yox, vəzifənin sənin ailənə nə dərəcədə xeyir gətirəcəyini düşünmək. Bizim məmurları söymək əbəsdir, axı yoldan keçən tipik azərbaycanlıya eyni vəzifəni ver, o da eyni cür olacaq. İtalyanlarda "mafiya- ailədir" frazası , bizdə "ailə - mafiyadır" cümləsinin tərsidir. Bütün imperatorluqlarda eyni şey idi: dövləti qorumaq adı ilə öz nəslinin davamçılarını hakimiyyətə gətirmək.
Mədəni və siyasi cəhətdən inkişaf etmiş ölkələrdə nazirlik vəzifəsinə çox vaxt varlı və elit təbəqədən adamları təyin edirlər. Çünki bir adam varlı və tanınmış ailədəndirsə, oğurluq etməz və aldatmaz. Bizdə isə yüksək ranqlı adamlar 90-cı illərdə bazar alveri ilə məşğul olublar, tanınmış nəsil-nəcabətləri olmayıb və aşağıdan yuxarı çıxıblar. Bu gün hər bir azərbaycanlının pul qazanmağının, vəzifə sahibi olmaq istəməyinin, dövləti idarə edənlərdən biri olmağındakı ali məqsəd öz AİLƏSİNİ qorumaqdır. Bizdə hər şey ailəyə hesablanıb. Mən, dövlət, xalq önəmli deyil, əsas ailəm önəmlidir. Öz həyatımı da, xalqı və dövləti də ailəyə qurban verərəm və veririk də. Azərbaycanlı qonşusu ilə mübahisə edərkən belə, səhv də olsa öz ailəsini müdafiə etməkdəki instinkt bizim atalarımızdan genetik keçib. Bir ölkədə ailə dəyərləri nə qədər müqəddəsdirsə, o ölkədən böyük şəxsiyyətlər az çıxır. Çünki böyük şəxsiyyətlərə ailə həmişə mane olub.
Qısacası, bu gün iqtidara qarşı çıxmaq, YAP-nı tənqid etmək təkcə mövcud rejimə qarşı çıxmaq deyil, həm də Prezident və ailəsinə qarşı çıxmaqdır. Prezident də bir ailə başçısı kimi ona və ailəsinə qarşı çıxanları zərərsizləşdirir. Çünki hər bir azərbaycanlı müsəlmandır və hər müsəlman da onun yerində olsaydı eyni hərəkəti edərdi. Bu gün Prezident də Maykl kimi hərəkət edir və ailəyə qarşı çıxanları "aradan götürür".
Prizma 2.
Bir dəfə tarixi müəllimi fransız inqilabından danışıb mənə dedi ki, "inqilab zamanı gilyontində o qədər insan başı kəsmişdilər, o qədər qan tökmüşdülər ki, adi vətəndaş çölə çıxanda havadan qan iy gəlirdi. Məhz o tökülən qanın sayəsində bu gün fransız xalqı azad yaşayır". O zaman anladım ki, biz qan tökməmişik, bizim qanımızı töküblər. Biz inqilab etməmişik, etiraz etmişik, üsyan etmişik. Biz xəlifə, çar, hökmdar devirməmişik. Çünki fransızların ataları inqilabçı, azərbaycanlıların ataları xan, bəy, ağa olub. Xanlıqlar dövründə ruslar ya iranlılar misal üçün, Lənkəran xanlığına hücum edəndə Gəncə xanlığı deyirdi ki, nə vecimə, oğlumun toyuna gəlməmişdi. Qarabağ xanlığına hücum edəndə Quba xanlığı kömək edirdi, Bakı xanlığı öz ərazisi olmadığı üçün barmağını da qaldırmırdı. Hər xan monopolist idi. Necə ki, biz bu gün məmurları tənqid edəndə onları monopoliya yaratmaqda ittiham edirik. Əlbəttə, monopoliyanın mənfi və müsbət cəhətləri var. Mənfisi odur ki, iqtisadiyyatda azad rəqabətə şərait yaratmır. Müsbət isə odur ki, xarici bazarın (ingilisin, rusun, türkün, fransızın) bizim ölkədə "at oynatmasının" qarşısını alır. Yəni bir ingilisə 100 çörək qazandırsan, o sənə bir dənə çörək verəcək. Bir çörək də acından ölməməyin üçündür. Ən azı bizim məmurlar bizdən biridir, 100 çörək versən 10 çörək verər. İngilis azərbaycanlını başa düşməz və sevməz. Yəni demək istədiyim odur ki, azərbaycanlı ancaq ağalıq, bəylik, xanlıq etmək istəyir. Evdə atamız, işdə müdirimiz, hərbidə komandirimiz, dövlətdə prezidentimiz. Heç biri dəyişdirməz, yenilik gətirməz, sadəcə mövcud vəziyyəti qoruyub saxlamaq və idarə etmək istəyər.
Prizma 3.
Bu gün xalqla yazıçı arasında uçurum var. 200 ildir (M.F.Axunzadədən bu yana) bu xalqı tənqid edirlər, maarifləndirirlər. Gəldiyimiz nəticə isə göz qabağındadır. Deməli, iki yüz il tənqid etmək, maarifləndirmək lazım deyildi. Düz etməmişik ki, indi istədiyimiz cəmiyyətdə yaşamırıq. Ədəbiyyatımızı açırsan çoxunda azərbaycanlının savadsız, geridə qalmış, köhnə fikirli, xurafatçı, quldur olduğunu oxuyursan. Axı xalqın işıqlı şəxsiyyətləri də var. Niyə biz fransız, rus ədəbiyyatını oxuyanda o milləti sevirik, öz ədəbiyyatımızı oxuyanda özümüzə nifrət edirik? Yazıçılarımız xalqı bir yandan tənqid edir, bir yandan maarifləndirir, bir yandan yalandan tərifləyib göylərə qaldırır, bir yandan aşağılayır. Bəs çıxış yolu? Heç biri göstərmir. Çünki özü də bilmir. Yazıçılarımız xalqa çağırış edir ki, kitab alın, kitab oxuyun! Anlamırlar ki, bunlar ümumi sözlərdir, yazıçını ağıllı, xalqı isə axmaq yerinə qoymaqdır.
Daha konkret olmaqlıyıq. "Kitab alın, kitab oxuyun" deyirlər. Hansı kitabı alaq, hansını oxuyaq? Hardan başlayaq oxumağa? Hardan başlayaq düşünməyə? Konkret heç nə deməzlər. Ortaya bir konsepsiya, etik qaydalar qoymazlar. Bu gün yazıçılarımız cəmiyyət sözünün arxasına gizlənirlər. Necə? Kəramət Böyükçöl İTV-də dedi ki, cəmiyyət məni başa düşmür, bu cəmiyyətlə mən nə danışım, məni niyə cəmiyyətlə üz-üzə qoyursuz? Cəmiyyət sözünün arxasına baxsanız, orada XALQ sözü yazılıb. Yazıçılarımız ədəbi bir fırıldaq kəşf ediblər ki, xalqın qəzəbindən yayınsınlar. Bu fırıldaq söz CƏMİYYƏT sözüdür. Yazıçı desə ki, xalq məni başa düşmür, mən bu xalqla nə danışım ki? Mən kitablarım satılsın istəyirəm, mən niyə xalqla üz-üzə qoyursuz? Yazıçı bu cür desə kobud səslənər düzdürmü? Xalq axmaqdır, məni başa düşəcək səviyyədə deyil desəm, məni rəylərdə söyərsiz, məhv edərsiz. Ona görə mən sizi dolayı yolla tənqid edirəm: cəmiyyət axmaqdır, cəmiyyət məni başa düşəcək səviyyədə deyil. Görürsüz, siz əsəbləşmədiniz xalq olaraq. Çünki elə bildiniz ki, Mozambik ya İnquşetiyada olan cəmiyyətdən bəhs edirəm. Yazıçı xalq sözünü cəmiyyət sözünün altında gizlədir ki, xalq heç nə başa düşməsin. Sözün düzü, xalq heç nə başa düşmür də. Bununla yazıçı istədiyini deyir və eyni zamanda da xalqın sərt reaksiyası ilə qarşılaşmır. Neqativ bənzətmə aparanda cəmiyyət sözünü işlədir, pozitiv bənzətmədə xalq sözünü istifadə edir. Mənə görə isə, Cəfər Cabbarlı daha çox bu xalqa nəsə verib, nəinki başqa yazıçılar. Cəfər Cabbarlının sayəsində azərbaycan qadını çarşabdan azad oldu, teatra, kinoya, məktəbə getdi. Onun əsərlərində millətə yuxarıdan aşağı baxmaq yox idi. Personajlarında azad, üsyankar qadın və kişilər var idi. Sən Cəfər Cabbarlını oxuyanda öz millətinə nifrət etmirsən. Onun əsərləri bizə o qədər müsbət təsir etdi ki, öz uşaqlarımızın adını onun qəhrəmanlarının adından seçdik.
Buna görə də, yazıçı deputatı, naziri tənqid etməklə vaxtını boşa xərcləyib xalqın sevgisini qazanmaq əvəzinə, bu xalqa, ölkəyə yaxşı nəsə vermək haqqında düşünməlidir. Demişəm və deyəcəm, yazıçı xalqın içində olmalıdır, amma xalqdan biri yox. Çünki mən xalqdan biri olsam xalqa istədiyini verəcəm, xalqa lazım olanı yox.
Prizma 4.
Bu gün xalqdan biri olub, xalqa istədiyini verən adamlardan biri sevilən müğənni Manaf Ağayevdir. "Sevilən"-burda ironiya deyil. Əgər sevilməsəydi, xalq ona villa və ya maşın kolleksiyası qazandırmazdı. O xalqın sevilən kişi müğənnisidir. Bir dəfə Manaf Ağayev bir verilişdə yalan detektorunda suallara cavab verir. Aparıcı ona belə sual verdi ki, nə vaxtsa xəyanət etmisiz? Əlbəttə, burda sənətə, ya vətənə xəyanətdən söhbət getmir. Manaf bəy əsəbləşdi, yalan detektoru stulundan durub, aparacını qırağa çəkib dedi ki, bu nə sualdı verirsən mənə? Aparacı cavab verdi ki, adi sualdı, ya hə deyəcəksiz, ya yox. Manaf bəy dedi ki, sənə başa salaram. Mübahisə uzandı, efir olmasaydı, bəlkə Manaf Ağayev onu vurardı. Yəni demək istəyirəm ki, azərbaycanlı kişi üçün bu cür əxlaqi və seksual xarakterli suallar şəxsi suallardı. Bizim hökumətin zəif yeri siyasətdirsə, bu xalqın da zəif yeri əxlaq və seksdir.
Manaf Ağayev kimi bir çox azərbaycanlını bu suallar əsəbləşdirir. Azərbaycanlılar heç vaxt səmimi deyillər, çünki müsəlmandılar. Fransız yazıçı F. Beqbeder öz kitabında arvadının ona münasibətində onun yerinə vibratorun daha yaxşı olduğunu yazanda, azərbaycanlı yazıçı heç vaxt yatdığı fahişələrdən kitabında yazmaz, çünki anası, bacısı, arvadı və qızı oxuyacaq. Lap yazsa da, cəmiyyət qəbul etmir və yazıçı bezir başqa ölkəyə gedir. Demək istəyirəm ki, bu ölkədən qaçanlar heç də hamısı siyasi və iqtisadi vəziyyətə görə bu ölkədən qaçmırlar, burdakı kimi saxta, yalançı, sənin fərqli olduğunu başa düşməyən və qəbul etməyən insanlarla yaşamaq istəmirlər deyə qaçırlar.
Manaf Ağayevdən başlamışıq deyə davam edək. Bu il Murad Dadaşov Xəzər tv-nin rəhbəri oldu və qərar verdi ki, bəzi müğənnilər kimi Manaf Ağayevin adı "qara siyahı"ya salınsın. Yəni onun Xəzər tv-ə girişi qadağandır. Manaf Ağayevdən Murad Dadaşovun bu qərarına münasibətini öyrəndilər. Manaf bəy dedi ki, "Murad MÜƏLLİMin sənətinə, şəxsiyyətinə böyük hörmətim var. Əgər elə məsləhət bilibsə, hörmətlə yanaşıram".
Yadda saxlayın, o aparacı 500-600 manatlıq adam idi, Murad Dadaşov milyonluq adamdır. Yüz minlik yox, məhz milyonluq. Murad Dadaşov Tv rəhbəridir, nazirlərlə yaxşı dostluq münasibəti var. O, Manaf Ağayevdən hər cəhətdən üstündür. İntellekt, pul, reputasiya. Aparacı isə Manaf bəydən güc baxımdan zəif idi. Manaf Ağayev hər bir azərbaycanlı kimi kimə "xox" gəlmək, kimə "müəllim" demək lazım olduğunu yaxşı bilir.
Burda Manaf Ağayevi tənqid etmək fikrim yoxdur. Sadəcə azərbaycanlını onun simasında izah edirəm. İndi aparıcı ilə Murad Dadaşovun tutduğu mövqe eyni deyil. Aparıcıya əsəbləşibsə, Murad Dadaşova da əsəbləşməliydi. Bu bilirsiz nəyə bənzəyir, gecə klubuna girmək istəyirsən, Boss tapşırıb Manaf Ağayevi içəri buraxmayın. Manaf bəy ən azı narazı olmalıydı ki, doğru, yaxud obyektiv qərar deyil. Manaf Ağayevə verilən sualı Murad Dadaşova versəydilər yumorla vəziyyətdən çıxardı. Əgər ikisinə də birlikdə eyni məkanda "xəyanət etmisizmi" sualını versələr, Manaf Ağayev Murad Dadaşovun yumoruna qoşulub səmimi nəsə deyərdi, gülümsəyib keçərdi.
Bunları danışmaqda məqsədim budur ki, azərbaycanlı Manaf Ağayev kimidir: özündən zəifə qarşı kobud, özündən güclüyə qarşı mədənidir. Nə qədər ki, Manaf Ağayev kimilərin villası, maşınları, çoxlu pulları olacaq, sənin yazıçıların, aktyorların, rəssamların, rejissorların Prezidentdən yardım ummacaq. Xalq xilaskar axtarır, amma yanlış adamları xilas edir. Bu xalq əkdiyini biçir. Bu yazımı "can canadır can cana" kimi hamı bilməsə də, ən azı reklama qoyuram ki, çox adam oxusun. Bu həyatda hər kəs nəyə dəyər verirsə, onu yaşayır, yaşadır. Siz ki, yaxşı bilirsiz nəyi yaşadıb, nəyi öldürdüyünüzü...
Prizma 5.
Yazının axırında "Axırıncı aşırım" filmi müstəvisindən azərbaycanlılara baxaq. Qəmlo və Abbasqulu bəy real tarixi adamlardılar. Filmdə Qəmlo İbadı öldürmək istəyəndə pəncərədən İbadın arvadını alt paltarında görür öldürmür. O andan İbadın arvadına gözü düşür. İbadı tapa bilmədiyinə görə, qərara gəlir ki, onun arvadını ələ keçirsin. O səhnə yadınızdadır: əsəbi evə girir və Abbasqulu bəyin sözlərini eşidir: KİŞİNİN HEYFİNİ ARVADDAN ÇIXMAZLAR!
11 yaşım olanda, belə bir hadisənin şahidi olmuşdum. Bizim yaşadığımız bina ilə məcburi köçkün və qaçqınların yaşadığı bina arasında balaca stadion vardı. Həmişə onlarla futbol oynayardıq. Bizim binada yaşayan uşaqlar deyərdilər ki, gedək, qaçqınlarla futbol oynayaq. Onlara yuxarıdan aşağı baxırdıq. Əgər onlar bizim əsəbləşdirsəydilər, dava olsaydı aramızda " qaçqınsız, torpaqlarınızı qoyub qaçmısız" deyib təhqir edirdik. Rusdilli uşaqların yaşadığı yerə "rusların məhləsi" deyirdik. Bu, qaçqınlar kimi onların da xoşuna gəlmirdi, çünki qaçqınlar da, rusdilli uşaqlar da özlərini azərbaycanlı hesab edirdilər. Biz isə yalnız özümüzü azərbaycanlı hesab edirdik, çünki qaçqın deyildik və rus dilində danışmırdıq. Bu, əlbəttə, düz deyildi, amma biz belə idik.
Bir gün şiddətli dava düşdü. Səbəb isə, qaçqınların uşaqlarının bizim binanın balkonlarına futbol toplarını dəfələrlə vurması idi. Biz onları söydük, onlar bizi daşlamağa başladılar. Sonra biz onların var-yoxlarını söydük, onlar üstümüzə hücum çəkdilər. Bizim binanın sakinləri də birləşib davaya başladılar. Bu dava artıq adam öldürmə həddinə çatırdı. Bizim bina ilə qaçqınlar arasında "müharibə" başlamışdı. Tahir (şərti ad) adlı qonşumuz daha çox gözə girirdi. O söyürdü onları. Onun üstünə düşmüşdülər. O isə ya maşına minib qaçmışdı ki, öldürməsinlər, ya da dostlarını köməyə çağırmağa getmişdi. Ortada yox idi. Dava gedən ərəfədə bir də gördüm ki, bizim bloka qaçqınlar hücum etdilər ki, bəs o adamın (Tahirin) arvadı kimdir? Hiss edirdim ki, yaxşı nəsə olmayacaq. Blokda da çoxlu qonşu qadınlar var idi, Tahirin də arvadı onların arasında idi. İri cüssəli, kök qonşu qadınlardan biri Tahirin arvadını arxasında gizlədib qabağa çıxıb dedi ki, lap elə mənəm nədir?! Mənimlə qaçqınlar arasında 5 metr və qonşu qadınlar arasında da 5 metr məsafə var idi. Sonra nə oldusa geri çəkilib harasa gedib dağılışdılar. Həmişə "Axırıncı aşırım" filmdəki o səhnəyə baxanda bu hadisə yadıma düşür. Yəni demək istəyirəm ki, o qaçqınlar da azərbaycanlıdır. Düzdür, biz düz etməmişdik onların nəslini söyməklə, amma onlar da düz etməmişdilər, kişinin heyfini arvaddan çıxmağa çalışmaqla.
Əlbəttə, Fərman Kərimzadə yaxşı tarixi romanlar yazıb. Qəmlo feodalizmi (Azərbaycanı), Abbasqulu bəy bolşevizmi (Rusiyanı) təmsil edir. Bəli, bu onun siyasi tərəfidir. Amma Qəmlonun da, Abbasqulu bəyin də ortaq cəhəti azərbaycanlı olmaqları idi. Əslində örnək qəhrəman Abbasqulu bəy olsa da, amma obraz olaraq bizim Qəmloya qarşı gizli simpatiyamız var. Çünki azərbaycanlı onun kimi aqressiv, dəlisov, ağayanadır, düşməni hesab etdiyi adamın arvadına qarşı seksual təcavüzü var. Yəni Qəmlo bizdən biridir; danışığı, özünü aparması. Biz Abbasqulu bəy kimi olmaq istəsək də, Qəmlo olaraq qalırıq.
Norveç yazıçı Knut Hamsunun faşizm tərəfdarı olduğunu bilirsiz. Norveç xalqı buna etiraz olaraq oxuduqları onun kitablarını evin qarşısına atıblar və qısa müddətdə kitabların çoxluğundan təpə yaranıb. Hə, bu yazıçıya çox təsir edib. Amma biz necə etiraz edərdik? " Ay peysər, ay faşist, çıx evdən sənin var-yoxunu, ananı-bacını..." Sonra deməyin ki, Norveç də neft ölkəsidir, biz də. Niyə onlar yaxşı yaşayır, biz yox? Çünki biz etiraz etməyi bilmirik, bizə öyrətməyiblər. Reper Paster həbs olunanda onun həbs olunmağına səbəb olan mahnısına maşınımızda gizlincə qulaq asdıq, amma heç kimin ağılına gəlmədi ki, mahnın səsini ucaldıb siqnalı bassın. Bu, qanuni və mədəni etiraz olardı.
Sonda deyim ki, bu yazı "Müxalifət, İqtidar və Xalq üçbucağı" yazımın davamıdır. 1-ci hissədə biz problemin kökünü gördük, azərbaycanlı idi problem və xalqı daha yaxşıya çevirmək üçün 4 qayda (toya-yasa getməyəcəksən, qoyun əti yeməyəcəksən, evlənməyəcəksən və uşaq sahibi olmayacaqsan) tapdıq. 2ci hissədə güzgü yaratdıq ki, azərbaycanlı o güzgüyə baxıb özünü görsün və gözəl olmadığını bilsin. 3-cü hissədə isə ("Gələcəyin Azərbaycanı və azərbaycanlıları") biz necə dəyişə bilərik və sağlam insana, sağlam cəmiyyətə və sağlam ölkəyə necə çevrilə bilərik öyrənəcəyik.
Kuelyonun nağılı yadınızdadır? İndi təsəvvür edin ki, ordakı cadugər mənəm. Mən istəyirəm siz dəli olasınız. Dəli olmaq üçün isə sizi idarə edən azərbaycançılığınızdan qopmalısız. Məqsədim budur.
P.S Ağalar Qutun " İlham Əliyevin şəxsi ideologiyası" məqaləsini oxumağı şiddətlə tövsiyə edirəm. Bu məqalədə siz bizim əsl düşmənimiz kimdir biləcəksiz və düşmən kimi göstərilənlərin əslində bizim yeganə ümidimiz, dostumuz olduğunu görəcəksiz.
6-7 iyul 2020